ƏYYUBUN SƏBİRİ
Əyyubun müsibətləri bunlarla bitmədi. Onun təkcə tarlaları yanıb, külə çevrilmədi və təkcə heyvanları məhv olmadı. O başqa bir müsibətə də düçar oldu.
Onun bütün oğlan və qız övladları dünyadan köçdülər. Mehriban həyat yoldaşı Rəhimədən başqa onunla heç kəs qalmadı.
Əyyubun evi boşaldı. Artıq onun heç bir övladı yox idi. O, yalnız qoca bir kişi idi. Zavallı həyat yoldaşı ağlayırdı.
-Bu, Allahın istəyidir və biz onun əmrinə tabe olmalıyıq.
Şeytan Əyyubu öz halında buraxmadı və onun yanına gəlib, vəsvəsə etdi:
-Necə böyük müsibətdir! Yeddi oğul və üç qız bir anda can verdilər.
Onlar atalarının ümid və arzuları idilər. İnsan necə özünə təsəlli versin?
Əyyub ulduzla dolu olan səmaya baxıb dedi: «İlahi, bilirəm ki, bütün xeyir və bərəkətlərin mənşəyi sənsən! İlahi mənə səbir və dözüm ver!»
Şeytan uzaqlara qaçdı. Heç bir şey, Allahı yad etmək qədər Şeytanı qorxutmur. Şeytan Allahın adından qorxduğu kimi heç nədən qorxmur.
İnsan, «Şeytanın şərindən Allaha pənah aparıram» - dedikdə Allah onu qoruyur, ona arxa durur və ürəyini təmizləyir. Allah-təala öz bəndələrini sevir və onların xeyrini istəyir.
Ona görə də Əyyub bəla və müsibətlərin qarşısında səbir edirdi. O bilirdi ki, Allah bütün xeyir və yaxşılıqların mənşəyidir. O xeyirxahdır. Pis və şər işlər isə Şeytan tərəfindəndir. O, insanı kafir etmək istəyir.
Dostları ilə paylaş: |