İMTAHAN
Allah-təala Şeytanın yalanını insanlar üçün göstərmək istədi. İstədi ki, Əyyubun doğruluğunu, onun səbir, dözüm və imanını onlara aydınlaşdırsın. Ona görə də Əyyubun dərd və bəlaları başlandı. Ona bir-birinin ardınca müxtəlif bəla və müsibətlər gəldi. İndi görək Əyyub necə səbir edib, özündən dözüm göstərəcəkdir?
Bütün işlər öz qaydası ilə gedirdi. Əyyub Allaha səcdə edir və ne`mətlərinə görə ona minnətdarlıq göstərirdi. Onun oğlanları özləri ilə yemək dolu xurcunlar götürüb, kasıb, yoxsul, yolçu və yolda qalmış insanların köməyinə tələsirdilər. Xidmətçilər isə tarlalarda çalışır və buğdaları anbarlara aparırdılar.
Əyyubun həyat yoldaşı Rəhimə dəyirmanla un hazırlayırdı. Başqaları odun dəstələri hazırlayır, bə`ziləri isə bulaqdan su gətirirdilər.
Çobanlar heyvan sürülərini otlamaq üçün yaşıllıqlara aparırdılar. Hər şey öz təbii axarı ilə gedirdi.
Qəflətən, çobanların biri təngnəfəs daxil olub, qışqırdı:
-Allahın peyğəmbəri Əyyub haradadır?
-Nə olub? Danış görək!
-Onları öldürdülər. Bütün yoldaşlarımı öldürdülər. Bütün çoban və əkinçiləri öldürdülər. Qanlarını tökdülər.
-Nə üçün?
-Quldurlar bizə hücum etdilər. Qoyun sürülərini oğurladılar. İnək və qoyunlarımızı götürüb, getdilər.
Dağlar heç zaman tufan qarşısında titrəmir. Əyyub nigaran oldu. Amma, dözdü. Dözümlə və səbirlə dedi:
-İnna lillah və inna iləyhi raci`un (Həqiqətən, biz Allah tərəfindənik və ona doğru qayıdacağıq).
Allah-təala Əyyubu daha bir imtahana çəkdi. Onun, aləmlərin rəbbinə olan imanını yoxladı. Görəsən, o səbir edib, dözəcək, yoxsa küfr edəcəkdi?
İkinci gün qəribə bir hadisə baş verdi. Səmada qara buludlar göründü. İldırım çaxdı, gurultu səsləri ucaldı. Əkinçilərin biri içəri daxil oldu. Paltarı yanmışdı. Üzü alov və tüstüdən qaralmışdı. Əyyub dedi:
-Nə olub?
-Alov! Ey Allahın peyğəmbəri, alov!
-Bu daha bir müsibətdirmi?
-Hə, ey Allahın elçisi. Hər şey odda yandı. Bəla nazil oldu. İldırım əkin sahələrini yandırdı. Ey allahın peyğəmbəri, torpaqlarımız külə çevrildi. Bütün dostlarım yanıb, dünyadan köçdülər.
Rəhimə dedi:
-Dünyanın bütün müsibətləri bizə doğru gəlirlər.
-Ey Rəhmət, səbir et! Allah belə istəmişdir.
-Allah istəmişdir?!
-Hə. İndi imtahan zamanı çatmışdır. Allah bütün peyğəmbərlərinin ürəyini imtahan edib, yoxlayır.
Əyyub səmaya bir nəzər saldı. Dedi: «İlahi! Mənə səbir ver!»
O gün Əyyub öz xidmətçilərinə tapşırdı ki, onun evindən getsinlər. Mehribanlıqla onlara dedi:
-Öz ailələrinizə qayıdın. Ya da özünüzə başqa bir yer tapın! Çünki, Allah-təala məni imtahan edir.
Xidmətçilərin biri dedi:
-Biz əkin sahələrini və tarlaları bərpa etməyə çalışarıq. Biz sizdən ayrılmaq istəmirik. Ey Allahın peyğəmbəri, biz sənə iman gətirmişik. Səni sevirik.
-Övladlarım, bilirəm. Amma, bəla və müsibətlər artacaqdır. İstəmirəm ki, siz gözümün qabağında yanasınız. Övladlarım, gedin! Məni tək qoyun ki, yalqız halda imtahan olunum.
Dostları ilə paylaş: |