Müjdə
Amma, kimsə İbrahimin (ə) üzünə baxsaydı, onun gözlərində qəm-qüssə görərdi. Nə üçün? Çünki, İbrahim (ə) uşaqları sevirdi və istəyirdi ki, onun da bir övladı olsun. İbrahim (ə) və yoldaşı qocalmışdılar. Onların baş qarışdıracaq, evlərinə sevinc gətirəcək və qoyun-quzularla oynayacaq uşaqları yox idi. İbrahimin (ə) yoldaşı Sara öz ərini çox sevirdi. Ona görə də onun narahatlığını görmək istəmirdi. Bir gecə ona dedi:
-Sən istəyirsənmi oğlun və nəvən olsun?
İbrahim (ə) dedi:
-Bu, Allahın istəyidir və mən də ona razıyam.
Saleh qadın olan Sara dedi:
-Mən istəyirəm ki, uşağımız olsun. Onu böyüdək, sevək. O da bizi sevsin. Amma, ey Xəlilür-Rəhman (Alahın dostu)! Mən bilirəm ki, artıq qocalmışam. Odur ki, kənizim Hacəri sənə bağışlayıram. Onunla evlən. Bəlkə də Allah ondan sənə övlad nəsib edəcəkdir.
İbrahim (ə) dedi:
-Ey Sara, sənin məndən ötrü nigaran olmanı istəmirəm.
-Ey Allahın Xəlili! Mən narahat olmuram. Sən şad olanda mən də şad oluram.
Beləliklə Sara kənizini öz əri İbrahimə hədiyyə verdi. O həzrət Hacərlə evləndi və hələ doqquz ay keçməmişdi ki, uşağın ağlamaq səsi eşidildi. Hamı İsmayılın doğulması münasibəti ilə sevindilər.
Dostları ilə paylaş: |