İYABƏT HƏCCİNİN FƏZİLƏTİ
764. Həzrət Peyğəmbər (s) buyurub: «Allah-taala bir həcc əməli ilə üç nəfəri Behiştə daxil edir; Ölü, onun əvəzinə həccə gedən və ölü üçün nayib tutan».819
765. Həzrət Peyğəmbər (s) buyurub: «Ölü tərəfindən əncam verilən bir həcc əməli üç həcc əməli sayılır: Ölən, həcci yerinə yetirən nayib və ölünün vəsiyyətinə əməl edən şəxslərin hər biri üçün bir həcc yazılır».820
766. Həzrət Peyğəmbər (s) buyurub: «Hər kəs vəfat etmiş bir şəxsin tərəfindən həcc əməlini əncam versə, həm vəfat edənə, həm də həcc əməlini yerinə yetirən üçün Cəhənnəm odundan azadlıq yazılar».821
767. Səvdə nəql etmişdir ki, bir kişi həzrət Peyğəmbərin (s) hüzuruna gələrək dedi: Mənim atam yaşlı bir qoca kişidir və həccə gedə bilmir.
Həzrət Peyğəmbər (s) buyurdu: «Atanın bir borcu olduqda, onun borcunu ödəyirdinmi?». Dedi: Bəli.
Həzrət Peyğəmbər (s) buyurdu: Allah-taala çox mehribandır, atanın tərəfindən həccə get».822
768. İbni Muskan nəql etmişdir ki, imam Sadiq (ə)-a ərz etdim: Başqası tərəfindən həcc əməlini əncam verən şəxsin nə qədər savabı vardır? Həzrət (ə) buyurdu: «Başqası tərəfindən həcc əməlini əncam verən şəxsin on həcc savabı vardır».823
769. Şeyx Səduq (rə) nəql etmişdir ki, imam Sadiq (ə)-dan soruşdular: Başqası tərəfindən həccə gedən şəxsin nə kimi əcr və savabı vardır? Həzrət (ə) buyurdu: Başqası tərəfindən həccə gedən şəxsin on həcc əməlinin savabı vardır. Həmçinin belə bir şəxsin özü, atası, anası, oğlu, qızı, bacısı, əmisi, bibisi, dayısı və xalası bağışlanar. Həqiqətən Allah-taala ehtiyacsız və Kərimdir».824
770. Əbdür-Rəhman ibni Sinan nəql etmişdir ki, imam Sadiq (ə)-ın hüzurunda idim. Bir kişi o Həzrətin (ə) yanına gəldi və Həzrət (ə) —(öz oğlu) İsmayıl tərəfindən həcc əməlini əncam verib, həccdən ömrəyədək onunla şərt qoyduğu bütün işləri yerinə yetirmək—və hətta Mühəssir vadisində sə᾽y etməyi əncam vermək üçün ona otuz dinar verdi və daha sonra buyurdu: «Filankəs! Əgər bu işləri əncam versən, öz malından xərcləyən İsmayıl üçün bir həcc əməli, sənin üçün isə özünü əziyyətə saldığın üçün doqquz həcc əməlinin savabı yazılacaqdır».825
771. Hazim ibni Həbib nəql etmişdir ki, imam Sadiq (ə)-ın yanına gedib, ərz etdim: Allah sizə xeyir versin! Mənim atam və anam dünyadan getmiş amma həcc əməllərini yerinə yetirməmişlər. Allah-taala da mənə ruzi verərək, yaxşılıq etmişdir. Onların tərəfindən həccə getməyim barədə nəzərinz nədir? Həzrət (ə) buyurdu: «Bu cür et ki, həqiqətən bu həcc əməli onlar üçün şadlıq verən və yaxşıdır».826
772. Fəzl ibni Hişam demişdir ki, Mahmudi çoxlu həccə getmişdir. Ondan neçə dəfə həccə getdiyini soruşduqda, onların sayını mənə deməyib, belə cavab verdi: «Əlhəmdulillah çoxlu qismət olub». Dedim: Öz tərəfindən həccə gedirsən, yoxsa başqalarının adından? Dedi: «Vacib həccdən sonra, başqaları tərəfindən həccə getmişəm. Belə ki, həzrət Peyğəmbərin (s) tərəfindən həccə gedir və Allah-taalanın mənə verdiyi hədiyyələri onun dostlarına verir və Allahın mənə verdiyi savabları isə mö᾽min kişi və qadınlara bağışlayıram».
Soruşdum: Öz həccində nə deyrsən? Dedi: «Belə deyirəm: İlahi! Peyğəmbərin Məhəmməd (səlləllahu ələyhi və Alihi və səlləm) tərəfindən ehram bağlayır, Sənin və onun tərəfindən olan əcrimi Sənin pak dostlarına (mə᾽sum imamlara) verir və savabımı isə Sənin kitabın və peyğəmbərinin sünnəsi əsasında mö᾽min bəndələrinə hədiyyə edirəm və .....».827
UŞAĞI HƏCCƏ APARMAĞIN FƏZİLƏTİ
773. Cabir ibni Əbdillah nəql etmişdir ki, həcc mərasimində bir qadın, özünün kiçik yaşlı uşağını Peyğəmbərə (s) uzadaraq soruşdu: Ey Allahın elçisi! Bu uşağa da həcc düşürmü? Həzrət Peyğəmbər (s) buyurdu: «Bəli! Və sənə savab yazılır».828
774. Zürarə, imam Baqir (ə)-dan və ya imam Sadiq (ə)-dan nəql etmişdir ki, buyurub: «Bir şəxs özünün kiçik yaşlı uşağını həccə gətirdikdə ona “ləbbəyk” deməyi göstəriş verib, həcci vacib etsin. Yaxşı tərzdə “ləbbəyk” deyə bilmədikdə, onun tərəfindən “ləbbəyk” desin. Habelə onu təvaf etdirərək, onun tərəfindən təvaf namazı qılsın».
Dedim: Qurban kəsmək üçün bir şeyləri yoxdur.
Həzrət (ə) buyurub: «Uşaqlar tərəfindən qurbanlıq kəssinlər. Böyüklər oruc tutub, uşaqları libas və gözəl ətir kimi möhrüm şəxsə haram olan işlərdən çəkindirsinlər. Uşaq bir ovu öldürdükdə isə, onun kəffarəsi atasının öhdəsindədir».829
775. Əbdür-Rəhman ibni Həccac nəql etmişdir ki, biz o il Məkkənin yaxınlığında idik ki, Tərviyə (Zi hiccə ayının səkkizinci) günündə ehram bağlamaq istəyib, imam Sadiq (ə)-dan soruşduq: Bizlə birlikdə kiçik yaşlı bir uşaq var.
Həzrət (ə) buyurdu: «Anasına deyin ki, Həmidə ilə (imam Sadiq (ə)-ın həyat yoldaşı) görüşüb, uşağı ilə nə etməsini ondan soruşsun».
O qadın da Həmidənin yanına gedib soruşduqda, cavabında belə dedi: Tərviyə günü olduqda, möhrim şəxs kimi uşağın paltarlarını soyundurub ona qüsl verin və daha sonra onun tərəfindən ehram bağlayıb, dayanacaq yerlərində onu da dayandırın. Qurban bayramı günündə onun tərəfindən şeytanlara daş vurub, başını qırxın. Daha sonra onu Allah evinin ziyarətinə aparıb, onu Allah evinin ətrafı, həmçinin Səfa və Mərvə arasında təvaf etdirməyi xidmətçiyə tapşırın».830
HƏCCƏ GETMİŞ ŞƏXSİN AİLƏSİNƏ KÖMƏK ETMƏK
776. İmam Zeynul-abidin (ə) buyurub: «Hər kəs həccə getmiş şəxsin ailəsi və mal-dövlətinə kömək etsə, həccə getmiş şəxsin savabına nail olar. Belə ki, sanki Kə᾽bə daşlarına əl vurmuşdur».831
777. İmam Sadiq (ə) buyurub: «Üç dəstənin duası müstəcəbdir: Həccə gedənlər; görün ki, onların ailəsinə necə kömək edirsiniz. Allah yolunda vuruşanlar; görün ki, onların ailəsinə necə baş çəkirsiniz. Xəstə; beləliklə də onu qəzəbli və narahat etməyin».832
HACILARIN AZLIĞI
778. Əbul-Ərəndəs Kindi, Qüreyş tayfasından olan bir şəxsdən nəql etmişdir ki, Kə᾽bənin qapısı kənarında idik və imam Sadiq (ə) da əyləşmişdi. O Həzrət (ə)-a dedilər: Hacılar nə çoxdurlar! Həzrət (ə) buyurdu: «Hacılar nə azdırlar!». Daha sonra Ömər ibni Əbil-Miqdam oradan ötüb keçdikdə, həzrət (ə) buyurdu: «Bu, hacılardandır».833
779. Əbdül-Kərim ibni Kəsir nəql etmişdir ki, imam Sadiq (ə) ilə birlikdə həcc əməlini əncam verdim. Bir az yol getdikdən sonra, o Həzrət (ə) bir dağın üstünə çıxaraq oradan xalqa baxıb, buyurdu: «Nalələr nə çox, həqiqi hacılar isə nə azdırlar!»834
Dostları ilə paylaş: |