Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə9/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   5   6   7   8   9   10   11   12   ...   87

32-ci xütbə
İmam Əli əleyhis-salamın (öz zəmanəsinin əhlindən şikayət etdiyi) xütbələrindəndir.

Ey camaat, (əhalisi) zülmkar və nemətə küfran edən, yaxşı əməl sahibinin pis sanıldığı və zalımın öz zülmünü artırdığı bir rüzigarda sabahı açdıq (qərar tapdıq). Bildiyimizdən bəhrələnmirik (bildiyimizə əməl etmirik), bilmədiyimizi də soruşmuruq və (nadanlıq təkəbbürün təsirindən) bizə yetişənə qədər böyük bəladan qorxmuruq. Deməli, (bədbəxtliyə çarəsizliyə mübtəla olana qədər öz işimizin sonunu düşünmürük. Bu zəmanədə) insanların dörd sinfi var: birinci qism insanları çarəsizlik, qılıncının kütlüyü və mal-dövlətinin azlığından başqa heç nə fitnə-fəsaddan çəkindirməz. İkinci qism qılıncını qınından sıyırıb öz şərini aşkar edərək, piyada və süvarilərini (qoşununu) toplayaraq, özünü fitnə-fəsada hazırlayıb və qənimət olaraq oğurladığı mala və ya (təkəbbür böyüklüyünü izhar etmək üçün) ardınca gedən süvarilərə, yaxud da (xalqa öz rəhbərliyini göstərmək üçün) çıxmaq istədiyi minbərə görə dinini zay edəndir (əldən verəndir). Özünü və Allahın sənin üçün yaratdığı Cənnəti satıb, onun qiymətinə dünyanı almaq uğursuz ticarətdir. Üçüncü qismi axirət əməli ilə (özünü abid bəndə kimi göstərməklə) dünyanı, dünya əməli (həqiqi zöhd, təqva ibadət) ilə axirəti istəməyən, özünü vüqarlı və mətanətli göstərən (pərhizkarlar tək özünü təvazökar aparan) addımlarını bir-birinə yaxın atan (əziyyətsiz adamlar kimi yol gedəndə asta-asta addımlayan)(ibadət bəndəlik üçün) paltarının ətəklərini yığib tam sürətlə yol gedən, özünü mötəbər və əmin tanıtmaq üçün (camaat arasında zöhd təqvayla) bəzənən, Allahın pərdəsini (din şəriətin yolunu) günah vasitəsinə çevirəndir.1 Dördüncü qism həqarətinə, alçaqlığına və hakimiyyətə çatmaq üçün vasitəyə malik olmadığına görə xanənişin olandır. Öz arzularına əli çatmadığından özünü qaldığı vəziyyətə qane olan kimi göstərər. Nə gecələr sakitləşən daxilində, nə də gündüzləri keçirdiyi zahirində (heç vaxt) qənaət və zöhd əhli olmadığı halda, özünü zöhd və təqva əhlinin libası ilə bəzəyər. Qalan bir neçə kişi də Qiyamət gününü xatırlatmaq onların gözlərini (dünyanın ləzzətinə) yummuşdur, o günün qorxusundan gözlərindən yaş axır. Bəziləri qovulmuş və hürküdülmüşdür2 bir dəstəsi qorxaq və xar, bəziləri isə sakit və dilləri bağlı qalıblar (haqqı aşkar edə bilmirlər). Bəziləri də ixlas və doğruluqla (xalqı doğru yola) dəvət edir ( ya Allahı ixlasla çağırır, bağışlanmalarını diləyirdilər), başqa bir dəstə isə (zülmkarların sitəminin təsirindən) qəmgin və incikdir. Təqiyyə və (düşməndən) gizlənmək onları itirib-batırmış (belə ki, heç kəs onları tanımır), başdan başa zəlalət və xarlıq onları bürümüşdür. Deməli, onlar şor dənizdə batmışlar, ağızları bağlı, ürəkləri isə yaralıdır. Özləri incik düşənə qədər (çünki onların sözlərinə qulaq asmır, onları saymırdılar) camaata öyüd-nəsihət verdilər. Məğlubiyyətin təsirindən zəlil və xar olub öldürüldülər və beləliklə, azaldılar. (Əcdadlarınızla belə rəftar etmiş) dünya sizin nəzərinizdə (səhrada bitən yarpağından dabbaqlıqda istifadə olunan) səlm ağacının yarpağının qurusundan, (qoyun bu kimi heyvanların yununu qırxılmasından sonra) qırxımdan qalan tullantıdan da dəyərsiz olmalıdır. Gələcək nəsillər sizlərin halından ibrət almamış (köçüb gedən əməllərinin cəzasına çatan) əcdadlarınızın halından ibrət alın (tənbeh olunun). Bu pislənmiş və bəyənilməyən dünyadan əl çəkin. Çünki dünya onu sizlərdən daha artıq sevənlərə vəfa etməmişdir. (Seyyid Rəzi buyurur:)

Deyirəm: Hansısa bir nadan bu xütbəni Müaviyənin adına çıxmışdır. Bu xütbənin Əmirəl-möminin əleyhis-salamın sözləri olmasına heç bir şübhə yoxdur. Qızıl torpaqla, şirin su şor su ilə necə bərabər ola bilər? Bu sözün doğruluğunu mahir yol göstərən və gözüaçıq bəsirətli birisi – Əmr ibn Bəhr Cahiz sübut etmiş və aydınlaşdırmışdır. O, bu xütbəni «بيان و تبيين» kitabında bəyan etmiş, onu Müaviyənin adına çıxanın da adını göstərdikdən sonra demişdir: «Bu xütbə Əli əleyhis-salamın sözlərinə daha çox bənzəyir. İnsanların bölgüsü, onların sifətlərinin təsnifatı, məğlubiyyət, zəlillik, təqiyyə və xof kimi vəziyyətlərinin təsviri o Həzrətin üslubuna daha layiqdir». (Elə həmin kitabda) qeyd edir: «Biz Müaviyənin öz sözlərində zahidlərin yolunu tutduğunu, Allahın bəndələri kimi rəftar etdiklərini harada görmüşük?».


33-cü xütbə
İmam Əli əleyhis-salamın Bəsrə camaatı ilə müharibəyə (Cəməl müharibəsinə) gedərkən buyurduğu xütbələrindəndir.

Abdullah ibn Abbas deyir: «Zi-Qar»da (Bəsrənin yaxınlığında bir yerdir) Əmirəl-möminin əleyhis-salam ayaqqabısının cırığını tikərkən onun yanına getdim. Mənə buyurdu ki, bu ayaqqabının qiyməti nə qədərdir? Ərz etdim ki, dəyəri yoxdur. Buyurdu: «Allaha and olsun, bu ayaqqabı sizlərə rəhbərlik və əmirlik etməkdən mənim üçün daha qiymətlidir. Lakin (mən əmirliyi hakimiyyəti ona görə qəbul etdim ki,) haqqı sübut etməli, batili aradan götürməliyəm». Sonra Həzrət bayıra çıxaraq camaata bu xütbəni oxudu:



Eyb və nöqsan sifətlərdən uzaq olan Allah Həzrət Məhəmmədi (səlləllahu əleyhi alih) aralarında bir nəfər kitab oxuyanın və peyğəmbərlik iddiası edənin olmadığı ərəblərin içinə göndərdi. (Onların arasında peyğəmbər, kitab var idi.) Sonra o Həzrət, onlar öz məqamlarına çatana, rahatlığa yetişənə qədər yol göstərdi (çirkin söz əməlləri qadağan etdi)(onları) bədbəxtlikdən xilas etdi. Beləliklə, onların nizələri düzəldi (müstəqilliyə həyatlarında nizam-intizama çatdılar) və onların titrəyən böyük daşı sakitləşdi (əmniyyətsizliyə görə çəkdikləri iztirab narahatlıq aradan götürüldü). Agah olun, Allaha and olsun, mən elə insanların arasında idim ki, düşmənin bütün qoşunu arxa çevirib qaçana qədər onlar doğru yola və nicata sövq edirdilər. (İtaəti qəbul etməyib döyüşənlərlə müharibə etdim.) Mən (o vaxt) aciz qalmadım, qorxunu özümə yaxın buraxmadım. Mənim Bəsrə camaatı ilə müharibəyə getməyim Peyğəmbərlə xalqı doğru yola yönəltmək və nicat vermək üçün getdiyimiz vaxtlarda olduğu kimidir. (İndi aciz deyiləm qorxu mənə yaxın düşməz.) Haqqı onun içindən çıxarmaq üçün batili yaracam. (Mən haqqın üzə çıxması üçün öz əməlimin işığı ilə haqqı örtmüş batil zülmətini dağıdacağam.)

Mənim Qüreyşlə nə işim var? (Onların mənimlə düşmənçiliyinin səbəbi nədir?) Allaha and olsun, (onlarla müharibə etməkdən məqsədim budur ki,) kafir (müşrik bütpərəst) olduqları vaxt onlarla döyüşdüm və haqqın yolundan dönərək fitnə-fəsad yolunu tutduqları indiki vaxtda da onlarla döyüşürəm. (Deməli, bu iki dövranda onlarla döyüşməyim küfr azğınlığa görədir, yoxsa Qüreyşlə düşmənçiliyim yoxdur.) Mən dünən (Peyğəmbərin sağlığında müharibələrdə) onlara yol yoldaşı olduğum kimi (müqavimət göstərirdim) bu gün də onlarlayam.1


34-cü xütbə
İmam Əli əleyhis-salamın öz səhabələrinə Şam əhalisi ilə döyüşməyi əmr etdiyi vaxt buyurduğu xütbələrindəndir:2

Mən sizlərdən bezmişəm və narahatam. Sizi danlamaqdan əziyyət çəkirəm. Əbədi həyatın əvəzinə dünyanın müvəqqəti həyatından şadsınız? İzzət və başıucalığın yerinə rəzalət və alçaqlığa boyun əymisiniz? Sizləri düşmənlə müharibəyə çağıranda gözlərinizi döyürsünüz (həyəcanlanırsınız). Çətinliklə can verirmiş, huşsuzluqdan əziyyət çəkirmiş kimi mənimlə danışmaq üçün diliniz tutulur, qulaqlarınız bağlanır, sözlərimin müqabilində mat-məəttəl qalırsınız, elə bil ağlınızı itirib dəli olmusunuz (doğru yolu səhv yoldan, yaxşını pisdən, izzəti zillətdən seçə bilmirsiniz) və başa düşmürsünüz. Heç vaxt sizlərdən əmin olmadım və sizləri düz əməl sahibləri saymadım (sizə etimad etmədim indi inanmıram). Nə (düşməni dəf etmək üçün) meyl salınası ordu, nə də ehtiyac duyulası güclü dostlarsınız. Siz, bir tərəfdən yığdıqda, digər tərəfdən dağılan sarvansız dəvələr kimisiniz. Allaha and olsun, siz müharibə atəşini alovlandırmaq üçün pis camaatsınız. (Çünki) Sizə qarşı hiylə və məkr işlədirlər, siz isə hiylə işlətmirsiniz. Sizin şəhərləri tuturlar, siz isə qəzəblənmirsiniz (müdafiə olunmağı düşünmürsünüz). Düşmən yuxulamır, sizi isə qəflət yuxusu aparıb və unutqansınız. Allaha and olsun, (düşmənin irəliləməsinin qarşısını almaq üçün) bir-biri ilə yoldaşlıq etməyənlər məğlubdurlar. Allaha and olsun, güman edirəm ki, müharibə şiddətlənsə və ölüm, qətl atəşi alovlansa, sizlər baş bədəndən ayrılan kimi Əbu Talibin oğlundan (onun yanından) ayrılarsınız. (Belə xof qorxaqlığınızla ikinci dəfə mənim ətrafıma yığışmağınız mümkün deyil.) Allaha and olsun ki, ətini sümükdə heç nə qalmayana qədər gəmirən, sümüyünü sındıran və dərisini soyacaq həddə düşməni özünə hakim kəsən (yəni, onun varlığını, canını, malını, arvad-uşağını ələ keçirən düşmənin qarşısını almayan) kimsənin acizliyi və qeyrətsizliyi hədsiz, ürəyi və ya onun sinə tərəfdən ürəyini əhatə edənləri zəifdir. Ey eşidən, sən də acizlikdə və qeyrətsizlikdə bu kişi kimi olmaq istəyirsənsə, ol. Amma mən, and olsun Allaha, düşmənə bu fürsət və imkanı verməzdən əvvəl Məşrəfi qılınclarla (Məşarif bu qılıncların hazırlandığı kəndin adıdır) onu elə vuracağam ki, başının sümüyünün xıncımları göyə sovrulsun və qolları, qıçları kəsilsin. Mənim səylərimdən sonra fəth və qələbənin ixtiyarı Allahın əlindədir.

Ey camaat! Mənim sizin üstünüzdə, sizin də mənim üstümdə haqqınız var: Sizin mənim üstümdə olan haqqınız sizə nəsihət vermək (bəyənilmiş əxlaqa təşviq etmək nalayiq söz əməllərdən çəkindirmək), qənimət və hüquqları bütünlüklə (israf edilməyə qoymadan, müsəlmanların beytülmalından) sizə çatdırmaq, nadan qalmamanız üçün (kitab sünnədən bilmədiklərinizi) sizlərə öyrətmək, öyrənənə qədər də (şəriət qaydalarını öyrənib ona uyğun rəftar etməniz üçün) tərbiyə etməkdir. Mənim sizin üzərinizdə olan haqqım isə bey’əti saxlamanız, gizlində və aşkarda ixlas və dostluğunuz, sizi çağırdığım an cavab verməniz və sizə əmr etdiklərimə itaət etmənizdir.


Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin