21-ci xütbə
İmam Əli əleyhis-salamın (ölüm və qiyamət barəsində) xütbələrindəndir.
Aqibət və son qarşınızdadır (nəticədə hər bir kəs sonu görəcək, Behiştə, yaxud Cəhənnəmə daxil olacaq), sizi haylayıb qovan qiyamət və ölüm ardınızdadır, (çünki Qiyamət və ölüm gələsidir, elə bil kiminsə ardınca düşüb qovur, buna görə də) yüngülləşin (qiymətli yükləri tərk edin), yetişin (gedənlərə çatın) ki, sizin əvvəldəkilərinizi saxlayıb, axırdakılarınızı gözləyirlər. (Sizdən öncə gedənləri yolda saxlayıblar, axırıncı nəfərin onlara qovuşmasını və bütün karvanın bir dəfəlik Qiyamətə daxil olmalarını gözləyirlər. Seyyid Rəzi buyurur:)
Deyirəm: Bu kəlam pak olan Allahın və Həzrət Rəsulun kəlamından sonra müqayisə olunduğu hər bir kəlamdan daha üstün və daha öndədir (heç bir kəlam ona çata bilməz). Amma o Həzrətin buyurduğu: تَخَفَّفُوا تَلْحَقُوا (yüngülləşin ki, yetişəsiniz) kəlamından daha qısa və daha mənalı kəlam eşidilməyib, bu kəlam necə də dərindir (hər nə qədər fikirləşsən onun dərinliyinə çata bilmirsən). Necə də bu cümlə əvvəldən axıra qədər hikmətli və nəsihətlidir, (hər bir təşnənin) susuzluğunu aradan qaldırır və biz də «Xəsais» kitabında bu kəlamın əzəmət və böyüklüyünü şərh etmişik.
22-ci xütbə
İmam Əli əleyhis-salamın (Osmanın qətlini onun adı ilə bağlayan Təlhə və Zübeyr kimi şəxslərin pislənib məzəmmət edildiyi) xütbələrindəndir. (Onların iddiasının batilliyini sübut edir, sonra isə öz şücaət və igidliyini bəyan edir.)
Agah olun ki, şeytan zülm və cövrün öz yerlərinə dönməsi (fasiqin zülmü özünə peşə etməsi), batilin əslinə qayıtması (cahilin nadürüst danışması) üçün öz dəstəsini səfərbər edib və şər qoşununu toplayıb. Allaha and olsun, pis bir işi (Osmanın qətlini mənimlə bağlayıb onun öldürülməsində razılığım olduğunu yalandan iddia etdilər) mənim adımla bağlamaqdan çəkinmədilər, mənimlə öz aralarında ədalət və insafla danışmadılar (çünki ədalət və insafla rəftar etsəydilər onların iddiasının batilliyi aydın olardı) və (onların doğru olmayan iddiası belədir ki,) özlərinin tərk etdikləri haqqı, özləri tökdükləri qanı (qisası) tələb etməkdədirlər. Belə isə əgər mən o qanın tökülməsində (Osmanın qətlində), onlarla ortaq olmuş olsaydım, onlara da bundan fayda çatardı.1 Əgər mənsiz özləri bu işi ediblərsə onda onlardan başqa heç kəs təqsirləndirilməməlidir. Onların ən böyük dəlil və sübutları (Osmanın qətlində iştirakı mənim adımla bağlamaları) öz zərərinədir. (Çünki özləri onu qətlə yetiriblər və mən bilirəm ki, onlar Osmanın qanını almaq niyyətində deyillər, onlar) südü qurumuş anadan süd istəyirlər, ölmüş bid’əti diriltmək istəyirlər.2 Ey dəvət edən naümid, (ya məni müharibəyə, ya da özünlə razılaşmağa çağırırsan, hazır ol) dəvət edən kimdir və nə ilə cavab veriləcək?.3 Mən Allahın onlara olan hüccətinə və onlar barəsində elminə razıyam.4 Əgər onlar boyun qaçırsalar, (haqq yoluna dönməsələr) qılıncın iti tərəfini onlara yönəldərəm (onları qətlə yetirərəm) ki, batildən (zülm və cövr xəstəliyindən) şəfa tapmaq üçün bu onlara kifayət edər və haqqa kömək olar. Vuruşmaq üçün meydana çıxmağımı mənə xəbər yollamaları, döyüşdə dözümlü və səbrli olmağımı demələri nə qədər heyrətlidir! Anaları vaylarına otursun, heç vaxt mən müharibə ilə təhdid olunmamışam, qılınc zərbəsindən qorxmamışam. Mənim öz Rəbbimə yəqinliyim var, öz dinimdə heç bir şəkk və şübhəm yoxdur. (Təhdid olunmaq və qorxmaq öz Allahına yəqinliyi olmayan, dinində şübhəsi olan kəslərə layiqdir. Onlar buna görə ölməkdən və öldürməkdən qorxurlar).
23-cü xütbə
İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Burada o yoxsullara dövlətlilərin paxıllığını çəkməmək, dövlətlilərə də heç bir işi riya və özlərini göstərmək üçün etməmək göstərişi verir, qohumlarla əlaqənin, mehribanlığın, yaxınlarına köməyin faydalarını bəyan edir:)
Allaha həmd və səna, peyğəmbərinə salamdan sonra, ilahi fərman (qəzavü- -qədər) hər bir kəsə yağış damlaları göydən yerə düşdüyü kimi yetişər. Hər bir kəsin qisməti, az və ya çox, ona çatır.1
Buna görə də sizlərdən biriniz (eyni cinsdən olan) qardaşınızın əhli-əyalında, malında və ya vücudunda bir üstünlük görsəniz, onun üçün fitnə-fəsada səbəb olmayın (onun paxıllığını çəkməyin, özünüzü dünya və axirətin xətərlərinə atmayın). Müsəlman kişi nə qədər ki, (başqasının paxıllığını çəkməyib) alçaqlıq və rüsvaylığını izhar etməyib, camaatın dilinə düşməyib, dəyərsiz olmayıb və bu səbəbdən də dar düşüncəli alçaq şəxslər onu qınamayıb, özünün ilk zərlərindən qələbə və uduş gözləyən uduzmuş qumarbaza bənzər ki, qənimət əldə edib öz ziyanını ödəsin.1 Eyni ilə də xəyanətdən (Allaha və məxluqa xəyanətdən) çəkinən yoxsul müsəlman kişi iki yaxşı şeydən birini Allahdan gözləyir:
-Ya Allahın dəvət edənini (hamını Allaha tərəf çağıran ölümü) Allah dərgahında tapdığı (axirət nemətləri), onun üçün (dünya nemətlərindən) daha yaxşıdır.
-Yaxud da (dünyada) Allah ruzisini. Beləliklə, o, dini və şərəfi (elm, ədəb və səbri) özündə olmaqla yanaşı əhli-əyal və var-dövlət sahibi olar. Həqiqətən mal və övlad bu dünyanın (puç olacaq) bəhrəsidir, xeyir əməl isə (qalan və bərqərar olan) axirətin bəhrəsidir. Bəzən də Allah-təala bir qism insanlara bunların hər ikisini nəsib edir (onlar həm dünyadan, həm də axirətdən bəhrələnirlər). Buna görə də (olanla razılaşın, günah və itaətsizlik etməyin), Allahın sizləri qorxutduğu əzabından qorxun. Qorxmağınız üzrə və bəhanəyə görə (xəta və ya təqsirə yol verməkdən qorxan, ağıllı insanlar kimi) olmasın. İbadət edin (Allaha), bunu özünüzü camaata göstərmək üçün etməyin, çünki Allahdan başqası üçün iş görənin əcrini Allah-təala kimin üçün iş görülübsə ondan almağı tapşırar. (O Həzrət bütün sözlərində və əməllərində Allahdan başqa kimsəni düşünmədiyinə görə, burada da dua etməyə başlayır:) Allahdan (bəlaya dözümlü olan) şəhidlərin məqamını, (heç kəsin paxıllığını çəkməyən) xoşbəxt insanlarla yaşamağı, (riyakarlıq və özünü göstərmək üçün iş görməyən) peyğəmbərlərlə yanaşı olmağı istəyirik.
Ey camaat, heç kəs var-dövlət sahibi olsa belə, öz tayfa və qohum-əqrabasından tam ehtiyacsız deyil. Onların əməldə və sözdə köməklərinə və müdafiələrinə ehtiyacı var. Yaxınları insanın eyiblərinin qorunması üçün ən mühüm şəxsdirlər və onun dağınıqlığını, çətinliklərini daha yaxşı aradan götürə bilərlər. Dar anda və onun başına ağır hadisələr gəldikdə (başqalarından) ona daha mehriban olarlar. Allah-təalanın bir şəxs üçün camaat arasında yaxşı ad əta etməsi, ona başqasına miras qoyacağı var-dövlət verməsindən daha yaxşıdır.1 Bu xütbənin bir hissəsidir: Agah olun ki, sizlərdən heç biri öz qohumlarından üz döndərməməlidir. Onları yoxsulluq və pərişanlıq içində gördükdə, onlara ehsan etməlisiniz. Onlara verməkdən çəkindiyiniz mal artmayacaq, onlara sərf etdiyiniz mal azalmayacaq. (Allah onun əvəzini verəcəkdir.) Hər kəs öz tayfasından əl çəkərsə (onlara kömək edib əl tutmazsa) onlardan bir əl azalmış olur, ondan isə çoxlu əllər. (Öz qohumları ilə) təvəzokar, mehriban və yoldaş olan kimsə onların əbədi dostluğunu qazanmış olar. (Seyyid Rəzi buyurur:)
Deyirəm: غَفِيرَة bu xütbədə çoxluq mənasındadır. Necə ki, جمع كثير sözünün yerinə جَمُّ غَفِير və جَمّآءُ غَفِير deyilir. Bir rəvayətdə onun əvəzinə عَفْوَةً deyilmişdir. عَفْوَة yaxşı bir şeyə deyərlər. Necə ki, أَكَلْتُ عَفْوَةَ الطَّعامِ yaxşı bir xörək yedim deməkdir. O Həzrət öz buyruğunda bu sözü necə də gözəl mənada işlətmişdir. وَمَنْ يَقْبِضْ يَدَهُ عَنْ عَشِرَتِهِ Hər kəs yoldaşlığını və xeyrini qohumlarından əsirgəyərsə, onlara bir köməyini əsirgəmişdir, onların yardımına və köməyinə möhtac olan vaxt, onları köməyə çağıranda ona yardımdan imtina edib sözünə qulaq asmazlar. Buna görə də çoxsaylı əllərin yardımından, saysız-hesabsız ayaqların yoldaşlığından məhrum qalar.
24-cü xütbə
İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Döyüşdə öz möhkəmlik və dəyanətini izhar edib, o Həzrətin vuruşmaqda süstlük etdiyini deyən bir kəsin sözünü düzgün bilməyib, camaatı təqva və pərhizkarlığa rəğbətləndirərək buyurur:)
Öz canıma and olsun, haqqa qarşı çıxanlara, azğınlıq yoluna ayaq basanlara qarşı vuruşmaqda süstlük və yumşaqlıq göstərməyəcəyəm (çünki haqqa qarşı çıxanlarla vuruşmaq vacib, bu işdə süstlük və səhlənkarlıq isə günahdır). Belə isə, ey Allah bəndələri, Allahdan çəkinin (yersiz danışmayın, nalayiq söz deməyin), Allahdan Allaha (onun qəzəbindən rəhmətinin, əzabından əfvinin, ədlindən fəzlinin pənahına) sığının. Sizin önünüzdə qoyduğu aydın yola (şəriətin doğru yoluna) yönəlin. Sizin boynunuza qoyduqlarını (şəriət məsələlərini) yerinə yetirin. Beləliklə, (ilahi göstərişə əməl edib şəriət məsələlərini yerinə yetirsəniz) əgər dünyada nicat tapmasanız, axirətdə sizin nicat və qələbənizə Əli zamindir.
Dostları ilə paylaş: |