Zülmlə mübarİzə
Musa sakit qalmadı. O, məzlumlar üçün bir iş görməyə çalışırdı. Ona görə də sakitcə saraydan çıxıb şəhərə gedir və fasidlərin qarşısında müqavimət göstərirdi. Hər dəfə şəhərə gedəndə əlində qamçı tutmuş qibtlilərdən birinin hər hansı bir bəhanə ilə və ya səbəbsiz olaraq Bəni İsraildən hansısa məzlum bir kişinin canına düşdüyünü müşahidə edirdi. Ona görə də məzlumun köməyinə tələsir və öz möhkəm zərbələrini zalıma endirirdi. Onlar Musanın möhkəm zərbələrinə tab gətirməyib, qaçmağa məcbur olurdular.
Bir gün Musa saraydan çıxdı. Saray Mumfis şəhərinin şimalında yerləşirdi. O, günorta vaxtı şəhərə daxil oldu. Camaat evlərinə qayıtmışdılar və şəhər sakit vəziyyətdə idi. Küçələrdə demək olar ki, get-gəl yox idi. Musa gördü ki, biri qibti və biri isə Bəni İsraildən olan iki kişi biri-biriləri ilə dalaşırlar. Qibti kişi əlində qamçı ilə Bəni İsrailli kişinin canına düşüb. Bəni İsrailli isə kömək istəyir. Musa məzlumun köməyinə tələsdi. O, çox güclü bir cavan idi. Allah-təala ona yüksək cismi güc əta etmişdi. Musa qibti kişiyə etiraz edib, onu ayırdı. Amma, qibti kişi hələ də onu döymək istəyirdi. Musa ona möhkəm bir zərbə vurmağa məcbur oldu. Zərbədən sonra kişi yerə yıxılıb, dünyadan getdi.
Musa anladı ki, böyük səhvə yol verib. Çünki, onun etdiyi iş düzgün deyildi.
Musanın ilahi fikirlərinə görə fironun ona acığı tutmuşdu. Ona görə də onun hərəkətlərinə nəzarət etmək üçün casuslar ayırmışdı. Qibti kişinin öldürülməsi fironun Bəni İsraildən intiqam alması üçün yaxşı bəhanə idi. Çünki, firon qibtlilərin kin və düşmənçiliklərini dərk edir, onları Bəni İsrailə qarşı qaldırırdı.
Orada nə baş verdiyini heç kim bilmirdi. Ona görə də Musa insanların gözündən gizləndi. Fironun məmurları isə qatili axtarırdılar.
Musa saraya qayıtdı. O, fironun qəzəbindən qorxurdu. Ona görə də həmin gecəni şəhərdə keçirdi və heç fikirləşmədiyi bir hadisə baş verdi. Musa gördü ki, həmin Bəni İsrailli kişi başqa bir qibti kişi ilə dalaşır. Bəni İsrailli kişi yenidən Musadan kömək istədi. Musa qabaqkı gün baş verən hadisədən nigaran idi. Bütün bunlarla belə o məzlumun köməyinə tələsdi. Onların yanına gəldi və Bəni İsrailliyə üzünü tutub dedi:
-Həqiqətən də sən macəra axtaran, qalmaqallı və yolunu azmış bir insansan. Sən hər gün biri ilə dalaşırsan. Bu iş düzgün deyil.
Bəni İsrailli kişi elə bildi ki, Musa ona hücum etmək istəyir. Ona görə də qışqırdı:
-Ey Musa! Dünən birini öldürdüyün kimi indi məni də öldürmək istəyirsən? Sən yalnız zalım bir insan olmaq istəyirsən. Sənin xeyir niyyətin yoxdur.
Camaat bu sözü eşidəndə bildilər ki, qatil Musa olmuşdur və casuslar qaça-qaça özlərini firona çatdırıb, onu məsələdən xəbərdar etdilər.
Hİylə
Firon öz sarayında dövlət üzvləri ilə plan qururdu. O fikirləşirdi ki, Musa həmin vəd olunmuş insandır. Ona görə də öz təhlükəli fikir və düşüncələrini yaymaqdan əl çəkmir.
Hələ casuslar ona xəbər verməmişdən qabaq firon bilirdi ki, qibti kişini Musa öldürmüşdür. Ona görə də nəyin bahasına olursa olsun Musanı öldürmək qərarına gəldi. Saraylardan birındə fitrətən pak olan qibti bir kişi var idi. O, yaxşı sifətlərinə, əxlaqi keyfiyyətlərinə, zəiflərə qarşı xeyirxahlığına və igidliyinə görə Musanı çox sevirdi. O kişi tez Musanı axtarmağa başladı. Şəhərə girdi və Musanın barəsində sorğu-sual etdi. Nəhayət onu tapdı. Onu məsələdən xəbərdar edərək dedi:
-Ey Musa! Bunlar səni öldürmək üçün məşvərət edirlər. Tez şəhərdən çıx. Mən sənin xeyrini istəyirəm. Bura fikirləşmək və yubanmaq yeri deyildir.
Zalım firon Musanı öldürməkdən qorxmurdu. Ona görə də cəld qərara gəldi ki, nə qədər ki, gec deyil, tez Misirdən mühacirət etsin. Musa Nil çayını keçmək və sağ sahilə çatmaq üçün qayığa mindi. Oradan şərqə tərəf yollandı və Süveyş körfəzinə getdi.
Musa Mədyən torpaqlarına getmək istəyirdi. O, göyə bir nəzər saldı və hörmətlə dedi: «Ümidvaram ki, Allahım məni doğru yola hidayət edəcəkdir».
Fironun məmurları hər yerdə Musanı axtarırdılar. Musa Qırmızı dənizin kənarındakı və Nil deltasındakı səhralardan və dağların cığırları ilə gedirdi.
Dostları ilə paylaş: |