169-cu xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. O Həzrət Bəsrənin yaxınlığına çatanda, həmin diyarın əhalisinin bir dəstəsi onun yanına bir ərəb göndərdilər ki, onlar üçün o Həzrətlə Aişənin ətrafındakıların vəziyyətləri barəsindəki həqiqətləri öyrənərək aydınlaşdırsın (ki, onların bu müharibəni etmək haqları var, ya yox?) və beləliklə, əhalinin şəkk-şübhə və tərəddüdləri aradan qalxsın. Əmirəl-möminin əleyhis-salam da özünün onlarla olan rəftarını bəyan etdi. Bununla da həmin şəxs o Həzrətin haqq olmasını (və Cəməl əhlinin batil və nahaq olmalarını) başa düşdü. (Dəlil-sübutdan) sonra (İmam əleyhis-salam) ona buyurdu: Bey’ət et. Həmin şəxs dedi: Mən bir dəstənin elçisiyəm və onların yanına qayıdana (və məsləhətləşənə) kimi özbaşına bir iş görmərəm. İmam əleyhis-salam buyurdu:
Bax (de görüm), əgər tərəfindən mənim yanıma gəldiyin kəslər, səni onlar üçün yağış yağmış (ot və suyu olan) bir yer tapmaq üçün qabağa göndərsələr və sən onların yanına qayıdıb ot və su (tapdığın yer) barəsində xəbər versən, amma onlar sənə tabe olmayıb otsuz-susuz yerdə oturaq salsalar, nə edərsən? Həmin şəxs dedi: Mən onları buraxıb müxalifət edərək otu və suyu olan yerə gedərəm. İmam əleyhis-salam buyurdu: Onda (mənimlə bey’ət etmək üçün) əlini uzat.1 Həmin şəxs dedi: And olsun Allaha ki, mənə hərtərəfli dəlil gətirildiyi üçün bey’ətdən üz döndərə bilmədim və beləliklə, İmam əleyhis-salamla bey’ət etdim. (Bəli, öyüd-nəsihət və haqq söz hidayət və nicat tapmağa layiq olan kəsə mütləq öz təsirini göstərir. Seyyid Rəzi deyir: Hədis və tarix kitablarında Bəni-Cərm ibn Zəban ibn Hülvan qəbiləsinə mənsub) həmin şəxs Kuləyb Cərmi adı ilə tanınır.
170-ci xütbə
İmam Əli əleyhis-salamın Siffeyndə Şam əhli ilə qarşılaşmaq (müharibə etmək) qərarına gəldiyi zaman buyurduğu kəlamlarındandır.
(Bəndə hər halda-aşkar və gizlin, pis və yaxşı, çətin və rahat halların hamısında Allah-təalaya üz tutaraq dua etməlidir. Çünki istər mövcud, istərsə də ehtimal edilən zərərin dəf edilməsi həm ağıl, həm də təcrübə baxımından vacibdir. Dua zərər-ziyanı dəf edən, uzaqlaşdıran bir amildir. Bütün bunlara görə İmam əleyhis-salam halların ən çətini olan müharibə, qan axıdılması və düşmənlə qarşılaşmaq zamanında tək olan Allaha belə üz tutur:)
Allahım! Ey uca göyün və həmçinin gecə ilə gündüzün dolanma, günəşlə ayın seyr etmə və fırlanan ulduzların gəl-get yeri etdiyin və sakinlərini Sənə ibadət və bəndəlikdə yorulmayan bir dəstə mələk etdiyin saxlanılan səmanın Rəbbi! Ey insanların qərar tutma məkanı və həşərat, dördayaqlılar, göz ilə görünənlər və (çox kiçik olduğundan) göz ilə görünməyən saysız-hesabsız varlıqların get-gəl yeri etdiyin bu yerin Rəbbi! Ey yerin (hərəkət və tərpənməkdən qorunması üçün onun) mismarları və (mənbə, bitki və digər faydalarından istifadə etmələri üçün) yaranmışların söykənəcəyi etdiyin möhkəm dağların Rəbbi! (Ey qadir Allah, Səndən istəyirəm ki:) Əgər bizi düşmənlərimizə qalib etsən, zülmkarlığı bizdən uzaq et və bizi haqq və düzlükdə möhkəmləndir! Əgər düşmənlərimizi bizə hakim etsən, şəhidliyi bizim ruzimiz edərək bizi fitnə-fəsaddan qoru! (Sonra öz səhabələrini düşmənlərlə döyüşə həvəsləndirərək buyurur:)
Haradadır kişiyə lazım olan şeyi qorumaq üçün düşmənin qarşısını alan? Haradadır çətinliklər zamanı bağlı olduğu şeyə riayət edən qeyrətli? (Əgər döyüşdən üz çevirsəniz) ar arxanızdadır (qaçmağınızı eşidən hər bir kəs sizi məzəmmət edəcək) və (əgər Allah yolunda din düşmənləri ilə cihad etsəniz) Cənnət qarşınızdadır (yeriniz əbədi Cənnətdir)!
171- ci xütbə
İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın bəzi sifətləri barəsindəki) xütbələrindəndir.
Şükr olsun o Allaha ki, göylə yer Ondan başqa bir göy və yeri gizlətmir.1
Bu da həmin xütbənin (o Həzrətin Ömərin özündən sonra yaradılması göstərişini verdiyi şuranın üzvlərindən biri ilə söhbəti barəsindəki) bir hissəsidir
Bir nəfər (Sə’d ibn Əbi Vəqqas) mənə dedi: Ey Əbu Talibin oğlu, sən xilafətə hərissən! Dedim: Allaha and olsun ki, siz daha həris və (xəlifəlik ləyaqətindən və ya Peyğəmbərdən) daha uzaqsınız. Mən isə (xilafətə) daha layiq və (mənsub olma baxımından Allahın Peyğəmbərinə) daha yaxınam. Mən öz haqqımı tələb edirəm və siz mənimlə onun arasında maneçilik yaradırsınız. Nə vaxt onu almaq istəyirəmsə, üzümü döndərirsiniz (öz haqqıma çatmağa qoymursunuz). Beləliklə, orda olanların hüzurunda dəlil-sübutu onun qulağına çırpdıqdan (cavabını dəlil ilə verdikdən) sonra ayılaraq (qəflət yuxusundan) oyandı. Elə çaş-baş qaldı ki, mənə nə cavab verəcəyini bilmədi. (İmam əleyhis-salam sonra Allaha şikayət edərək belə deyir:)
Allahım! Qüreyş və onlara kömək edənlərə qarşı Səndən kömək istəyirəm (ki, onlardan intiqam alasan). Çünki onlar mənim qohumluq əlaqələrimi kəsdilər (mənim Allahın Peyğəmbəri ilə olan qohumluğumu nəzərə almadılar), mənim məqam və dərəcəmin böyüklüyünü kiçik saydılar (məni özləri ilə bir dərəcədə hesab etdilər) və mənə məxsus xilafət məsələsində mənimlə düşmənçilik etmək üçün birləşdilər. Bundan sonra dedilər: Bil ki, sənin aldığın da haqdır, tərk etdiyin də! (İddia edirdilər ki, haqq onların əlindədir və mənim onu almağımla tərk edərək haqqımdan vaz keçməyim birdir. Kaş ki, aldıqlarının mənim haqqım olmasını etiraf edəydilər. Onda onun müsibət və çətinliyinə dözmək daha asan olardı.)
Bu da həmin xütbənin Cəməl yoldaşları (Təlhə, Zübeyr və onların tərəfdarları) barəsindəki bir hissəsidir
(Təlhə ilə Zübeyr Əmirəl-möminin əleyhis-salamla bey’ətlərini pozub müxalifət etmək fikrinə düşdükdən sonra həcc bəhanəsi ilə Mədinədən Məkkəyə getdilər.) Sonra (Aişəni böyük bir qoşunla birgə Məkkədən götürərək) hərəkət etdilər və Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) zövcəsini (Aişəni, satıcılar) kənizi alan zaman (ora-bura) çəkdikləri kimi çəkirdilər (bir şəhərdən digər şəhərə aparırdılar). Onunla birlikdə Bəsrəyə tərəf getdilər.1 (Xülasə, Təlhə ilə Zübeyr) öz arvadlarını evlərində qoydular. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) evdə qoyduğunu isə özlərinə və başqalarına göstərdilər. Elə bir qoşunun içində ki, aralarındakıların hər biri mənə itaət etmək və tabe olmağı öz öhdəsinə götürmüş və məcburi deyil, könüllü şəkildə mənimlə bey’ət etmişdi.2 Beləliklə, mənim Bəsrədəki məmur və icraçımın (Osman ibn Hüneyfin), müsəlmanların beytülmallarının xəzinədarlarının və həmin diyardan olan digərlərinin yanına getdilər. Bir dəstəni səbrlə öldürdülər (zindanda saxladılar və ya o qədər döyüb incitdilər ki, nəhayət öldü). Bir dəstəni hiylə və kələklə şəhid etdilər.1 (Odur ki, İmam əleyhis-salam Cəməl yoldaşlarının zülm və haqsızlıqlarına görə buyurmuşdur:) And olsun Allaha, əgər müsəlmanlardan (hətta) bir nəfəri ələ keçirib onu heç bir günahı olmadan, bilərəkdən öldürsəydilər, həmin qoşunun hamısını öldürmək mənə halal olardı. Çünki həmin qoşun orda olub və nəhy əz münkər edərək pis iş görməkdən (günahsız müsəlmanı öldürməkdən) çəkindirməyib və onun (yer üzündə fitnə-fəsad törətmək və mənimlə müharibə etmək qəsdi ilə ki, bu həm də Allah və Peyğəmbərlə müharibə etmək kimidir) öldürülməsinin qarşısını nə dil, nə də əl ilə almayıb. (Bir nəfər günahsız müsəlmanın öldürülməsi müqabilində həmin qoşunun hamısını öldürməyin halal olması məsələsini) burax! (Onların hamısını öldürmək həm də bu cəhətdən halaldır ki,) onlar müsəlmanlardan qoşunların daxil olanının sayı qədər öldürüblər. (Buna görə də həmin qoşunun hamısını öldürmək lazımdır.)
Dostları ilə paylaş: |