HƏVRAN CAMAATI
Şeytan öz vəsvəsindən əl çəkməkdi. O Əyyubu məğlub etmək istəyirdi. Ona görə də şəhər camaatının yanına getdi və onlara dedi:
-Allah Əyyuba qəzəblənmişdir. Ona bəla və müsibət göndərir. Əyyub böyük günah işlətmişdir və Allahın lə`nətinə gəlmişdir. Əyyubun bu şəhərdə qalması sizin üçün də qorxuludur. Siz də Allahın qəzəbinə düçar ola bilərsiniz. Yaxşısı budur ki, onu şəhərdən qovun.
Həvran camaatı Şeytanın vəsvəsələrinə qulaq asdılar. Onlar Əyyubun evinə gəldilər. Həyat yoldaşı Rəhimədən başqa evdə heç kəs yox idi. Onların biri dedi:
-Biz belə güman edirik ki, sən Allahın qəzəb və lə`nətinə düçar olmusan. Biz qorxuruq ki, bu nifrin bütün şəhəri bürüyər. Sən bizim şəhərimizdən çıx! Uzaq bir yerə get! Çünki, bizim aramızda qalmağını istəmirik.
Rəhimə bu sözdən narahat oldu və dedi:
-Biz öz evimizdə yaşayırıq. Allahın peyğəmbərlərinə əziyyət verməyə haqqınız yoxdur.
Şəhər əhalisi kobudluqla dedilər:
-Əgər siz şəhərdən çıxmasanız zorla sizi qovacağıq. Siz Allahın qəzəbinə düçar olmusunuz. Sizə görə bütün şəhər Alllahın qəzəbinə gələcəkdir.
Əyyub onlara mehribanlıqla dedi:
-Övladlarım, bu sözlər nədir danışırsınız? Mənim üçün baş verənlər Allahın imtahanıdır. Allah-təala məndən qabaqkı peyğəmbərlərini də imtahan etmişdir.
Ey Həvran əhalisi, Allahdan qorxun! Peyğəmbərinizi incitməyin!
Bu zaman nadan bir insan dedi:
-Sən Allaha günah etmisən. Onun sənə qəzəbi tutmuşdur.
Rəhimə dedi:
-Siz peyğəmbərinizə zülm edirsiniz. Siz onun yaxşılıqlarını unutmusunuzmu? Ey Həvran əhalisi Əyyubun evindən götürdüyünüz yemək və geyimləri unutmusunuzmu?
Əyyub göyə nəzər saldı. O qəmli halda dedi:
«İlahi, əgər sənin iradə və istəyin budursa, mən şəhərdən çıxıb, səhrada yaşayaram. İlahi! Bu insanların nadanlıqlarını əfv et! Əgər haqqı tə`yin edə bilsəydilər, peyğəmbərləri ilə belə rəftar etməzdilər».
Dostları ilə paylaş: |