Səhər vaxtı şanapipik Süleymanın sarayına gəldi. Məktubu özü ilə apardı. O məktub qızıl bir zərfə qoyulmuş və möhürlənmişdi. Şanapipik yenidən uçdu. Fələstindən Yəmənə doğru gedən uzun və uzaq məsafələri qət etdi.
Bu gün xəritəyə baxdıqda bu səfərə təəccüb edirik. Şanapipik bu səfəri necə yerinə yetirmişdir? Necə səhraları qət etmiş, başı göylərə çəkilən dağ silsilələrindən keçmişdir?
Şanapipik çoxlu yerlər qət etdi. O, Allah hökmlərinin, tövhid və yeganəpərəstliyin yayılması üçün bu səfərin çoxlu çətinliklərinə dözdü.
Şanapipik Yəməndə Səba ölkəsinə çatdı. Günəş doğan vaxt Yəmənin qüdrətli hökmdarı Bilqeysin sarayına daxil oldu.
Bilqeys yuxudan oyanmışdı. Günəşin pəncərədən saçdığını gördü. Günəşə səcdə etdi. O, hər gün səhər onun namazını yerinə yetirirdi. O anda şanapipik pəncərədən daxil olub, məktubu padşahın taxtının üstünə atdı. Bilqeys gördü ki, taxtın üstündə bir şey parlayır. Qızıl bir zərf vardı. Onu açdı. Gözü gözəl xətlə yazılmış bir məktuba düşdükdə isə təəccüb etdi.
Şanapipik padşaha baxırdı. O, məktubu oxumaqla məşğul idi. Təəccüblə şanapipiyə baxdı. Bu quş mühüm bir tapşırıq üçün belə bir uzaq məsafələri necə qət edə bilər?
Bilqeys öz vəzirlərini topladı. Çünki, ölkənin taleyi ilə əlaqəsi olan bir hadisə qarşıya çıxmışdı. Vəzirlər və dövlət işçiləri toplaşdılar. Bilqeys taxtından qalxdı. Əlində bir məktub vardı. Çox diqqətlə dedi:
-Ey böyüklər! Mənə çox əhəmiyyətli bir məktub göndəriblər. Bu məktub Süleymandandır. Orada belə yazılmışdır:
«Bağışlayan və mehriban Allahın adı ilə.
Tövsiyəm budur ki, mənə qələbə çalmaq fikrinə düşməyin. Haqqa təslim olduğunuz halda mənim tərəfimə gəlin».
Bu sözləri eşitməklə saraya qorxulu bir sükut çökdü. Fələstindəki bir padşah onları necə hədələyir?! O, Allahın yerinə onların günəşə pərəstiş etmələrini məhkum edir, onlardan Allaha təslim olmalarını və yalnız ona ibadət etmələrini istəyir.
Bilqeys dedi:
-Ey böyük və şərafətli insanlar! Bu əhəmiyyətli iş barəsində öz fikirlərinizi söyləyin. Mən heç bir əhəmiyyətli işi sizin məşvərət və məsləhətiniz olmadan yerinə yetirməmişəm.
Bilqeys bu barədə münasib bir qərar qəbul etmək məqsədilə məşvərətə başladı. Ona görə də onlara dedi:
-Mən öz rə`yimi bəyənən insan deyiləm. Bu elə bir məsələdir ki, bütün məmləkətimizin taleyi buna bağlıdır. Ona görə də gərək münasib cavab üçün fikirləşək.
Sərkərdələrin başında döyüş havası vardı. Ona görə də şücaətlə dedilər:
-Bizim kifayət qədər qüvvəmiz, çoxlu döyüş qüdrətimiz vardır. Amma, yenə də qərar sizindir. Bizim ordumuz çox güclüdür. Biz öz torpaqlarımızı qoruya bilərik.
Bilqeys ağıllı bir qadın idi. Qərara gəlməzdən qabaq iş barəsində düşünərdi. Ona görə də dedi:
-Padşahlar abad bir məntəqəyə daxil olduqda onu viran edib, dağıdarlar. Oranın böyük və izzətli insanlarını xar edərlər. Bəli, onların işi belədir. Biz gərək Süleyman kimliyi barədə fikirləşək. O da başqa padşahlar kimi zalımdırmı? Yoxsa doğrudanda peyəğəmbərdir?
Bəlkə o, bizim ölkəmizə sahib olmaq istəyir? Bəlkə də bizə xeyirxahlıq etmək istəyir?
Vəzirlər dedi:
-Ey xanım! Biz bunu necə öyrənə bilərik?
Bilqeys dedi:
-Mən tezliklə ona bir hədiyyə göndərəcəyəm. Bu zaman dediklərimiz barəsində onun fikrini öyrənə bilərik. Bizim nümayəndələrimiz o ölkəni yaxından görəcək və Süleyman padşahın məqsədləri ilə tanış olacaqlar.
Dövlət işçiləri padşahın təklifini bəyəndilər. O qərara aldı ki, Süleyman üçün bir hədiyyə göndərsin. Şanapipik yaxından dövlət işçilərinin iclasına şahid idi. O, Bilqeysin qərarını eşitdi və Fələstinə tərəf uçmağa başladı. Şanapipik uçaraq uzaq məsafələr qət etdi. O yalnız istirahət üçün bir az dayanırdı.
Nəhayət şanapipik Fələstinə yetişdi və son hadisələri çatdırmaq üçün cəld Süleymanın yanına getdi.
Şanapipik dedi:
-Səba ölkəsinin dövlət işçilərinin bə`zisi indicə bura doğru gəlirlər.
Süleyman o heyəti Allahın dininə necə razı salması barəsində düşünürdü. Fikirləşirdi necə onlara başa salsın ki, günəşə ibadət etmələrinin heç bir faydası yoxdur.
Bu iş üçün ən yaxşı yol öz hakimiyyətinin əzəmət və böyüklüyünü və Allahın ona verdiyi qüdrəti göstərmək idi. Camaat onun ətrafında namaz qılsınlar. Yırtıcı heyvanlar onun qulluğunda olsunlar. Quşlar ətrafında fırlansınlar. Cinlər gecə-gündüz bina tikmək və dənizlərin dibini axtarmaqla məşğul olsunlar.
Süleyman bilirdi ki, gələn hey`ət olmağa razı salmaq üçün özləri ilə qiymətli hədiyyələr gətirib, deyəcəklər ki, Səba məmləkəti sizinlə münasib əlaqələr qurmağa və hər il müdrik Süleymana hədiyyələr göndərməyə hazırdır. Bəlkə də Bilqeys hədiyyə göndərməklə Süleymanı yoxlamaq istəyirdi.
Əgər Süleyman hədiyyəni qəbul etsə və ona görə sevinsəydi, deməli o da başqa padşahlar kimi bir padşahdır. Bu halda Səba məmləkəti Süleymanın, günəşə ibadəti tərk etmək istəyindən boyun qaçıra bilərdi.
Amma, hədiyyələri qəbul etməsəydi, mə`nası bu idi ki, o, padşah deyildir. O həqiqətən peyğəmbərdir. Peyğəmbərlər tərəfindən isə heç bir qorxu yoxdur. Çünki, onlar heç kəsə zülm etməzlər.
Bilqeys hey`əti göndərən zaman belə düşünürdü.
Dostları ilə paylaş: |