alverdə yalanÇIlIq
Allah-təala onlara hər şey əta etmişdi. Mədyən camaatı asudə yaşayışdan bəhrələnirdilər. Onların bazarlarında hər şey bol-bol tapılırdı.
Onlar ticarət və alverlərində fırıldaq işlədirdilər. Əşyaların çəkilərini azaldırdılar. Alıcı və satıcılar belə rəftar edirdilər: bir şey satmaq istəyəndə onun çəkisini az qoyur, almaq istəyəndə isə çəkisini artırırdılar.
Onlar belə işlər görməkdə özlərini tam azad bilirdilər. Belə bir zamanda Allah-təala öz risalətini onlara bildirmək üçün saleh və ləyaqətli insan olan Şüeybi (ə) peyğəmbərliyə seçdi. Amma, görəsən Mədyən camaatı onunla necə davrandılar? Gələn səhifələrdə tanış olacağıq.
Şüeyb (ə) güclü natiq idi. Sübut və dəlilləri möhkəm idi. Çünki, o, haqq, ədalət və insaniyyət üçün və onların aydın təbiətləri ilə uyğun danışırdı.
Şüeyb (ə) öz dəvətini yeganə Allaha ibadət etmək və bütpərəstlikdən çəkindirməklə başladı. Sonra isə Mədyən camaatının etdiyi zülümdən, bazar fırıldaqlarından və onların arasında geniş yayılan alver yalanlarından danışdı. Şüeyb (ə) onlara dedi:
-Siz bu işlərinizlə hər yerdə fəsad yayırsınız. İctimai yaşayış alver və ticarət yolu ilə rövnəqlənir. Hər bir insan ehtiyacı olmadığı bir şeyi verib, əvəzində isə ona ehtiyacı olan şeyi alır.
Bazardakı bu alverlərə - əşyaların çəkisinə, növünə və onların miqdarına nəzarət etmək üçün ümumi etimada ehtiyac vardır. Ona görə də bilin ki, əgər fırıldaqçılıq etsəniz, çəkidə az satmağa alışsanız, pis malı yaxşı yerinə camaata versəniz, müştərini və satıcını aldatsanız bu iş sizin hamınızı məhvə düçar edəkəcəkdir.
Şüeybin (ə) sözləri çox cəzbedici idi. Çünki, gözəl yaşayışdan onlara xəbər verirdi. O Həzrət istəyirdi ki, Mədyən camaatı şəhərdə xeyir-bərəkətlə, bol ruzi ilə, əmin-amanlıq və imanla yaşasınlar.
Şüeyb (ə) bilirdi ki, Nuh (ə), Saleh (ə) və Hud (ə) peyğəmbərin tayfasının başına nələr gəlmişdir. Əzab Nuhun (ə) qəbiləsini necə bürüdü və onlar tufan dalğalarında necə qərq oldular. Necə möhkəm küləklər Səmud qəbiləsini yerlə yeksan etdi. Necə göydən od və alov yağdı və Ölü dənizin yaxınlığında olan Sədum və Amura şəhərlərini viranəyə çevirdi.
Şüeyb (ə) öz tayfasına buyurdu:
-Görmürsünüzmü Lut tayfasının başına nələr gəldi? Bu xaraba qalmış şəhərlər onlara nazil olan Allah əzabına şahiddirlər. Çünki, onlar Allahın peyğəmbərinə itaət etmədilər.
Dostları ilə paylaş: |