CİNAYƏT
Gözlərindən xəyanət və qətl qığılcımı yağırdı. Onların biri çölə çıxdı ki, cinayətkar Qidarı çağırsın.
Gecə yarıdan keçmişdi. Qidar özünün xəyanət qılıncı ilə daxil oldu. O, məst idi və gözləri qızarmışdı. O, da dəvəyə kin bəsləyənlərdən biri idi. Dəvə xeyir və bərəkət nişanəsi idi. Amma, o, xeyir və bərəkəti sevmirdi. O, fasiq və zülmkar bir məxluq idi. Fasid insan isə heç vaxt xeyir fikirləşə bilməz.
Onu mal və pul ilə şirnikləndirdilər. O, öz cinayətini yerinə yetirmək üçün ayağa qalxdı. Hiyləgərlər dedilər:
-Qidar, hara gedirsən?
O dedi:
-Elə indicə dəvəni öldürəcəyəm.
O zalım qrupun üzvləri dedilər:
-Bu işi indi etmə! Gözlə, sübh açılsın. Dəvə bulağa tərəf gedəndə, sən onu asanlıqla həlak edə bilərsən.
Dan yeri söküldü. Zalım Qidar bütün gecəni məst olaraq bağıra-bağıra keçirmişdi. Üzü qorxulu idi və daha da şişmişdi. O, qorxulu görkəm almış, üzünün damarları göyərmişdi. Əgər kimsə onu bu halda görsəydi, bilərdi ki, Qidar hansısa bir cinayətə əl bulaşdıracaqdır.
Dəvə və onun sakit körpəsi yuxudan oyandı. Onlar su içmək üçün çeşməyə tərəf yollandılar. Balanın kefi kök idi. Günəş yenicə doğmuşdu və çəmənliklər oyanmaq və istirahət etmək üçün çox gözəl və münasib görünürdü.
Köşəy o yaşıl çəmənliklərdə oynamağı çox sevirdi. Anası hər səhər onu ora aparırdı. Amma, həmin gün səhər hansı hadisə baş verdi? Niyə körpə oynamaq üçün çölə getmədi? O nə görürdü? Qorxu və dəhşət hiss etmişdi.
Bəli, bədbəxt Qidar öz qorxulu çöhrəsi ilə göründü. Birdən zahir oldu və onların yolunu bağladı. Onun əlində qılınc var idi. Anası uzaqlaşmaq istədi. Amma, Qidar ona çox möhkəm bir zərbə endirdi. Yazıq dəvə yerə yıxıldı. Qidar onun boynuna daha bir zərbə vurmaq istədi. Dəvə qüssə içində öz körpəsinə nəzər saldı. Sanki ona demək istəyirdi: Özünü xilas et! Körpə qorxaraq dağa tərəf qaçdı.
Həmin doqquz nəfər gəlib, bıçaq və xəncərlə dəvənin canına düşdülər. Qan hər yeri bürüdü. Yer və daşlar qırmızı rəngə boyandı.
Dostları ilə paylaş: |