Akif Əli Yazıçılar Birliyində baş verənlərə görə özünün vaxtilə haqlı olduğunu iddia edir
“Bu fakt beş il əvvəl mənim üzvlükdən çıxarılmağımın qərəzli olduğunu tam təsdiqləyir”
Tanınmış yazıçı-publisist Akif Əli adyazar.az saytına müsahibə verib. A.Əli müsahibəsində çağdaş ədəbiyyat, onun istiqamətləri, ədəbiyyatda olan istedadlı imza sahibləri, o cümlədən də, illərdir ki, soyuq münasibətdə olduqları Azərbaycan Yazıçılar Birliyi haqqında fikirlərini bildirib. Yazıçının diqqət çəkən cavablarından biri onun yenidən Yazıçılar Birliyinə üzv olub-olmamaq istəyilə bağlıdır. Şayt əməkdaşının sualına cavab olaraq, yazıçı bildirib ki, bu təşkilatın onun üçün heç bir əhəmiyyəti yoxdur:
“…Artıq dediyim kimi, mənimçün bu təşkilatın nəinki üzvlük biletinin, heç bütövlükdə özünün bir əhəmiyyəti qalmayıb. Mən üzvlükdən çıxarılan nə birinciyəm, nə də axırıncı. Məlumdur ki, öz sözünü açıq deyən müasir düşüncəli qələm adamlarına heç vaxt bolşevizm ruhlu sovet təfəkkürünün, iş üslub və metodlarının qaldığı o məkanda yer olmayıb.
Bu gün artıq ölkəmiz tam sərbəstdir, müstəqildir, demokratik təsisatlar öz ritmində çalışır və hər kəs öz fikrini bildirməkdə, hansısa mütərəqqi ideyanı cəmiyyətə təqdim etməkdə sərbəstdir. Yəni bunun üçün, sosializmdə olduğu kimi, hansısa sosial (ictimai) təşkilatın zəmanətinə ehtiyac yoxdur. Əvvəllər hətta DOŞAAF-ın üzvlük “knijkası” da adamlara üstünlük verdiyi halda, indi belə tələblər yoxdur. Kiminsə yaradıcılıq fəaliyyətinin mahiyyəti üçün harasa üzv olub-olmamaq təsir və əhəmiyyət kəsb etmir. O cümlədən də 75 illiyini fəxrlə car çəkən AYB-yə.
Yeri gəlmişkən, paradoksa baxın ki, qəzetlərin “AYB-75″ rubrikası altında dərc etdiyi materialların əksəriyyətində repressiya illərindən bəhs olunur, bu təşkilat daxilində baş verən və ədəbiyyata dəxli olmayan iyrənc əməllərdən yazılır, əzəl başdan o quruma rəhbərlik etmiş şəxslərin portret-oçerkləri yaradıcılıq fonunda yox, vəhşi repressiyalar kontekstində oxucuya təqdim olunur.
Yəni bu qurumun əsas tarixi haqsızlıq-insafsızlıq, satqınlıq, donos, qırğın, sürgün, ölüm-itim hadisələrilə zəngindir. Onun divarları arasında pisniyyətlilər tərəfindən istedadlı ədiblərin pisikdirilməsi, qansızlar tərəfindən qanının içilməsi, ürəksizlər tərəfindən ürəklərinin partladılması, xəstə təfəkkürlülər tərəfindən ağır xəstələndirilməsi, çuğulçu miskinlər tərəfindən dahilərin sürgünlərə sürdürülməsi, çürük əqidəlilər tərəfindən türmələrdə çürüdülməsi, saxta üzəgülənlər tərəfindən güllələnmə hökmünə ürcah edilməsi… kimi iblisanə əməllərdən, tükürpədici hadisələrdən başqa müasir oxucuya təqdim ediləcək maraqlı heç nə tapılmır. Və tapılmırsa, o zaman qurumun yubileyində nələrdən danışılacaq, nələri öyüb, nələrlə öyünəcəklər? Bu da az maraqlı deyil!”
A.Əlinin sözlərinə görə, bu günlərdə mətbuatda oxuyur ki, vaxtilə onun üzvlükdən çıxarılmağıma həvəslə əl qaldırıb imza atan katiblərdən biri indi AYB-yə “yeni düşüncənin, yeni təfəkkürün gəlməsi” naminə dəyişikliyi vacib sayır: “… Dövlət büdcəsindən maliyyələşməni nəinki etiraf edir, hətta “Ədəbiyyat qəzeti”nə ayrılan 200 000 manat pulun haraya (havaya?!) sovrulduğunu iddia edərək, qəzet rəhbərliyinin hesab verməsini, işdən çıxarılmasını, oraya gənclərin gətirilməsini və s. arzulayır… Bəs mən nə istəyirdim?! Bu fakt beş il öncə mənim üzvlükdən çıxarılmağımın tam qərəzli və səhv addım olduğu anlamına gəlir. Axı, onlar mənim də məhz “yeni düşüncə, yeni təfəkkür” arzusu ilə yazdığım tənqidi iradlara dözməyərək bu addımı atmışdılar və yazdıqları qərarda bəhanə kimi Akif Əlinin guya “vəzifədən sui-istifadə edərək (?) ələ keçirdiyi (?) rəqəmləri mətbuata ötürməsi” (?) kimi sərsəm bir formulirovka vermişdilər. İndi güman edirəm, mənim dediklərimin üstünə gəlib öz səhvlərini etiraf etməyə, hətta büdcə konusunda açıq-aşkar danışmağa (“Dövlət ədəbiyyata bir milyon manat pul ayırır. Biz də o pulu xərcləyirik. Bundan sizə nə?”), onun israfına səbəb olanların cəzalandırılmasını tələb etməyə cəsarəti çatmış AYB-çi katib haçansa daha bir qədər də irəli getsə (yəni məsələn, sədr olsa), məntiqlə, növbəti addımı, yəqin ki, barəmdə çıxartdıqları səhv qərarın ləğvi… və AYB binasındakı tabloda üzü günəşə doğru gedən repressiya qurbanlarının cərgəsində mənim də portretimin asılması barədə yeni bir qərar olar”.
Bu gün postsovet məkanında, o cümlədən də Moskvada yazıçılar birliklərinin sıradan çıxdığını qeyd edən A.Əli bizdə də bu tendensiyanın davam etdirilməsinin vacibliyini vurğulayır: “Bu dünyada hər şey axır, hər şey dəyişir. Nəinki postsovet məkanında, hətta o yaraşıqlı “məhsulu istehsal etmiş” Moskvanın özündə belə, totalitarizmin əlaməti olaraq, Yazıçılar İttifaqı kimi absurd qurumlar özünü çoxdan buraxıb.
Hətta cürbəcür köhnə nazirlik, komitə və baş idarələr də ləğv olunub. İndi hər respublikada demokratik düzənə uyğun rəsmi qeydiyyatdan keçmiş bir neçə müstəqil yaradıcılıq qurumu var. Mədəniyyətin mühüm qollarından biri olan ədəbiyyatın inkişafına, ədəbi istedadların üzə çıxarılaraq yetişdirilməsinə isə dövlət qayğısını əks etdirən yardım paketi şəffaflığın təmin olunması məqsədilə elə dövlətin öz icra strukturları vasitəsilə, əsasən də mədəniyyət, təhsil, gənclər təsisatları xəttilə icraya yönəldilir”.
A.Əli deyib ki, başqa bir yandan, hamıya bəllidir ki, öncül ictimai qurum imicinə iddialı AYB, əsasən ictimai fikrin önündə yox, arxasınca sürünüb: “Səxsi maraqlar və təmənnalar zəminində onun səhv addımlar atmasına dair faktlar cəmiyyətdə və mətbuatda kifayət qədər deyilib, yayılıb.
Hələ repressiya illərindən, sovet dövrünün müxtəlif dönəmlərindən, “dissidentlərin ifşası” aksiyalarından başlamış, ta Ermənistandan gələn ilk qaçqın dalğasına münasibətə, 1990-cı ilin Yanvar hadisələrində qara yumora çevrilmiş “partbilet” əhvalatına, müstəqillik uğrunda xalq hərəkatının ağır məqamlarındakı passivliyə və həlledici anlarda qaçıb gizlənmə hallarınadək bir sıra olaylar zaman-zaman ictimaiyyətin müzakirə mövzusu olub, qəzetdə yazılıb.
Mən bunları təkrar qabartmaq istəmirəm… Amma son dövrlərin ictimai hadisələrində də bu ictimai qurumun ictimai rəylə uzlaşmayan mövqeyi görünüb…”
——————————–
İradə SARIYEVA
Dostları ilə paylaş: |