Səma daşları Həzrət Lutun əhvalatı
İbrahim (ə) birgə nahar etmək üçün bir qonaq gözləyirdi. O çox qonaqpərvər insan idi. Həmişə qonaqları gülərüzlə qarşılayardı. Onlar üçün dadlı su, təmiz süd və ləzzətli yemək hazırlayardı. Qonaqlar İbrahimi (ə) səxavətinə, onun xoş davranışına və olduqca gözəl əxlaqına görə çox sevirdilər.
Bir gün üç gözəl və cavan qonaq İbrahimin (ə) evinə gəldi. Həzrət onlara xoş gəldin dedi. Onların gəlişinə çox sevindi. Buna görə də tezliklə onlara qulluq etməyə başladı. Onlar üçün bir buzov kəsdi. Onu kabab edib, qabaqlarına qoydu. O zaman adət belə idi: Əgər qonaq yeməkdən imtina etsəydi, deməli, ev sahibinin qonaqlığını rədd edib, ona ziyan vurmaq fikrindədir. Amma, əgər yeməkdən meyl etsəydi, bu o demək idi ki, duz-çörəyin hörmətinə görə onlarla ev sahibi arasında dostluq əlaqəsi yaranacaqdır.
İbrahim (ə) buzovun kabab olmuş ətini qonaqların qarşısına qoydu. Amma, burda təəccüblü bir hadisə baş verdi. Qonaqlar yeməkdən imtina etdilər. İbrahim (ə) onlardan qorxmağa başladı. Öz-özünə dedi: Görəsən doğrudanmı mənə pislik etmək istəyirlər?!
Qonaqlar özlərini təqdim etdilər. Onlar İbrahimə dedilər:
-Biz Allahın mələkləriyik. Sədum camaatından intiqam almaq üçün ora göndərilmişik.
İbrahim (ə) təəssüf etdi və bəlkə haqq yoluna qayıdalar - deyə əzabı şəhər sakinlərindən uzaqlaşdırmağa çalışdı. Ona görə də mələklərə dedi:
-Lut Sədum şəhərində yaşayır. Onun taleyi necə olacaq?
Onlar dedilər:
-Biz orada kimin yaşadığını yaxşı bilirik.
İbrahimin (ə) nigarançılığını dəf etmək üçün mələklər ona saleh bir övlad nəsib olacağından xəbər verdilər. İbrahim (ə) onlarla Lutun qövmü barədə danışmaq istədi. Amma, mələklər ona dedilər:
-Ey İbrahim! Bu məsələdən vaz keç. Çünki, Allahın fərmanı qətidir.
İbrahim (ə) sakit oldu və mələklər Sədum əhalisindən intiqam almaq üçün o şəhərə yollandılar.
Onların macərası və Lutun əhvalatı nə idi? Əgər bu kitabla bizimlə olsanız, o macəra ilə tanış olacaqsınız.
Bundan öncə Allahın Xəlili (dostu) Həzrət İbrahimin (ə) əhvalatını oxuduq. İbrahim (ə) Babil torpaqlarında yaşayırdı. O oranın sakinlərini yeganə Allaha ibadət etməyə və bütpərəstlikdən çəkinməyə dəvət etdi. Əgər xatırlayırsınızsa insanlar İbrahimin (ə) risalətinə küfr etdilər. Həyat yoldaşı Sara və xalası oğlu Lutdan başqa heç kəs iman gətirmədi. İbrahim (ə) Babil torpaqlarından köçmək fikrinə düşdükdə qərara gəldi ki, Lut da onunla hicrət etsin və beləliklə Lut öz torpaqlarını tərk edib, köçdü. Karvan Sədum torpaqlarına çatdıqda İbrahim (ə) Luta dedi ki, o şəhərdə qalıb insanları Allaha pərəstiş etməyə və bütpərəstlikdən çəkinməyə dəvət etsin. Bu minvalla Lutun Sədum şəhərindəki əhvalatı başlandı.
Lut Babil torpaqlarında İbrahimə iman gətirdi. O Həzrəti oda atmaq istədikləri vaxt Lut dedi:
-Mən Allahıma tərəf mühacirət edirəm. Ona görə də Həzrət İbrahimlə birgə Müqəddəs Fələstin torpaqlarına hicrət etdi. Yolda İbrahim (ə) Luta fərman verdi ki, Sədum torpaqlarında sakin olub, o diyarın camaatını Allahın dininə və öz pak insani fitrətlərinə qayıtmağa dəvət etsin.
Sədum İordaniyada Bəhrülmeyyitin sahillərində yerləşən kiçik şəhərlərə deyilirdi. Lut orada yaşamağa başladı. Evləndi və Alllah ona imanlı qızlar əta etdi.
Dostları ilə paylaş: |