Zİndan
Yusif indi zindanda yaşayırdı. Günlər və aylar ötürdü. Yusif öz paklıq və iffəti ilə zindandakı bütün işgəncələrə dözürdü.
Təsadüfən, bu zaman daha iki nəfər də həbsə düşdülər. O iki nəfər padşahın məmurlarından idilər. Padşah onlara qəzəblənib, ikisini də zindana salmışdı. Orada Yusiflə tanış oldular və onun şəxsiyyətinin təsiri altına düşdülər. Yusif onların iş və peşələrini öyrəndi. Onların biri dedi:
-Mən padşahın su məmuru idim. Onun üçün şərab gətirirdim.
O birisi dedi:
-Mən onun aşpazı idim.
Onlar Yusifin sənətini soruşdular. O, dedi:
-Mən yuxu təbirini bilirəm.
Beləliklə, günlər ötürdü. Zindanda çoxlu insanlar vardı. Yusif onların hamısı ilə görüşüb, mehribanlıq göstərir, yemək və yataq yerlərinə baxırdı. O, həbs olunanların arasında ehsan, yaxşılıq və insanlara məhəbbəti ilə məşhur idi.
Bir gecə zindanda olanlar yatmışdılar. Padşahın su məmuru bir yuxu gördü. O, röya aləmində gördü ki, şərab üçün üzüm sıxır. Aşpaz da maraqlı bir yuxu gördü. Gördü ki, başı üzərində çörək aparır və quşlar enib, o çörəkdən yeyirlər.
Səhər çağı yuxudan oyandılar. Hər biri gördükləri yuxunu o birisinə danışdı. Yuxu təbirlərini bilmədiklərindən bir-birlərinə dedilər:
-Onların təbirini Yusifdən soruşarıq.
Onların biri dedi:
-Mən yuxuda gördüm ki, şərab üçün üzüm sıxıram.
O birisi dedi:
-Mən yuxuda gördüm ki, başımın üstündə çörək aparıram və quşlar ondan yeyirlər. Bizcə sən saleh bir insansan. Gəlmişik ki, yuxularımızın təbirini deyəsən.
Allah-təala yuxu təbiri sahəsində Yusifə çox məharət vermişdi. Belə ki, o, işarələri bilirdi. Onların rəmzlərini açırdı. Elə bil, həqiqətləri görürdü.
Dostları ilə paylaş: |