Bu da həmin xütbənin (zühuru gözlənilən İmam -əccələllahu təala fərəcəh - barəsindəki) bir hissəsidir
(İmami-Zaman əleyhis-salam) hikmət (şeylərın həqiqətləri barəsindəki elm, zahidlik və ibadət) qalxanını geyinib və onu ona üz tutmaq, tanımaq və özünü (dünyaya bağlılıqdan) azad etmək kimi şərtləri ilə mənimsəyib. Hikmət o Həzrətin axtardığı itik və istədiyi arzudur.1 O Həzrət (fitnə-fəsad çoxalaraq) İslam qərib (zəif) düşəndə və (dəvə əzab-əziyyət görən zaman etdiyi kimi) öz quyruğunu tərpədərək boğazının qabağını yerə qoyanda gözlərdən uzaqlaşaraq bir guşəyə çəkilər.2 O Həzrət Allahın dəlilinin qalanlarının (hidayət və nicat İmamları əleyhimus-salamın) yerdə qalanı və peyğəmbərlərin canişinlərinin canişinidir. («اللّهُمَّ أَظْهِرْ بِهِ الْعَدْلَ وَ أَيِّدْهُ بِالنَّصْرِ وَانْصُرْ ناصِرِيهِ وَ اخْذُلْ خاذِلِيهِ وَ اقْصِمْ قاصِمِيهِ وَ اقْصِمْ بِهِ جَبابِرَةَ الكُفْرِ وَ اقْتُلْ بِهِ الكُفّارَ وَالْمُنافِقِينَ وَ جَمِيعَ الْمُلْحِدِينَ امِينَ يا أَرْحَمَ الرّاحِمينَ «Allahım! Onun vasitəsi ilə ədaləti bərqərar et. Onu Öz köməyinlə gücləndir. Ona kömək edənə kömək et və onu köməksiz qoyanı köməksiz qoy. Onu sındıranları sındır. Onun vasitəsi ilə küfr zülmkarlarını məhv et. Onun əli ilə kafirləri, münafiqləri və bütün dinsizləri öldür. Amin, ey rəhimlilərin ən rəhimlisi!»)
İmam əleyhis-salam sonra buyurdu:
Camaat! Mən sizə peyğəmbərlərin öz ümmətlərinə verdikləri öyüdləri verdim. Vəsi və canişinlərin peyğəmbərlərdən sonrakılarla davranışda etdiklərini (mülayimlik və mehribanlığı) sizinlə etdim. Sizi öz (öyüd-nəsihət) qamçımla ədəbləndirdim, düz yola gəlmədiniz. Sizi qorxutmaq vasitəsi ilə (haqq yola) sövq etdim, toplaşmadınız (mənə tabe olmadınız)!!
Əcriniz Allah yanında! Gözləyirsiniz ki, məndən başqa bir İmam gəlib sizi yola gətirərək doğru yol göstərsin?!
Bilin! Dünyanın üz tutanı arxa çevirdi və arxa çevirəni üz tutdu. (Haqq İmama tabe olmamaq nəticəsində dünyanın yaxşılığı arxa çevirdi və onun pisliyi, yəni, cahiliyyət dövrünün əməli meydana çıxdı.) Allahın yaxşı işlər görən bəndələri köç etmək (dünyadan getmək) qərarına gəldilər və dünyanın davamlı olmayan azını axirətin fani olmayan çoxuna satdılar (dəyişdilər və onun qəm-qüssəsindən nicat tapdılar. Deyəsən İmam əleyhis-salamın bu cümlədən məqsədi özünün şəhid edilməsindən xəbər verməkdir). Qanları Siffeyn müharibəsində tökülən qardaşlarımız (dindaşlarımız) bu gün diri olmayıb qəm-qüssə çəkib bulanıq su içməməklə (bu dövrün çətinliklərini görməməklə) nə ziyan ediblər?! (Xülasə, dünyadan köçüb belə bir günü görməyənlərin xoş halına!) Allaha and olsun ki, onlar Allahı (Onun rəhmini) əldə etdilər. Allah da onların əməllərinin mükafatını verdi və (dünyada olan) qorxu və vahimədən sonra onları qorxusuz və rahat evdə yerləşdirdi. Haradadırlar mənim haqq yolu öz minikləri etmiş və (ömürlərini) düzlük və doğruluqla (sona çatdırıb) köçmüş qardaşlarım? Haradadır Əmmar (ibn Yasir)? (O, doxsandan yuxarı yaş ilə Siffeyn müharibəsində şəhid edilib.) Haradadır (Əbulhəysəm Malik) ibn Təyhan? Haradadır Zuşşəhadəteyn?1 Haradadır onların qardaşlarının (dindaşlarının) onlar kimiləri (İbn Bədil, Haşim ibn Utbə və digərləri) ki, (hamısı Siffeyn müharibəsində şəhid oldular və) bir-birləri ilə ölüm (haqq yolda şəhid olmaq) barəsində əhd bağladılar və başları (öldürüldükdən sonra) günahkarlara (Müaviyə və tərəfdarlarına) göndərildi?
Nauf deyir: İmam əleyhis-salam bu sözdən sonra əlini mübarək saqqalına vuraraq çox ağladı və buyurdu:
Heyf və əfsus, o qardaşlarım (dindaşlarım) üçün ki, Qur’anı oxuyaraq onu möhkəm bildilər (möhtərəm saydılar), vacib olan şeydə düşünərək onu bərqərar etdilər (onun əsasında davrandılar), sünnəni dirildərək bid’əti məhv etdilər, cihada çağırılanda (onu) qəbul etdilər və başçıya inanaraq ona tabe oldular. Sonra uca səslə (belə) fəryad qopardı:
Ey Allahın bəndələri, cihad, cihad! Bilin ki, mən elə bu gün qoşun hazırlayacağam. Kim Allaha tərəf getmək istəyirsə, gərək getsin.
Nauf deyir: Bundan sonra Hüseyn əleyhis-salamı on min nəfərlik qoşuna, Qeys ibn Sə’di on min nəfərə, Əbu Əyyub Ənsarini on min nəfərə və onlardan başqalarını da başqa sayda qoşunlara əmir və başçı təyin etdi. Həzrət (Şam əhli ilə vuruşmaq üçün) Siffeynə qayıtmaq istəyirdi. Beləliklə, hələ cümə günü gəlib çatmamışdı ki, İbn Mülcəm məl’un (Allah ona lə’nət etsin) o Həzrəti zərbətlədi. Buna görə də qoşunlar geri qayıtdılar. Biz öz çobanını itirmiş və hər bir tərəfdən canavarların oğurladıqları qoyunlar kimi idik.1
182- ci xütbə
İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) xütbələrindəndir.
Şükr o Allaha layiqdir ki, (göz ilə nişanə və əlamətləri) görünmədən tanınıb və əziyyət çəkmədən (və alət və vasitələrsiz yaranmışların) yaradan(ı)dır. Varlıqları güc və qüdrəti ilə yaradıb və böyüklük və üstünlüyü ilə itaətsizlik və ağalıq edənlərdən itaət və bəndəlik etmələrini tələb edib. (Çünki Onun qarşısında hər bir böyük kiçikdir. Buna görə də təvazökarlıq və itaətkarlığı əmr edib.) O, Öz bəxşişi ilə böyüklərin ağa və böyüyüdür. Yaratdıqlarını dünyada yerləşdirən və (hikmət və mərhəmətinə əsasən) peyğəmbərlərini (hidayət etmək üçün bir-birinin ardınca) cin və insanlara tərəf göndərən Allah Odur. (Peyğəmbərləri göndərdi) ki, onlar (insan və cinlər) üçün dünyanın (nadanlıq və azğınlıq) pərdəsini aradan qaldırsınlar, onları dünyanın pislik və çətinliklərindən qorxutsunlar (xəbərdar etsinlər), onlar üçün onun (dünyanın vəfasızlığı) barəsində məsəllər çəksinlər (hekayətləri açıqlasınlar ki, onlar dünyaya aldanıb vurulmaqdan nicat tapsınlar), onları onun (dünyanın) eyb və çatışmazlıqlarından xəbərdar etsinlər və onlar (günah və itaətsizliyin ziyanından) xəbərsiz və qafil olan zaman onların vasitəsi ilə ibrət götürəcəkləri (ayılaraq özlərinə gələcəkləri) sözü - sağlamlıq, rahatlıq, xəstəlik və çətinlik kimi halların dəyişəcəyini, onun halal və haramını (bu yollarla qazanılması), itaətkarlar üçün Cənnət və möhtərəmlik, günahkarlar üçün isə od və xarlıq hazırlanmasını xatırlatsınlar.
Allaha üz tutub bəndələrinə əmr etdiyi şəkildə şükr edirəm. Hər bir şey üçün miqdar və ölçü, hər bir ölçü üçün müddət və hər bir müddət üçün yazı müəyyənləşdirib (ki, onda dəyişiklik ola bilməz).
Dostları ilə paylaş: |