Günahsız dəvə balası
Səmud qəbiləsinin cinayətkarları etdikləri işlə kifayətlənmədilər. Onların əli günahsız dəvənin qanına batmışdı.
Bütpərəstlər gəlib, vəhşi və yırtıcı canavar kimi onun ətinin üstündə bir-birləri ilə dava saldılar. Onunla da kifayətlənməyib, dəvənin balasını təqib etdilər. Dəvə balası qorxaraq, dağa qalxırdı. Onu qovan vəhşilərin əlindən qurtulmaq üçün bir yer axtarırdı: canavardan da yırtıcı olan vəhşilərin.
Dəvənin körpəsi dağın zirvəsində dayanıb, bıçaqlarla tikə-tikə doğranan anasına və ələrində xəncər dağın yuxarısına qalxan cinayətkarlara baxırdı. Xilas olmaq üçün bir yer yox idi. Göyə baxıb nərə çəkdi. Bütpərəstlərdən hansınınsa ona iti bir bıçaq sancmasından qabaq üç dəfə fəryad etdi. Bala dəvə böyük daşlar üzərindən yerə düşdü. Qanı fəvvarə vuraraq daşları öz saf qırmızı rənginə boyadı. Cinayətkarlar iti bıçaqlarla ona hücum edib, vəhşicəsinə tikə-tikə etdilər. Hətta canavarlar da bu kafir qatillərdən rəhimli idilər.
Həzrət Saleh və digər möminlər bu dəhşətli cinayətdən xəbər tutdular. O, imanlı insanlarla tələsdi ki, Allahın dəvəsinin başına nə gəldiyini görsün Lakin, yeri və dağın başını boyayan qanlardan başqa heç bir şey görmədilər.
Üfüqdə qara buludlar göründü. Fəza təhlükə ilə doldu. Bu fasiq və zalım insanlar xeyir və yaxşılıq istəmirdilər. Onlar, hər gün süd verən sakit və zərərsiz dəvəni məhv etmişdilər. Onlar dəvəni Allahın nişanəsi və Salehin peyğəmbərliyinin doğruluğuna sübut olduğu üçün öldürmüşdülər. Saleh onlara buyurdu:
-Yalnız üç gün evlərinizdə xoşgüzəranlıq edin. Tezliklə əzab sizi tutacaqdır. Çünki, siz zalım insanlarsınız. Siz Allahın risalətinə kafir olub, Onun dəvəsini qətlə yetirdiniz. Siz xeyir və yaxşılıq istəmirsiniz.
Səmudlular nəinki üzr istəyib, tövbə etmədilər, hətta indi də Salehi öldürmək fikrinə düşdülər. Onun ailəsini də qətlə yetirmək istədilər. Onlar yenə də bir yerə yığışıb, qərara gəldilər ki, Salehin evinə hücum edib, onu qətlə yetirsinlər. Onlar yalnız bundan sonra zəif möminlərə qələbə çala bilərlər. Amma, nə oldu?
Onlar öz növbəti cinayətlərini həyata keçirməzdən qabaq çox dəhşətli bir hadisə baş verdi. Qara buludlar göydə toplandılar. Ulduz, ay və planetlər gözlərdən itdi. Dağ və dərələr tamamilə qaranlığa qərq oldu. O gecənin ortalarında göydən çox güclü ildırım çaxıb, Səmud qəbiləsini alt-üst etdi. Zalımlır ürəkləri lərzəyə gətirən dəhşətli gurultu səsindən oyandılar.
O fasiq qəbilənin evlərinə dağıdıcı ildırımlar endi. Onların saray və mənzillərini bir-birinə vurub, tökdü. Dərələri od tutdu.
Saleh və möminlərdən başqa heç kəs o mərəkədən salamat çıxmadı.
Səmud qəbiləsinin aqibəti bu idi. Dəvənin öldürülməsindən dörd gün sonra günəş, artıq o zalımların sakin olduqları yerin xarabalıqlarına saçırdı. Sübh vaxtı isə onların cansız cəsədləri evlərində qalmışdı.
Dostları ilə paylaş: |