76-cı xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Sə’d ibn As Osmanın təyinatı ilə Kufədə hakim olduğu vaxt Mədinəyə Həzrət üçün hədiyyə və məktub göndərərək bildirmişdi ki, mən Osmandan başqa heç kimə belə qiymətli hədiyyə göndərməmişəm. Həzrət onun məktubunu oxuduqdan sonra buyurmuşdu:)
Bəni-Üməyyə Məhəmmədin (səlləllahu əleyhi və alih) mirasından (o Həzrətin bərəkətindən əldə olunmuş qənimətlərdən) mənə anası sağılarkən dəvə balasına verilən süd qədər az verirlər. Allaha and olsun, onlara hakim olsam qəssab cigər tikələrini və ya torpağa bulaşmış qarını atdığı kimi onları uzağa ataram. (Seyyid Rəzi buyurur).
Başqa bir rəvayətdə التُّرابُ الْوَذَمَةَ göstərilir və bu da اَلْوِذامَ التَّرِبَةَ-nin əksinədir. Həzrət əleyhis-salamın buyurduğu لَيُفَوِّقُونَنِى sözünün mənası budur ki, beytülmaldan mənə dəvənin «فُواقِ »kimi az verirlər. «فُواق» dəvə balasına anasının südündən bir dəfə verməyə deyilir. «وِذامُ» sözü «وَذَمَةٍ» kəlməsinin cəm formasıdır, yerə düşüb torpağa bulaşmış qarın, yaxud ciyər parçası mənasındadır.
77-ci xütbə
İmam Əli əleyhis-salamın duada buyurduğu kəlamlarındandır:1 Allahım, məni (günahımı) bağışla ki, Sən onu daha yaxşı bilirsən. Mən yenə dönsəm (ikinci dəfə onu törətsəm) sən bağışlanmağı da mənə qaytar. Allahım, mən özümlə bağladığım və mənim ona vəfalı olduğumu görmədiyin əhdimi (əməl etməyi öhdəmə götürdüyüm itaət və bəndəliyi) bağışla. Allahım, dildə Sənə yaxınlaşmaq istəyimi, ürəyimin onun əksinə olmasını (işin əvvəlində Sənə yaxınlaşmaq üçün ibadət və bəndəlik etsəm də, ondan sonra beynimə riya və özünü göstərmək kimi fikirlər gəldiyinə görə) bağışla. Allahım, gözümün ucunun işarələrini (gözünün ucu ilə işarə edib möminə əziyyət verməyi və ya onun qeybətini edib arxasınca pis danışmağı), boş söhbətlərimi, ürəyimin arzularını və dilimin büdrəmələrini bağışla.
78-ci xütbə
İmam Əli əleyhis-salamın Xəvariclə döyüşə gedərkən bəzi səhabələrinə (Əş’əs ibn Qeysin qardaşı Əfifə) buyurduğu kəlamlardandır. O, Həzrətə ərz etmişdi:
Ey Əmirəl-möminin, (Xəvaricin üstünə) bu vaxt yola düşsən, qorxuram ki, zəfər çalmayasan və öz məqsədinə çatmayasan. Bu xəbəri nücum elmindən əldə etmişəm.
Həzrət buyurdu:
Həmin saatda yola çıxanların bəla və pisliklərdən uzaq olduğu hər hansı bir saat göstərə biləcəyini güman edirsən? O saatda səfərə çıxanların ziyan və çətinliklə üzləşəcəyi bir saatdanmı çəkindirirsən? Kimsə sənin bu sözlərinə inanarsa Qur’anı yalan sanar,1 İstədiyini əldə etmək və istəmədiklərindən uzaqlaşmaq üçün Allahdan kömək istəməyə ehtiyacı qalmaz. Sənin sözlərindən belə çıxır ki, göstərişinə uyğun rəftar edən kəs Allahına deyil sənə həmd və şükr etməlidir. Çünki güman edirsən ki, onu xeyir götürdüyü, ziyandan amanda qaldığı saata yönəldən sənsən.
Bu sözlərdən sonra Həzrət üzünü camaata tutaraq dedi:
Ey camaat, onunla biyabanda və dənizdə yolu tapmaq (səfərdə yolları bilmək, ibadət vaxtlarını öyrənmək, qibləni təyin etmək, gəminin yolunu müəyyənləşdirmək və s. kimi işlər) üçün lazım olan (ehtiyacınız olan qədər) həddi çıxmaqla, nücum elmini öyrənməkdən çəkinin.1 Çünki nücumu öyrənmək kahinilk və qeybdən xəbər verməklə nəticələnər.2 Münəccim kahin kimi, kahin isə sehrkar3 kafir kimidir. Kafir (cəzası) oddadır (əzab çəkməkdir). (Buna görə də münəccimin sözlərinə və əməllərinə inanmayın.) Allahın adının köməkliyi və yoldaşlığı ilə səfərə çıxın.4
79-cu xütbə
İmam Əli əleyhis-salamın «Cəməl» döyüşü başa çatdıqdan sonra qadınları pisləyərkən buyurduğu kəlamlardandır. (Aişə və onun arxasınca gedənləri də pislədiyi güman edilir.)
Ey camaat! Qadınların iman, irs və ağıldan payları azdır. İmanlarındakı çatışmazlıq heyzli günlərində namaz qılmayıb, oruc tutmamalarına görədir. Ağıllarının nöqsanı isə buna görədir ki, (İslamda) iki qadının şahidliyi bir kişinin şahidliyi yerinədir. İrs və pay baxımdan çatışmazlıqları onlara çatan miras kişiyə çatan mirasın yarısı qədər olduğuna görədir. Pis qadınlardan uzaq durun, yaxşılarından isə çəkinin. Bəyənilmiş söz və əməllərdə onlara itaət etməyin1 ki, nalayiq söz və əməllərə tamah salmasınlar (və sizləri onu yerinə yetirməyə məcbur etməsinlər).
80-ci xütbə
İmam Əli əleyhis-salamın (camaatı tərkidünyalığa və Allahın nemət və bəxşişlərinə şükr etməyə təşviq etdiyi) kəlamlarındandır.
Ey camaat! Zöhd və dünyaya bel bağlamamaq (nişanələri) arzuları azaltmaq və (Allahın) nemətlərinə şükr etmək, haramlardan uzaqlaşmaqdır. Bu üç şeyə nail olmasanız (hər üçünü yerinə yetirə bilməsəniz, onlardan ikisini tərk etməyin: birincisi), haram sizin dözümünüzə üstün gəlməsin (dözümlü olun və günaha batmayın) və (ikincisi, Allahın) nemətlərinə görə şükr etməyi unutmayın. (Çünki bunu etməsəniz) Allah-təala (qiyamətdə əzab üçün) aydın-aşkar dəlillər (peyğəmbərlər və ağlın dəlilləri) və (hamınızın əlinin altında olan) aydın (səmavi) kitablar vasitəsilə sizlər üçün üzr istəməyə yer qoymamışdır.
81-ci xütbə
İmam Əli əleyhis-salamın dünyanın sifəti barədə kəlamlarındandır.
Əvvəli əziyyət, sonu yoxluq olan bir sarayı necə vəsf edim? Halalının hesab-kitabı, haramının cəzası var (halal yolla qazandığının Qiyamətdə sorğu-sualı edilər, haram yolla qazanansa axirətdə əzaba düçar olar). Onda varlı və ehtiyacsız olan fitnəyə, bəlaya düşər, möhtac və fəqir qəmgin olar. Onu əldə etməyə çalışan istəyinə çatmaz, dünya onun üçün çalışmayana üz tutar. Dünya ona (ibrət gözü ilə) baxanı gözüaçıq və agah edər (ki, doğru yolu taparaq özünü axirətə hazırlasın), zinətinə və bəzəyinə nəzər yetirəni kor edər (ki, yolunu aszın. Seyyid Rəzi buyurur:)
Kim İmam Əli əleyhis-salamın مَنْ أَبْصَرَ بِهَا بَصَّرَتْهُ «dünya ona ibrət gözü ilə baxanı gözüaçıq və agah edər» buyruğu üzərində dərindən düşünüb-daşınsa, onda sonuna çatmaq mümkün olmayan heyrətamiz məna və böyük məqsəd tapar. Onun həqiqətini dərk etmək olmaz. Xüsusilə də, bu cümləni وَ مَنْ أَبْصَرَ إِلَيْها أَعْمَتْهُ «dünya, zinətinə və bəzəyinə nəzər yetirəni kor edər» أَبْصَرَ بِهَا cümləsi iləأَبْصَرَ إِلَيْهَا yanaşı qoysa, arasındakı fərqi heyrətlə açıq-aydın görər.
82-ci xütbə
İmam Əli əleyhis-salamın «Qərra» (nurani, görkəmli) xütbəsi adlandırılan, heyrətamiz xütbələrindəndir.
Şükür etmək öz gücü və qüdrəti ilə (hər şeyə) qalib gələn, bəxşiş və ehsanı ilə (hər kəsə) yaxın olan, hər fayda və xeyiri bağışlayan, bütün böyük və ağır bəlaları dəf edən Allaha məxsusdur. Ardı-arası kəsilməyən ehsanlarına və bol nemətlərinə görə Ona şükr edir, Ona iman gətirirəm. (Varlığına və vahidliyinə yəqinliyim var) ki, əvvəl (hər bir şeyin başlanğıcı) və (varlığı hamıya) aşkardır. Ondan məni doğru yola yönəltməsini istəyirəm ki, O, (hamıya) yaxın və yol göstərəndir. Ondan kömək diləyirəm ki, güclü və qüdrətlidir (hər bir şəri məndən uzaqlaşdırıb, hər bir xeyri mənə çatdırsın). Ona təvəkkül edirəm ki, (mənə) kifayətedən və köməkçidir. Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi və alih) onun bəndəsi və elçisidir. Onu əmr və buyruqları yerinə yetirmək, dəlil və sübutlarını təbliğ etmək, (günah iş görənləri) oyanış günündən qabaq Onun əzabından qorxutmaq üçün göndərmişdir.
Ey Allah bəndələri! Sizlərə (yol göstərmək) üçün (Qur’ani-Kərimdə) misallar çəkən (qəflətdən azad olmanız üçün əhvalatlar danışan), əcəllərinizi müəyyən edən, sizə (başqa yaradılmışlardan üstün olmaq üçün insanlıq) paltar geydirən, məişətinizi yüngülləşdirən (rahatlığınız üçün vasitələr yaradan), əməllərinizdən (yaxşı və pisindən, böyük və kiçiyindən) agah olan, onlara görə əvəzləri hazır qoyan, sizlərə bol nemət və saysız-hesabsız ehsan bəxş edən, açıq-aşkar dəlillər (peyğəmbərlər və səmavi kitablar) vasitəsilə sizləri (əzabdan) qorxudan, sizləri (imtahan və sınaqda) sayan (onun elmi bütün söz və əməllərinizin cüziyyatını və külliyatını əhatə edir), ömür və həyatınızın müddətini sınaq evində və ibrət sarayında təyin edən Allahdan (onun əzabından) qorxmağı və təqvalı olmağı tövsiyyə edirəm. Siz (yaxşı əməl sahiblərinizin pis əməl sahiblərinizdən ayrılması üçün) dünyada imtahan olunursunuz və (qiyamətdə) dünyada dediyiniz sözlərin və tutduğunuz işlərin hesabı soruşulacaq. Beləliklə, (dünyaya ürək bağlamayın ki,) dünya çeşməsinin gözü bulanıq və palçıqlıdır. (Dünyapərəstlərin gözündə) onun mənzərrəsi heyrətamiz, imtahan və sınağı isə kor edəndir. Yox olan bir aldadıcı, gizlənən bir işıqlıq, itən bir kölgə, dağılmağa doğru gedən bir söykənəcəkdir (sabitlik və davamlılıq onun üçün deyil). (Öz ağlına əsasən) ondan uzaqlaşıb, ona ürək bağlamayan kimsə onunla ünsiyyətdə olub, arxayınlaşdığı zaman dünya at və yaxud dəvə kimi (onu yerə yıxmaq üçün) ayaqları ilə ona zərbə vurar, (yollarda qurduğu) tələləri ilə ovlayar, (kamana çəkdiyi) oxları ilə həlak edər, ölüm kəndirlərini (cürbəcür xəstəlikləri və çətinlikləri şücaətli və igid) kişinin boynuna salar, onu uyuyacağı dar yerə (qəbrə), qayıdacağı qorxulu yerə (axirətə) və əbədi məkanına (cənnət, ya cəhənnəm), əməllərinin (pis və ya yaxşı) əvəzini görməyə çəkər. Öz ata-babalarının canişini sayılan gəlməkdə olanlarla da dünyanın rəftarı belədir: Ölüm (onları) qırmaqdan (və biçarə etməkdən) qalmır, yerdə qalanlar isə günah törətməkdən əl çəkməyərək peşman olmurlar. Özlərindən əvvəlkilərin yolu ilə gedir və axırı fənalıq və yoxluq olan sona qədər dalbadal (gəlib) keçirlər (hamısı ölürlər). İşlərin kəndiri (məxluqatın ölümü nəticəsində) çözüldükdə, zaman ötüb keçdikdə, insanların oyadılmaları günü yaxınlaşdıqda (qiyamət qopduqda) Allah onları qəbirlərdən, (onları yemişlərsə) quşların yuvalarından, (onlara yem olmuşlarsa) yırtıcıların mağaralarından, müharibə meydanlarından (ölmüş olsalar) bayıra çıxarar. Haqq-təalanın əmr və fərmanını yerinə yetirməyə hazır vəziyyətdə sürətlə Allahın onlar üçün ayırdığı məad və qayıdış yerinə doğru gedərlər. Sakit, dinməz və sıraya düzülmüş (əyləşməyə və danışmağa taqəti olmayan) bir dəstə olarlar. Allah onların hamısını görəndir (onlardan heç kimsənin dünyadakı sözü və əməli Allaha gizli deyil) və (hesab-kitab üçün çağrıldıqda) carçı öz səsini hamıya eşitdirər. (O günün qorxusunun təsirindən) onlara təvazökarlıq, itaət, zillət və xarlıq paltarı geyindirilər. O gün (dünyada çətinliklərdən xilas olmaq üçün işlədilən) məkr və hiylə işə yaramaz, ümidlər kəsilər və ürəklər (əzabın qorxusundan) əzgin və qəmgin olar, səslər təvazökarlığın təsirindən alçalar və batar, ağızları (atın ağzındakı cilov kimi) köpük basar. (Günahlarının cəzasına görə) qorxu hüdudsuzdur. Haqqı batildən ayırmaq, xeyir və şər əməlin cəzasını, savab və mükafatını vermək üçün carçının səsinin heybətindən qulaqlar lərzəyə gələr.
(Dünyanın onlara qarşı rəftarı, qiyamət günü yenidən diriləcəkləri və geri dönəcəkləri haqda danışdığınız insanlar Allahın) qüdrətdən yaradılmış, ixtiyarsız boya-başa çatdırılmış, ölümə düçar olaraq, qəbrlərdə parça-parça olan, (ailəsindən və var-dövlətindən uzaq) təkcə dirildilən, (yaxşı, pis əməl və sözlərinin) cəzasına çatan və hesab-kitabla, təhqiqlə (yaxşı əməl sahibi pis əməl sahibindən) ayırd edilən bəndələridir. (Onda, yaxşı olar ki, qəflət yuxusundan ayılıb, günah və itaətsizlik etməyin ki, öləndən sonra peşmançılığın faydası yoxdur. Çünki insanlara dünyada) azğınlıqdan xilas olmaq üçün möhlət verilmişdir, (onlar peyğəmbərlərin vasitəsilə) doğru yola yönəldiliblər. Onlara özündən narazı olanın razılığını qazanmaq üçün verilən fürsət kimi fürsət verilmişdir. Şübhələrin (nadanlıq və azğınlığın) qaranlıqları (ağıl neməti və peyğəmbərlərin təbliği ilə) onlar üçün qaldırılmışdır. Yaxşı atları cıdırda hamını ötmək üçün arıqladaraq hazırladıqları kimi hazırlaşmaları, Haqqı-həqiqəti əldə etmək üçün düşünüb fikirləşmələri, axtaranın elm və bilik nuruna yiyələnməkdə tələsməməsi üçün ömürləri boyunca əcəl gəlib çatana kimi əllərində olan fürsətlə (dünyada) öz ixtiyarlarına buraxılmışlar. Heyrət, bircə bu doğru-düzgün (xəta və səhvin olmadığı) örnəklər, (nadanlıq və azğınlıq xəstəliklərinə) şəfa bəxş edən bu öyüdlər təmiz qəlblərə, eşidən qulaqlara, möhkəm düşüncələrə və (doğru ilə fəsadı bir-birindən ayıran) güclü ağıllara çatsaydı. Beləliklə, nəsihəti eşidib ondan boyun qaçıranın, (nadanlığı ucbatından) günaha bataraq etiraf edən (tövbə edib geri dönən) və (günahdan, itaətsizlikdən) qorxaraq savab iş görən (Allahın və peyğəmbərin razılığını əldə edib) və (ilahi əzabdan) çəkinən, (ibadətə və bəndəliyə) tələsən, (qiyamət gününə) yəqinlik hasil edən, (dünyada) öz rəftarını yaxşılaşdıran və ona öyüd-nəsihət verdikdə (doğru yola yönəltdikdə) qəbul edən, (ölümdən sonrakı çətinliklərlə) qorxutduqda qorxan (özünü çətinliyə salacaq iş görməyən), (günah və itaətsizliyi) qadağan etdikdə (ondan) uzaqlaşan, (Allahın fərmanına) boyun əyən, (azğınlıqdan) uzaq olan, (öz ağlına) müraciət edən, (törətdiyi günahlardan) tövbə edərək geri dönən, (rəhbərlərinə) tabe olan, (eynilə onların) yolunu gedən, doğru yol göstərildikdə onu görən (ona qədəm qoyan), sonra isə tələsə-tələsə haqqı axtaran, (nadanlıq və azğınlıqdan) qaçdığı halda nicat tapan, (qiyamət gününə ehtiyacı üçün) azuqə qazanan, öz batinini paklaşdıran, məad və qayıdışını (təqva və pərhizkarlıqla) abad edən, (dünyadan) köç günü, yol (axirət səfəri), ehtiyac və kasıblıq vaxtı (qəbr və qiyamət) üçün azuqə (Allaha ibadət və xalqa xidmət) ilə öz arxasını gücləndirən, həmin azuqəni özündən qabaq əbədi məkana (axirətə) göndərənin qorxduğu kimi Allahdan qorxun. Belə isə, ey Allah bəndələri, pərhizkar olun, onun üçün yaradıldığınızı (ibadət və bəndəliyi) niyyət edin, sizi qorxutduğundan (əbədi əzabdan) artıq dərəcədə qorxun. Qiyamətin dəhşətinin qorxusu haqda Ondan əhdinə vəfa etməsini istəməklə sizin üçün hazırladığı cənnətə layiq olun. Onun vədi həmişə doğrudur.
Dostları ilə paylaş: |