YUXU
Cəbrayıl enərək İbrahimə göstəriş verdi ki, bir qədər su götürüb, Ərəfat və Mina dağlarına tərəf getsin. O zamandan Zilhəccə ayının 8-ci günü «Tərviyə günü» adlanmağa başladı. İbrahim (ə) gecəni orada keçirdi. Ulduzlu səmaya baxırdı; Allahın yaratdığı və çıraq kimi parlayan ulduzlara. Hər şeyi yaradan, təsvir edən və ən gözəl adlara sahib olan Allaha səcdə edirdi; dirildən, öldürən və hər şeyə qadir olan Allaha. İbrahim (ə) gözlərini bağlayıb, yatdı. Yuxudan oyandı. Göy eləcə ulduzla dolu idi. Gördü ki, övladı İsmayıl yatmışdır. Yenidən yatdı. Yenə də həmin yuxunun təkrarını gördü. Gördü ki, öz övladını qurban edib, aləmlərin Rəbbinin qarşısında başını kəsir. İbrahim (ə) yuxudan oyandı. Dan yeri sökülmüşdü. Dəstəmaz alıb, namaz qıldı. İsmayıl da oyandı, dəstəmaz aldı və namaz qıldı.
Günəş çıxdı və təpələri nura boyadı. İbrahim (ə) qəmgin idi. Allah-təala yenə də onu imtahana çəkirdi. Bu dəfə onu övladının başını kəsməklə imtahan edirdi. İbrahim (ə) nə etsin? Əgər Allah İbrahimə özünü oda atmağı əmr etsəydi, bunu edərdi. Amma, bu dəfə necə, oğlunu qurbanlıq edəcəkmi? Nə etməlidir? Macəranı oğluna desinmi? Yoxsa onu bu işə məcbur etsin? Əgər oğluna xəbər versə oğlu qurban olmağa razı olarmı? Görəsən İsmayıl qurbanlığın əzab-əziyyətinə dözə bilərmi?
İsmayıl atasını qəmli görüb, dedi:
-Atacan niyə nigaransan?
İbrahim (ə) dedi:
-Bir məsələ məni nigaran etmişdir. Oğlum! Mən yuxuda gördüm ki, səni qurbanlıq edirəm. Fikrin nədir?
İsmayıl anladı ki, Allah-təala öz elçisi İbrahimə övladını qurban kəsmək əmrini vermişdir.
İsmayıl atasını çox sevirdi. Bilirdi ki, atası Allahın əmri olmadan heç bir işi yerinə yetirməz. Çünki, O, Allahın Xəlili idi. Allah onu cavanlıq vaxtında Babildə və hətta qocalandan sonra da imtahan etmişdi. İsmayıl anladı ki, Allah-təala öz dostu İbrahimi (ə) imtahan edir. Ona görə də ona dedi:
-Ata, tapşırıq aldığın işi yerinə yetir. İnşaallah məni də səbir edənlərdən görərsən.
İbrahim (ə) bu sözə sevindi. Oğlu İsmayıl saleh və itaətkar idi. Allaha və rəsuluna imanı var idi.
Dostları ilə paylaş: |