Qələbə daşı Talut və Calutun ƏHVALATI
Musa vəfat etdi. Harun ondan qabaq dünya ilə vidalaşmışdı. Onlar Allah risalətini özlərindən irs qoydular. Musadan Tövrat və Müqəddəs səhifələr yadigar qaldı. O Həzrət Tövratı və səhifələri bir sandığa qoydu. Onu öz canişini Yuşə ibn Nuna tapşırdı. Yuşə ibn Nun, iki dənizin birləşdiyi yerə etdiyi səfərdə Musanı müşaiyət edən cavan idi.
Qırx il keçdi. Bəni-İsrail Sinay səhrasında yaşayırdılar. Onlar müharibə və mübarizədən və müqəddəs torpaqlara hakimlik edən qüdrətli bütpərəstlərdən qorxurdular.
Yuşə` ibn Nun peyğəmbərliyə çatdığı zaman Bəni-İsrailin çoxu dünyadan köçmüş və iş başına yeni nəsil gəlmişdi. Onlar daha döyüşdən və zalımlardan qorxmurdular. Yuşə ibn Nun onları öz müqəddəs torpaqlarında azad olmağa çağırırdı. Onlar Yuşəin də`vətinə müsbət cavab verdilər. Yuşə mö`minlərə rəhbərlik edir və kafirlərlə mübarizə aparırdı.
Yuşə` onlara qələbə çalıb, müqəddəs torpaqlara daxil oldu. Beləliklə, Bəni-İsrail dövləti yarandı. Amma, bu dövlət çox ömür sürmədi. Çünki, Bəni-İsrail Yuşə`in vəfatından sonra günah və tüğyana üz gətirdilər. Onlar müqəddəs sandığa e`tinasızlıq göstərdilər. İmanları zəiflədikdə isə zəif bir millətə çevrildilər. Ona görə də qibtlilərin hücumları qarşısında dözmədilər və onların dövlətləri süqut etdi. Onlar yenidən qula çevrildilər.
Müqəddəs torpaqda Calut adlı birisi hökmranlıq edirdi. O, Bəni-İsrailin kişilərini öldürür, qadınlarını əsir götürürdü.
Calut onları torpaqlarından çıxarıb, müqəddəs sandığı aldı. O zaman Allah Ərmiya adlı bir peyğəmbəri onlara tərəf göndərdi. O, insanlara öyüd-nəsihət verdi. Tövratın hökm və tə`limlərini onların yadına saldı və dedi:
-Siz zəif və gücsüz insanlarsınız. Çünki, ürəyinizdə iman zəifləmişdir. Siz qızıl-gümüş aləmlərin rəbbindən çox sevirsiniz. Bütpərəstlərdən qorxursunuz, amma, Allahdan qorxmursunuz.
Bəni-İsrail peşiman oldu. Onlar din tə`limlərinə və hökmlərinə qayıtdılar. Yenidən iman onların qəlbinə yol tapdı. Bir gün mö`minlərin bə`zisi Allahın peyğəmbəri Ərmiyanın yanına gələrək dedilər:
-Calut bizə hökmranlıq edir. O öz zülmü ilə bizi xar edir. Allahdan istə ki, bizim üçün bir rəhbər və padşah seçsin və biz onun bayrağı altında Allah yolunda mübarizə aparaq.
Allahın peyğəmbəri cavab verdi:
-Əgər Allah sizə müharibə və mübarizəni vacib etsə, doğrudan bu əmrə itaət edərsinizmi?
Dedilər:
-Mütləq mübarizə apararıq. Axı niyə də vuruşmayaq?! Biz öz şəhər və diyarımızdan qovulmuşuq.
Ərmiya dedi:
-Mən tezliklə bu məsələni Allahdan sizin üçün istəyəcəyəm.
Bir müddət keçdi. Bəni-İsrail Allahın fərmanını gözləyirdilər. Günlərin bir günü Ərmiya peyğəmbər gəlib, onlara müjdə verdi:
-Allah Talutu sizə rəhbərlik üçün seçmişdir.
İndi görək Talut kimdir? Onun Bəni-İsrail ilə sərgüzəşti necə olmuşdur?
TALUT
Talut kasıb və yoxsul bir cavan idi. O, Yusifin qardaşı olan Benyaminin nəvələrindən idi.
Bir gün Talut atası ilə birgə tarlada işləyirdi. Birdən gördü ki, hər ikisinin ulaqları çox uzaq yerə getmişlər. Talut ulaqları axtarmağa başladı. O piyada çayın sahili ilə yola düşdü. Öz kəndindən uzaqlaşdı və başqa bir kəndə yaxınlaşdı. Təsadüfən Ərmiya peyğəmbər həmin kənddə yaşayırdı. Ona görə də Talut fikirləşdi ki, o qocanın yanına getsin və onun öyüd-nəsihətlərindən faydalansın.
Ərmiya peyğəmbər Allahın Talutu onlara padşah seçməsini Bəni-İsrailə müjdə verdiyi həmin zamanda uzaqdan uca boylu bir kişinin onlara tərəf gəldiyini gördülər. Hamı bildi ki, o, Talutdur.
Talut güclü qollara və pəncələrə malik bir kişi idi. Onun əzələli qolları vardı. Amma, öz qüdrəti ilə öyünmürdü. Gözləri səmavi nurla parlayırdı. Onların işıqlığı onun ürəyində yatan iman ruhunun nurundan və təvazökarlıqdan qaynaqlanırdı. Allahın peyğəmbəri ona «Xoş gəldin» dedi:
-Ey Talut, xoş gəlmisən. Allah səni bizim tərəfimizə göndərmişdir ki, zülmü mö`minlərdən uzaqlaşdırasan.
Talut dedi:
-Ey Allahın peyğəmbəri! Mən ulaqlarımı axtarmaq üçün bura gəlmişəm.
Ərmiya dedi:
-Bu, Allahın istəyi idi ki, sən bura gələsən. Allah səni Bəni-İsrailə padşah olaraq seçib. Sən onları düşmənlərin zülmündən xilas etməlisən.
Talut dedi:
-Gördüyünüz kimi mən kasıb və yoxsul bir insanam. Camaat mənim kimi kasıbların sözünə qulaq asmırlar. Onlar yalnız varlı insanlara itaət edirlər.
Ərmiya dedi:
-Rəhbərlik və padşahlıq mal-dövlətə bağlı deyil. Allah sənə cismi güc və elmi qüdrət vermişdir. Səni bu böyük vəzifəyə seçən də odur.
Talut sakit qaldı. O, bu məs`uliyyəti yerinə yetirməyə razılaşdı.
Bə`ziləri bu məsələyə sevindilər. Amma, Bəni-İsrailin çoxu Taluta kinli nəzərlə baxırdılar. Çünki, Talut kasıb bir insan idi. Onların görə hakim və başçı varlı olmalı idi.
Varlılar dedilər:
-Talut necə bizə padşahlıq edə bilər. Halbuki, başçı olmağa biz layiqik?
Ərmiya buyurdu:
-Allah onu seçmişdir. Çünki, o sizdən daha güclü və daha biliklidir.
Dedilər:
Əgər doğrudan da onu Allah seçibsə bəs əlamət və nişanəsi hanı?
Ərmiya peyğəmbər buyurdu:
-Əlamət və nişanəsi budur ki, o, Musa və Harunun mirası olan müqəddəs sandığı sizin üçün gətirər.
Dedilər:
-Necə?
Peyğəmbər buyurdu:
-Səhraya gedin! Tezliklə onu öz gözlərinizlə görəcəksiniz.
Bəni-İsrail tayfası səhraya gedib, o həyəcanlı səhnəni gözləməyib başladı. İntizar anları sona çatdı. Bəni-İsrail mələklərin nuru ilə əhatə olunmuş müqəddəs sandığa gördü. Müqəddəs sandıq sakitcə yerə endi. Bəni-İsrail rahatlıq hiss etdi. Ürəkləri imanla doldu. Yenidən onlara tərəf qayıdan sandıq, indi onların izzət və iftixar nişanəsi idi. Beləliklə, Talut Bəni-İsrailin padşahı oldu. Qayda-qanun və intizam onların mühitinə hakim oldu.
Dostları ilə paylaş: |