BAHAR
İbrahim (ə) insanları yeganə Allahın itaətinə hidayət etmək barədə fikirləşirdi. Bütün insanlar büt, günəş, ay və ulduza ibadət və Nəmruda pərəstiş edirdilər. Bahar fəsli çatdı, güllər çiçəkləndi və çayların suyu artdı. Camaaat baharın gəlişinə sevindilər. Onlar baharın gəlişi və ne`mətin bolluğu bayramını keçirməyə hazırlaşdılar. O zaman bütün insanlar bayram mərasimini keçirmək üçün şəhərin kənarına gedir, yeyib-içir, atılıb-düşür və oynayırdılar. Daha sonra onlar öz nəzirlərini mə`bəddə allahların yanına qoymaq və hədiyyələri keşişlərə təqdim etmək üçün şəhərə qayıdırdılar.
Camaat şəhərin çölünə getməyə hazırlaşırdı. Amma, İbrahim (ə) hazırlaşmırdı. O bayram mərasiminə getmək barədə heç fikirləşmirdi də. Ona dedilər:
-Ey İbrahim, sən niyə getmirsən?
İbrahim (ə) dedi:
-Mən xəstəyəm.
O, doğru yolu tə`yin edə bilməyən insanlardan ötrü nigaran idi. İbrahim (ə) bütün işlərində onlarla fərqlənirdi. Paltarlarını təmiz saxlayır, dırnaqlarını qısaldır və başının tükünü azaldırdı.
İnsanlar, hətta Nəmrud və bütün keşişlər də bahar bayramını keçirmək üçün şəhərdən çıxdılar. İbrahim (ə) şəhərdə tənha qaldı. Əlinə bir balta götürüb, böyük mə`bədə sarı yollandı. O mə`bəddə hamısı daşdan düzəldilmiş çoxlu allahlar var idi. Allahların bə`zisi kiçik, bə`zisi böyük idi. Orada bütün bütlərdən böyük olan bir büt vardı. Onun adını Mordux qoyub, allahların allahı adlandırırdılar. İbrahim (ə) mə`bədin pillələri ilə yuxarı qalxdı. Mə`bəd tamamilə boş idi. Yalnız bütlər qalmışdılar və iylənmiş ət və qanların qoxusu.
İbrahimin (ə) gözü onlarla qondarma allaha düşdü. O öz-özünə fikirləşirdi: «Görəsən bir insan heç bir ziyan və faydası olmayan bir daşa necə ibadət edir?!»
Bütlər hərəkətsiz halda öz yerlərinə mıxlanmışdılar. Onlar danışmır və heç bir iş görmürdülər.
İbrahim (ə) qəzəblə qışqırdı:
-Niyə xörək yemirsiniz?
Boş mə`bəddə onun səsi əks səda verdi.
-Niyə xörək yemirsiniz?
İrahim uca səslə dedi:
-Niyə danışmırsınız?
Səsi mə`bədin fəzasında fırlandı:
-Niyə danışmırsınız?
İbrahim (ə) yalançı allahları sındırmaq qərarına gəldi. O, insanlara sübut etmək istəyirdi ki, onlar bərk daş parçasından başqa bir şey deyillər.
Ona görə də baltanı qaldırıb, daş allahlara zərbələr endirdi.
Bütlər cavan İbrahimin (ə) zərbələri altında dağılırdılar. Onların tikələri yerin üzərinə tökülürdülər. İbrahim (ə) böyük bütə çatdı. Beyninə bir fikir gəldi. Cavan İbrahim (ə) baltanı allahların böyüyünün boynundan asdı.
Bütləri sındırdıqdan və mə`bədi daş parçaları ilə doldurduqdan sonra oradan çıxdı. Sanki güclü bir zəlzələ baş vermiş və onları bir-birinə vurmuşdu.
Cavan İbrahim (ə) mə`bəddən çıxdı. O, üzünü səmaya tutub baxdı. Bir dəstə ağ göyərçin gördü. Onlar mavi səmada sakitcə uçurdular.
Bahar bayramları sona çatdı. Babil camaatı şəhərə qayıtdı. Gecə çatdı və şəhər qaranlığa büründü. Nəzirləri allahların yanına qoymaq vaxtı çatmışdı.
Onlar böyük mə`bədə sarı yola düşdülər. Onlar özləri ilə məş`əllər, nəzirlər və hədiyyələr aparan uzun karvan formasında mə`bədə gedirdilər. Keşişlər karvanın qarşısında hərəkət edirdilər.
Mə`bədi gördükdə keşişlər qorxdular. Camaat da qorxu ilə baxırdılar. Dağıdılmış allahların mənzərəsi dəhşətli idi. Bütün allahlar daş parçalarına çevrilmişdilər, allahların böyüyündən savayı.
Allahların böyüyü uzun illər idi öz yerində qalmışdı. Amma, bu dəfə çiynində bir balta vardı. Heç kəs nə baş verdiyini soruşmaq üçün allahların böyüyünün yanına gəlmədi. O da adəti üzrə eləcə sakit qaldı. Çünki, o daşdan başqa bir şey deyildi.
Hay-küy qopdu. Keşişlər bir-birlərindən soruşdular:
-Müqəddəs allahları dağıtmağa kim cür`ət göstərmişdir?
Onların biri dedi:
-Biz bir nəfər tanıyırıq. Mümkündür bunlar onun işi ola. Yəqin ki, o cür`ətə gəlib, allahları dağıtmışdır.
-O cavan İbrahimdir. Biz həmişə onun allahları məsxərə etdiyini eşidirik. O deyir ki, bunların xeyir və zərərləri yoxdur.
Keşişlər çox qəzəbləndilər. Onlar ürəklərində İbrahimə qarşı böyük qəzəb tufanı yaratdılar. O, allahları təhqir edən yeganə insan idi.
Dostları ilə paylaş: |