İbrahİm (ə) həccİ
İbrahim (ə) dağa gedib, onun zirvəsinə qalxdı. Sonra uca səslə insan nəsillərini hörmətli evin həccinə dəvət etdi. Curhum qəbiləsi və onların yaxınlığında yaşayan ərəb qəbilələri Xəlilür-Rəhman İbrahimin (ə) səsini eşitdilər. O il İbrahim, İsmayıl və Hacərdən savayı heç kəs həcc yerinə yetirmədi. Vəhy mələyi enərək, həcc etmə qaydalarını İbrahimə öyrətdi. Onlar Zəmzəm suyu ilə qüsl edib, ağ və təmiz paltarlar geyindilər. Yeddi dəfə Kəbənin ətrafına təvaf etməyə başladılar. Namaz qılıb, Allahdan əməllərinin qəbul olunmasını istədilər. Təvafdan sonra Səfa və Mərvə dağlarına tərəf getdilər. O iki dağın arasındakı yolu qət etdilər.
Hacər on iki il bundan qabaq baş verən hadisəni xatırladı: İsmayıl beşikdə körpə olduğu zamankı hadisəni. İsmayılın ağlamasını və özünün su axtarışlarını yadına saldı. O, bu qorxulu dərədə yeddi dəfə get-gəl etdiyini, Allaha yalvardığını və İsmayılın ayaqları altından su axdığını yadına saldı.Allah-təalanın iradəsilə bu hadisələr bəşər yaddaşında qalmışdır. Onlar bunları xatırlamaqla anlamalıdırlar ki, yalnız Sübhan Allah hər şeyə qadirdir.
İbrahim (ə) və oğlu İsmayıl Səfa dağına qalxdılar. Onlar təvazökarcasına Allahın evinə baxıb, dedilər:
-La ilahə illəllah. Vəhdəhu la şərikə ləh... Ləhul-mulku və ləhul-həmd. Yuhyi və yumitu və huvə əla kulli şəyin qədir.
Dostları ilə paylaş: |