Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə15/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   11   12   13   14   15   16   17   18   ...   87

69-cu xütbə
İmam əleyhis-salam mübarək başına qılınc vurulduğu gün (Hicrətin qırxıncı ili Ramazan ayının on doqquzu) gecə yarını keçdikdə (sübh açılarkən) buyurdu: (Əbdür-Rəhman ibn Mülcəm Muradinin vurduğu zərbə nəticəsində Ramazan ayının iyirmi biri gecənin əvvəlində o Həzrət vəfat etdi.)

Oturmuşdum, məni yuxu basdı, Allahın Rəsulunu (səlləlahu əleyhi alih) gördüm. Dedim ki; Ya Rəsulullah, sənin ümmətindən çoxlu əyrilik (itaətsizlik) və düşmənçilik gördüm. Buyurdu ki, onlara qarğış et. Mən də dedim:

Pərvərdigara, onlardan daha yaxşı şəxslər mənə ver və onlara isə mənim əvəzimə ən pis şəxsi yetir. (O Həzrətin duası müstəcəb oldu. Həccac onlara hakim oldu cürbəcür zülm sitəm edərək onları zəlilliyə bədbəxtliyə düçar etdi.)

Seyyid Rəzi buyurur: O Həzrətin أَوَدِ kəlməsindən məqsədi اِعْوِجاج (əyrilik və nadürüstlük), لَدَدِ kəlməsindən məqsədi isə خِصام (düşmənçilik)dir və bu, çox fəsahətli kəlamlardandır.


70-ci xütbə
İmam Əli əleyhis-salamın İraq camaatını pislədiyi kəlamlarındandır.1 (Həzrət buyurdu:)

Böyük Allaha şükr və sitayişdən və Həzrət Peyğəmbərə salamdan sonra, ey İraq camaatı! Siz hamiləliyi başa vurduqdan sonra uşağını salaraq, ölü doğan, əri ölən və dulluq müddəti uzun çəkən, (öldükdən sonra oğlu əri olmadığına görə) tamamilə yad adamların, irsinə sahib çıxdığı hamilə qadın kimisiniz.1 Bilin ki, Allaha and olsun, mən öz ixtiyarımla sizə doğru gəlmədim (Mədinədən yola düşməyim, sizə tərəf gəlməyim Kufədə qalmağım ürəyimcə deyildi). Ancaq (Cəməl döyüşündə Hicaz qoşunu kömək barədə əhdinə vəfa etmədiyinə görə, sizin qoşunu istədim. Buna görə ) naçar qalıb gəldim.2 Mənə xəbər çatıb ki, siz (nifaqa ikiüzlülüyünüzə görə) deyirsiniz: «Əli yalan deyir. Allah sizi həlak etsin! (Öz rəhmətini sizdən uzaq tutsun!) Kimə yalan danışıram? Allah barəsində yalan danışıram? Mən ki, ona ilk iman gətirən şəxsəm. Yoxsa onun Peyğəmbərinin adından yalan qoşuram? Mən ki, onu təsdiqləyən ilk şəxsəm. Allaha and olsun, belə (sizin dediyiniz kimi) deyil. Dediklərim doğru, sözlərim aydındır. Siz (bu sözləri Peyğəmbərdən öyrəndiyim) vaxtlar orada yox idiniz və (əgər olsaydınız belə) onu eşitməyə layiq deyildiniz (qeybin xəbərlərini başa düşmədiyinizə görə sizə gizli qalmışdır). Vay (mənim yalan danışdığımı söyləyənin) anasının halına! (Yəni, anası onun yasını tutsun. Çünki) pulsuz müamilə edirəm (umacaqsız pulsuz hər şeyi öyrədirəm). Onun qabında bir şey olsa (bacarığı olsa), bundan sonra həqiqətən sözümün doğruluğunu başa düşəcək.3
71-ci xütbə
İmam Əli əleyhis-salamın xalqa Peyğəmbərə (səlləllahu əleyhi alih) salavat və salam göndərməyi təlim etdiyi xütbələrindəndir.

Allahım! Ey yerləri açıb-genişləndirən və göyləri yığıb-saxlayan! Ey bədbəxtliyi seçən ürəkləri, səadət və xoşbəxtliyi seçən qəlbləri yaradan! Özünün ən böyük salavat və salamlarını və ən çox bərəakətini ondan əvvəlki peyğəmbərlərə gələnləri (vəhy risaləti) xətm edən, bağlı qalan yolları (bəşərin səadət ucalıq yolunu) açan bəndən və elçin Məhəmməd üçün qərar ver. O, haqqı (din şəriəti) haqla (əqli elmi dəlillərlə) aşkarladı, batilin və nadürüstlüklərin (cahiliyyət dövrü fitnələrinin) coşub-daşmasının önünü kəsdi, (yolundan dönən çıxanların), azğınlıqların hökmranlığını yox etdi. Vəzifəsinin ağırlığı onun öhdəsinə qoyulduqda, var gücü ilə dözdü, Sənin əmrinlə qalxdı (haqq olan dini, elm maarifi camaata öyrətdi). İrəliyə keçmədən və geridə qalmadan, iradə və qərarında süstləşmədən Sənin razılığını qazanmağa (risalətin təbliğinə) tələsdi. Sənin vəhyini qorudu, əhd-peymanını saxladı və atəşi alovlandırana qədər (Allahı tanımaq elm biliklərini xalq arasında yayana qədər) Sənin fərmanının icrasında israr etdi, əyri yolda (nadanlıq fitnə yolunda) olanlara haqq yolu aşkar edib göstərdi. Fitnə və azğınlıqlara qərq olmuş ürəklər o Həzrətin vasitəsilə doğru yola yönəldilər. O böyük şəxs aydın nişanələri və şəriət hökmlərini ucaltdı. O, Sənin doğru əmrinin və Sənin elminin, sirlərinin xəzinəsidir. Qiyamət günündə (yaxşı pis əməl sahiblərinə) Sənin tərəfindən şahiddir. Haqq yolu üçün peyğəmbər edilib, Sənin xalqa göndərilən rəsulun və elçindir.

Allahım! Öz rəhmət və ehsan kölgəndə onun üçün geniş bir yer aç. Ona (haqq olan elmi maarifi yaymaq yolunda çəkdiyi əziyyətlərin müqabilində) fəzl və kərəmindən yaxşı mükafat ver. Allahım, onun binasını əvvəlki qurucuların binasından (onun dinini sələfi olduğu peyğəmbərlərin dinindən) uca (zəfərli) et. Onun məqamını yanında əziz et, nurunu (haqq yolda yandırdığı çırağını bütün dünya əhalisinin ondan bəhrələnməsi üçün) tamamla. Onun risalətinin mükafatı olaraq şahidliyini qəbul edilən, sözlərini bəyənilən et ki, o, düz danışan və haqla batili bir-birindən ayıran idi. Allahım! Bizlərlə onu yaşayışı gözəl, nemətləri əbədi, istəkləri bəyənilən və yerinə yetirilən, çox asayişli, gözəl ərməğan və töhfələrlə istirahət məkanı olan yerdə qovuşdur.


72-ci xütbə
İmam Əli əleyhis-salamın Bəsrədə Mərvan ibn Həkəm barədə buyurduğu kəlamlarındandır.

Deyilənə görə, Mərvan ibn Həkəm «Cəməl» döyüşündə əsir düşdükdə İmam Həsən və İmam Hüseyn əleyhimas-salam vasitəsilə Əmirəl-möminin əleyhis-salamdan bağışlanmasını istəmişdir. Həmin iki böyük şəxs onun barəsində demişlər: «Ya Əmirəl-möminin, Mərvan sənə bey’ət edir». Həzrət onu azad edərək buyurmuşdur:

Osman öldürüldükdən sonra o mənə bey’ət etmədimi? (Ondan sonra da «Cəməl» döyüşündə iştirak etdi.) Mənim onun bey’ətinə ehtiyacım yoxdur. Onun bey’ət üçün mənə əl uzatmağı (məkr, hiyləgərlik əhdinə vəfasızlığı ilə məşhur olan) yəhudinin əl verməsi kimi bir şeydir. Öz əli ilə mənə bey’ət etsə də, hər an arxası ilə hiylə və məkr işlədəcəkdir.1 Agah olun, o, itin burnunu yalaması tək (çox qısa müddət) əmirlik və hakimlik edəcəkdir. (Mərvanın hakimiyyəti təxminən dörd ay on gün olmuşdur) O, dörd rəisin atasıdır.1 Çox çəkməz ki, camaat ondan və övladlarının əlindən qanlı-qadalı günlər (qətl-qarət, onların əlindən bir çox çətinliklər) görərlər.2
73-cü xütbə
İmam Əli əleyhis-salamın camaatın Osmana bey’ət etmək əzmində olduğu vaxt buyurduğu kəlamlarındandır.

Siz bilirsiniz ki, xəlifəliyə mən hamıdan daha layiqli və hamıdan daha üstünəm. (Bununla belə, onu xəlifə seçirsiniz.) Allaha and olsun, müsəlmanların işləri nizam-intizamla davam edənədək (onların arasında fitnə-fəsad qopmayanadək) və başqasının xilafəti zamanında məndən başqasına zülm olunmayanadək xəlifəliyi (başqasına) buraxıram. (Öz haqqımı tələb etmir, ona göz yumuram.) Bu, (Haqq-təalanın məzlumlara əta etdiyi) əcr və savabı əldə etməyə, sizin vurğunu olduğunuz dünya malına, zinətinə (başçılıq rəhbərliyə) rəğbətim olmadığına görədir.3


74-cü xütbə
İmam Əli əleyhis-salamın Bəni-Üməyyənin onu, Osmanın qətlində iştirakda ittiham etmələrini eşitdikdə buyurduğu kəlamlarındandır.

Bəni-Üməyyənin məni tanıması onları məndə eyb axtarmaqdan çəkindirmədimi? İslamdakı keçmişim nadanların məni ittiham etmələrinin qarşısını almadımı?1 (Mənim sözlərimin bu camaata təsiri olmayacaq, çünki) Allah-təalanın nəsihət olaraq buyurduğu2 mənim dilimdən (sözlərimdən) daha bəlağətli və gözəldir. (Bununla belə təsiri olmadı.) Mən dindən çıxanlara dəlil gətirir, dinə şübhə edənlərlə isə düşmənçilik edirəm. (Mənim dəlil sübutlarımdan biri budur ki, məni Osmanın qanının tökülməsində şərik bilməkləri tək) haqqa oxşar işlər Qur’ani-Kərimlə tutuşdurular.3 Allah bəndələri öz sinələrində olanlara uyğun cəzalandıracaqdır.4


75-ci xütbə
İmam Əli əleyhis-salamın (insanları dünya axirət səadəti qazandıran bəyənilən sifətlərə rəğbətləndirmək üçün buyurduğu) kəlamlarındandır.

Allah rəhmət eləsin o kişiyə ki, ağıllı sözü eşidir və qəbul edir, doğru yola çağırıldıqda ona tərəf gedir, yol göstərənin (Həzrəti Peyğəmbərin sum İmamların) belindən yapışaraq (dünya axirətin çətinliklərindən) xilas olur. Pərvərdigarına (onun əmrlərinə) itaət edir, (Allahın buyurduqlarına uyğun rəftar edir), öz günahından qorxur, xalis əməli (riya özünü göstərməkdən uzaq olan əməli) öncədən göndərir, gözəl və layiqli rəftar edir, onun üçün (axirətdə) ehtiyat toplananları (ibadət bəndəliyin savab mükafatını) qazanır və qadağan edilmişlərdən (çirkin əməl söz) uzaq durur. Oxu düz hədəfə vurur (həmişə Allahı nəzərində saxlayır), dünya malının yerinə axirət malı toplayır (dünyaya göz yumaraq əbədi səadəti qazanmağa çalışır), öz nəfsi istəklərinə qalib gəlir və arzularını yalan sanır. Dözümü özünün nicat və qurtuluşuna, öz minik vasitəsinə çevirir, (müsibətlərdə səbri öz şüarına çevirir, yük daşıyan dəvə tək dünyanın ağrı-acılarına qatlaşır), təqva və pərhizkarlığı öz ölüm anına azuqə yığır. Aydın bir yola (İslam şəriətinə) qədəm qoyur və parlayan (aşkar aydın olan) əsas yoldan uzaqlaşmır (yolsuzluğa ayaq basmır). Həyatın bir neçə günlük möhlətini qənimət sayır və fürsəti əldən vermir (Allahın Peyğəmbərin razılığına səbəb olan görür, ömrünü boş yerə başa vurmur) ölümə hazır olur (dünyaya bel bağlayır, onu qəfil yaxalayan ölümə hazır olur) və əməlindən (layiqli əməl, Allaha bəndəlik xalqa xidmətindən) azuqə toplayır.
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin