179- cu xütbə
İmam Əli əleyhis-salamın öz səhabələrinin məzəmməti barəsindəki xütbələrindəndir.
Vacib etdiyi işə, təqdir etdiyi əmələ və məni sizinlə (sizin nifaq və ikiüzlülüyünüzlə) sınadığına görə Allaha şükr edirəm, ey o dəstə ki, nə vaxt əmr etdimsə tabe olmadınız və çağırışımı qəbul etmədiniz. Əgər (düşmənlə müharibədə) sizə möhlət verilsə, boş sözlər danışmağa başlayırsınız (boşboğazlıq edib mənasız sözlər danışırsınız), əgər qarşıya döyüş çıxsa, zəiflik və süstlük göstərirsiniz (qorxudan gizlənirsiniz). (Həmçinin) İmamın yanında toplaşan insanlara (İmam əleyhis-salama tabe olanlara) tənə vuraraq onları məzəmmət edirsiniz. Əgər naçar şəkildə çətinliyə (müharibəyə) düçar olsanız, geriyə dönər, dal-dala qayıdarsınız. (Sizin sabitqədəm insanlar olmadığınıza və heç cür yola gəlməməyinizə baxmayaraq, mən lütf etmək və rəiyyətsevərlik səbəbindən deyirəm: Siz yox,) düşməniniz atasız (tərbiyəçisiz) qalsın! Kömək etmək (onu gecikdirmək) və haqqınız (onu almaq) üçün çalışaraq səy göstərmək barəsində (bunların heç biri istiqamətində addım atmamaqla) nəyi gözləyirsiniz? Ya ölümü, ya da xarlığı seçməlisiniz. (Bunlardan biri sizi tapmalıdır. Ya döyüş meydanında ölmək, ya da düşmən tərəfindən xar edilərək alçaldılmaq ki, ikincisi ölməkdən daha çətin və ağırdır.) Allaha and olsun, əgər əcəlim çatsa, əlbəttə, çatacaq da mənimlə sizin aranızda elə bir halda ayrılıq salacaq ki, sizinlə bir yerdə olmaqdan bezmişəm və tək qalmışam (sizin münafiqlik, ikiüzlülük və çirkin əməlləriniz nəticəsində dünyadan heç bir köməkçisi olmayan kimi gedəcəyəm). Əməllərinizin əvəzini Allah verəcək! Sizi (bir-birinizə kömək etmək üçün) bir yerə toplayacaq bir din və sizi (düşmənin qarşısını almağa) hazır edən bir qeyrət yoxdur? Məgər təəccüblü deyil ki, Müaviyə heç bir kömək etmədən və bəxşiş vermədən (ixtiyarlarında döyüş sursatı qoymadan və pul vermədən) alçaq və nanəcib zalımları çağırır və onlar ona tabe olurlar, amma mən İslam ümmətinin yadigarı və müsəlman xalqın yerdə qalanı olan sizləri, kömək etmək və hər birinizin payı miqdarında bəxşiş verməklə çağırıram, siz isə mənim ətrafımdan dağılışaraq müxalifət edirsiniz?!1 Mənim əmr və fərmanımdan razı deyilsiniz və ondan şad olmursunuz və nə də qəzəb və inciklik ətrafında toplaşırsınız.1 Mənim üçün mənimlə görüşməsini istədiyim ən sevimli şey ölümdür (ki, onunla sizin əlinizdən qurtulum. Çünki sizin qəm-qüssənizdən ölümdən başqa bir şeylə qurtulmaq mümkün deyil). Həqiqətən sizə Qur’anı (onun maarif və həqiqətlərini) öyrətdim, sizin aranızda dəlil-sübutla hökm çıxardım, sizi tanımadığınız şeylə tanış etdim və ağızlarınızdan çıxarıb atdığınız şeyi sizin üçün dadlı-tamlı etdim (nadanlıq üzündən pis sandığınız şeylərin yaxşılıqlarını sizə aşkar etdim). Kaş ki, kor görəydi və ya yatan oyanaydı!2 Başçıları Müaviyə və müəllimləri zinakar arvadın oğlu (Əmr ibn As) olan dəstə Allaha (Onun hökmlərinə) nadan olmağa nə qədər də çox yaxındır!3
180- ci xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. O, səhabələrindən birini (Abdullah ibn Quəyni) göndərdi ki, (Siffeyn müharibəsində) Kufə qoşunundan olan və (Şam əhli ilə müharibədən sonra) Nəhrəvan Xəvaricinə birləşmək istəyən, amma o Həzrət əleyhis-salamdan qorxan dəstədən (Bəni Naciyənin başçısı Xirrit ibn Raşid və onun ətrafındakılardan) bir xəbər gətirsin. Həmin şəxs qayıdanda o Həzrət soruşdu: Onlar qorxmayıb öz yerlərində qalıblar, yoxsa qorxub köçüblər? Həmin şəxs dedi: Ya Əmirəl-möminin, köçüblər. İmam əleyhis-salam buyurdu:
Onları görüm (Allahın rəhmindən) uzaq düşsünlər, necə ki, Səmud tayfası (itaətsizlik edərək Salehin dəvəsinin ayaqlarını kəsdi və bununla da Allahın rəhmətindən) uzaq düşdü (və məhv oldu)! Bil ki, nizələr onlara tərəf uzananda və qılınclar təpələrinə enəndə etdikləri işdən peşman olacaqlar. Bu gün şeytan onları (bizdən) ayırıb parçalamaq (və öz davamçısı etmək) istəyib. Sabah (qiyamətdə isə) onlarla əlaqəli olmasını inkar edərək onlardan uzaqlaşacaq. Buna görə də onlara (onların əzaba layiq olmaları üçün) hidayət və nicatdan (hidayət yolundan) xaric olmaları, azğınlıq və korluğa (azğınlıq və korluq dərəsinə) düşmələri, haqdan (ona tabe olmaqdan) üz döndərmələri və azğınlıqda (azğınlıq yolunda) tüğyan və itaətsizlik etmələri kifayətdir.1
181- ci xütbə
İmam Əli əleyhis-salamın Nauf (ibn Fuzalə) Bikalidən nəql edilmiş xütbələrindəndir.2 (Nauf) deyir:
Əmirəl-möminin əleyhis-salam bu xütbəni bizə Kufədə (o Həzrətin bacısı Umm Haninin oğlu) Cə’də ibn Hübəyrə Məxzuminin dikəltdiyi daşın üzərində dayanaraq oxuyub. O Həzrətin əynində uzun yun paltar var idi. Qılıncının qayışı və ayaqqabısı xurma ağacının yarpaqlarından idi (toxunmuşdu). Onun alnı (səcdənin çoxluğundan) dəvənin dizlərinin qabarı kimi idi. Beləliklə, (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın mədh və tərifi və qüdrət və gücü, təqva və pərhizkarlığa həvəsləndirmək və dünyaya ürək bağlamamaq barəsində) buyurdu:
Şükr o Allaha layiqdir ki, bütün yaradılmışların və işlərinin sonunun (yaradılmışların işlərinin sonunun) qayıdışı Ona tərəfdir. Lütfünün böyüklüyü, (təkliyinə olan) dəlilinin aşkarlığı, bəxşişinin çoxluğu və (İslam dini ilə boyunlara qoyduğu) haqqa görə Ona şükr edirik. Elə bir şükr ki, Onun haqqını əda edərək şükrünü yerinə yetirsin1 və Onun mükafatına yaxınlaşdıraraq bəxşişinin artmasına səbəb olsun. Onun fəzl və bəxşişinə ümidvar olan, xeyir verməsini arzulayan, (çətinlikləri) dəf etməsinə arxalanan, lütf və kərəmini etiraf edən və söz və əməli ilə Ona tabe olan şəxsin istəməsi kimi Ondan kömək diləyirəm. Yəqin və inamla Ona (Onun fəzl və kərəminə) ümidvar olan, kamil imanla Ona (Onun Allahlığına) üz tutan, itaətkarlıqla Ona qarşı təvazökar olan, təkliyinə etiqad bəsləməklə Ona qarşı tam sədaqətli və səmimi olan, şükr etməklə Onu böyük bilən və (Ondan başqa bir sığınacaq və pənah yeri tanımadığı üçün çətinliklərdə) rəğbət və səylə Ona pənah aparan şəxsin iman gətirməsi kimi Ona iman gətiririk. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah doğulmayıb (atadan yaranmayıb) ki, Onunla izzət və əzəmətində şərik olsun. (Çünki ata övladın cinsindəndir və izzət və böyüklükləri bir-birinə şamil olur.) Doğmayıb (dünyaya uşaq gətirməyib) ki, aradan gedərək Özündən sonra miras qoysun.2 Vaxt və zaman Onu ötməyib. (Çünki O, vaxt və zamanın yaradanıdır.) Artmaq və azalmaq bir-birinin ardınca Onu əhatə etməyib.3 Bəlkə (göyün, yerin və digər varlıqların yaradılışında) bizə göstərdiyi gözəl nizam və möhkəm qanunlarla (vücudunun varlığı) ağıllara aşkar olub. Odur ki, Onun yaratmasının dəlil və şahidlərindən biri sütunsuz sabit və bərqərar qalmış və dirəksiz dikəldilmiş göylərin yaradılışıdır. Allah onları çağırdı (yaratmaq istədi). Onlar da itaət və tabeçiliklə dayanıb durmadan və duruxmadan (Onun çağırışını) qəbul etdilər (var oldular). Əgər onlar (vəziyyətləri ilə) rübubiyyəti təsdiq və qəbul, itaət və bəndəliyi iqrar etməsəydilər, onları Öz ərşinin yeri, (yaxın) mələklərin məkanı və bəndələrinin gözəl söz və əməllərinin qaldırıldığı yer etməzdi. Onların ulduzlarını nişanələr edib ki, çaş-baş qalmış şəxs yer üzünün geniş yolları ilə get-gəl edəndə onlarla yol axtarsın. Gecənin pərdəsinin çox qaranlığı onların nurunun işığını örtməyib və qaranlıq gecələrin zülmət pərdələri, göydə görünən ayın nurunun işıltısını aradan qaldırmağa qadir deyil. Buna görə də pak və qüsursuzdur o Allah ki, nə zülmət gecənin qaranlığı, nə də gecənin, dərin yerlərin künclərində və bir-birinə yaxın tutqun rəngli dağların qüllələrində rahatlıq tapanları Ona gizli deyil. Üfüqdə və göyün bir tərəfində göy gurultusundan gələn səs, buludun səpələnərək yox olan (gözlərə görünməyən) ildırımları, qopması ulduzların düşməsinə nisbət verilən küləklərin və yağışın yağmasının öz yerindən uzaqlaşdırdığı (yerə) tökülən yarpaqlar Ona gizli deyil.1 Yağışın hər bir damcısının hara düşüb harada qərar tutacağını, kiçik qarışqanın (öz yükünü) haradan çəkib hara apardığını, ağcaqanadın ruzisi üçün nəyin kifayət etməsini və dişinin (döllü olarkən) qarnındakının nə (erkək, yoxsa dişi) olmasını bilir.
Şükr o Allaha layiqdir ki, kürsü, ərş, göy, yer, cin və insan mövcud olmamışdan olub. (Çünki yaradanın yaradılmışdan qabaq mövcud olmasının zəruriliyi tam aydın məsələlərdəndir.) Düşüncə ilə dərk edilmir və zəka ilə müəyyənləşmir. Heç bir istəyən Onu yayındırmır. (Çünki Onun zatı elminin özüdür və Onun elminə qəflət yol tapa bilməz.) Əta və bəxşiş etmək Onu (Onun nemət xəzinəsini) azaltmır. (Çünki istəyən an istədiyini yaradır.) Göz ilə görünmür. Haradasa olmasını demək olmaz. Bənzəri olmaqla vəsf edilməz. (Əl və ayaq kimi) bir üzvün köməyi ilə yaratmır. Hisslərlə dərk edilmir. (Cisim olmadığı üçün cismin xüsusiyyətlərindən olan bu sifətlərlə vəsf edilmir.) İnsanlarla müqayisə edilməz (onlara oxşadılmaz. Çünki Onun oxşarı yoxdur). O Allah ki, Musa ilə (yaratdığı) bir sözlə danışdı və ona üzv və alətlərsiz, danışıqsız və (boğazda yerləşən və vasitəsi ilə səs çıxan) dilçəklərsiz Öz nişanələrindən böyük bir şey göstərdi (ki, o söz idi). Ey Rəbbini vəsf etmək üçün özünü zəhmətə salan kəs! Əgər düz deyirsənsə, pak hücrələrdə məskunlaşmış (və Allahın əzəmət və böyüklüyündən) başlarını aşağı salan və ağılları yaradanların ən yaxşısını vəsf etməkdə çaş-baş və aciz qalan Cəbraili, Mikaili və Allahın dərgahına yaxın olan mələklər qoşununu vəsf et. (Əgər onlar Onun zatının həqiqətini dərk edə bilmirlərsə, sən zəif bəndə onlardan qabaq Onun həqiqətini dərk etməkdə aciz və zəifsən.) Sifətlərlə o kəslər dərk edilirlər ki, şəkil və alətləri var və o kəs ki, ömrü sonu yoxluğa doğru çəkiləndə başa çatır. Buna görə də Ondan başqa bir tanrı yoxdur. (Çünki əgər olsaydı, əlbəttə ki, dərk edilərdi.) O, hər bir qaranlığı Öz nuru ilə işıqlandırıb və hər bir nuru Öz qaranlıqlaşdırması ilə zülmətə bürüyüb (hidayətin işıqlılığı Onun lütfünün, azğınlığın qaranlığı isə Onun qəzəbinin nəticəsidir).
Ey Allahın bəndələri! Sizə pərhizkar olmağı və (isti və soyuqdan qorunmağınız üçün) sizə gözəl paltarlar geyindirmiş və sizin üçün yaşayış vasitələrini hazırlamış Allahdan qorxmağı tövsiyə edirəm. (Sizin üçün belə bir şərait yaratdığı halda nə üçün günah və itaətsizliklə Onun nemət və bəxşişlərinə nankorluq edirsiniz? Nə üçün Ondan uzaqlaşaraq dünyaya ürək bağlamısınız, halbuki) əgər kimsə dünyada qalmaq üçün bir vasitə əldə edə bilsəydi və ya ölümü dəf etməyə bir yol tapsaydı, o, Davud əleyhis-salamın oğlu Süleyman olardı ki, peyğəmbərlik vəzifəsindən və böyük məqam və dərəcəyə malik olmaqdan əlavə cin və insanlara hakim və padşah idi. (O, dünya və axirətə aid bütün vasitələrə malik olmaqla dünyada qalmağa hamıdan çox layiq idi. Amma) elə ki özünün təqdir edilmiş rüzisini istifadə etdi və həyat müddətini sona çatdırdı, yoxluq yayları ölüm oxları ilə onu diz çökdürdü (və o, dünya ilə vidalaşdı). Şəhərlər onsuz və evlər boş qaldı və başqaları onları irs apardılar. Sizin üçün keçən dövrlərdə ibrət vardır (ki, keçmişlərin bu dünyadan necə üzülüşmələrinə nəzər salasınız). Haradadır Əmaliqə və onların övladları?1 Haradadır (Misir şahları olmuş) Fironlar və (onların heç bir nişanələri qalmamış) övladları? Haradadır peyğəmbərləri öldürən, Allahın elçilərinin hökmlərini söndürən (məhv edən) və zalımların ən’ənələrini dirildən (həmin əsasda davranan) Rəss şəhərlərinin əhalisi?2 Haradadır o kəslər ki, qoşunlarla hər tərəfə gedərək minlərlə nəfəri məğlub edirdilər və ordu toplayaraq şəhərlər tikirdilər?!
Dostları ilə paylaş: |