İman ölkəsİ HƏZRƏT Davud və Süleymanın ƏHVALATI
Talut dünyadan köçdükdən sonra Davud padşahlığa çatdı. Padşahlıq məqamı onu məğrur etmədi. O verdiyi ne`mətinə görə Allaha şükr edirdi. Allah-təala Tövratdan sonra Davud üçün Zəburu göndərdi. Ona çox işlər öyrətdi. Quşların dilini təlim verdi. Ona gözəl və ürəkoxşayan səs əta etdi. Davudun səsini eşidən zaman insanların ürəklərində iman güclənirdi. Səsi ürək açır və çaydan axan suyun səsinə oxşayırdı; axar suyun şır-şır səsinə, bahar çağı quşların könül oxşayan səslərinə.
Allah-təala dəmiri onun üçün yumşaltdı. Möhkəm dəmir Davudun əlində yumşaldı. Davud dəmirdən Allah yolunda mübarizlər üçün zireh düzəldirdi.
O böyük insan at yetişdirməyə də böyük əhəmiyyət verirdi. Çünki, atlar güclü silah sayılır və at minənlər Allah yolunda mübarizə edirdilər. Davud hər dəfə Zəbur oxuyanda quşlar onu müşayiət edir və Allahı zikr edirdilər. Dağlar da belə edirdi.
O, adil hökmran idi. Camaat arasında Allahın dininə uyğun şəkildə hakimlik edirdi. Hər bir məzlum öz insaniyyət haqqını kamil surətdə alırdı. Ona görə də camaat səadət və xoşbəxtlikdə yaşayırdılar.
Davud gecənin üçdə birini Allaha ibadətlə keçirirdi. O, Allahı sevirdi. Allah-təala da onu sevirdi. O, oruc tutur, daim Allahı yad edirdi. Səhər yuxudan oyandıqda Allaha zikr və təsbeh deyirdi. Dağlar onun zikrini təkrar edirdi. Davud qüdrətli bir dövlət yaratdı; Allaha və onun ayininə iman gətirənlər üçün bir dövlət. Davud həm başçı oldu, həm də peyğəmbər.
O, vaxtını dəqiq müəyyən etmiş, həyat və yaşayışını nizam-intizam üzrə qurmuşdu. Həzrət Davud (ə) öz vaxtını dörd hissəyə bölmüşdü: Bir hissəsini şəxsi işlərini yerinə yetirmək üçün, bir hissəsini ibadət üçün, bir hissəsini camaatın ziddiyyətli məsələlərini həll etmək üçün və bir hissəsini isə övladlarını tərbiyə etmək üçün ayırmışdı.
Dostları ilə paylaş: |