MÖ`CÜZƏ
O zaman yəhudilər daş ürəkli insanlar idilər. Gördükləri şeydən başqa bir şeyə iman gətirməzdilər. Onların bə`zisi sehrlə məşğul olur, bə`ziləri isə qızıl və cəvahirat məmulatları düzəldirdilər. Amma, hamısı mal-dövləti hər şeydən çox sevirdilər.
Onlar günbəgün Musanın göstərişlərindən uzaqlaşırdılar.
Ona görə də Allah-təala onları bu qəflətdən oyatmaq istədi.
Allah Zəkəriyyaya bir övlad əta etdi. Onun sonsuz həyat yoldaşı hamilə oldu. Ondan bir övlad doğuldu. Körpənin üzü iman və məhəbbət nuru ilə parlayırdı.
Hənnədən isə Məryəm adlı bir qız doğuldu. Allah-təala İmrana böyük məqama çatacaq bir övladın olmasını və`də vermişdi. Amma, İmran, övladı Məryəmi görməzdən qabaq dünyadan getdi.
Allah Məryəmi pak saxladı. Onu insanlar üçün nişanə etdi və ondan başqa bir nişanə vücuda gəldi.
MÜJDƏ
Məryəm tənha halda ibadətlə məşğul idi. Çöhrəsi nurla parlayırdı. Ürəyi ulduzların arasında pərvaz edir və göyləri seyr edirdi.
O pak və cavan qız səhər çağının şeh damcısı kimi parlayırdı. Ürəyi nur saçırdı. Ruhu şəffaf və lətif idi; sanki nura bürünmüş dünyalarda pərvaz edirdi.
Məryəm öz ətraf aləmindən ayrılmışdı və onunla dünya arasında kiçik bir pəncərədən başqa bir şey qalmamışdı. O, həmin pəncərədən yaşıl təpələrin arxasında olan mavi üfüqlərə baxırdı.
Birdən otağı nurla doldu. Nur halqası arasında bir cavanı gördü. Məryəm qorxaraq dedi:
-Əgər təqvalısansa, sənin şərindən rəhimli Allaha pənah aparıram.
O cavan dedi:
-Ey Məryəm! Mən sənin rəbbinin elçisiyəm. Gəlmişəm ki, sənə pak bir övlad bağışlayam.
Məryəm həya və utancaq halda dedi:
-Mən hələ heç kəslə evlənməmişəm. Necə övlad sahibi ola bilərəm?
Məryəm özü mö`cüzə idi. Amma, indi, tezliklə doğulacaq başqa bir böyük mö`cüzənin anası olacaqdı. O isə hələ də qız idi.
Mələklər dedilər:
-Ey Məryəm! Məsələ belədir: Rəbbin buyurub ki, bu iş mənim üçün asandır. Biz onu insanlar üçün nişanə edəcəyik. O, bizim tərəfimizdən bir rəhmətdir. Bu, sona çatmış bir işdir. Daha danışmağa ehtiyac yoxdur.
Mələk Məryəmə yaxınlaşdı və onun köynəyinə üfürdü. Məryəm hiss etdi ki, onun vücudunun dərinliklərinə böyük və çox nüfuzlu bir ruh daxil oldu.
Mələk gözdən itdi. Məryəm bildi ki, qarşıda çətin günləri olacaqdır. O böyük bir məs`uliyyəti daşımalıdır.
Məryəm öz bətnində ilahi ruhu və əzəmətli bir vücudu daşıyırdı. Amma, nigaran və narahat idi ki, kim ona inanacaqdır. Camaat necə inanacaq ki, atasız uşaq doğula bilər?
Mübarək körpə Məryəmin pak bətnində inkişaf etdi. Aydın bir səhər vaxtı Məryəm yaxınlıqdakı təpələrə yollandı. O, heyrət içində idi. Amma, Allaha imanı, onun iradəsini daha da gücləndirmişdi.
Məryəm yoruldu. O bir xurma ağacının budağı yanında oturdu. Möhkəm doğuş ağrısı hiss etdi. Məryəm qışqırdı:
-Kaş bundan öncə ölüb, xatirələrdən silinəydim!
Məryəm düşünürdü ki, atasız bir övladı olduğu üçün ona kim inanacaqdır?
Birdən körpənin səsi eşidildi. O, Məryəmə müraciət edərək deyirdi.
-Anam qəmgin olma! Allah sənin üçün bir su arxı hazırlamışdır. Ondan iç və xurma ağacına söykən! Sənin üçün təzə xurma töküləcək. Onlardan ye və sudan iç. Onlar gözlərini işıqlandır.
Məryəm rahatlıq hiss etdi. Yavaş-yavaş qəlbinə daxil olan su arxı kimi idi. Amma, nigaranlıqla dedi:
-Oğlum! Camaat necə? Ey Allahın Ruhu! Camaata nə deyim?
-Ana! Onlara de ki, Allah üçün oruc tutmuşam. Bu gün heç kəslə danışmayacağam.
Mö`cüzə olan İsa doğuldu. Allahın qüdrətinə və onun insanlara qarşı rəhmli olmasına bir nişanə olmaq üçün atasız bir körpə doğuldu. Pak körpə anasının üzünə təbəssüm edirdi. Anası onu qucağına aldı. Sonra isə onu götürüb, qövmünə tərəf qayıtdı.
Məryəm təpələrdən ibadətgaha doğru endi. Camaat qəribə bir mənzərəyə şahid oldular. Öz-özlərinə dedilər:
«Məryəm özü ilə bir körpə gətirir. İmranın qızı Məryəm bir uşaqla gəlir. Hənnənin qızı Məryəm hələ evlənməyib, amma, bir körpəsi var».
-Nə olub?
-Nə oldu?
-Necə? Harada olub?
Məryəm özünün ibadətgahdakı otağına yollandı.
Bu həyəcanlı xəbər hər yerə yayıldı. Dillər əzbəri oldu. Hamı təəccüb edirdi. İmanlı insanlar sakit durmuşdular. Amma, bə`zi insanlar dillərinə pis sözlər gətirirdilər.
Zəkəriyya camaatın acı sözlərini eşidirdi. Keşişlərin qulağına da bə`zi şaiyələr çatdı. Ona görə də Zəkəriyya ibadətgahın keşişləri ilə birlikdə Məryəmin yanına getdi.
Dostları ilə paylaş: |