Peyğəmbərin (s) digər nəzmlə olan hikmətli kəlamları
◘Mömin bir yerdən iki dəfə sancılmaz. Camaata təşəkkür etməyən Allaha da şükr etməyib. Qəzanı (qəza və qədəri) duadan başqa heç nə qaytarmaz, ömrü başqalarına yaxşılıq etməkdən başqa bir şey artırmaz.
◘İbrət götürməyəndən başqası səbirli hesab olunmaz. Nadanlıqdan böyük fəqirlik yoxdur. Əqldən faydalı dövlət yoxdur. Xudpəsəndlikdən (özünəpərəstiş, eqoizm) də dəhşətli tənhalıq yoxdur. Məşvərət etməkdən gözəl həmkarlıq yoxdur.
◘Tədbir əqlin ən gözəl nümunəsidir. Xoşxasiyyətlik ən yaxşı əsl-nəcabətdir. Günahdan çəkinmək kimi pərhizkarlıq yoxdur. Təfəkkür kimi ibadət yoxdur. Səbr və həya kimi iman yoxdur.
◘Həddi-büluğa çatan heç kəs yetim hesab olunmur. Əmanətdar olmayan kəsin imanı yoxdur, əhdə vəfa etməyənin də dini yoxdur. (Yəni, din və imanları zəifdir.)
◘Üç gündən artıq küsülü qalmaq olmaz. İstiğfar (bağışlanma diləmək) vasitəsilə böyük günah qalmaz, təkrar vasitəsilə kiçik günah (yəni kiçik günahları təkrarlamağın özü) böyük günahdır. Dini üçün qəm çəkməkdən başqa qüssə yoxdur.
◘Quran oxuyan bəndə fəqirlik görməz. Ehtiyat müqəddər olunan şeyin qarşısını alır. Mömin ehtiyatı əldən verib qəflətə düşməz. Başçısı qadın olan millət doğruluğun üzünü görməz. Gərək mömin özünü xar etməsin. İkiüzlü adam Allah yanında etibarlı deyil. Ata-ana və ədalətli imamdan başqasına yaltaqlanmaq rəva deyil. Allaha günah etməkdən ötrü heç kəsə itaət etmək olmaz. Söz gəzdirənlər əsla behiştə getməz (tövbə edənlərdən başqa). Qonşusu ondan amanda olmayan heç bir bəndə behiştə getməz.
◘Müsəlmanı qorxutmaq heç bir müsəlmana halal deyil. Heç bir müsəlmana rəva deyil ki, üç gündən artıq öz müsəlman qardaşından ayrı gəzsin. (küssün) Sərvətli və ya işləmək qüdrəti olan şəxslərə sədəqə halal deyil. Nə qədər ki, bir kəsin qəlbi düzəlməyib, imanı da düzəlməz, nə qədər ki, bir kəsin dili düzəlməyib, qəlbi də düzəlməz. Özü üçün istədiyi xeyri mömin qardaşı üçün istəməyən bəndənin imanı yoxdur.
◘Nə qədər ki, bir kəs ona yetişən şeyin qarşısını almaq və ona yetişməyən şeyi ələ gətirmək imkanının öz əlində olmadığını dərk etməyib, imanın həqiqətinə çatmaz (yəni Allahın qəza və qədərinə imanlı olsun). Sizlərdən heç birinin imanı dilinə hakim olmadığı müddətdə kamil olmaz. Camaata rəhm etməyən şəxsə Allah da rəhm etməz. Mümkün deyil ki, mömin tox olsun qonşusu ac. Heç bir alim behiştə çatana qədər elmdən doymaz.
◘İnsanlar getdikcə paxıl olarlar və qiyamət qopan zaman Həzrət Mehdi (ə) və Məryəm oğlu İsadan (ə) başqa yer üzü şər insanlarla dolu olar. Nə qədər ki, yer üzündə kişilər az, qadınlar çox olmayıb qiyamət bərpa olmaz. Hər kəs bir bəndənin bədənini örtsə (onu geyindirsə), Allah da qiyamət günü onun bədənini örtər. Sənin haqqına riayət etməyən və səninlə oturub duran adamda xeyir yoxdur. Gözlərini əldən verən, lakin Allaha xatir səbr edən hər bir bəndə behiştə daxil olar. Heç kəs, nə qədər ki, harama düşməmək üçün şübhəli işlərdən çəkinməyir, pərhizkar hesab olunmaz. Mənim ümmətimdən bir dəstə Allahın hökmü gələnə qədər haqdan ayrı düşməz. Kişinin canı davamlı olaraq öləndən sonra nə qədər ki, ödənməyib öz borcundan asılıdır. Namazın intizarında olan bəndə üçün həmin müddətdə namaz savabı yazılar. Mömin qardaşını məzəmmət etmə! Çünki, ola bilsin Allah ona afiyət versin, səni isə giriftar etsin.
◘Ruzigarı söyməyin, çünki, ruzigar özü elə Allah deməkdir (yəni işlərin təqdiri Allahın əmri ilədir). Ölüləri söyməyin ki, bu iş dirilərə əziyyət verir. Ölüləri söyməyin, çünki, onlar özlərindən qabaq göndərdiklərinə çatıblar. Heç kəs mömin qardaşının hədiyyəsini qaytarmasın, hətta, imkanı varsa əvəzində o da hədiyyə etsin. Özün geyinmədiyin özgə paltarına əlini silmə. Dilənçini əliboş qaytarma, heç olmazsa yarım dənə xurma ilə onu razı sal. Müsəlmanların qeybətini etməyin və onların eyiblərini axtarmayın. Heç kəsin sirr pərdəsini yırtmayın. Heç bir yaxşı əməli kiçik saymayın. Elə ki, mömin qardaşına vəd verdin, ona xilaf çıxma.
◘Məbada, sənə şiddət üz versə ölüm diləyəsən. Ölüm anında, məbada, Allaha xoşgüman olmayasınız (bəd güman olasınız). Nə qədər ki, bir kəsin işinin aqibətini görməmisiniz, onun əməlindən xoşhal olmayın. Məbada, bir kəsin məhəbbəti sizi haqqa əməl etməkdən saxlasın (yəni, haqqı tanıyasız, lakin ona əməl etməyəsiniz).
◘Məbada, bir kəs yad bir qadınla xəlvət bir yerdə qalsın. Çünki orada üçüncü kəs şeytandır. Heç kəsi Allahın qəzəbi ilə xoşhal etmə və Allahın sənə etdiyi lütfə görə heç kəsə təşəkkür etmə (yəni, ondan başqasına); Allahın səndən əsirgədiyi lütfə görə də heç kəsi məzəmmət etmə. Çünki O, nə ruzini bir kəsin istəyinə əsasən artırır və nə də onu bir kəsin nifrətinə əsasən azaldır. Rəhbərlik istəyin olmasın. Çünki əgər ona istəmədən çatsan sənə kömək edərlər və əgər istədiyin halda çatsan köməkçin olmaz. Qiyamət yaxınlaşan zaman övlad qəzəbə səbəb olar, çoxlu yağış yağar, alçaqlar çox, alicənab insanlar az olar, kiçiklər böyüklərə qarşı və rəzillər kərim insanlara qarşı ədəbsizlik edər, alçaq adamlar yaxşı insanlara qarşı həyasızlıq edər. Məşvərət edən kəs uduzmaz. Əgər rəhbərlər hidayət yolunda olsalar rəiyyət heç vaxt fəlakətə düçar olmaz, baxmayaraq ki, zülmkar və bədəməldirlər.
Altıncı fəsil
Rəsuli-Əkrəmin (s) fərqli bəyanla olan başqa növ kəlamları
◘Söhbətlərin bəzisi sehirli, şerlərin bəzisi hikmətamiz, bilik mənbələrinin bəzisi isə cəhalətdir. Mənim ümmətim mərhəmət olunan ümmətdir (yəni, Allahın onlar üzərində lütf və mərhəmət nəzəri var). Əhdə vəfa etmək imandandır. Xoşgümanlıq xoş bir ibadətdir.
◘Alimlər peyğəmbərlərin varisləridir. Allahın dini saf və asandır. Allahın dini rahat və düzdür. Sileyi-rəhmin savabı hər ibadətin savabından tez yetişər. Hikmət insanın şərəfini artırar.
◘Allahın halalını haram edən kəs haramı halal edən kəs kimidir. Dünyapərəstlərin şərəfi mal ilə ölçülür. Haqq sahibinin sözü də haqdır. Ali əxlaq sahibi olmaq behişt əhlinin əməllərindəndir. Yaxşıların ən yaxşısı gözəl xasiyyətdir.
◘Behişt əhlinin əksəriyyəti sadəlöhv insanlardır. Behiştdə sakin olanların azı qadınlardır. Allahın ianəsi (maddi yardımı) ehtiyac miqdarındadır. (Bəndə nə qədər çox möhtac olsa kömək də o qədər çoxdur). Səbr müsibət qədər nazil olar. Ataya ən gözəl ehsan odur ki, ölümündən sonra onun dostlarına məhəbbət göstərəsən.
Şeytan Adəm övladına nəzərən (arterial damarda axan) qan kimidir. İnsanlardan Allaha ən çox şükr edəni bəndələrin haqqını ən çox gözləyənidir. Mal-dövlətdə səxavət zəxirədir (ehtiyat), yığıb saxlamaq isə fitnə. Bu ümmətin əzabını bu dünyada qərar veriblər. (Yəni dünya narahatçılıqları mömin bəndə üçün axirət əzabının əvəzidir). İnsan bəzən günah səbəbinə ruzidən məhrum olur.
◘Bəndələrdən elələri də var ki, əgər Allaha and versələr həmin andla hacətləri rəva olar. Allahın elə bəndələri var ki, fərasətlə insanları tanıyırlar. Allah özünə borc bilir ki, dünyanı ucaldıb, onun əzəmətini artıran hər bir şeyi ikiqat alçaldsın. Allahın elə bəndələri var ki, onları çətinlikləri aradan aparmaqdan ötrü yaradıb. Məktubun cavabı da salamın cavabı kimi zəruridir.
◘Ən gözəl yemək kəsb olunan məhsuldur və övlad da kəsb olunmuşlardandır. (Yəni əgər övlad öz malını atasının ixtiyarında qoysa ata üçün zillət və haram deyil.) Həddindən artıq borcu olan və acınacaqlı vəziyyətdə olan fəqirlərdən başqasına dilənmək halal deyil. Elmə söykənən az əməl çoxdur, cəhlə söykənən çox əməl isə az. Bəndə xoş xasiyyətli olmaqla gündüzlər oruc olub, gecələr namaz qılanların dərəcəsinə çatar. Hər dinə məxsus olan bir əxlaqi xüsusiyyət var, mənim dinimə xas olan əxlaqi xüsusiyyət də həyadır.
◘Hər şeyin bir şərəfi var və ən şərəfli əyləşilən yer də üzüqibləyə olanıdır. Hər bir ümmətin bir fitnəsi var, mənim ümmətimin fitnəsi maldır. Hər bir yol gedənin məqsədi var və hamının son məqsədi ölümdür. Hər sözün yeri var, hər bir haqq da həqiqətə əsaslanır. Hər padşahın qoruğu var, Allahın qoruğu da haramdır.
◘Hər bir oruc tutanın qəbul olunacaq duası var. Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur. Hər şeyin mədəni var, təqvanın mədəni ariflərin qəlbidir. Hər şeyin qəlbi var, Quranın qəlbi də “Yasin” surəsidir. Hər peyğəmbərin duası var, mən isə öz duamı qiyamət günü öz ümmətimə şəfaət etməkdən ötrü ehtiyat saxlamışam.
◘Möminin çəkdiyi hər bir xərcə görə əcri var, yalnız torpaq və imarət üçün sərf etdiyindən başqa. (Ehtiyacını ödəməkdən ötrü olan hallar istisnadır. Yəni qeyri-şəri olmamalıdır.) Həsəd atəşin odunu aradan apardığı kimi yaxşı əməlləri aradan aparar. Atəşə daxil olmağın ən alçaq səbəbi ağız və fərcdir (cinsiyyət üzvü). İnsanı behiştə çatdıracaq ən gözəl şey təqva və xoş xasiyyətdir. Elə ki, fitnə hər yeri bürüdü, elm kölgəsində olan alimlərdən başqa hamı yerindən olar.
◘Pis göz kişini qəbrə salar, dəvəni qazana. Təkəbbür üzündən məxsus libas geyinənə Allah-təala qiyamət günü nəzər salmaz. Allah gözəldir və gözəlliyi də sevir (əlbəttə, əsas ruhun gözəlliyidir ki, düzgün əqidə və xoş əxlaqlı olsun). Allah dua edərkən israr edənləri sevir. Allah xoşxasiyyət insanları və tanınmayan pərhizkarları sevir.
◘Allah işləyib çalışan mömini sevir. Allah hər bir qəmgin qəlbi sevir (o halda ki, qəlbi mənasız və günah iş üçün qəmgin olmasın). Allah şərəfli və gözəl işləri sevir və dəyərsiz və alçaq işlərdən xoşlanmır. Allah Onun haramlarından çəkinməyi sevdiyi kimi halallarından da istifadə etməyi sevir. Allah şəhvətin tüğyan etdiyi vaxt iti görən gözü, şübhənin irəli gəldiyi vaxt kamil və dəqiq əqli və həmçinin bir neçə xurma qədərində də olsa bəxşişi və bir ilan öldürmək qədər olsa da şücaəti sevir.
◘Sənin Allahın bəyənilmiş işləri sevir. Allah öz bəndəsinin tövbəsini can boğaza çatana qədər qəbul edir. Allah heç bir mal və can xəsarəti görməyən şeytan və napak kişini düşmən bilir. Allah sizin üçün namaz halında oynamağı, gündüz vaxtı qadınla yaxınlıq etməyi və qəbristanlıqda gülməyi bəyənmir. Allah sizi boş söz-söhbət etməkdən, malınızı bihudə tələf etməkdən, bir şey istəyərkən israr etməkdən (yalvarmaqdan) çəkindirir.
◘Allah müsəlman üçün qeyrət sahibidir; o da gərək qeyrətli olsun. Allah rəhimdil insanlardan başqasına rəhm etməz. Allah sədəqə verməyə görə yetmiş pis ölümü insandan uzaqlaşdırır. Allah bəzən bu dini dinsiz insanın əli ilə möhkəmləndirir. Allah elə həmin miqdar bəndədən razı olar ki, yemək yeyərkən və su içərkən şükrünü yerinə yetirsin (və əlbəttə, bundan da mühüm şükür odur ki, bunlar (yemək və içmək) halaldan olsun).
◘Allah bəndəsinə verdiyi nemətlərin əlamətlərinin zahir olmasını sevir. Allah elmi sinələrdən almır, alimləri aparmaqla elm aradan gedir. Allah axirət məqsədi üçün dünya verir, lakin dünya məqsədi üçün isə axirət vermir. Allah ona tərəf qalxan əli boş qaytarmağa həya edir. Allah torpağı mənim üçün səcdəgah və paklayıcı qərar verib.
◘Allah yer üzünü mənə elə göstərdi ki, məşriqdən məğribə qədər hər yeri gördüm və gözümlə müşahidə etdiyim hər yerdə ümmətim hakimiyyət edəcək. Allah mənim ümmətimi nəfsinin xatalarına görə məzəmmət etməz. Yalnız o zaman qınanarlar ki, həmin xatalar əməl donu geyib dilə keçsin. Allah ədalət əsasında rahatlıq və rifahı yəqinin və öz müqəddər etdiyinə razı olmağın kölgəsində, qəm-qüssəni isə şəkk-şübhə və narazılıqda qərar verib. Allah, günü (yeni arvad) narahatlığını qadından, cihadı da kişidən ötrü qərar verib, onlardan hər hansı buna səbr etsə şəhid savabı əldə edər. Allah hər danışanın dili yaxınlığındadır.
◘Allah bir kəsin danışığını bəyənmədikcə əməlini qəbul etməz. Allah hər hansı bir millətə xeyir vermək istəsə onları imtahan edər (ki, təcrübəli və çalışqan olsunlar və öz hüquqlarını müdafiə edə bilsinlər). Qiyamət günü ən pis əzab əməlsiz alimlərdən ötrüdür. Qiyamət günü Allah hüzurunda duracaq ən pis insan o kəsdir ki, camaat onun dilindən qorxsunlar. Qiyamət günü ən pis insanlardan biri də axirətini başqasının dünyasına satan bəndədir.
◘İnsanların ən bədbəxti o kəsdir ki, dünyada fəqir, axirətdə də əzab əhli olsun. Bağışlanmağa səbəb olan işlərdən biri də mömin qardaşı sevindirməkdir. Şirindil olub salam vermək bağışlanmağa səbəb olan işlərdəndir. Dünya şirin və cəlbedicidir. Allah sizi keçmişdəkilərin yerində oturdub ki, görsün nə edirsiniz. İslamın ədəblərindəndir ki, ev sahibi qonağı evin qapısına qədər yola salsın.
◘Ruhul-qüds mənim qəlbimə belə ilham etdi: “Heç kəs nə qədər ki, öz müəyyən olunmuş ruzisinin hamısını yeməyib dünyadan getməz. Elə isə Allahdan qorxun və ruzi kəsb edərkən xoşrəftar olun.” Camaatın keçmiş peyğəmbərlərdən yadda saxladığı sözlərdən biri də budur ki, əgər həya yoxundursa hər nə istəyirsən et. Mənim ən xoşuma gələn məşğuliyyət namazdır. Namazqılan bütün cahan səltənətinin sahibinin evinin qapısını döyür və hər kəs döyməyi davam etdirsə, ümid var ki, qapını üzünə açarlar. Allah mənə göstəriş verib ki, danışığım zikr, sükutum təfəkkür, baxışım isə ibrət olsun.
◘Mən Allahın öz bəndələrinə hədiyyə etdiyi rəhmətəm. Nadanlığın şəfası soruşmaqdır. Fazillərin qədrini fəzilət sahibləri bilər. Mən gözəl əxlaqı təkmilləşdirməkdən ötrü məbus olmuşam. Mən öz ümmətim üçün onları azdıracaq rəhbərlərdən qorxuram.
◘Əməllər niyyətə və nəticəyə bağlıdır. Dünyadan bəla və fitnədən başqa bir şey qalmayıb. Qəlblər də (dəmir kimi) pas atır. Soruşdular: Bəs qəlbin cilası nədir? Buyurdu: Ölümü çox yad etmək və Quran oxumaq. Cənnəti qazanmaq yolu təpəni qalxmaq kimi çətin və ağırdır. Cəhənnəmi (başqa bir rəvayətdə dünyanı) qazanmaq yolu asan və ləzzətlidir.