NİCat Gəmİsİ
Allah-təala Nuha (ə) bir gəmi düzəltməsini əmr etdi. Nuh (ə) öz qövmünə etdiyi də`vəti dayandırdı. Öncə kafirlər təəccüb etdilər: «Görəsən niyə Nuh (ə) doqquz yüz əlli ildən sonra sükut etdi? Niyə onları Allahı tanımağa də`vət etmir və daha heç kimin gözünə görünmür?»
Nuh (ə) böyük bir gəmi düzəltmək üçün şəhərdən bayırda bir yer seçdi. Nuh (ə) mahir dülgər idi. O, bu iş üçün çoxlu böyük taxtalar toplamalı idi.
Mö`minlər bu işində Nuh peyğəmbərə (ə) kömək etdilər. Müxtəlif həcmlərdə taxtalar düzəltmək üçün xurma və digər ağacların gövdələrini topladılar. Gəmini düzəltmək asan iş deyildi. Çünki, o gəmi olduqca böyük olmalı idi.
Nuhun (ə) düzəltmək istədiyi gəmi üç mərtəbədən təşkil olunmuşdu. Onun uzunluğu 200, eni 70, hündürlüyü isə 25 metr idi. Bütpərəstlər burada da Nuhu (ə) rahat buraxmadılar. Onun işlədiyi yerə gəlib, peyğəmbəri və onun yoldaşlarını məsxərə edirdilər. Nuh (ə) gəmini düzəldirdi. Ona iman gətirən şəxslər taxtalar gətirir, onların bə`zisi taxtaları mıxlayır və bə`zisi qırlayırdılar. Bütpərəstlər isə onları ələ salıb, deyirdilər:
-Bu dəlilərə baxın, səhrada gəmi düzəldirlər.
Onlardan biri dedi:
-Nuh (ə) qocaldıqdan sonra ağlını itirmişdir.
Başqa birisi dilləndi:
-O dülgərlikdən başqa bir iş bacarmır. O məharətli dülgərdir. Amma, heyf ki, dəlidir.
-O bizi aldadır. Deyəsən, böyük bir saray tikmək istəyir.
Bütpərəst bir kişi qışqırdı:
-Ey Nuh, nə edirsən? Dəniz hardadır ki, gəmin onda dalğaları yarsın?
Bütpərəstlər güldülər. Onların bə`ziləri qışqırdılar:
-Ey Nuh, yelkənlərini yaddan çıxartmayasan. Çünki, dənizin dalğaları təlatümlü, küləkləri isə güclüdür.
Bütpərəstlər istehza ilə ona güldülər. Nuh (ə) heç bir söz demədi. Yalnız belə buyurdu:
-Bir gün gələcək ki, biz də sizi beləcə məsxərə edəcəyik.
Gəmidə işləmək çox çətin idi. Həddən artıq dözüm və səbir istəyirdi. Bütpərəstlərin əzab-əziyyətlərinə, onların məsxərələrinə səbir etmək, ardıcıl və davamlı işə dözmək lazım idi.
Nuhun (ə) düzəltdiyi gəmi çox böyük idi. Bu gəmi insan adlı məxluqun xilası və müxtəlif heyvanların tələfolma təhlükəsindən qorunması üçün düzəlirdi. Bizim Rəbbimiz iradə etmişdi ki, yeri fəsad və zülmlərdən paklasın, onu bütün günahlardan yusun. Ona görə də Allah öz elçisi Nuha (ə) gəmi düzəltməyi əmr etmişdi; imanlı şəxslərin və pak insanların xilası üçün. Amma, ədaləti sevməyən və bərabərliyi xoşlamayan zalımların taleyi fəna və yoxluq olacaqdı.
Gəminin işi uzun illər davam etdi. Nuh (ə) və ona iman gətirənlər davamlı olaraq 80 ilə qədər çalışdılar. Gəmi böyük, vəzifə və tapşırıqları olduqca əhəmiyyətli idi. O gəmi insan və heyvanların məhv olmaqdan xilas vasitəsi sayılırdı. Ona görə də Nuh (ə) və ona iman gətirənlər nicat gəmisinin işini tamamlamaq üçün bütün qüvvələrini səfərbər etdilər.
Bütpərəstlər Allahın peyğəmbərini və onun mö`min dostlarını məsxərə edirdilər. Onları dəli, rəzil və səviyyəsiz adlandırırdılar. Onlarla mübarizə edir, zülm və təzyiqə mə`ruz qoyurdular. Lakin, ümid və arzu mö`minlərin qəlbində günbəgün artırdı. Çünki, Allah-təala yeri zalımların fəsadından təmizləmək qərarına gəlmişdi. Sular yeri günah və çirkinliklərdən yuyacaqdı. Yer olduqca təmizlənəcək və o zaman insanlar rahat və səmimiyyət içində, onların övladları əmin-amanlıqda və asudə cəmiyyətlərdə yaşayacaqdılar.
Bu minvalla mö`minlər ən böyük qüdrət gəmisini düzəltməkdə bütpərəstlərin əzab və əzyytlərinə və işin ağırlığına dözürdülər.
Dostları ilə paylaş: |