RAZÜ-NİYAZ ALİMLƏRİN NƏZƏRİNDƏ
Materialist alimlərdən sayılan “Moris Meterlinq” razü-niyazı inkar edib deyir: “Yersiz bir şeydir. Bizim Allahdan bir şey istəməyimizin mənası budur ki, O, (Allah) öz vəzifəsini bilmir. Hətta bizim ehtiyaclı olduğumuz şeylərdən də xəbəri yoxdur. Deməli, bu istək (razü-niyaz) batil bir şeydir.”
Nitsş və Auqust Kant kimiləri də buna oxşar fikirlər demişlər. Bu şəxsiyyətlərin belə bir nəzər söyləmələrinin səbəbi bundan ibarətdir ki, onlar maddi elmlər barəsində çoxlu mütaliə etsələr də mənəvi elmlərdən çox-çox geridə qalmışlar. Buna görə də bəzən maddiyyatçı və mənəviyyatçı alimlər arasında ixtilaflar meydana gəlmişdir. Çünki hər kəs maddiyyata qərq olsa, mənəviyyatdan uzaqlaşıb həqiqəti görməyəcəkdir.
Moris Meterlinq kimilərinin düşüncələri mənəvi elmlərə münasibətdə çox dar və qüsurludur. Bu qəbil şəxsiyyətlər yersiz nəzər və hökmlərdən çəkinsələr yaxşıdır.
Spenser deyir: “Müasir dövrümüzdə dinin elm və hikmət ilə mübarizə apardığına şahid oluruq. Bu ona görədir ki, hər ikisi (din və elm) biri-birinin işinə qarışıb müdaxilə edirlər. Əgər savadsız bir şəxs hər hansı bir işdə yersiz hökm versə, çox da zərəri olmaz. Çünki onun bu hökmünə və ya irəli sürdüyü nəzərə kimsə əhəmiyyət verməz. Lakin müəyyən bir sahədə tanınmış bir alim özünə aid olmayan bir sahə üzrə nəzər versə, çoxlarını şəkk-şübhəyə salar. Buna görə də materialistlər mənəvi işlərə müdaxilə etməməli və yersiz mühakimələrdən çəkinməlidirlər.”
Moris Meterlinqin razü-niyazın əleyhinə olması yersiz və əsassız bir düşüncədən irəli gəlir. Elə bil ki, bir nəfər belə deyir: “Allah bütün bəndələrin ruzisini öz öhdəsinə götürmüşdür, buna görə də ruzi dalınca getməyimiz lazım deyil. Əgər ruzi ardınca getsək, ilahi vədin xilafına əməl etmiş olarıq. Nəticədə belə çıxar ki, biz Allahı ruzi verməyə Qadir bilmirik və Onun vədlərinə etimadımız yoxdur.
Göründüyü kimi, Morisin bu mülahizəsi çox yersizdir.
Moris və onun kimilərin müqabilində Paskal, Felamaryon, Aleksis Karl kimi alimlər mənəviyyata üstünlük vermiş, dua və razü-niyaz haqqında müsbət fikir bildirmişlər. Beləliklə, razü-niyazı inkar edib onu bihudə sayan Moris, Nitsşe, Auqust kimilərinin razü-niyazın fəlsəfəsini və həqiqətini dərk etmədikləri məlum olur.
Bəli, hər kəs Yaradanla rabitədə olub dualardan ayrılmayıbsa, öz həyatında razü-niyazın ecazkar və xariquladə təsirini dəfələrlə görmüşdür. Xüsusilə müqəddəs məkanlarda, o cümlədən, övliyaların hərəmində və məscidlərdə dua, təvəssül, razü-niyaz vasitəsilə çoxları faydalı nəticələr əldə etmişlər.
Doktor Aleksis Karl əlacsız xəstələrin dua və razü-niyaz vasitəsilə tez bir zamanda şifa tapdığını təsdiq edir.
“Cəvahir” təfsirin müəllifi Təntavi öz kitabında cənab Hötenin təəccübedici müalicəsindən bəhs edərək yazır ki; “O, tibb təhsili görməməsinə baxmayaraq ruhi düşüncə, təlqin və razü-niyaz vasitəsilə özünü müalicə etmişdir. Belə ki, tibb tələbələri onun yanına gəlib dərs alırdılar.”
Bu kitabın 1-ci cildində “psixoterapiya” haqqında maraqlı mətləblər mövcuddur.
Həmmad ibni İsa imam Sadiqdən (əleyhissalam) belə nəql edir:
“Heç vaxt dua və razü-niyazdan əl çəkmə! Demə ki, onsuz da duanın təsiri yoxdur, hər nə yazılıbsa, o da olacaq! Bil ki, dua ibadətdir və Allah tərəfindən əmr edilmişdir!”1
Başqa bir rəvayətdə buyurulur:
“Allah-Təalanın dərgahında elə bir məqam var ki, ehtiyacını istəmədən və razü-niyaz etmədən həmin məqama yetişmək qeyri-mümkündür.”2
Rəvayətlərdə bəladan qabaq, bolluq və rahatlıq zamanı, həmçinin xəsətliklərdən, müşküllərdən sonra dua edilməsi çox sifariş edilmişdir.
Dua edərkən əllərin yuxarı qaldırılması müstəhəb sayılır. Belə ki, Peyğəmbərimizdən (səllallahu əleyhi və alihi və səlləm) nəql olunan hədislərin birində belə buyurulur: “Namaz qıldığınız zaman qunut tutarkən əllərinizi yuxarı qaldırın!”3
İbn Fəhəd Hilli, Kəfəmi, İbn Tavus (Allah onlardan razı olsun) və s. rəbbani4 alimlərin razü-niyaz barəsində buyurduqları kəlamları kənara qoyub, nisbətən mənəviyyata yer verən və həqiqəti az da olsa dərk edən təcrübi elmlərə yiyələnmiş filosof və alimlərin nəzərlərinə toxunmaq istərdik.
Fiziologiya sahəsində məşhur alimlərindən olan Aleksis Karl razü-niyaz haqqında bir məqalə yazıb dərc etmişdir. Bir daha höccəti tamamlamaq üçün qərbə meyl göstərən və avropa düşüncə tərzini üstün tutan şəxslərə həmin məqalənin xülasəsini təqdim edirik. Belə şəxslər ağıla gəlib duanın, razü-niyazın, təvəssülün, Allahla rabitənin xurafat və irtica olmaması barəsində düşünməlidirlər. Çünki, duanın xariquladə təsiri dinsizlər üçün inanılmaz və mahal, dindarlar üçün isə gündəlik müşahidə olunan həqiqətlər sırasında durur. Allaha etiqadı olan qərbin bəzi alimləri bu təsiri hiss və etiraf etmişlər.
ALEKSİS KARL1 NƏ DEYİR?
Karl deyir: “Düşünürəm ki, razü-niyaz insanın ruhuna qanad verməklə onu qeyri-maddi bir aləmə, Allaha doğru aparır”
Bu alimin sözlərinə diqqət etdikdə əziz Peyğəmbərimizin (səllallahu əleyhi və alihi və səlləm) məşhur hədisi yada düşür. O həzrət buyurur:
“Namaz möminin meracıdır.” (Merac, mənəvi aləmə yüksəliş mənasındadır). Bu hədisə əsasən namaz və duanın razü-niyaz olması bir daha aydınlaşır.
Ruh aləmi təbii elmlərin xaricindədir. Necə ola bilər ki, razü-niyaz barəsində qəti bir bilik əldə edilsin? Razü-niyazın əsl həqiqəti yandırıcı bir cismi Allaha doğru cəzb edən irfani haldan ibarətdir.
Aleksis Karl sözünün davamında deyir: “Elə ki, razü-niyaz araya gəlir, bəyan və təfəkkür məktəbi onun qarşısında aciz qalır.”
Dostları ilə paylaş: |