DƏRİNLİKLƏRƏ SƏFƏR HƏZRƏT YUNUSUN ƏHVALATI
Dəclə çayının ətrafındakı böyük şəhərlərdə aşurilər yaşayırdılar. Onların ən böyük şəhəri bu ölkənin paytaxtı hesab olunan Neynəva idi. Neynəvada təxminən yüz min nəfər insan yaşayırdı. Onlar geniş torpaqlarda əkinçilik edərək dolanır və heyvanlarını da o məhsuldar yerlərdə otarırdılar.
Yunus (ə) o şəhərdə doğuldu, böyüyüb, cavanlıq yaşına çatdı. O görürdü ki, tayfası bütpərəstlik edir, mərmər daşlardan heykəllər düzəldərək onlara ibadət edirlər.
Allah-təala bəndəsi Yunusu (ə) peyğəmbərliyə seçdi. Onun Yeganə və Qüdrətli Allaha imanı vardı və bilirdi ki, bu bütlər yalnız daş parçalarıdırlar, heç bir ziyan və xeyir yetirməzlər. Allah-təala Neynəva xalqının bütpərəstlikdən ayrılıb, əsil tanrılarına ibadət etmələri üçün Yunusu (ə) onlara sarı göndərdi. Oranın camaatı təmiz ürəkli insanlar idilər, Amma, qədim zamanlardan Allaha şərik qoşub, heykəl və bütlərə ibadət edirdilər. Yunus (ə) gəlib onlara nəsihət edib dedi:
-Yeganə Allaha ibadət edin, ona şərik qoşmayın!
Lakin bütpərəstliyə adət etmiş Neynəva camaatı Yunusun (ə) dəvətini qəbul etməyib, onun qarşısında durdular.
Bütün peyğəmbərlər insanlara Yeganə Allaha ibadət etməyi öyrətmiş və təkallahçı olacaqları təqdirdə onlara müjdələr vermişlər.
Camaat azğınlıq içində idilər. Onlar daşlara ibadət edir və belə güman edirdilər ki, həmin daşlar onların həyatında təsirə malikdirlər. Yunus (ə) gələrək onlara Yeganə Allaha ibadət etmək yolunu göstərdi, lakin, bunun heç bir faydası olmadı. Allahın peyğəmbəri kin saxlamağın pis nəticələri barədə onlara xəbərdarlıq etdi və dedi:
-Əgər öz inadkarlığınızın üstündə qalıb, bütpərəstlikdən əl çəkməsəniz Allah-təala sizi əzaba düçar edəcəkdir.
Yunus Neynəva xalqının əlindən qəzəbə gəldi. O, Allahın əzabını onların yadına salıb, şəhərdən çıxdı.
Yunus Aralıq dənizinə tərəf gedib, Neynəva xalqına əzabın gəlişini gözlədi.
Bir müddət keçdi, Amma, Yunus (ə)-dan heç bir xəbər yox idi. O, Neynəvaya və onun əhalisinə aid olan xəbərləri çoxsaylı yolçulardan öyrənirdi. Lakin, onların hamısı deyirdilər:
-Şəhərin vəziyyəti yaxşıdır.
Yunus (ə) təəccüb edirdi:
-Görəsən nə olub ki, Allah əzabı Neynəvadan uzaqlaşdırıb?
Beləliklə o, özünün Aralıq dənizinə doğru gedən yolunu davam etdirdi.
tövbə
Yunusun (ə) macərasını dənizə doğru yolda qoyub, böyük Neynəva şəhərinə qayıdırıq. Orda nə baş verdi? Niyə Allah əzabını Neynəva camaatından uzaqlaşdırdı? Yunus (ə) qəzəb və narahatlıqla şəhərdən çıxdı. Bundan bir neçə gün keçdikdən sonra Neynəva camaatı qorxulu əlamətlər müşahidə etdilər. Göyün üzü tüstü kimi hər yanı bürüyən tünd qara buludlarla dolmuşdu. Sadə insanlardan biri bu əlamətləri görməklə anladı ki, tezliklə Allahın əzabı yetişib, Neynəva şəhərini viran edəcək, şəhər xarabalığa çevriləcəkdir. Ona görə də Allahın əzabının gəlişini tez şəhər camaatına çatdırdı və onlara dedi:
-Özünüzə rəhm edin, oğul və qızlarınıza yazığınız gəlsin. Niyə inadkarlıq edirsiniz? Yunus (ə) heç də yalan danışmayıb. Budur, əzab sizi tutmağa hazırdır.
Neynəva əhalisi əzabın əlamətlərini müşahidə etdilər. Ona görə də özlərinin, öz övladlarının və şəhərlərin taleyi barədə fikirləşməyə başladılar. Anladılar ki, bu heykəllərin onlara heç bir faydası yoxdur. Onlar ata-babalarının əlləri ilə yonduqları daş parçalarından başqa bir şey deyillər. Belə isə niyə Allahı qoyub, onlara ibadət etsinlər?
Neynəva camaatı peşiman oldular. Onlar qəflətdə idilər, ayıldılar. Yuxuda idilər, oyandılar. Ona görə də Yunusu(ə) axtarmağa başladılar.
Onlar hər növ eyib və nöqsandan uzaq olan Allah-təalaa olan imanlarını elan etdilər. Lakin, Yunus (ə) Neynəvadan çıxıb,çox uzaq bir yerə getmişdi; heç kəsin bilmədiyi bir yerə. Buna görə də camaat şəhərin meydanlarının birinə toplaşdılar. O saleh kişi onlar üçün söhbət etdi və dedi:
-Ey Neynəva camaatı! Öz imanınızı aşkar edin.
O, həmçinin bildirdi:
-Allah öz bəndələrinə qarşı çox mehribandır. Peşiman olduğunuzu bildirin! Südəmər körpələrini analarından ayırın! Qoy ağlamaq səsi hər yeri bürüsün! Heyvanları otlaqlarından uzaqlaşdırın ki, ac qalsınlar və səsləri ucalsın!
Neynəva xalqı belə də etdilər. Analarla körpələri ayırdılar. Körpələr ağlaşdılar, analar ağladılar. Heyvanlar aclıqdan səslərini ucaltdılar.
Neynəvada sanki həyat və yaşayış tətil olmuşdu. Hamı ağlayırdı, hamı hər şeyə qadir olan yeganə Allaha iman gətirdi.
Get-gedə mavi və şəffaf səma göründü. İnsanlar Allahın rəhmətinə iman gətirib, bir daha həyat nemətinə nail olduqları üçün sevindilər.
Neynəva əhalisi öz peyğəmbərlərinin qayıtmasını gözləyirdilər. Lakin, faydası yox idi. Çünki, Yunus (ə) qəzəb və nigaranlıqla getmiş və bir də qayıtmamışdı.
Bilirsinizmi Yunus (ə) hara getmişdi?
Dostları ilə paylaş: |