Allahın istəyilə İbrahim (ə) Hacəri və oğlu İsmayılı özüylə cənuba tərəf, çox uzaq bir yerə aparmalı idi. İbrahim (ə) Allahın fərmanına itaət edərək, indiyə qədər getmədiyi naməlum bir yerə köçdü. O, südəmər körpəli həyat yoldaşı Hacərlə uzun müddət yol getdilər. İbrahim (ə) nə vaxt gözəl məkan və yaşıllıq görsəydi göyə baxardı. Çünki, vəd olunmuş yerə çatmalarını arzu edirdi. Lakin, Allahın mələyi göydən enib, ona xəbər verirdi ki, yolu davam etdirsin.
Beləliklə İbrahim (ə) və südəmər körpəsini qucağında tutmuş Hacər gedirdilər. Uzun müddətdən sonra onlar quru, su və otsuz bir yerə çatdılar: qum və quru səhra bitkilərindən başqa bir şey olmayan bir dərəyə. Orada mələk endi və İbrahimə xəbər verdi ki, müqəddəs yerə çatmışdır.
İbrahim (ə) o dərəyə endi. Həyatdan uzaq bir dərə idi. Orada nə çay vardı, nə bulaq və nə də bir insan orada yaşayırdı. Həqiqətən Allahın istəyi bu idi ki, körpə İsmayıl və anası orada yaşasınlar.
Dostları ilə paylaş: |