Quyunun dİbİndə
Hətta o ana qədər Yusif qardaşlarının etdiyinə inanmırdı. O, onları ciddi qəbul etmirdi. Amma, özünü quyunun dibində gördükdə bildi ki, Şeytan qardaşlarına hakim olmuş, onları insan formasında olan canavarlara çevirmişdir. Onların qəlblərində rəhm yox idi. Atasının hədiyyə etdiyi köynəyi onun əynindən çıxartdılar; ağ və gözəl köynəyini. Yusif qışqırır və onlara deyirdi:
-Mən sizin qardaşınızam. Mən çadırıma, ata və anamın yanına qayıtmaq istəyirəm. Ey qardaşlar! Mən sizi çox istəyirəm. Niyə mənimlə belə rəftar edirsiniz? Ey Şəm`un, Rubil, Yəhuda! Siz doğrudanmı məni bu qaranlıq quyuya atmaq istəyirsiniz?
Yusif onları adları ilə çağırırdı. Amma, onların heç birinin ürəyində qardaşlarına qarşı məhəbbət yox idi. Onların biri atılaraq, ona möhkəm bir təpik vurdu. Yusif bütün taqətini əldən verdi. Daha quyunun ağzından asıla bilmədi və onun qaranlıq dibinə düşdü. Quyunun havası rütubətli və qaranlıq idi. Yusif quyunun ağzına, gözəl və saf səmaya baxırdı. O hiss etdi ki, ürəyi nurla doludur. Bir mələk onunla astadan söhbət edirdi:
-Ey Yusif! Səbir elə! Bu quyudan çıxacaqsan və qardaşlarının sənə etdikləri işi onlara xatırladacaqsan.
Qorxu və nigarançılıq Yusifin qəlbindən çıxdı. Onun Allaha imanı var idi və bilirdi ki, baş verənlər onun üçün bir imtahandır. Ona görə də Yusif səbir edir və sakitcəsinə macəranı gözləyirdi.
Sükut hər yeri bürümüşdü. Yusif indi quyunun dibində altından su qaynayan daş parçasının üzərində oturmuşdu. O, göyə baxırdı. Get-gedə göyün mavi rəngi itdi. Bildi ki, günəş qürub etmişdir və qardaşları evə qayıtmışlar. O, atası üçün ağlamağa başladı və yatdı.
Dostları ilə paylaş: |