İkinci fəsil Əmirəl-mö`minindən (ə) hədislər
◘And olsun Allaha! Allah mənə doqquz imtiyaz vermişdir ki, bu imtiyazları məndən və İslam Peyğəmbərindən (s) başqa heç bir kəsə verməmişdir: Səbəblərin yollarını üzümə açıb (yə`ni, bütün işlərin səbəblərindən xəbərdaram), bulud məndən ötrü hərəkət etmişdir, ölümlərdən və giriftarçılıqlardan xəbərdaram, haqq və batili tanıyıram, Allahın izni ilə mələkut aləminə baxıb keçmişdən və gələcəkdən xəbərdar oldum və heç bir şey məndən örtülü deyil, Allah mənim vilayətimlə bu ümmətin dinini kamil etdi və onlara öz ne`mətini tamamladı və dinlərini qəbul etdi. Bunu Allah Qədir-Xum günündə Peyğəmbərə (s) vəhy olaraq bu ayədə göndərdi: “Bu gün sizin dininizi kamil etdim, sizə olan ne`mətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim.” Bütün bunlar Allahın mənə əta etdiyi ne`mətlərdir. Əlhəmdulillah.
◘Şə`bi deyir: “Əli (ə) doqquz misli görünməmiş fəsahət və bəlağətli cümlə işlətmişdir ki, bütün insanlar bir yerə cəm olsalar da bunların bir cümləsi kimi cümlə işlədə bilməzlər. Bu cümlələrin üçü o həzrətin (ə) münacatlarından, üçü hikmətli sözlərindən, üçü də ədəb və əxlaq mövzusunda olan kəlamlarındandır. Münacatlarından olan üç cümləsi bunlardır:
“İlahi, mənim başucalığımdan ötrü Sənə bəndə olmağım və iftixar etməyimdən ötrü, Sənin kimi bir Allahımın olmağı mənə bəsdir. İlahi, Sən mənim sevdiyim kimisən və məni də elə et ki, sənin sevdiyin kimi olum.”
◘Hikmətli sözlərindən olanlar bunlardır:
“Hər kəsin qədir-qiyməti onun elmi və (Allaha qarşı olan) mə`rifəti qədərdir. Hər kəs öz qədrini bilsə həlak olmaz. Hər kəs dilinin arxasında gizlənmişdir.”
◘Ədəb barəsində olan sözlərindən olanlar isə bunlardır:
“Hər kəsi yaxşılıqlara tutsan, onun əmiri olarsan. Hər kəsə tərəf ehtiyac əlini uzatsan, onun əsiri olarsan. Hər kəs qarşısında öz ehtiyaclılığını gizlətsən, onunla bərabər və həmtay olarsan.”
Həm şiələrin, həm də sünnilərin nəql etdikləri hədislərdən
◘Həzrət Sadiq (ə) buyurub: “İslam Peyğəmbəri (s) doqquz şeydən ötrü zəkat qərar verib: buğda, arpa, xurma, kişmiş, qızıl, gümüş, inək, qoyun və dəvə.”
◘Harun ibn Həmzə deyir ki, bir gün həzrət Sadiqdən (ə) soruşdum: “Həzrət Musanın (ə) doqquz mö`cüzəsi hansılar idi?” Həzrət (ə) buyurdu: “Çəyirtkə, gənə, qurbağa, qan, tufan, dərya, daşı çatlatmaq, əsa və öz əli.”
◘Dünya bir surətə bənzəyir ki, başı təkəbür, gözü hərislik, qulağı tamah, dili riya, əli şəhvət, ayağı xudpəsəndlik, qəlbi qəflət, varlığı fəna və hasilatı zavaldır. Onu sevən təkəbbürə düçar olar. Gözü önündə dünya cilvələnən tamahkar olar. Arxasınca gedən hərisliyə düçar olar. Ona pərəstiş edən riya donu geyər. Onu ələ keçirən xudpəsənd olar. Ona arxayın olan qəflətə düçar olar. Dünyanın bər-bəzəyini gözü önündə canlandıran ona aldanar. Dünya malı cəm edən kəs xəsisliyə düçar olar və cəhənnəmə yuvarlanar.
◘Hədislərdə buyurulur ki, kamil bəndənin imanının doqquz xüsusiyyəti var: şadlıq və fərəh onu batil yola çəkməz, qəzəb onu haqq yoldan çıxarmaz, qüdrəti təcavüzə səbəb olmaz, artıq danışıqlardan uzaq olar, malının artığını infaq edər, yaşayışında iqtisadçı olub orta həddə yaşayar, düşmənlərinə qarşı mülayim, xoş xasiyyət və səxavətli olar.
◘Sünnilər həzrət Peyğəmbərdən (s) nəql edirlər ki, buyurub: ”Həzrət Musanın (ə) Tövratında gəlmişdir ki, bütün günahlar üç pis xüsusiyyətdən qaynaqlanır: təkəbbür, hərislik və həsəd. Bu üç xüsusiyyətdən də altı bəyənilməmiş xüsusiyyət meydana gəlir ki, bunların da cəmi doqquz ədəddir: çox yemək, çox yatmaq, var-dövlət hərisliyi, tə`rifdən və yaltaqlardan xoşu gəlmək və rəyasət (böyüklük) eşqi.”
◘Əli (ə) buyurub: “Faydası olan ağlamaq üç cürdür: Allah qorxusundan ağlamaq, günahdan utanmağa görə ağlamaq və Allahdan ayrı düşmək qorxusu ilə ağlamaq. Bu ağlamaqların birincisi günahların kəffarəsidir, ikincisi eyiblərdən paklanmağa səbəb olar, üçüncüsü isə Allaha və onun razılığına qovuşmaq vasitəsidir. Günahın kəffarəsinin verilməsi əzabdan xilas olmağa, eyiblərdən paklanma ne`mətlərin davamlı olmasına, Allaha və Onun razılığına qovuşmaq isə onun tərəfindən daha artıq mərhəmət və lütfə səbəb olar.”
Son
◘Peyğəmbərin (s) səhabələrindən biri deyib: “Beş vacib namazı əvvəl vaxtında qılan kəsə Allah doqquz inayət göstərər: Allahın məhbubuna çevrilər, bədəni sağlam olar, onu mələklər qoruyar, evi bərəkətlə dolar, üzü saleh insanların surətini alar, ürəyi yumşalar, sirat körpüsündən ildırım surəti ilə keçər, atəşdən xilas olar, Allah dərgahında heç bir qorxusu və qəm-qüssəsi olmayanlarla bir yerdə olar.”
◘Başqa birisi deyib: “Ağlı olmayanın dini də yoxdur, dini olmayanın əməli də yoxdur, əməli olmayanın səhih fikri olmaz, qane olmayanın rahatlığı da olmaz, batini çirkin olanın tövfiqi də olmaz, ehtiyatla addım atan salamat qalar, hər kəs tənbəlliyin əsiri olsa, ətrafını peşmançılıq alar, günahdan çəkinməyən şəxsin Allahdan qorxusu yoxdur, nəfsinin istəklərindən boyun qaçırmayan kəs əqlə itaət edə bilməz, əxlaqi rəzilətlərdən acığı gəlməyən kəsin əxlaqi fəzilətlərdən də xoşu gəlməz.”
◘Bil ki, sözgəzdirən gərək həmişə qəzəb və kinə tuş gəlsin və belə adamların dostluq və yoldaşlıqdan ötrü heç bir e`tibar və e`timadı yoxdur. Çünki, onun vücudundan doqquz çirkin xüsusiyyət var: yalan, qeybət, peyman sındırmaq, xəyanət, hoqqa, paxıllıq, nifaq, fitnə yaratmaq və məkr. Sözgəzdirən o kəsdir ki, Allahın göstərişi əsasında insanlar arasında mövcud olan dostcasına ünsiyyət və rabitələri bir-birinə vurur, insanlar arasındakı xoş münasibətləri korlayır.
◘Deyirlər Bozorgmehr öldükdən sonra onun kəmərində doqquz cümlə yazıldığını görürlər:
1. Əgər Allah ruziyə zamindirsə, bəs qəm-qüssə nə üçün?
2. Əgər ruzi təqsim olunubsa, bəs hərislik nə üçün?
3. Əgər dünya aldadandırsa, bəs ona e`timad nədir?
4. Əgər behişt haqdırsa, onda ibadətdən boyun qaçırmaq nədir?
5. Əgər qəbir haqdırsa, bəs möhkəm tikililər nə üçündür?
6. Əgər cəhənnəm haqdırsa, onda bütün bu gülüşlər nədir?
7. Əgər haqq-hesab haqdırsa, var-dövlət toplamaq nə üçündür?
8. Əgər Qiyamət günü varsa, bəs lərzəyə gəlməmək nə üçün?
9. Əgər şeytan insanın düşmənidirsə, onda ona itaət etmək nə deməkdir?
Dostları ilə paylaş: |