NƏZİR
Zəkəriyya peyğəmbər ibadətgahda idi. Bu xəbəri eşitdikdə sevindi. Bir daha Allahın hər şeyə qadir olmasını və istədiyi insana ruzi əta etməsini xatırladı. O, mehraba daxil olub, Allah üçün namaz qıldı. Sonra isə öz dükan və mağazasına yollandı.
Günlər, həftələr və aylar ötdü. İmran dünyadan köçdü, amma, Allahın ona əta etdiyi körpəsinin üzünü görmədi.
Azad olmaq zamanı çatdı. Hənnə inanırdı ki, Allah ona bərəkətli bir oğlan uşağı əta edəcəkdir. Amma, gözlənilmədən körpəsinin gözəl bir qız olduğunu gördü.
Bu zaman o, etdiyi nəzirə necə vəfa etsin? Qız ibadətgahda xidmət edə bilərmi? O, səmaya baxaraq dedi:
«İlahi! Körpəm qız doğuldu... Oğlanla qız eyni deyillər».
Allah-təala onun ürəyinə ilham etdi ki, bu qız böyük məqama çatacaq və tezliklə mehrab və ibadətgaha daxil olacaqdır.
Hənnə təvazö və tə`zim halında dedi:
-Mən onun adını Məryəm qoydum. Bununla onu və onun övladlarını qovulmuş Şeytanın vəsvəsələrindən sənin pənahına gətirirəm.
O saleh qadın qızını Məryəm adlandırdı: Yə`ni ibadət edən və ya ibadətgahın xadimi.
Məryəm böyüdü. İbadətgaha gedib, orada xidmətçi olmaq zamanı çatdı. Orada Məryəmin tərbiyəsini kimin öhdəsinə götürəcəyi barədə çətinlik yarandı. Bütün keşişlər onun tərbiyəsini öhdələrinə götürmək istəyirdilər. Çünki, o, saleh bir kişi olan İmranın və təqvalı qadın olan Hənnənin qızı idi.
Keşişlər razılığa gəldilər ki, Məryəmin tərbiyəsini qəbul etmək üçün püşk atsınlar. Püşk Zəkəriyyanın adına çıxdı.
Zəkəriyya təqvalı və imanlı bir kişi idi. O, Məryəmə yüksək ehtiram bəsləyirdi. Onun vücudunda xeyir və bərəkət görürdü. Zəkəriyya Məryəmin xalasının əri sayılırdı. O, Məryəmin tərbiyəsini öhdəsinə götürüb, bu işlə məşğul oldu.
BƏTUL
Məryəm ətraf aləmdən təcrid olunmuşdu. O, Beytül-müqəddəsin yuxarı hissəsində kiçik bir otaqda yaşayırdı. Zəkəriyyadan başqa heç kəsin onun yanına getmək və otağına girmək icazəsi yox idi.
Məryəm tənha böyüdü; pak bir şeh damcısı kimi, buludlar arxasındakı günəş və parlaq ay kimi.
Məryəm qönçə bir gülə bənzəyirdi; ətri fəzanı dolduran bir bənövşə gülünə.
O böyüdü; lakin, hamıdan uzaq və gözlərdən kənarda.
Məryəm öz vaxtını ibadət mehrabında keçirirdi. Təvazökarlıqla Allaha namaz qılırdı. Hər gün onun ruhunda yeni həqiqətlər parlayırdı. Mələklər ətrafına fırlanırdılar. Ona müjdə verirdilər ki, Allah onu seçmiş və çirkinliklərdən uzaqlaşdırmışdır. O, sədəf içində mirvari kimi idi. Allah-təaladan başqa heç kəs onun sirlərindən xəbərdar deyildi.
Dostları ilə paylaş: |