156-cı xütbə
İmam Əli əleyhis-salamın (öyüd-nəsihət, günahlardan çəkinmək və axirətə azuqə toplamaq barədə) olan xütbələrindəndir.
Şükrlər O Allaha məxsusdur ki, şükr etməyi Özünü xatırlamağın açarına, yaxşılıq və bəxşişi artırma vasitəsinə, nemət və böyüklüyünə aparan yola çevirmişdir.2 Ey Allah bəndələri! Ruzigar indikilərdən də əvvəlkilərdən ötən kimi ötəcəkdir. (Sizdən əvvəlkilər öldülər, siz də diri qalmayacaqsınız.) Gedən (keçən ömür) geri dönməz, olan isə (yaxşı, yaxud pis) həmişə qalan deyil. Onun sonunun rəftarı ilkinki kimidir. (Keçmişdəkilər və gələcəkdəkilərlə eyni cür rəftar olunacaq.) İşləri bir-birini ötər, nişanələr isə bir-birinin yanındadır. (Onun işləri tez məhv olar. Deməli, ağıllı insanlar ruzigarın gərdişindən ibrət alaraq ona ürək bağlamasınlar. Dünya yoxluğa və yenilməyə elə sürətlə gedir ki,) sanki qiyamətdəsiniz. Sizləri sarvan doğuşlarından yeddi ay keçmiş və südləri qurumuş dəvələrini qovan kimi qovur. (Hamiləliyinin son aylarında olduqlarına görə mehribanlıqla, yavaş-yavaş sürülən dəvələrdən fərqli olaraq bu dəvələri yüngül olduqlarından bərk, sürətlə qovurlar.) Başını başqa şeylərlə (nəfsi istəklər və dünyanın bər-bəzəyi ilə) qatanlar bədbəxtliyin zülmətində sərgərdan qalar, (xilas ola bilməyəcəyi) pozğunluqlarla qarışar. (Azdıranların) şeytanları onu itaətsizliyə məcbur edər, pis əməlini gözündə bəzəyər. (Ey öz başını başqa şeylərlə qatan, bil ki, ibadət və bəndəlikdə) öndə gedənlərin sonu cənnətdir, təqsirkarların (günahkarların) sonu isə atəşdir. (Əbədi cənnət yalnız günahlardan çəkinilməklə qazanıldığına görə buyurur:)
Ey Allah bəndələri! Bilin ki, təqva və günahlardan çəkinmə möhtərəmliyin hasarlı sarayı, günahkarlıq isə öz sakinini (bəla və çətinliklərdən) saxlamayan, ona pənah gətirəni qorumayan hasarlı zəlil saraydır. Agah olun, pərhizkarlıq günahların zəhərli dişindən uzaqlaşdırar, yəqinlik və inamla (Allaha və peyğəmbərə iman gətirməklə) yüksək məqamların sonu (əbədi cənnət) əldə olunar.
Ey Allah bəndələri, Allahdan qorxun! Sizlərə ən əziz olan insanlar və onlardan sizin üçün ən sevimlisindən ötrü qorxun Allahdan (özünüzü fikirləşib öz hayınızda olun. Çünki təbii olaraq, heç kəsə özündən daha əzizi və sevimlisi yoxdur). Çünki Allah sizin üçün haqq yolunu aşkar edib onun yollarını işıqlandırdı.1 Deməli, (işinizi asan sanmayın ki, ölümdən sonra ya) bədbəxtlik və zavallılıq yol yoldaşınız olacaq (Allahın və Peyğəmbərin göstərişlərinə uyğun rəftar etməyənlər üçün), ya da əbədi səadət və xoşbəxtlik (Allaha və peyğəmbərə itaət edənlər üçün). Belə isə, məhv olan günlərdən (dünyadan) qalacaq günlər (axirət) üçün azuqə yığın ki, azuqə yığmaq yolunu sizin üçün qoyublar.2 (Bu dünyadan) köçməyə məhkumsunuz və sizin (bu dünyadan) getməyiniz üçün tələsirlər. Deməli, siz dayanmış (getməyə hazır olan və), getməyə nə vaxt hökm olunacağını bilməyən atlılar kimisiniz (bu dünyadan gedəcəksiniz).
Agah olun: axirət üçün yaradılmışın dünya ilə nə işi var? Tezliklə ondan alacaqları, günahının ziyanı və sorğu-sualının qalacağı var-dövləti neyləyir?!3
Ey Allahın bəndələri! Allahın vəd etdiyi xeyir və mükafat (itaət və bəndəlik) tərk olunası deyil. (Çünki Allahın fəziləti və yaxşılığı ən böyük, ən yaxşı ehsandır.) Pislik və cəzadan çəkindirdikləri (günah və itaətsizlik) isə istəniləsi deyil. (Çünki Allahın cəzası ən ağır cəzadır.) Ey Allah bəndələri, əməllərə görə haqq-hesab olunacaq gündən çəkinin (hər kəsin əməl dəftərinə baxıb, onların ən xırda yaxşı və pis əməllərini araşdıracaqlar). Həmin gündə saysız-hesabsız iztirab və narahatlıq olar, uşaqlar qocalarlar.4 Ey Allahın bəndələri, bilin ki, sizə özünüzdən olan gözətçilər və əndamınızdan olan casuslar qoyulub.1 (Mələklərdən) qoruyucular var ki, sizin əməllərinizi və nəfəslərinizin sayını düzgünlüklə qeydə alırlar (yazırlar).2 Gecənin qaranlığı sizin tükünüzü belə bu mələklərin gözündən yayındırmaz, möhkəm bağlanmış böyük qapı sizi onlardan gizlətməz. (Qısası, hər yerdə və həmişə sizinlədirlər. Dünya keçici olduğuna görə) sabah (ölüm) bu günə yaxındır.
Bir gün onda olanlarla (yaxşı-pis, xeyir-ziyan) keçir, sabah da onun ardınca gəlir. (Sabahın yaxın olmağı və ölümün çatması elədir ki,) sanki, sizlərdən hər biriniz torpaqdan olan tənha mənzilinə və gorunun çuxuruna çatmışdır. Heyhat, tənha eviniz, qorxunc mənziliniz və kimsəsiz məkanınızdan. Sanki (qiyamət gününün hamını dirildən uca səsi) fəryadlar qulağınıza çatmış, qiyamət sizi tapmış və haqla batil arasında hökm vermək üçün üzə çıxmısınız (qəbirlərdən çıxmısınız). Bu vaxt sizdən (yersiz) bəhanələr və nadürüstlüklər (əbəs sübutlar) uzaqlaşmış, aradan getmiş və həqiqətlər sübut olmuşdur. Sizin hər yaxşı və pis işiniz öz yerinə qayıdar.3 Belə isə, (ölüm və ondan sonrakı çətinliklərdəki) ibrətlərdən dərs alın, ruzigarın dəyişməsindən öyüd götürün və (Allah və Peyğəmbərin) qorxutmağından faydalanın. (Elə bir iş görün ki, özünüzü ilahi əzabdan qurtarasınız.)
157-ci xütbə
İmam Əli əleyhis-salamın (Həzrət Məhəmmədə peyğəmbərlik verilməsi və Qur’ani-Kərimin tərifi haqda) xütbələrindəndir.
Allah-təala bir müddət peyğəmbərin gəlmədiyi, camaatın müxtəlif firqələrinin qəflət, azğınlıq və nadanlıq yuxusunun uzandığı, möhkəm özüllərin (ilahi hökm və göstərişlər) viran olduğu vaxtda peyğəmbərini göndərdi.1 Peyğəmbər əlində olanla və itaət etməli olduqları nuru təsdiqləyib etiraf etməklə camaata tərəf gəldi. O (əlində olan və Həzrətin peyğəmbərliyinin sübutu, nadanlıq və azğınlıq zülmətini işıqlandıran) Qur’andır. İstəyin ki, dilə gəlsin.2 Heç vaxt (Qur’an öz-özünə və həqiqi şərhçi olmadan) dilə gəlməz, ancaq (biz Əhli-Beyt onun həqiqət və sirlərini bildiyimizə görə) mən sizlərə ondan xəbər verirəm (onun elm və hökmlərini bəyan edirəm). Agah olun, Qur’andadır (bundan sonra) gələnin elmi, keçmişin xəbərləri (səmaların və yerin, onun üzərində olanların yaradılışı, sizdən öncəkilərin vəziyyəti), dərdin (nadanlıq və azğınlığın) dərmanı və sizə aid olanların (dünya və axirət işlərinin, xeyir və ziyanların) nizama salınması.
Dostları ilə paylaş: |