“ - Mənim qəlbimin daxilində olan ruh - düyü dənəsindən, yaxud buğda dənəsindən, yaxud xardal dənəsindən, yaxud ərzən dənəsindən, yaxud ərzən dənəsinin məğzindən daha kiçikdir. Qəlbimin içindəki ruh yerdən-göydən böyük, səmadan və bütün dünyadan əzəmətlidir. Bu mənim qəlbimin daxilində olan brahmadır!”
Brahman ayininin yuxarıda qeyd olunan fəlsəfəsi əsasları üzərində tədqiqat aparan alimlər brahmanla atmən arasında vəhdəti-vücudun olmasını bəyan etdikdən sonra, irfan sahəsinə daxil olaraq bu ayinin ardıcıllarına tövsiyə etmişlər ki, nəfsi kamilləşdirmək üçün nirvana - fəna mərhələsinə keçsinlər. Yə`ni, insanın ruhu dünyəvi ruhla vəhdət təşkil edib qovuşma mərhələsinə çatdıqdan, brahma ilə birləşdikdən sonra bu vüsalın özündən agah olur; bu birlik və agahlığın özü də onun daxilində bir növ cazibə, coşqunluq və məftunluq yaradır. Ondan sonra insan yəqin mərhələsinə çatdığı üçün təsvirəgəlməz səadət və ləzzətə nail olur. Sözlər və ifadələr onun həqiqi mə`nasını şərh etməkdə acizdir, əql onu dərk edə bilmir. Artıq bundan sonra arif şəxs brahmaya qovuşmuş hesab olunur və eyni halda onu mütləq sükunət və nəzarət bürüyür. Yəqin gözü ilə özünün brahma ilə olan ruhani vəhdətini hiss edir. Belə ki, öz ətrafında mövcud olan və hiss olunan əşyaları başqa bir şey kimi deyil, vahid bir vücuda malik olan halda görür. Arif insan bu halətdə özünü hər biri vahid və əzəli varlığın ayrı-ayrı təzahürləri olmalarına baxmayaraq onun yanında olan ağacla bir görür. Brahman dinində varlıqlar brahmanla vəhdətdə olmaqla eyni zamanda brahmandan ayrılır və seçilir. Zahirdə bütün aləm çoxluqlardan təşkil olunmuşdur, gerçəkdə isə belə deyildir. Çoxluqlar varlıq aləminin bəsit və fərdi həqiqətindən ayrılıq və əksliklərin təzahürləridir. Buna görə də öz özlüyündə nöqsana, şərlərin meydana gəlməsinə və kamaldan uzaq düşməsinə səbəb olurlar. Əgər bu müxtəliflik və çoxluq olmasaydı əzab-əziyyətin, çətinlik və kədərin mə`nası olmaz, aradan gedərdilər. Buna görə də insan fəna mərhələsinə yetişdikdə çoxluqdan yaxa qurtardıqda qurtuluş, səadət, xoşbəxtlik və kamala çatmaq hissi keçirir.
Brahmanların e`tiqadına görə atmən (yə`ni, varlığın ruhu və məğzi, insani mahiyyəti və batini) əzəli və əbədidir. Yaradılış və xilqətin bir dövrünə şamil edilən dünya dövranlarından hər biri (brahmanlar ona karpa deyirlər) bir gün sona çatacaqdır. Həmin gün bütün varlıqların ruhu öz cəsədlərindən ayrılacaq, asılı və sükunətdə olacaqlar. Uzun bir müddəti qət etdikdən sonra “pralaya” adlandırılan sükunət, yoxluq başa çatacaq, xilqət və yaradılış yenidən başlanacaq, yox olmuş aləm təzədən yaranacaqdır. Bu zaman ruhlar ətalət və donuqluq vəziyyətindən çıxacaq, yenidən hərəkətə, canlanmaya gələcəklər. Bütün kainat - bitkilər, canlılar, insanlar, şeytanlar və mə`budların hamısı - yeni bədənlərdə öz həyatına başlayacaqlar. İctimai sinif və təbəqələr yenidən təşəkkül tapacaq və yeni karpa başlanacaqdır. Bu dövr də özünün yekun nöqtəsinə doğru hərəkət edəcəkdir. Beləliklə, dünyanın mövcudluq tarixi əzəli, əbədi şəkildə yeniləşmə və təkrarlanmaqdadır.
Öyrəndik ki, brahmanların e`tiqadına uyğun olaraq atmən əzəli və əbədi olmaqla brahmanla vəhdət təşkil edir. Onun zatına azacıq belə olsa, nöqsan, şər və əzab-əziyyət yol tapmamışdır. Bu nöqsan, şər və əzab-əziyyət insanın rəftarındakı əməllərin nəticəsi, yaxud karmadır. Karma atməni özünə tabe edərək onun ruhunu müəyyən şəklə salmış insani əməl və rəftarlardır.
Bu e`tiqada əsasən insan murdar və pis əməllər törətməsə öldükdən sonra ruhu brahmana qovuşur və xoşbəxtliyə çatır. Əgər çirkin və yaramaz əməl - karma törətmiş olsa, yaxud gələcəkdə belə işlər görsə onun ruhu heyvan və ya insanların cisminə, yaxud sair əşyalara keçərək yenidən həyat sürəcəkdir. İxtiyari deyil icbari olan bu yeni həyat insanın bir daha əzab-əziyyətləri, müsibətləri yenidən təcrübədən keçirməsinə səbəb olur. Bu proses terminologiyada “samsara”, yaxud tənasüx və ya hülul adlandırılır.
Karma prinsipi əsasında, insan ruhu onun törətdiyi əmələ uyğun olaraq ölümündən sonra özündən yuxarı və ya aşağı cəsədə keçir və nəticədə öz əməlinin bəhrəsini görür. Upanişadlar bu barədə deyirlər: “ - Həyatlarında gözəl və bəyənilən əməl sahibi olanların ruhları ölümdən sonra pak və bəyənilən bətndə bir brahman qadının, yaxud da kşatriyə və yaxud da visiyə qadının bətnində özünə yer tapır. Amma şər işlər görən şəxslərin ruhları isə çox bəyənilməz bətnlərdə yerləşir.”
Samsara prinsipinə uyğun olaraq, qeyd etdiyimiz üslubda olan keçid, tənasüx və nəsil artımı ardıcıl surətdə insan əməlinə münasib şəkildə təkrar olunur. Cəmiyyətin aşağı təbəqəsindən olan yaxşı əməl sahibi olan insanın ruhunun ölümündən sonra brahmanın, yaxud cəmiyyətin yüksək təbəqəsindən olan bir şəxsin bədəninə keçməsi də mümkündür və bunun əksi də ola bilər.
Öyrəndiyimiz kimi, brahmanların e`tiqadına görə insan dünyada çirkin əməllərlə məşğul və şeytan xislətli olarsa, hökmən öz həyatının yeni dövrünü daha aşağı bir varlığın bədənində başlamalı, daha ağır əzab-əziyyət və müsibətlərə dözməlidir. Yaxşı əməl sahibləri isə öz həyatlarını daha üstün bir varlığın bədənində davam etdirəcəklər. Ancaq bilmək lazımdır ki, bundan əvvəl də qeyd olunduğu kimi, çoxluq aləminə yenidən qayıdış hər halda əzab-əziyyətlə müşaiyət olunacaqdır. Çünki həmin aləmin xüsusiyyətləri bunu tələb edir. Buna görə də nə saleh, nə də çirkin əməl nicat və qurtuluşa səbəb olmur. Brahmanların nəzərinə görə nicat və qurtuluş yalnız mukşanın vasitəsilə mümkündür. Mukşa maddi meylləri tərk edib fəna yoluna qədəm qoymaqdan ibarətdir. İnsan var-dövlət sevgisi və dünyəvi istəklərdən əl çəksə brahmana qovuşar və əbədi rahatlıq tapar. Bu barədə Upanişad elmi iki mərtəbəyə - daha ali və daha aşağı dərəcəyə böldüyü hissədə belə deyir:
“ - Daha ali elm – azadlıq elmi atməndə (yaxud insan varlığının həqiqəti və ruhu) bütün maddi meyllərdən və varlığı tələb edən şəraitlərin hamısından azad olmaqdır. İnsan bu məqama yetişməklə mukşaya, yə`ni nicat və qurtuluş yoluna çatacaq, atmən-brahmanın bir olmasını dərk edəcəkdir. Bu zaman vəhdətin şadlığında, əzəliyyət və əbədiyyət nə`şəsində qərq olacaq, aləmdəki daimi dəyişikliklərdən və köçmələrdən, samsaranın qeyri-ixtiyari həyat dəyişmələrindən həmişəlik xilas olacaqdır.”
1. Veda və brahman ayini baxımından qurtuluşun tə`rifi necədir?
2. Brahman kimdir və onun üzərinə hansı vəzifələr düşür?
3. Atmənin mə`nası nədir və onun brahmanla nə kimi əlaqəsi vardır?
4. Varlıqların brahmanla olan əlaqəsi necədir?
5. Brahman ayinində qurtuluş yolu nədir?
Brahman ayini nöqteyi-nəzərindən tənsüxü izah edin.
Müəllimin köməyi ilə və e`tiqadlar dərsində öyrəndiyiniz ideoloji arqumentləri nəzərə almaqla, brahman ayininin e`tiqadi prinsiplərini araşdırıb təhlil edin.
Brahman ayinində sanskrit dilində ona “kasta” deyilən veda ayininə nisbətən baş verən ən mühüm dəyişikliklər dörd təbəqəli quruluşun formalaşması idi. Miladdan əvvəl yeddinci əsrin sonlarından başlayaraq, tədricən Hindistanda bir-birindən tamamilə ayrı və fərqli dörd ictimai təbəqə formalaşdı. Bu təbəqələr bir müddətdən sonra brahman ayininin birbaşa tə`siri altında dini və əqidəvi səciyyə daşımağa başladı. Burada hər bir təbəqəni şərh etməzdən və brahmanın onlar barədə nəzərini araşdırmazdan əvvəl, bu dörd təbəqənin yaranma tarixinə qısa ekskursiya edək:
Miladdan əvvəl yeddinci əsrin sonlarında ariyalılar Qanqa dərəsini tamamilə əllərinə keçirdilər və orada tədricən çoxsaylı ictimai təşkilat və qurumlar yaratmağa başladılar. Bə`zi bölgələrdə müəyyən dövlətlər də yarandı ki, onlara monarxiyalı hakimiyyət quran “racelər” sülaləsi rəhbərlik edirdi. Bə`zi yerlərdə qəbilə başçılarından ibarət şuraların nəzarəti altında ictimai təşkilatlar yaranırdı və bunlar əslində bir növ “köçərilər respublikası” sayılırdı. Bu hindus təşkilatlarında fateh qövm (ariyalılar) ən yüksək məqama malik idi və məğlub olan qövm isə ən alçaq təbəqələrdə yer tutmuşdu. Bu təşkilatlar yarandığı ilk vaxtlarda bir-biri ilə çox da fərqli xüsusiyyətlərə malik olmasalar da tədricən bir-birindən tamamilə ayrı olan dörd təbəqəyə bölündülər. Onlar aşağıdakılardan ibarətdir:
1. Kşatryalar təbəqəsi - əmirlər və şahzadələrə şamil edilirdi;
2. Brahmanlar təbəqəsi – ruhanilər və kahinlərdən ibarət idi;
3. Vişiyalar təbəqəsi - əkinçilər və sənətkarlara aid idi;
4. Şudralar təbəqəsi – qeyri-ariyalı xalqlardan olan qara dərililər, qullar və başqalarından təşkil olunmuşdu.
Bu sinfi quruluş sırf irqçilik prinsipləri əsasında formalaşmışdı. Buna görə də ilk üç təbəqə ariyalı irqindən olduğuna görə qeyri-ariyalı xalqlardan ibarət olan dördüncü təbəqədən uzaq gəzirdi. Onların arasında ayrılıq o həddə idi ki, aşağı təbəqə ilə ailə qurmaq qadağan edilmişdi və xoşagəlməz hal sayılırdı. Hətta onlarla oturub-durmaq, bir süfrə başında çörək yemək belə yasaqlanmışdı.
Əlbəttə, dördlük təşkil edən kastalardan əlavə, Hindistan cəmiyyətində başqa bir təbəqə də var idi ki, ümumiyyətlə bütün insani, ictimai hüquqlardan və hətta bə`zi heyvanlara məxsus imtiyazlardan da məhrum idi. Bu təbəqəyə “paryalar”, yaxud “çəndəlalar” deyirdilər. Paryalar insan hesab olunmadığından, mövcud ictimai və sinfi quruluşda onlara azacıq da olsa, yer verilmirdi. Digər təbəqələr tərəfindən paryalara qarşı nifrət hissi və onların cəmiyyətdən uzaqlaşdırılması yavaş-yavaş özünə dini rəng aldı. İctimai və ailəvi əlaqələrin bərqərar edilməsini qadağan etmək azmış kimi, hətta ariyalıların müqəddəs kitablarını (vedaları) öyrətmək və qiraət etmək haqqı da onlardan alındı. Bundan əlavə onlara hətta ariyalıların allahlarına sitayiş etmək icazəsi belə verilmirdi. Bu zülm və ayrı-seçkiliklər paryaları tədricən animizm və s. kimi ibtidai dinlərə yönəltdi.
Müqəddəs veda kitablarında da qeyd olunan kasta sinfi quruluşu dini və e`tiqadi baxımdan elə təfsir olunurdu ki, sonralar o, azacıq dəyişikliklə brahman ayininin yayıldığı dövrlərdə hind cəmiyyətinin ictimai quruluşunun əsasını təşkil etdi. Bu cüzi dəyişiklik brahmanlar təbəqəsinin kşatrya təbəqəsi ilə yerdəyişməsindən ibarət idi. Çünki ölkəni idarə etmək, düşmənlərlə mübarizə aparmaq və müxalifləri məhv etməklə məşğul olan əmir və cəngavərlər naçar qalıb daim ruhani (brahmanlara) gücünə arxalanırdılar. Onlar da xalqın dini hisslərindən istifadə edərək özlərinin hərbi-siyasi məqsədlərini həyata keçirə bilərdilər. Bu da tədricən əvvəllər dua, qurbanlıq mərasimlərinin keçirilməsini, mə`budların dərgahında ehtiyacların istənilməsi mərasimlərini həyata keçirən brahmanlar təbəqəsinin tədricən xüsusi mövqeyə yüksəlmələrinə səbəb oldu. Camaat brahmanların dua və zikrlərinin qeyri-adi tə`sirə malik olduğuna inandıqlarından get-gedə onların şan-şöhrəti və əzəməti artdı. Belə ki, brahmanlar hətta mə`budlarla eyni səviyyədə hesab olundular. Bu təbəqənin müsbət qarşılanması və onlara olan meyl son nəticədə brahmanların qalan üç təbəqə ilə yanaşı mövqeyinin yüksəlməsinə səbəb oldu və onlar üçün xalq arasında münasib sosial baza yarandı. Əlbəttə, kşatryalar siyasi və hərbi qüdrətdən bəhrələndiklərinə görə daha böyük ictimai imtiyazlara malik olub bütün təbəqələrə hakim kəsilsələr də brahmanların camaat arasındakı nüfuzu və ümumxalq rəğbəti elə bir vəziyyət yaratdı ki, əmirlər və hərbiçilər tədricən bu yeni ictimai təbəqəni rəsmi olaraq tanıdılar.
Bütün bunlara baxmayaraq indinin özündə də, Hindistanın ictimai quruluşunu təşkil edən bu sinifləşmə hələ də ayrı-ayrı təbəqələrin bir-birinə qarışıb ünsiyyətdə olmasını qadağan edir.
Hər bir şəxs öz təbəqəsindən olan insanlarla əlaqə yaratmalı və ya ailə qurmalıdır. Hamı öz ata-babalarının həmin təbəqədəki işini davam etdirməli, öz təbəqəsindən çıxmamalıdır və başqa iş seçmək haqqına sahib deyil. Əlbəttə, Qandinin istiqlal mübarizəsinin ümumxalq hərəkatının qələbəsi ilə bu sinfi imtiyazların çoxu öz-özünə ləğv edildi. Xüsusilə də, paryalar müdafiə olundular və itirilmiş hüquqlarını bərpa etdilər. Hal-hazırda da onların arasında sinfi ayrı-seçkiliklər müəyyən qədər müşahidə olunur, xüsusilə də brahmanlar özlərinin əvvəlki sinfi və ictimai mövqelərini qoruyub saxlamışlar.
Hindistanın sinfi quruluşunda əhəmiyyətli məqam bu quruluşun dini və ideoloji əsaslandırılmasıdır və buna əsasən həmin təbəqələr brahmanizmin pozulmaz prinsipi sayılır. Bu barədə Riqveda kainatın yaradılışını bəyan edərkən deyir: “ - Sonra onun ağzı (brahman – kainatın xaliqi) brahmana çevrildi. Onun biləkləri kşatrya, budları isə vişya oldu və şudra onun ayaqlarından yarandı.”
Brahmanlar Riqvedanın bu ifadəsini belə izah edirlər ki, hər fərdin sinfi mövqeyi karma qanunu və samsara, yə`ni tənasüx əsasında tə`yin olunur. İnsan ruhu əvvəlki həyatda özünün yaxşı və ya pis əməllərinə əsasən öldükdən sonra aşağı, yaxud yuxarı təbəqədən olan bir insana və yaxud da cismə keçib yeni həyatını başlayır. Buna görə də, cəmiyyətin aşağı təbəqələrinin öz mövcud vəziyyətləri və mövqelərindən şikayət və e`tiraz etmək haqları yoxdur. Çünki, belə bir şəraiti o seçməyib və bu işə görə müqəssir deyil. Daha üstün məqam və mövqe istəyən şəxslərin çarəsi yalnız bundadır ki, kastın sinfi quruluşu və onun qanunlarına qeydsiz-şərtsiz təslim olub ona tapşırılan vəzifə və məs`uliyyəti yerinə yetirməklə özündən müsbət bir karma qoyub getməkdən başqa çarəsi yoxdur. Bəlkə yalnız bununla gələcək həyatlarında yüksək təbəqədən olan bir şəxs formasına düşüb daha yüksək təbəqədə yeni həyatlarını başlaya bildilər. Bu ölüm və həyat ardıcıllığı tənasüx vasitəsilə bütün təbəqələrdə fərdi ruhun ötüb-keçməsinə və ən yüksək təbəqəyə çatmasına qədər davam edəcəkdir. Son mərhələ həmin fərdin göylərdə, ataların və mə`budların ruhlarının qonşuluğunda əbədi məqama, bundan daha yüksəkdə olan brahma ilə tam qovuşma məqamına çatmasıdır. Ruh hətta karyaların səviyyəsinə qədər enə bilər. Brahmanların inancına görə çirkin əməllər və brahma qanunlarına itaətsizlik insanı öz təbəqəsindən aşağı endirə və yeni həyatda daha alçaq təbəqədən olan bir fərdin qəlibində yerləşdirə bilər. Bu baxımdan paryaların aşağı məqamda olmalarının səbəbi budur ki, onların çirkin əməllər, brahman qanunlarından çıxmağa sə`y göstərmələri öz məqam və mövqelərindən aşağı enmələrinə səbəb olmuşdur. Bu mərtəbədə paryaların heç bir insani haqqı, ictimai nüfuz və heysiyyəti olmur. Onlar karma qanununa əsasən heç kəsin yerinə yetirməyə razı olmadığı ən alçaq ictimai işləri görməyə məhkum olunmuşlar.
Brahmanların ən müqəddəs və ən mühüm kitabları dörd vedadan ibarətdir. Amma onların arasında da yalnız Upanişad brahman ayininin əsas istiqaməti və vedanın ən mühüm təfsirlərindən biri sayılır.
“Upanişad” sözü üç hissədən ibarətdir: “upa” - yaxın, “ni” - aşağı, “şad” isə oturmaq mə`nasını daşıyır. Bu söz terminologiyada mürşidlərin öz xüsusi müridlərinə öyrətdiyi bir sıra şifahi elmlərə aid olunur. Xüsusi diqqət və vasvaslıqla təqdim olunan bu tə`limlər xüsusi xarakterinə və yalnız bu elmləri öyrənmək ləyaqəti təsbit edilmiş şəxslərə tə`lim edildiyindən tədricən batini həqiqətlərə və sirli elmlərə çevrildi. Buna görə də bə`zi alimlər “upanişad” sözünü “sirlər və rəmzlər” mə`nasına işlətmişlər.
Brahma ayininə inananların nəzərinə görə Upanişadlar toplusu bəşər tərəfindən yazılan əsərlərdən olmayıb, yalnız vəhy və işraq yolu ilə meşələrdə tərki-dünya həyat tərzi keçirərək öz ruhlarını saflaşdırmağa nail olanlara və haqq hökmlərinin dinləyicilərinə ilham olunur, daha sonra isə sirli, simvolik cümlə və ifadələr şəklini almışdır. Upanişadların tarixi miladdan 500-800 il əvvələ gedib çıxır. Hal-hazırda 200 nüsxəyə qədər Upanişad mövcuddur ki, onların bə`ziləri şe`r, bə`ziləri isə nəsr şəklində yazılmışdır. Bu nüsxələrdən bə`ziləri əslində sonralar brahman ayinində yaranan bir çox məktəblərin əsasını təşkil etmiş təfsirlərdir. Əvvəldə qeyd olunduğu kimi, brahman ayininin ideoloji dünyagörüşü və ictimai quruluşunun əsasları Upanişadların tə`limləri üzərində qurulub. Buna görə də, həmin kitablar brahman ayininin ən mühüm və ən əsas kitablarından sayılır.
Brahman ayinində ehtirama layiq görülüb müqəddəsləşdirilən və bu ayinin əməli əsaslarını təşkil edən digər bir kitab “Mano qanunları” adlanır. Keçmişi miladdan 250 il əvvələ gedib çıxan bu kitab 12 fəsildən ibarətdir. Hər bir fəsildə əxlaqi və əməli tövsiyələr, ardıcılların vəzifələri, o cümlədən cəza qanunları, hər bir kasta üzvlərinin vəzifələri, təbəqələrlə əlaqədar müəyyən şərh və izahlar bəyan olunmuşdur. Bu kitabda brahmanlarla əlaqədar oxuyuruq: “ - Brahmanların vəzifəsi budur ki, vedaları tədris edib öyrətsinlər. Camaatın qurbanlıqlarını tanrıların dərgahına hədiyyə etsinlər, onlardan qeyrisinin vasitəsi ilə qəbul olunmaz. Brahmanlara bütün mə`budlar hörmət edir və buna görə də yüksək məqam sahibidirlər. Brahman heç bir günaha batmaz, hətta bütün insanları öldürsə belə cəzalandırılmayacaq. Padşahlara, hətta ehtiyacdan ölüm ayağında olsalar belə, brahmana vergi qoymaq qadağandır.”
Mano qanunlarında kşatrya təbəqəsi barədə deyilir:
“ - Yalnız bunların rəhbər, padşah, qazi və ya hakim olmağa səlahiyyətləri vardır. Onların hərbi işlərdən başqa bir xidmətlə, hətta dinc şəraitdə olsa belə, məşğul olmaları caiz deyildir.”
Yaxud vişiya təbəqəsi barədə deyilir: “ - Yalnız öz təbəqələrindən özlərinə həyat yoldaşı seçmək onlara vacibdir. Ticarət qanunlarını, əkinçilik və bağbanlıq qaydalarını öyrənmək də vişiyalılara vacibdir. Onlar müxtəlif xalqların dillərindən, bazarlardakı qiymətlərdən xəbərdar olmalıdırlar.”
Bu kitabda şudralər haqda belə deyilir: “ - Onlara brahmanların əmrlərini yerinə yetirmək vacibdir. Yalnız bu halda sonrakı həyatda daha yaxşı məqama çata biləcəklərinə ümidvar ola bilərlər. Onların sərvət toplamaları caiz deyildir. Çünki belə olan halda brahmanlar əziyyət çəkə bilərlər. Əgər şudra təbəqəsindən bir şəxs özünü daha yüksək təbəqədən olan fərdlə bərabər hesab edərsə sürgün edilməli və kürəyinə dağ basılmalıdır. Əgər özündən yuxarı təbəqələrə mənsub olan bir şəxsə əl qaldırarsa əli kəsilməlidir; təhqir edərsə ayağı kəsilməlidir. Həyasızlığı son həddə çatarsa, brahmanın rə`yi ilə onun ağzına və qulağına qaynar yağ tökmək padşaha vacibdir.”
Göründüyü kimi, “Mano qanunları” kitabı ictimai təbəqələr arasındakı ziddiyyətləri daha da dərinləşdirir. Bu kitab təbəqələr arasındakı fərqin qorunub saxlanılmasını hər bir dindara itaəti vacib olan dini-əqidəvi və qaçılmaz bir iş hesab edir. Bu vəzifələrdən imtina etmək dindən çıxmaq, mürtəd olmaq, brahman və digər mə`budlara qarşı üsyan, sonrakı həyatında hazırkı məqamından daha alçaq məqamlara enməsinin səbəbi sayılır.
Bu kitabda Mano qanunlarının düzgün olmayan tə`limlər, mənfi cəhətlər və ağlasığmaz hallarından əlavə, müsbət və dəyərli əxlaqi tövsiyələr də gözə çarpır. Əxlaqi tövsiyələrdən bə`zilərini qeyd edirik:
Valideynə və müəllimə itaət qarışıq ehtirama diqqətlə yanaşmaq, günahı e`tiraf etmək, sədaqət və düzlük, çətinliklərə ruhi məşğələlər və şadlıqla dözmək və s.
“Mano qanunları” kitabında əhəmiyyət kəsb edən digər bir məqam, bu kitabda ilk dəfə olaraq digər müqəddəs kitablardan, onların mə`bəd və ruhaniləri barədə söhbət açılmasıdır. Ümumiyyətlə “Upanişadları” və “Mano qanunları”nı özü də veda ayininin əsasları üzərində qurulmuş brahman ayininin əsas dayaqlarından hesab etmək olar. Həmin kitablarda bu ayinin ideoloji, ictimai əsasları və dünyagörüşü şərh olunmuşdur.
Hinduizmin əsası və bünövrəsi sayılan brahman ayininin hal-hazırda da Hindistan yarımadasında çoxsaylı ardıcılları vardır. Gələcək dərslər bu ayinin ətraflı təhlilinə həsr olunacaq.
1. Kasta nədir?
2. Paryalar hansı təbəqədir?
3. Brahmanlar öz sinfi quruluşlarını dini baxımdan necə əsaslandırırlar?
4. Upanişad hansı mə’nanı ifadə edir?
5. Mano qanunları kitabında dörd təbəqə haqda nə deyilir?
Brahman ayininin dörd ictimai təbəqəsinin adını sayın.
İslam dininin insan və insan cəmiyyəti barəsində olan baxışları, bu ideologiya baxımından üstünlük me’yarından çıxış etməklə brahmanizmin sinifləşmə nəzəriyyəsini təhlil və analiz edin.
Brahman ayininin bə`zi ictimai-ideoloji əsaslar, o cümlədən karma qanunu, tənasüx və kasta sinfi quruluşu sonrakı dövrlərdə onların ardıcılları tərəfindən inkar edilərək ciddi narazılıq və kəskin tənqidlə qarşılaşdı. Brahmanlar məhz bunlara əsaslanaraq açıq şəkildə bildirirdilər ki, öz təbəqələrindən olanlar istisna olmaqla, heç kəs kamil mə`nəvi mərhələləri qət edərək nicat və qurtuluş mənzilinə, yə’ni nirvanaya nail ola bilməz. Bu e’tiqad brahman ayinindəki digər e’tiqadlardan daha artıq tənqid və e’tirazlara mə’ruz qaldı.
Bu əqidənin ardıcılları üçün insanlar arasında yalnız bir təbəqənin nicat əhli olaraq nirvana kimi fəna mərhələsinə çata biləcəkləri, başqalarının isə on dəfələrlə doğulub-ölməkdən, sə`y göstərib əzab-əziyyət çəkməkdən sonra belə, nicat və qurtuluş mərhələsinə çata bilməyəcəkləri kimi e`tiqadı qəbul və həzm etmək çox dözülməz idi. Buna görə də Hindistan alimlərindən bir qrupu karma və tənasüx qanununu başqa bir yolla izah etməyə çalışaraq, onu təfsir etməyə başladılar. Bu təfsirlərin ən mühümü sonralar caynizm və buddizmin yaranıb formalaşmasına səbəb olmuşdur.
Caynizm ayininin yaradacısı və banisi Natapute Vardmne idi və ardıcılları onu “mahavira”, yaxud böyük pəhləvan adlandırırlar. Mahavira miladdan 599 il əvvəl kşatrya təbəqəsindən olan “racelər” ailəsində dünyaya gəlmiş və sinfi vəziyyətinə görə öz inkişaf dövrünü rifah, var-dövlət, əmin-amanlıq içində keçirmişdir. Caynizmin müqəddəs kitablarında onun həyatı ilə əlaqədar deyilir:
“ - Mahavira beş nəfər dayə tərəfindən qorunurdu. Hər bir dayə ayrıca onun ayaq yoluna getməsi, təharət işləri, bədəninin paklığı, paltar geyməsi, yaxud oynayıb-əylənməsi işlərinə baxırdı. O, bir dayənin qucağından digərinin qucağına ötürülürdü.”
Mahavira öz gənclik dövrünü də atasının imperator sarayında naz-ne’mət içərisində keçirmiş, daha sonra zadəgan təbəqəsindən olan bir qızla evlənmişdir. Buna baxmayaraq, şahlara xass həyat tərzi ona çox iyrənc və dözülməz gəlirdi. O, zahidlik və rahiblik həyatına üstünlük verir və belə bir həyat tərzini daha çox sevirdi. Ata-anası həyatda ikən onun rahiblərə yaxınlaşması və həyat tərzlərinin tətbiqinin qəti əleyhinə olduğuna görə onlardan uzaq gəzirdi. Amma, təxminən 30 yaşında ikən ata-anası öldükdən sonra sarayın kübar həyat tərzindən uzaqlaşıb ona miras qalan var-dövlətin hamısını yoxsulların arasında bölüşdürdü və şəhərin kənarında rahiblərin monastırında yaşamağa başladı. Zadəgan paltarlarını çıxardıb, rahiblərin adətinə uyğun olaraq, əyninə sadə bir parça doladı və onların ayininə and içib öz cismini və bədənini unudacağına, üzləşəcəyi bütün xoşagəlməz hallara və çətinliklərə səbr edəcəyinə söz verdi.
Mahavira bir müddət rahiblərlə birgə yaşadıqdan sonra nicat və qurtuluşa nail olmaq, mukşadan nicat tapmaq üçün rahiblərin monastırını tərk etdi. Əbasını çiynindən götürdü, çılpaq şəkildə səhralara üz qoydu, evsiz-eşiksiz didərginlər kimi özünün asketik həyat dövrünü başladı. Yazırlar ki, o, öz səyahət və seyri-süluk müddətində bir gündən artıq bir kənddə və beş gündən artıq heç bir şəhər və ya qəsəbədə qalmamışdır. Belə ki, bir yerdə bundan artıq dayanmağı həmin yerlərə ürək bağlamaq kimi qiymətləndirirdi. Yalnız yağışlar mövsümündə bir yerdə qalmaq üçün yer seçir və orada mütləq sükunətə dalırdı. Bu fəsildə yer üzündə bir çox canlılar hərəkətə gəldiyindən Mahavira onları əzməmək və əzab-əziyyət verməmək üçün hərəkət etmirdi. O, nicat və qurtuluş prinsiplərindən birinin də canlılara əzab-əziyyət verməmək olmasına inanırdı. Buna görə də, yeriməyə başladıqda yumşaq bir süpürgə ilə öz yolunu təmizləyirdi ki, kiçik həşəratları, yaxud qarışqaları yolun üzərindən götürsün və onlara əzab-əziyyət verməsin.
Məhz bu səbəbdən, heç vaxt ət xörəkləri yeməzdi ki, heyvanların öldürülməsində payı olmasın. Həmişə dilənməklə başqalarının hazırladığı yeməklərdən yeyərdi. Su içən zaman nazik bir parça ilə suyun üzərini təmizləyirdi ki, onda kiçik canlılar olmasın. Hətta, həşəratların ağzına girib ölməməsi üçün danışan zaman ağzına bir dəsmal tuturdu. Yatan zaman da öz yatağını diqqətlə axtarırdı ki, hər hansı bir həşarat, yaxud həşaratın sürfələri olarsa, onlara zərər toxunmasın. Yazırlanlara görə o, başqa rahiblərin nazik paltar geydikləri və öz bədənlərini od qalamaqla qızdırdıqları soyuq fəsillərdə də çılpaq gəzər, ağaclara söykənməkdən çəkinər və heç vaxt sığınacağa girməzdi. Soyuq fəsillərdə kölgədə, isti fəsillərdə isə yandırıcı günəşin altında oturmaqla dərin düşüncə və meditasiyalara qərq olardı.
Dostları ilə paylaş: |