qabİl və habİl
Qabil daş ürəkli, kobud və bəd xasiyyətli bir insan oldu. Əksinə Habil isə çox sakit, mülayim və mehriban idi.
Qabil həmişə qardaşına əziyyət verirdi. Onun özünə qul olmasını və gecə-gündüz ona xidmət göstərməsini istəyirdi. İstəyirdi ki, Habil qoyun otarmaqdan əlavə, həm də onun üçün yer şumlasın. Özü isə tənbəllik və vaxtını boş yerlərə sərf etsin.
Qabil qardaşı Habilə nə qədər kötək vurmuşdur! Amma, Habil dözərək səbir edirdi, çünki, Qabil onun qardaşı idi. Habil Allahdan qardaşı Qabili hidayət etməsini, onu pis işlərdən çəkindirməsini istəyirdi. Onun yaxşı insan olmasını arzulayırdı.
Adəm (ə) də narahat idi. O dəfələrlə oğlu Qabilə nəsihət etmişdi ki, pis işlərindən əl çəksin. Bir dəfə ona dedi:
-Ey Qabil, sən də qardaşın kimi saleh və yaxşı insan ol!
Başqa bir vaxt ona xatırlatdı:
-Ey Qabil, pisliklərindən əl çək! Allah-təala pis işlər görən vəfasız insanları sevməz.
Qabil atasının nəsihətlərini eşitmirdi. O, Habildən üstün olduğunu güman edirdi. Çünki, o, qardaşından dəfələrlə güclü idi. Onun güclü qolları vardı. Başı Habilin başından böyük, boyu isə uca idi. Adəm (ə) oğluna deyirdi:
-Kim daha imanlıdırsa, daha da üstündür. Ey Qabil, Allah ürəklərə baxır. Üstün və hörmətli insan ən imanlı və ən təqvalı olandır.
Qabil özbaşına bir adam idi. O qışqırırdı:
-Mən Habildən böyüyəm. Mən ondan güclüyəm.
Bir gün Qabil qardaşı Habilə çox möhkəm bir şillə vurdu. Habil onun bu işinin qarşısında heç nə etmədi və qardaşının bu hərəkətinə səbir etdi. Habilin ürəyi çox mehriban idi. O öz qardaşını çox istəyirdi. Bilirdi ki, o anlamır, nadandır. Özü isə Allahdan qorxur və qardaşı kimi fasiq olmaq istəmirdi.
Atası Qabilin pisliklərinə son qoymaq istədi. Allahın yaxşı insanları sevdiyini və pis iş görənləri xoşlamadığını ona başa salmaq istəyirdi. Bu məqsədlə onlara dedi:
-Sizin hər biriniz Allahın dərgahına bir qurban təqdim edin. Allah kimin qurbanını qəbul etsə, üstün şəxs odur. Çünki, Allah-təala yalnız imanlı şəxslərin qurbanını qəbul edir.
Qabil buğda tarlasına sarı yollanıb, təzə və dəyməmiş sünbüllərdən bir dəstə düzəltdi. Habil isə qoyun sürüsünə tərəf gedib, onların içindən eyib və nöqsansız bir qoyun seçdi: çox yaxşı və gözəl bir qoç. Çünki, tezliklə onu Allah dərgahına qurban və hədiyyə edəcəkdi.
Adəm (ə) övladlarına dedi:
-Bu təpələrə doğru gedin!
Qabil buğda dəstəsini qucağına alıb, təpənin başına getdi. Habil də öz gözəl qoçunu ona tərəf sürdü. Habil qoçunu təpənin başında buraxdı. Qabil də buğda dəstəsini onun yaxınlığında yerə atdı. Habil Allaha səcdə etdi.Onun qorxusundan ağladı. O, təmiz səmaya baxır və Allahdan qurbanını qəbul etməsini istəyirdi. Amma, Qabil çox həyəcanlı idi. O tərəf bu tərəfə baxır, elə bil nə isə axtarırdı. O, Allahı görmək istəyirdi. Onun hansı formada və necə olmasını bilmək istəyirdi.
Bir saat keçdi. Hələ heç bir hadisə baş verməmişdi. Habil oturub, sakitcə göyə baxırdı. Göydə bir qədər bulud topası göründü. Get-gedə səma buludla doldu. Hava sakitləşdi.
Habil Allahı çağırırdı. Qabil isə bir daş parçasını götürüb, qəzəblə atırdı və daş qayalara dəyərək parça-parça olurdu. O, əsəbiləşmişdi və nigaran idi. Bilmirdi nə etsin. Birdən göydə bir ildırım çaxdı. Göy guruldamağa başladı. Qabil qorxdu. Amma, Habil həmişə Allahı çağırırdı. Yağış yağmağa başlayıb, Habilin üzünü yudu, göz yaşlarını sildi. Qabil isə bir qayanın altına sığındı. Bir neçə dəfə ildırım çaxdı. Qəflətən çox güclü bir ildırım çaxıb, qoça dəydi və onu çox uzaq bir yerə apardı. Habil ürəkdən sevindi. Sevincindən ağladı. Onun qurbanı qəbul olunmuşdu. Həqiqətən Allah Habili sevirdi, çünki, Habil Allahı sevirdi.
Amma, Qabilin ürəyi kin və həsədlə dolu idi. Küləyin ətrafa səpələdiyi buğda dəstəsini görmək, onun üçün dözülməz idi. Bir daş parçasını götürüb, qardaşının üstünə qışqırdı:
-Səni öldürərəm.
Habil sakitcə dedi:
-Ey Qabil! Ey qardaş! Allah yalnız imanlı insanların qurbanını qəbul edir.
Qabil yenidən öz yumruğunu tərpədərək qışqırdı:
-Səni öldürəcəyəm. Mən sənə nifrət edirəm.
Habil qəmgin oldu. Axı niyə qardaşı onu sevmir? Məgər nə edib ki, qardaşı ona kin bəsləyir? Ona görə də dərdli-dərdli dedi:
-Əgər məni öldürmək istəsən də mən səni öldürməyə çalışmaram. Mən aləmlərin Rəbbindən qorxuram. Ey Qabil! Sən mənə zülm edirsən. Əgər məni öldürsən, aqibətin cəhənnəm odudur.
Qabil vəhşi kimi öz-özünə fikirləşirdi. Fikirləşirdi ki, güclü olduğu üçün haqq da onunladır. O, qardaşına hakim olub, onu özünə əsir etməlidir. Ayrı heyvanlar kimi öz xidməti üçün ondan da istifadə etməlidir.
Habil öz işinin ardınca getdi. Qoyunlarını otlağa apardı. Qardaşının hədələrinə qulaq asmırdı. O, qoyunlarını hündür təpələrdə və yaşıl dərələrdə otarır və ətrafındakı təbiət haqqında aşiqanə və diqqətlə düşünürdü. İmanı səfa və səmimiyyətlə dolu idi. Çəmənliklərdə otardığı qoyunlara baxırdı. Hər şey sakit idi. Günəşin qürub vaxtı olduğu üçün çox gözəl mənzərə görünürdü: Mavi və saf üfüq... Geniş dərələr boyunca axan çayın şır-şır səsi... Ağ quşlar mavi səmada qanad çalıb, uçurdular. Hər şey gözəl idi.
Qabil təpələrin o tərəfində tələsik öz əkin yerinə gedirdi. Lakin, əsəbi idi və ac olması onun qəzəbini daha da artırırdı. Uzaqdan bir dovşan gördü. Qaça-qaça onu qovdu. Ona bir daş atdı. Daş dovşana dəyib, ayağını sındırdı. Dağa qaçıb, Qabilin əlindən qurtulmağa imkanı yox idi. Qabil onu tutub, öldürdü. Ətini yedi və qalanını yerin üzərinə tökdü. Leş yeyən quşlar enib, ondan yedilər. Qabil öz-özünə fikirləşdi: «Əgər o da zəif olsaydı, leş yeyənlər onu da özlərinə yem edərdilər». Öz-özünə deyirdi: «Niyə vəhşi quşlar məni yemirlər? Çünki, mən güclüyəm və hər bir güclü yaşamağa haqlıdır. Zəiflər ölməlidirlər!»
O vəhşicəsinə fikirləşirdi. O haqq ilə batili ayıra bilmirdi və saleh insanın pis iş görənlərdən üstün olmasını anlamırdı. Onun qardaşına qarşı olan kin və paxıllığı yenə də hərəkətə gəldi. Əkin sahələrini buraxıb, təpələrə tərəf yola düşdü.
O, yaşıl ətəklərdə olan qardaşı Habilə baxırdı. Qoyunlar sakitcə otlayırdılar. «Habil otların üstündə arxası üstə yatmışdır. Bəlkə də yuxuludur». Bu, qardaşı Qabilin ürəyindən keçən fikir idi.
Qabilin içindəki kin və qəzəb alovu yenidən şö`lələndi. Ürəyindəki xəyanət şö`lələri zəbanə çəkdi. Əyilib, yerdən iti bir daş götürdü. Bəlkə də Habili öldürmək üçün bir fürsət yarandığını düşünürdü. Bəlkə də həmişəlik onun əlindən xilas olacağını fikirləşirdi.
Qabil təpədən endi. Qardaşına yaxınlaşdı. Çox ehtiyatlı idi: yırtıcı canavar kimi. Gözlərində xəyanət qığılcımı parlayırdı.
Habil isə yatmışdı. Otlaqlarda çox gəzdiyindən yorulmuşdu. Ona görə də başını çəmənlikdəki yastı bir daşın üzərinə qoyub, yatdı.
Onun çöhrəsində təbəssüm və ümid işığı görünürdü. O, arxayın yatdı. Çünki, bu yerlərdə canavar və donuzların olmadığına əmin idi. Ona görə də qoyunlarını otlaqda qoyub, yuxuya getdi.
O heç zaman fikirləşməzdi ki, canavarlardan qat-qat yırtıcı olan bir yaranmış da vardır. Bu yaranmış, böyük kainatda onun yeganə qardaşı olan Qabil idi.
Qabil Habilin yaxınlığına çatmışdı. Kölgəsi uzanmış qardaşının üzünə düşürdü. Habil gözlərini açdı və qardaşının üzünə təbəssüm etdi. Amma, Qabil həqiqi bir vəhşiyə çevrilmişdi: canavar kimi, bəlkə ondan da daşürəkli.
O, daşla qardaşına hücum edib, onun alnını parçaladı. Habilin gözlərindən qan axdı. O özündən getdi. Qabil isə dayanmadan onu daşla vururdu. Nəhayət Habil tamamilə hərəkətdən düşdü. O tərpənə bilmir və iri gözlərini açmağı bacarmırdı. Danışmaq və tənəffüs qabiliyyəti yox idi, evinə qayıda bilmirdi. Onun qoyunları çobansız qalmışdı. Tezliklə dərə-təpələrdə sərgərdan olacaqdılar və canavarlar onları parça-parça edəcəkdi.
Qabil qardaşına baxırdı. Qan hələ də Habilin alnından axırdı. Qan dayandı. Leş yeyənlər yenə də səmada görünüb, o tərəflərdə uçmağa başladılar. Qabil heyrət və sərgərdanlıq içində idi. Qardaşının cəsədini götürüb, yola düşdü. Onu hara aparmağın və necə bu ac leş yeyənlərdən uzaq saxlamağın yolunu bilmirdi.
O yoruldu. Günəş qüruba yaxınlaşırdı. Qabil qardaşının cəsədini yerə qoyub, istirahət məqsədilə oturdu. Birdən onun yaxınlığında bir qarğa yerə qondu və uca səslə qar-qar etməyə başladı. Bəlkə də Qabilə belə deyirdi:
-Qardaşına nə etdin? Niyə qardaşını öldürdün?
Qabil qarğanın hərəkətlərini izləyirdi. Qarğa yeri qazır və torpaqları kənara tullayırdı. Orada kiçik bir çala düzəldib, dimdiyi ilə öz yemini çalaya atdı və sonra isə üstünü torpaqla örtdü. Qabil çox mühüm bir işi kəşf etdiyini anladı. Qardaşının bədənini leş yeyənlərdən və canavarlardan qorumaq üçün yol tapdı. Sınıq bir sümüyü götürüb, yeri qazmağa başladı. Bəlkə də ölmüş bir ulağın, atın və ya başqa bir heyvanın çənə sümüyü idi.
O yorulub, tərləsə də münasib bir çala qazdı. Leş yeyənlər və heyvanlar daha onu aça bilməzdilər. O, qardaşının cəsədini götürüb, həmin çalaya atdı və onu torpaqla basdırdı.
Qabil çox ağladı. Qardaşını öldürdüyü və öldükdən sonra bir iş görə bilmədiyi üçün ağladı.
Qardaşının cəsədinin necə basdırmağı ona qarğa öyrətdi. O, cahil və nadan bir yaranmış idi. Heç bir şey bilmirdi. Nə etmək lazım olduğunu qarğadan öyrəndi. Qabil onlardan torpaq tökülən ovuclarına baxıb, dedi:
-Ey Qabil! Özünə nə etdin? Qardaşını öldürmək üçün nəfsin səni necə aldatdı? Nə qazandın? Sənin işin peşimanlıq, əzab və əziyyətdən başqa bir nəticə verəcəkmi?
Günəş gözlərdən itdi. Axşam oldu. Qaranlıq hər yeri bürüdü və Qabil evinə qayıtdı. Qabil hələ evinə çatmamış uzaqdan bir alov gördü. Od yanmışdı. Qorxdu. O, oddan qorxurdu. Od, qardaşının qurbanını qəbul etmiş, onun qurbanını isə rədd etmişdi. Qaçmaq istəyirdi. Amma, hara?
Atası Adəm (ə) yol gözləyirdi: oğlanlarının yolunu. Qabil tənha qayıtdı. Adəm (ə) qəm-qüssə və nigaranlıq içində ondan soruşdu:
-Qabil, bəs qardaşın haradadır?
Qabil qəzəblə dedi:
-Məni göndərmişdin ki, qardaşımı qoruyum?
Adəm (ə) bir hadisə baş verdiyini duydu. Odur ki, Qabilə dedi:
-Onu harada buraxdın?
Qabil dedi:
-Orada, o təpələrdə.
Atası dedi:
-Məni ora apar!
Qabil həmin yeri göstərdi. Yola düşdü və atası da onun arxasınca getdi. Uzaqdan qoyun və quzuların səsini eşitdilər. Adəm (ə) gördü ki, qoyunlar ətrafa səpələniblər. Qışqırdı:
-Habil, hardasan? Habil!
Amma, heç kəs cavab vermirdi. Adəm (ə) ay işığında gördü ki, daşların üzərində nə isə parlayır. O, yerdə qəribə bir ətir duydu. Adəm (ə) hər şeyi anladı. Bildi ki, Qabil qardaşını öldürmüşdür. Qəzəblə qışqırdı:
-Lə`nət olsun sənə ey Qabil! Niyə qardaşını öldürdün? Allah səni yerdə qan töküb, pis işlərlə məşğul olmaq üçünmü yaratmışdır? Lə`nət olsun sənə!
Qabil qaçdı. Yerdə sərgərdan oldu. O, dəlilər kimi o tərəf bu tərəfə qaçırdı. Mağaralarda yatır, od və alovun qarşısında tə`zim edir və onlara səcdə edirdi. Amma, daha alovdan qorxmurdu. Onun həyatı bütünlüklə əzab-əziyyətə və peşimançılığı çevrildi.
Adəm (ə) qəmgin halda öz evinə qayıtdı və övladı Habilin ayrılığından ağlamağa başladı. Saleh və təqvalı Habil... Məzlum Habil... Adəm (ə) qırx gün ağladı. Həvva da övladına görə ağladı. Allah Adəmə (ə) vəhy etdi ki, ona başqa bir övlad lütf edəcəkdir: Habil kimi saleh bir övlad.
Doqquz aydan sonra Həvva gözəl bir uşağa sahib oldu. Uşağın çöhrəsi ay kimi parlayırdı. Adəm (ə) sevindi və ürəyi sevinclə doldu. Çünki, Allah-təala Habilin əvəzinə onun üçün bir övlad mərhəmət etmişdi.
Yeddi gün keçdi və Adəm (ə) övladı üçün ad seçmək fikrinə düşdü. Yeddinci gün həyat yoldaşına dedi:
-Onun adını Şis qoyuram: Allahın hədiyyəsi. Çünki, Allah onu bizə hədiyyə vermişdir.
İllər ötdü. Şis böyüdü və Adəm (ə) qocalıb, yaşlaşdı. Həvva da yaşlı bir qadın olmuşdu. Adəm (ə) şad idi. Övladları böyümüş, nəvə və nəticəyə sahib olmuşdu. Onlar işləyib, çalışırdılar. Ev tikir, əkinçilik edir və Allaha ibadət edirdilər. Qabil də başqa bir yerdə yaşayırdı. O da övlad və nəvə sahibi olmuşdu.
Bir gün Adəm (ə) övladı Şisə (ə) dedi:
-Oğlum! Üzüm yemək istəyirəm.
Şis (ə) ayağa qalxıb, geniş üzüm bağlarına tərəf getdi. Bir neçə üzüm salxımı dərdi və atasının yanına qayıtdı. Amma, Adəm (ə) dünyadan köçmüş və həyatla vidalaşmışdı. Min il yerdə yaşadıqdan sonra o, yenidən cənnətə qayıtdı.
Bismillahir-Rəhmanir-Rəhim.
«Yadına sal o zamanı ki, Allahın mələklərə dedi:
-Mən yer üzündə nümayəndəmi yaradıram.
Mələklər dedilər:
-İlahi! Sən yerdə bir kəs yaradırsan ki, fəsad edib, qan tökəcəkdir. (Çünki, yerin Adəmdən (ə) qabaqkı mövcudları fəsad edib, qan tökməyə aludə olmuşlar. Əgər bu Adəmi (ə) yaratmaqda məqsədin ibadətdirsə,) Biz sənə təsbih, həmd və şükr edirik və səni əzəmətlə yad edirik.
Allah buyurdu:
-Mən sizin bilmədiyiniz bə`zi həqiqətləri bilirəm.
Sonra yaranışın sirlərini və bütün mövcudatın adlarını Adəmə (ə) öyrətdi və sonra onları mələklərə təqdim edib, buyurdu:
-Əgər doğru deyirsinizsə bunların adlarını mənə deyin.
Mələklər dedilər:
-İlahi! Sən bütün eyiblərdən uzaqsan. Biz sənin öyrətdiklərindən başqa heç nə bilmirik. Sən elmli və hikmətlisən.
Buyurdu:
-Ey Adəm (ə)! Onları mövcudların adları və sirləri ilə tanış et!
Onlarla tanış etdikdə Allah-təala buyurdu:
-Sizə demədimmi ki, mən yerlərin və göylərin qeybi sirlərini bilirəm?! Sizin aşkar etdiyiniz və gizlətdiyiniz hər bir şeydən xəbərdaram.
Həmçinin yadına sal o zamanı ki, mələklərə dedik:
-Adəmə (ə) səcdə edin.
İblisdən başqa hamısı səcdə etdilər. İblis boyun qaçırıb, təkəbbür etdi. O, itaətsizliyi və təkəbbürlüyünə görə kafirlərdən oldu. Dedik:
-Ey Adəm (ə)! Sən və yoldaşın cənnətdə sakin olun və onun ne`mətlərindən istifadə edin. Amma, bu ağaca yaxınlaşmayın. Çünki, o zaman zalımlardan olarsınız.
Şeytan onların cənnətdən çıxmasına səbəb oldu və onları olduqları yerdən çıxartdı. O vaxt onlara dedik:
-Hamınız yerə enin, bir halda ki, bə`ziniz bə`zinizlə düşmən olacaqsınız və sizin üçün yerdə müəyyən zamana qədər məskən və faydalanmaq vasitələri olacaqdır.
Sonra Adəm (ə) Rəbbindən bə`zi kəlmələri qəbul və onlarla tövbə etdi. Allah onun tövbəsini qəbul etdi. Çünki, Allah tövbə qəbul edən və mehribandır. Dedik:
Dostları ilə paylaş: |