İMANLI CAVAN
Allahlara hörmət etməyən və Nəmruddan qorxmayan cavan İbrahimin (ə) sözləri hər yerdə yayıldı. İnsanlar İbrahimin (ə), heç bir ziyan və xeyirləri olmayan qondarma allahları məsxərə etdiyini eşidirdilər.
İbrahim (ə) böyüdü. O on altı yaşına çatmışdı. Bütün Babil camaatı bilirdilər ki, İbrahim (ə) allahlara ibadət etmir. İnsanların çoxu onun allahları ələ saldığını görmüşdülər.
Hətta İbrahimin (ə) babası Azər bir gün İbrahimin (ə), onun bütlərindən daha gözəl bir büt düzəltdiyini gördü. Azər öncə sevindi və elə bildi ki, İbrahim (ə) də ona kömək edib, mə`bədi qoruyacaqdır. Amma, İbrahim (ə) yonduğu bütü sındırdı.
Azər İbrahimin (ə) etdiyi işə çox qəzəbləndi və ona dedi:
-İbrahim, niyə yonduğun allahı sındırdın? Allahların qəzəbindən qorxmursanmı?
İbrahim (ə) hörmətlə cavab verdi:
-Atacan, heç nə eşitməyən, heç nə görməyən və sənin heç bir ehtiyacını tə`min etməyən bütlərə niyə ibadət edirsən? Ata! Şeytana ibadət etmə! Şeytan Allaha itaətsizlik göstərmişdir.
-Ey İbrahim! Sən mənim allahlarımdan uzaqlaşırsanmı? Əgər işlərindən əl çəkməsən səni daşqalaq edəcəyəm. İndi isə uzun zamana qədər mənim yanımdan get!
İbrahim (ə) çox ədəbli bir cavan idi. O, babası Azəri çox sevirdi. Onu ata deyə çağırırdı. Ona görə də evdən çıxmazdan əvvəl Azərlə sağollaşıb, dedi:
-Salam olsun sənə! Rəbbimdən sənin üçün bağışlanmaq istəyəcəyəm. Həqiqətən, Allah məni çox sevir.
İbrahim (ə) öz Rəbbindən istədi ki, Azəri nur və imana hidayət etsin.
İbrahim (ə) insanlardan uzaqlaşdı. Yeganə və şəriksiz Allahın ibadəti ilə məşğul oldu. Camaat hər hansı bir münasibətdə mə`bədə gedir və bütlərə ibadət edirdilər. Onlar öz nəzirlərini onların yanlarına qoyurdular. Amma, İbrahim (ə) yeganə Allaha ibadət edir və bütlərdən uzaq gəzirdi.
Dostları ilə paylaş: |