Üzeyirin şəhərin çölündə bağ və bostanı vardı. Ayrı peyğəmbərlər kimi o da həmin bağlarda özü işləyir, zəhmət çəkirdi.
O, əkin sahələrində işləyir, yer şumlayır, tarlanı suvarır və meyvələri dərirdi. Ağacları qoruyur və onların budaqlarını budayırdı.
Onun bağ və bostanına getmək üçün istifadə etdiyi bir ulağı vardı. Həzrət özünə aid olan heyvanı qoruyur və onunla mehriban davranırdı. Ona bir qamçı da belə vurmamışdı.
Üzeyir xeyirxah bir insan idi. Camaatla mehriban davranırdı. Onlara nəsihət verir, düzgün yola dəvət edirdi. Allahın dinini, Tövratı və yaşayış üsulunu onlara öyrədirdi.
Çox isti bir gündə Üzeyir öz ulağına minib, bağına tərəf getdi. Bağın yolu uzaq idi. Bağa gedən yol dağılmış bir şəhərin xarabalıqlarından, qədim və dağılmış qəbirlərdən keçirdi.
Səhər vaxtı hava ürəkaçan idi. Mülayim və könül oxşayan mehlər yaşıl tarlalar tərəfdən əsirdi.
Ulaq yaşıl əkin sahələrinin arasından keçərək torpaq bir yola çatdı. O yol dağılmış bir şəhərin və qədim qəbirlərin xarabalıqlarından keçirdi. Günəş qalxmış və onun yandırıcı şüası yayılmışdı. Şəhərin xarabalıqları, dağılmış evlər və o tərəf bu tərəfə səpələnmiş daşlar göründü. Başqa bir tərəfdə dağılmış bir qəbristanlıq və bir qədər çürümüş sümük gözə dəyirdi.
Üzeyir ulağından düşdü, bir çöl ağacının kölgəsində oturdu. O, ac idi. Yorulmuşdu. Xurcunundan bir qədər çörək və bir az üzüm çıxartdı. Üzüm salxımının suyunu kiçik bir qaba tökdü. Kiçik çörək tikələrini də ora tökdü. Rahat yeyə bilsin deyə bir az islanmalarını gözlədi.
O, qəbiristanlığa, şəhərin dağıntılarına və çürümüş sümüklərə baxır və öz-özünə deyirdi: «Bunların ölümündən on illər keçib, çoxlu külək və tufanlar bu xarabalıqlara və qəbirlərə əsib. Yay fəslində günəşin yandırıcı şüası, qışda yağış və qar bunların daha da artıq dağılmasına səbəb olmuşdur. Görəsən yüz illər öncə ölmüş bu insanlar bir daha necə diriləcəklər».
Üzeyir öz-özünə bu sözləri deyirdi. Allahın qüdrəti onun qəlbini və ruhunu doldurmuşdu: «Allah, öləndən sonra yenidən bunları necə dirildəcəkdir?»
Üzeyir yuxusuzluq hiss etdi. Kirpikləri ağırlaşdı. Xörək yeməmişdən qabaq gözlərini yumub yatdı.
Onun ulağı da bir qədər ot yedi və yuxuya getdi. Çox qəribə bir hadisə baş verdi: Üzeyir oyanmadı. Gecə çatdı. Üzeyir hələ də yuxuda idi. O, əslində dünyadan köçmüşdü. Ulağı da öldü.
Dostları ilə paylaş: |