Qurani-kərim mələklərə aid bir sıra xüsusiyyətlər və sifətlər göstərmişdir. Burada həmin xüsusiyətləri ümumi şəkildə təhlil etməklə, mələkləri öz bəşəri təsəvvürümüzlə daha yaxşı tanımağa çalışaq.
-
Allahın əmrinə tabe olmaq.
Mələklərə xas olan səciyyələrdən biri onların Allahın fərmanlarına müti və tabe olmasıdır. Mələklər heç vaxt Allahın əmrindən boyun qaçırmazlar. Bu yöndə nazil olan bir neçə ayəyə diqqət yetirək:
Təhrim surəsi, 6-cı ayə:
Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir).
Ənbiya surəsi, 27-28-ci ayələr:
Mələklər Allahdan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər.
Allah onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar yalnız Allahın razı olduğu (izn verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar.
Nəhl surəsi, 49-50-ci ayələr:
Göylərdə və Yerdə olan bütün canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!
Onlar öz fövqlərində olan Allahdan qorxar və özlərinə buyurulanları edərlər!
Bu ayələr göstərir ki, mələklər günah və xətadan uzaq və pakdır, onlar ismətli və təmizdir.
-
Mələklər Allahın xalis bəndələridir.
Mələklər bütün məxluq kimi Allahın birliyinə iman gətirir, həmişə Allaha səcdə və təsbih edirlər.
Ali-İmran surəsi, 18-ci ayə:
Allah Özündən başqa heç bir Tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqq-ədalətə boyun qoyaraq (Haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.
Nəhl surəsi, 49-cu ayə:
Göylərdə və Yerdə olan bütün canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!
Ənbiya surəsi, 28-ci ayə:
Allah onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar yalnız Allahın razı olduğu (izn verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar.
Mələklər Allahdan qorxar, Onun qarşısında təslim olarlar. Ayələr mələklərin Allaha təslim olan bəndəlik sifətini təsdiq edir.
Mələklər Allaha ibadəti ilahi eşq səviyyəsinə yüksəldərək heç vaxt ibadətdən yorulmazlar. İbadət zamanı onlara heç bir süstlük və zəiflik yol tapmaz.
Ənbiya surəsi, 19-20-ci ayələr:
Göylərdə və Yerdə olan bütün məxluqat Allahındır (Tanrının qüdrət əsəridir). Onun dərgahında olanlar (rütbə və şərəf etibarilə mənən Allaha yaxın mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər.
Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şəninə təriflər deyərlər.
Mələklərin mərtəbələri
Mələklər varlıq baxımından müxtəlif dərəcə və mərtəbələrə malikdir. Hər bir mələk isə öz dərəcə və mərtəbəsinə uyğun məqama malik olur.
Öncə bir neçə Quran ayəsini nəzərdən keçirək:
Saffat surəsi, 164-cü ayə:
(Cəbrail Peyğəmbər əleyhissəlama belə dedi:) "Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun (səmada Allaha ibadət üçün) müəyyən bir yeri və məqamı olmasın.
Fatir surəsi, 1-ci ayə:
Göyləri və Yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! Allah məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!
Birinci ayədə söhbət mələklərin məqam və mərtəbəsindən gedir, sonrakı ayədə isə mələklərin qanadlarının sayı diqqətə çatdırılır. Mələklərin qanada malik olması onların varlıq mərtəbəsinə dəlalət edir.
İkiqanadlı mələklər, üç və ya dördqanadlı mələklərə nisbətən aşağı mərtəbəyə malik olur.
Quşlar öz işlərini və hərəkətlərini qanadları vasitəsilə görürlər – yəni bir yerdən başqa yerə gedir, havada uçur və başqa hərəkətlər edirlər. Qanad isə qüdrət nişanəsidir. Quran ayəsində mələklərin qanadı – onların qüdrət mərtəbəsidir. Qanadlar onlara daha sürətli və daha güclü hərəkət etməyə kömək edir.
Başqa bir ayədə mələklərin Allaha yaxınlıq mərtəbəsinə işarə edilir:
Nisa surəsi, 172-ci ayə:
İsa əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və lovğalıq edənlərin hamısını Öz hüzuruna toplayacaqdır!
Bu ayədə mələklərin Allaha yaxınlıq baxımından mərtəbələri yada salınır. Onlardan bəziləri Allaha daha yaxın olurlar. Növbəti bir neçə ayədə isə Allah mələkləri Cəbrailə müti bilir, deməli, mələklər məqam və mərtəbə baxımından fərqlənirlər.
Təkvir surəsi, 19-21-ci ayələr:
Bu Quran (Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır.
Elə bir elçi ki (mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) etibarlı müvəkkildir.
Bu ayələrə görə Qurani-kərim Allahın dərgahında çox ehtiramlı olan Cəbrail vasitəsilə vəhy olunub. Bu elçi Ərşin sahibi yanında çox izzətlidir, mələklər ona mütidir və o, Allahın vəhyinə əmin olandır.
İslam mütəfəkkirləri mələklər barədə müxtəlif təsnifat vermişlər. Əllamə Təbatəbai üçpilləli bir təsnifat vermişdir:
-
Kərubiyyin və ya aliyyin dəstəsinə aid mələklər.
Bu dəstəyə aid olan mələklər Haqqın substansiyasına vurğun olar, Onun calal və camal sifətlərinin seyrinə qərq olarlar. Onlar nə özlərinə, nə də başqalarına diqqət yetirməz, yalnız Allahı anarlar.
İmam Cəfər Sadiq (ə) bu mələklər barəsində belə buyurur:
"Kərubiyyin dəstəsinə aid mələklər Allahın yaratdığı ilkin varlıqlardandır. Onlar Ərşin arxasında yerləşərlər. Bu mələklərdən bircəsinin işığı Yer üzərindəki varlıq aləmi arasında paylanarsa, onların hamısına bəs edər".
İmam Sadiq (ə) sonra belə davam edir:
"Musa (ə) öz istədiyini Allahdan xahiş etdikdə, Allah bu mələklərdən birinə əmr etdi ki, təcəlli etsin. Həmin mələk Tur dağına təcəlli etdi və dağ parçalandı".
Bu rəvayət Quran ayəsində Musanın (ə) Tur dağında Allaha müraciətini və təcəlli məqamını izah edir [70].
Əraf surəsi, 143-cü ayə:
Musaya vəd etdiyimiz vaxt gəlib çatanda Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. Musa: "Ey Rəbbim! Özünü (camalını) mənə göstər Sənə baxım!" – dedi. Allah: "Sən məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də məni görə bilərsən", – deyə buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: "Sən pak və müqəddəssən! (Bütün eyb və nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən, (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!" – dedi.
Başqa rəvayətdə həmin mələklər haqqında belə deyilir:
"Aliyyin dəstəsindən olan mələklər Allahdan savayı başqa şeylərə diqqət edərlər. Onlar Adəmə səcdə etməyə göndərilməmişlər. Onlar Allahın
Adəmi və dünyanı yaratdığını bilməzlər" [71].
-
İbadət edən və pərəstişkar mələklər.
"Nəhcül-bəlağə"də həmin mələklər barəsində belə deyilir:
"Sonra üst Göylərin arasını açaraq oranı müxtəlif mələklərlə doldurdu. Onlardan bir dəstəsi səcdə edərlər, onlar rüku halında deyil, başqa bir dəstə isə rüku edərlər və ayaq üstündə dayana bilməzlər. Başqa bir dəstə dayanmış halda olar və sırada nizamla düzlənərlər. Bir dəstə yorulmadan və xoş ruhiyyə ilə Allaha dua və təsbih edərlər. Onlar nə ayıq olar, nə də yuxu yatarlar; bədənləri heç vaxt süstləşməz, ağılları isə heç nəyi unutmaz" [72].
-
İşgüzar mələklər.
Bu mələklər aləmin tədbiri ilə məşğul olarlar. Onlar Allahın əmrlərini icra edərlər. Öncə bəhs etdiyimiz Ərş və Kürsünü daşıyan mələklər bu dəstəyə aiddir. Mələklər Allahın vəhyini çatdırar, xilqət aləmindəki tədbirləri həyata keçirərlər [73].
Mələklərin işləri və fəaliyyət çevrəsi genişdir. Onlar Allahın əmrini icra edən, vəhyini çatdıran elçi (rəsul) kimi tanınır.
Bu yığcam bölgüdə mələklərin bəzi dəstələri ilə ümumi tanışlıq verilir. Onların işlərini araşdırmaqla bu sahədəki məlumatlarımızı artıra bilərik.
Dostları ilə paylaş: |