SƏKKİZİNCİ FƏSİL ALLAH ÖVLİYALARININ NAMAZI
Cənab Şeyxin məktəbində tərbiyə olunmuş şagirdlərinin ən gözəl və səciyyəvi xüsusiyyətlərindən biri də namaz vaxtı Allahın hüzurunda hüzuru-qəlb tapmaqdır. Bu da yalnız ona görə mümkün olmuşdur ki, Şeyx namazın ruhsuz cəsədinə heç bir dəyər vermir və çalışırdı ki, onun müridləri həqiqətən namaz qılsınlar.
Cənab Şeyxin namaz barəsindəki tövsiyə və yol göstərmələrində dörd əsas mühüm məsələ vardır ki, onlardan hər biri də Qur᾽an ayələrindən və islam hədislərindən əldə edilmişdir:
1. Eşq;
Cənab Şeyx inanırdı ki, aşiq öz mə᾽şuqu ilə danışmaqdan ləzzət aldığı kimi, namaz qılan şəxs də öz Allahı ilə raz-niyaz etməkdən ləzzət almalıdır. Onun özü də belə idi, eləcə də ilahi övliyaların hamısı belədir.
Rəsuli Əkrəm (s) namazdan aldığı ləzzəti belə vəsf edir:
«Pərvərdigar cəllə- cəlaluh mənim gözümün nurunu namazda qərar vermiş, namazı mənim sevimli əməlim etmişdir. Necə ki, yemək ac insanların, su susuz insanların məhbubudur; bu fərqlə ki, ac insan yemək yeyəndə doyur, susuz insan su içdikdə sirab olur, amma mən namazdan doymuram».142
Otuz il müddətində Şeyxin hüzurunda olan şagirdlərindən biri deyir: Allah şahiddir ki, mən özüm görürdüm: Şeyx namazda öz mə᾽şuqunun qarşısında dayanan bir aşiq kimi dayanmış və Allahın camalında fani olmuşdur. Ömrüm boyu üç nəfər gördüm ki, onların namazı tam başqa cür idi. Birincisi mərhum Şeyx Rəcəbəli Xəyyat, ikincisi Ayətullah Kuhistani və üçüncüsü də Məşhəddə ağa Şeyx Həbibullah Gülpayiqani. Onların vəziyyəti çox qəribə idi. Namaza dayananda mən ilahi gözlərlə görürdüm ki, namaz qılınan fəza tamamilə dəyişilir. Onlar Allah-taaladan başqa heç nəyə diqqət yetirmirdilər.
2. Ədəb qaydaları;
Namaz qılan şəxsin Allahın hüzurunda ədəbli olması islamın çox əhəmiyyət verdiyi məslələr sırasındadır. İmam Səccad (ə) bu barədə buyurur:
«Namazın haqqı bundan ibarətdir ki, biləsən ki, namaz Allah-taalanın hüzuruna varid olmaq vasitəsidir və sən də namazda Allah-taalanın hüzurunda dayanmısan. Bunu bildiyin zaman zəlil və həqir, rəğbətli və qorxan, ümidvar və qorxulu, binəva və zarıldayan halda olasan, hüzurunda durduğun şəxsin ehtiramına çox aramla və vüqarla dayanasan, qəlbən namaza üz gətirəsən və onun hüquq və şərtlərinə riayət etməklə onun qılasan».143
Cənab Şeyx hüzurun ədəbləri barəsində belə buyururdu:
Şeytan həmişə insanın arxasınca gələr. Yadında olsun ki, öz diqqətini Allahdan çəkmə və namaz vaxtı ədəbli ol. Namazda böyük və sənin əməllərindən agah olan bir şəxsin qarşısında dayandığın kimi dayanasan. Belə ki, əgər sənin bədəninə iynə də batırsalar, tərpənməməlisən.
Bu sözü Şeyx öz uşaqlarının suallarının cavabında demiş: Onlar «siz namaz qıldığınız zaman bə᾽zən təbəssüm edirsiniz» — demişlər. Şeyxin övladı buyurdu: Mən ehtimal verirdim ki, onun təbəssümü şeytana qarşıdır. Təbəssümlə ona deyir ki, zorun mənə çatmaz.
Bəli, cənab Şeyx inanırdı ki, Allah-taalanın hüzurunda ədəb qaydalarının əksinə olan hər bir hərəkət şeytan vəsvəsələrinin nəticəsidir. O buyururdu: Şeytanı görürdüm, o, namaz vaxtı insanın qaşıdığı yerləri öpürdü.
3. Hüzuri qəlb;
Namazın batini — Allahı yad etmək və namaz qılan şəxsin qəlbinin haqq-taalanın müqəddəs dərgahında sadiqcəsinə hazır olmasıdır. Buna görə də Peyğəmbər (s) buyurur:
«Allah-taala qəlbi yaxud bədəni ilə hüzur tapmayan bəndənin namazını qəbul etməz».144
Cənab Şeyx bu məsələlərə diqqət yetirməklə yanaşı, həmişə çalışardı ki, camaat namazı qılınmazdan qabaq namazda iştirak edənləri hüzuri-qəlb ilə qılınan namaz üçün hazırlasın. Onun öz namazı da hüzuri-qəlb ilə qılınan namaz nümunəsi idi.
Doktor Həmid Fərzam bu barədə deyirdi: Onun namazı çox xatircəmlik və ədəblə qılınardı. Bə᾽zi hallarda namaza gec çatdığım zaman onun qarşısından keçərkən namazdakı qiyafəsini görürdüm: Sanki bədəninə lərzə düşmüşdür. Qiyafəsi nurani, rəngi qaçmış, Allahın zikrinə qərq olmuşdur. Bütün diqqəti namazda idi, başını aşağı salmışdı. Mən belə başa düşürdüm ki, Şeyxdə hətta iynənin ucu qədər olsa belə şək-şübhə yox idi.
Onun şagirdlərindən biri deyir: Şeyx bə᾽zən mənə belə buyururdu: Filankəs! Bilirsən ki, rükuda və səcdədə nə deyirsən? Təşəhhüddə «Əşhədü ənla ilahə illəllahu vəhdəhu la şərikə ləh» deyəndə bunu düz deyirsənmi?! Həvayi-nəfsin yoxdurmu?! Allahdan başqasına diqqət yetirmirsənmi?! «Ərbabun mutəfərriqunə» ilə işin vardırmı?!145
4. Namazın əvvəl vaxtda qılınmasında davamiyyət;
İslam hədislərində namazın əvvəl vaxtda qılınmasına çoxlu tövsiyələr edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur:
«Namazın əvvəl vaxtda qılınmasının axır vaxtda qılınmasına olan fəziləti axirətin dünyaya olan fəziləti kimidir».146
Cənab Şeyx həmişə beşlik təşkil edən gündəlik namazlarını əvvəl vaxtda qılır və bu işi başqalarına da tövsiyə edərdi.
İMAM HÜSEYN (Ə) NÖKƏRİNİN NAMAZI İNDİYƏDƏK TƏXİRƏ DÜŞMƏZ!
Qüdrətli xətib höccətül islam cənab seyyid Qasim Şücai bu barədə Şeyxdən maraqlı bir əhvalat danışaraq deyir: Mən məktəb yaşlarından minbərə gedər, gözəl danışıq qabiliyyətinə malik olduğumdan çoxlu rövzələr oxuyardım. O cümlədən ayın yeddinci günlərini mərhum Şeyx Rəcəbəlinin mənzilinə gedirdim. Evi bazara çatmamış «Siyahha» küçəsində idi. Pillələrdən yuxarı gedəndə sol tərəfdəki otağa qadınlar yığışmışdı. Onlar üçün aylıq rövzə oxuyardım. Cənab Şeyxin otağı da birinci mərtəbədə yerləşirdi. O zaman mənim 13 yaşım vardı, hələ həddi-büluğa çatmamışdım.
Bir gün minbər qurtardıqdan sonra birinci mərtəbəyə gəldim və ilk dəfə olaraq cənab Şeyxlə rastlaşdım. Əlində bir neçə papaq tutmuşdu, sanki bazara getmək istəyirdi. Salam verdim, mənim surətimə baxıb buyurdu:
«Peyğəmbər (s) və imam Hüseyn (ə) nökəri namazını indiyə qədər təxirə salmaz».
Dedim: Baş üstə.
Günün batmasına iki saat qalırdı, o günlər qonaq idim və həmən vaxta qədər namazımı qılmamışdım. O, mənim üzümə baxan kimi bu haləti məndə hiss etdi və mənə xatırlatdı. Bu məsələ səbəb oldu ki, həddi-büluğun ilk çağlarından e᾽tibarən Şeyxin məclislərində iştirak edim. Elə yeniyetməliyimin ilk çağlarından hiss edirdim ki, bu kişinin söhbətlərinin mətləbləri ona ilham olunur. Çünki onun elmi savadı yox idi. Lakin söhbət edəndə dinləyiciləri tamamilə özünə cəlb edirdi. Hələ də ondan aldığım xatirələr mənim yadımdadır. O cümlədən mənim zehnimdə həmişə canlanan kəlməsi bu idi:
«Biz» kəlməsindən keçin. Hər yerdə «mənəm»lik və «biz» hökmranılıq etsə, şirkdir. Dünyada yalnız bir zəmir (əvəzlik) hakimdir, o da «hüvə»dir (Allah zəmirini göstərən, O əvəzliyi). Əgər o əvəzlikdən keçsəniz, bütün əvəzlikləri demək şirkdir».
Cənab Şeyx bu cür kəlmələri bəyan edərkən sözü insanın qəlbinə və ruhuna nüfuz edirdi.
QƏZƏB NAMAZIN BƏLASIDIR
Cənab Şeyx belə buyururdu: Bir dəfə gün batan vaxtı Tehranın Sirus meydanındakı məscidin yanından keçirdim. İlk vaxtda qılınan namazın fəzilətinə nail olmaq üçün məscidə daxil oldum. Gördüm ki, bir nəfər namaz qılmağa məşğuldur və onun ətrafını nur bürümüşdür. Öz-özümə fikirləşdim ki, namazdan sonra onunla tanış olacağam ki, görüm onu bu vəziyyətə salan hansı xüsusiyyətidir. Namaz qurtardıqdan sonra onunla birgə məsciddən çıxdıq. Məscidin qapısında o, məscidin xidmətçisi ilə bir qədər sözləşdi və onun üstünə qəzəbləndi. Yolumuza davam etdik, əsəbiləşdikdən sonra onun ətrafındakı nurun məhv olub aradan getdiyini gördüm.
Dostları ilə paylaş: |