56-cı xütbə
İmam Əli əleyhis-salamın öz səhabələrinə buyurduğu kəlamlardandır. (O böyük şəxsiyyətdən sonra Kufə əhlinin başına gələcək bəlalardan onları xəbərbar edir və o zaman necə rəftar etmələri barədə göstəriş verir.)
Agah olun ki, məndən az sonra iri hulqumlu və yekə qarınlı bir kişi (Müaviyə ibn Əbu-Süfyan) sizə qalib gələcək, tapdığı hər bir şeyi yeyəcək, tapmadığını istəyəcək.1 Belə isə (gücünüz və imkanınız olsa) onu öldürün, hərçənd ki, onu heç vaxt öldürməyəcəksiniz (onu öldürmək gücündə deyilsiniz). Agah olun, həmin kişi tezliklə sizləri məni söyməyə məcbur etsə, söyün məni. Çünki mənə söyməyiniz məqamımın yüksəlməsinə, sizin isə nicatınıza və (onun şərrindən) xilasınıza səbəb olacaq. Üz döndərməyə gəldikdə isə, məndən sonra məndən üz döndərməyin (batində məni sevin). Çünki mən fitrətən müsəlman doğulmuşam.2 İmanda və (Allahın Peyğəmbərinə yardım və onun zəfəri üçün vətənimdən) hicrətdə öndə olmuşam.3
57-ci xütbə
İmam Əli əleyhis-salamın Nəhrəvan xəvaricinə buyurduğu kəlamlarındandır:1
Üzünüzə çınqılları tərpədən küləklər əssin (İlahi əzaba tuş gəlin), sizlərdən xurma ağacını buduyan (ya söz danışan, yaxud tərpənən) bir nəfər belə qalmasın. (Xülasə, nəsliniz kəsilsin) Allaha iman gətirdikdən, Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi və alih) birlikdə (döyüşlərdə) cihaddan sonra öz küfrümə, səhvimə şəhadət verim? Belə olan surətdə (öz səhvimi etiraf etməklə) yolumu azaraq, doğru yoldan kənara addım atmış olaram. Qədəm qoyduğunuz ən pis yoldan dönün. (Bu batil yolunuzdan geri dönərək bir daha bu çirkin sözləri dilinizə almayın) və öz ayağınızın yerinə qayıdın (tərk etdiyiniz yola qayıdın və haqqa itaət edin). Bilin ki, məndən az sonra böyük rəzillik və zillətlə üzləşəcək, doğrayan qılınca tuş gələcəksiniz. Mallarınızı zülmkarlar alaraq, özlərinə çıxacaq, bu işi sizlər arasında öz adətlərinə çevirəcəklər.2 (Seyyid Rəzi buyurur:)
Həzrətin buyurduğu وَلا بَقِىَ مِنْكُمْ آبِرٌ sözünü üç cür izah edirlər: Birinci, qeyd etdiyimiz kimi, آبِرٌ ra hərfi ilə ərəb sözü olub xurma ağacını budayana رَجُلٌ آبِرٌ deyilir. İkinci ehtimala görə آثِرٌ üç nöqtəli sə hərfi ilə-hədis deyən və ya söz danışan şəxs nəzərdə tutulur. Fikrimcə, bu daha düzgün ehtimaldır. Sanki Həzrət «sizlərdən danışan kimsə qalmasın» deyə buyurmuşdur. Üçüncüsü, آبِزٌ nöqtəli za hərfi ilə-sıçrayan mənasındadır. آبِزٌ həm də هالِكُ yəni, məhv olmuş mənasında da işlədilir.
58-ci xütbə
İmam Əli əleyhis-salamın Xəvariclə müharibə etmək qərarına gəldiyi və onların Nəhrəvan körpüsündən keçməsi o Həzrətə deyildiyi vaxt buyurmuşdur:
Onların qətlgahları (öldürüldükləri yer) suyun (Nəhrəvanın) bu tərəfidir. Allaha and olsun, onlardan on nəfəri belə (ölməkdən) xilas olmayacaq, sizlərdən onca nəfər də həlak olmayacaqdır.1 (Seyyid Rəzi buyurur:)
Həzrətin نُطْفَة (saf su) sözündən məqsədi çay suyudur. Su çox həcmdə olsa belə, bu, su üçün ən fəsahətili ifadədir. Bundan öncə bu məna (Xəvariclə müharibə barədə olan qırx səkkizinci xütbənin sonlarında) qeyd olunmuşdur.
59-cu xütbə
Nəhrəvan xəvarici öldürüldükdə İmam Əliyə dedilər: Ya Əmirəl-möminin, onların hamısı öldürüldülər. Buyurdu:
And olsun Allaha, belə deyil. Onlar kişilərin bellərində, qadınların bətnlərində olan rüşeymlərdir.1 Hər zaman onlardan bir budaq (bir baş) qalxacaq və sındırılacaqdır (tezliklə qətlə yetiriləcəkdir) beləliklə, onların sonuncuları da (əcdadları tək) oğrular (və), quldurlar olacaqlar.2
60-cı xütbə
İmam əleyhis-salam Xəvaric barəsində buyurub:
Məndən sonra Xəvarici öldürməyin çünki haqqı əldə etmək istəyib xəta edən (yolunu azan), batili diləyib onu əldə edənə bənzəməz (Seyyid Rəzi buyurur:)
مَنْ طَلَبَ الْباطِلَ فَأَدْرَكَهُyəni-batili istəyib onu əldə edənlər ifadəsinində Həzrətin nəzərdə tutduğu Müaviyə və tərəfdarlarıdır.3
61-ci xütbə
İmam Əli əleyhis-salamı qəfil qətlə yetirməklə hədələdikləri vaxt Əli əleyhis-salamın buyurduğu kəlamlardandır (Səhabələri İbn Mülcəmin onu öldürmək niyyətində olduğunu xəbər verdikdə buyurdu:) Allah mənim üçün möhkəm qalxan yaratmışdır. (Mənim üçün ölüm təyin etdiyi vaxta qədər məni qoruyar.) Belə isə mənim günüm başa çatdıqda, o qalxan (qoruyucu) məndən ayrıldıqda və məni (ölümə) təslim etdikdə o zaman nə ox (ölüm) boşa çıxar, nə də yara (qəzavü-qədərin nizəsindən) şəfa tapar.
62-ci xütbə
İmam Əli əleyhis-salamın (fani dünyaya bel bağlamamağın və qiyamət hesabından qorxmağın bəyan edildiyi) xütbələrindəndir.
Agah olun, dünya elə bir saraydır ki, ondan xilas olmaq ancaq ordaykən (təqva və pərhizkarlıqla) olar.1 Heç kəs dünya üçün gördüyü işə (söz və əmələ) görə nicat tapmaz. (Axirətdə sözləri və əməlləri Allaha xatir olanlar nicat tapacaqlar.) İnsanlar imtahan və sınağa görə bu dünyaya mübtəla olublar.2 Deməli, dünyadan dünya üçün topladıqları hər şey (mal) ovuclarından çıxar (ölən vaxt yerdə qoyarlar) və (axirətdə) bunların hesabını onlardan sorarlar. Dünyadan qeyri (o biri) dünya üçün (axirət) tədarükü gördükləri onlara qalar və həmişə onlarla olar. Belə isə (dünyanın işi ziyanlı olduğuna görə, ona ürək bağlama. Çünki) ağıllı insanlar üçün dünya sanki kölgənin qayıtması kimidir ki, onu yayılmış görən kimi yığışar, çox göründükdə itər (itən kölgə kimi öz əhlinə qalmaz).
63-cü xütbə
İmam Əli əleyhis-salamın (xalqı Allaha pərəstişə və dünyada xeyir əməllər etməyə, axirət səfərinə hazır olmağa çağırdığı) xütbələrindəndir.
(Allaha şükr və sitayişdən, Həzrət Peyğəmbərə salamdan sonra:) Ey Allahın bəndələri, Allaha qarşı günah etməkdən çəkinin (günah etməyin və əzabdan qorxun) və öz əməlləriniz sayəsində ölümlərinizi qabaqlayın (ölümdən sonra rahat olmaq üçün həyatınızda xeyir əməllər görün). Əlinizdən çıxan şeyi deyil, sizlərə qalan şeyi (saleh əməlləri) alın. (Həmişəlik qalacaq axirəti əldə edin və tezliklə puç olacaq dünyanın şəhvətlərinə göz yumun. Axirət səfərinə) hazır olun ki, sizi köçürməyə çalışır və tələsir, sizləri kölgəsinə alan (yaxınlaşan və nişanələri görünən) ölümə hazırlaşın. (Ölümün çəngi boğazlarına keçənə qədər qəflət yuxusunda olanlar kimi deyil.) Onlar üçün zəng çalındıqda agah (oyaq) olanlar və dünyanın onların (yaşayış) yeri olmadığını bilənlər, sonra isə (onu axirətə) döndərənlər kimi olun, çünki Böyük Allah sizləri boş yerə yaratmayıb və boş da buraxmayıb.1 Sizlərin heç birinizlə Cənnət və ya Cəhənnəm arasında sizi tapacaq ölümdən başqa bir fasilə yoxdur. (Çünki ölümdən sonra əməl, tövbə və qayıdış qapısı bağlanır. Deməli, ölən hər kəs dünyada itaət və ibadət edibsə Cənnətə düşər, itaətsizlik etmişsə Cəhənnəmdə qalar.) Hər anın azaltdığı və (ölüm) saatının aradan götürdüyü (dünyadakı) həyat müddətiniz qısa olmağa layiqdir. (Tezliklə başa çatacaq dünya həyatınızı qısa sanmalı, axirət işlərindən geri qalmamalısınız.)
Gecə və gündüzün (həqiqi mənzilinə) qovduğu (öz əsl vətəni olan axirətdən uzaqlaşmış) qəribin tezliklə (vətəninə) qayıtması yaxşıdır (əsl vətənlərinə qayıtmaq fikrində olmalı və dünyaya səfərindən orada asayiş üçün faydalanmalıdır). Səadət, xoşbəxtlik və ya bədbəxtliklə (vətəninə) gələn ən yaxşı tədarükə möhtacdır. Belə isə, dünyada sabah (qiyamətdə ilahi əzabdan) sizi xilas edəcək şeylərdən azuqə yığın. (Axirət üçün ən yaxşı azuqə budur ki,) bəndə Allahın əzabından çəkinsin, özünə öyüd versin (gözəl rəftar və danışığı öz şüarına çevirsin) və tövbədə, qayıdışda önə keçsin (ölüm gəlmədən öncə günahlardan tövbə etsin), şəhvətinə (nəfsi istəklərinə) hakim kəsilsin. Çünki onun ölümü özünə gizlindir (ömrünü nə vaxt başa vuracağı məlum deyil) və arzuları onu aldadır (axirət işlərindən saxlayır). Şeytan onunla yoldaşdır və günahı, (Allaha və Rəsuluna) itaətsizliyi onun üçün cilvələndirir ki, onlara minsin (bulaşsın). Şeytan onu arxayın salar ki, tövbəni gecikdirsin, ölüm isə onu çox qəflətdə olduğu vaxt qəfildən yaxalasın. Belə isə, ömrü (qiyamətdə) ona sübut və dəlil olan o qafil insan həsrət və qəm çəksin (ki, dünyada onun üçün hər cür şərait olduğu halda nəyə görə xoşbəxtliyə çatmadı) və dünyadakı həyatı onu bədbəxt edər (dünyadakı itaətsizliyinə görə əbədi əzaba düçar olar).
Pak və uca Allahdan istəyirəm ki, bizi və sizləri heç bir nemətin düşmənə və itaətsizə çevirmədiyi (nə qədər nemət tapsa, təvazökarlığı bir o qədər artan) insanlardan etsin, heç bir fayda və məqsəd (özünü göstərmək və riya kimi batil məqsədlər) bizi Allaha ibadət və bəndəlikdən saxlamasın, (elə iş görək ki,) öləndən sonra peşman olub kədərlənməyək.
Dostları ilə paylaş: |