"Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 496 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 6 aprel 2007-ci il
№ 62
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Büdcə il ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 496 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun hazırlanmışdır və faktiki büdcə daxilolmalarının nəzərdə tutulduğundan artıq olması, kassa icrası xəzinədarlıq tərəfindən aparılan büdcədənkənar fondların və məqsədli hesabların (depozit və tapşırıq hesabları) qalıqlarının vahid xəzinə hesabında cəmləşdirilməsi hesabına xarici valyutada yaranan qalıqların (bundan sonra - sərbəst qalıqlar) idarə olunması, idarəetməyə verilərək, müvafiq şərtlərlə etibarlı banklarda yerləşdirilməsi mexanizmini müəyyənləşdirir.
1.2. Sərbəst qalıq vəsaitlərinin bu Qaydalara uyğun olaraq idarə edilməsi və ya etibarlı idarəetməyə verilməsi həmin vəsaitləri dəyərsizləşməkdən qorumaq və dövlət büdcəsinə əlavə gəlir gətirmək məqsədini daşıyır.
2. SƏRBƏST QALIĞIN İDARƏ OLUNMASININ VƏ İDARƏETMƏYƏ VERİLMƏSİNİN TƏŞKİLİ
2.1. Sərbəst qalıq vəsaitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə edilə və ya valyuta vəsaitlərinin idarə edilməsində geniş təcrübəyə malik olan quruma idarəetməyə verilə bilər.
2.2. Sərbəst qalıq vəsaitlərinin idarəetməyə verilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - vəkalətverən) idarəetməyə götürən (bundan sonra - vəkalətalan) arasında bağlanılmış müqavilə, saziş və digər hüquq müəyyənedici sənədlər və əqdlər əsasında həyata keçirilir.
2.3. Vəkalətverənlə vəkalətalan arasında bağlanılmış müqavilə, saziş və digər hüquqmüəyyənedici sənədlər aşağıdakı şərtləri əks etdirməlidir:
vəkalətverənin hüquq və öhdəlikləri;
vəkalətalanın hüquq və öhdəlikləri;
vəsaitlərin idarəetməyə verilməsi və qaytarılması müddətləri;
tərəflərin məsuliyyəti;
idarəetmə haqqı və ödənilmə mənbəyi;
mübahisələrin həlli.
3. SƏRBƏST QALIĞIN İDARƏ OLUNMASI VƏ YERLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ
3.1. Sərbəst qalıq vəsaitlərinin idarə edilməsi və ya idarəetməyə verilərək yerləşdirilməsi istiqamətlərinin müəyyən olunması hər il üçün qəbul olunan investisiya siyasətinə (strategiyasına) uyğun olaraq həyata keçirilir. Sərbəst qalıq vəsaitlərinin idarə olunması üzrə investisiya siyasəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyası tərəfindən qəbul edilir.
3.2. İnvestisiya siyasətində sərbəst qalıq vəsaitlərinin idarə edilməsinin ümumi prinsip və istiqamətləri aşağıda qeyd olunan məzmunda öz əksini tapmalıdır:
idarəetməyə veriləcək sərbəst qalıq vəsaitlərinin (investisiya portfeli) proqnozlaşdırılan həcmi;
xarici menecerlər cəlb etməklə, sərbəst qalıq vəsaitlərinin idarəetməyə veriləcək investisiya portfelinin hissəsi və müddəti;
likvidlik üzrə tələblər;
kredit riskləri üzrə tələblər;
proqnozlaşdırılan sərbəst qalıq vəsaitlərinin gəlirlilik dərəcəsi.
3.3. Sərbəst qalıq vəsaitləri aşağıdakı maliyyə alətlərinə investisiya oluna bilər:
investisiya reytinqi ölkələrin mərkəzi banklarda, AA-(Standart ənd Purz və ya Fiç) və Aa3-(Mudiz) uzunmüddətli kredit reytinqindən aşağı olmayan reytinqə malik kommersiya bankları və digər maliyyə təsisatlarındakı depozitlərə;
AAA kredit reytinqinə (Standart ənd Purz və ya Fiç və ya Mudiz) malik pul (likvidlik) fondlarına;
uzunmüddətli öhdəliklər üzrə investisiya dərəcəli kredit reytinqindən (Standart ənd Purz və ya Fiç və ya Mudiz) malik olan ölkələrin hökumətləri, dövlət agentlikləri və ya dövlət təminatları olan maliyyə təsisatları tərəfindən buraxılmış borc qiymətli kağızlarına;
beynəlxalq maliyyə təşkilatları (Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və s.) tərəfindən buraxılmış borc qiymətli kağızlarına;
uzunmüddətli öhdəliklər üzrə investisiya dərəcəli kredit reytinqinə (Standart ənd Purz və ya Fiç və ya Mudiz) malik olan kommersiya bankları və digər maliyyə təsisatları tərəfindən buraxılmış borc qiymətli kağızlarına.
3.4. Sərbəst qalıq vəsaitlərinin idarə olunması məqsədilə bu sahəyə ixtisaslaşan maliyyə təsisatları və xarici menecerlər cəlb edilə bilər. Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi investisiya dərəcəli kredit reytinqindən (Standart ənd Purz və ya Fiç və ya Mudiz) aşağı olmamalı və ya onun aktivlərinin idarə edilməsində 5 ildən az olmayan müsbət təcrübəsi və yaxud dəyəri 1 mlrd. ABŞ dolları məbləğindən az olmayan vəsaitlərin idarə edilməsində səriştəsi olmalıdır.
3.5. Sərbəst qalıq vəsaitinin idarə edilməsi üçün xarici menecer cəlb edildikdə, xarici menecer tərəfindən idarə olunan investisiya portfelinə yuxarıda sadalananlardan əlavə digər aktivlər, o cümlədən korporativ səhmlər də daxil ola bilər.
4. SƏRBƏST QALIQ VƏSAİTLƏRİNİN YERLƏŞDİRİLMƏSİNİN MƏHDUDLAŞDIRILMASI VƏ ONUN VALYUTA TƏRKİBİ
4.1. Etibarlı idarəetməyə verilən vəsaitlərin müvafiq valyutalar üzrə yerləşdirilməsinin xüsusi çəkisi vəkalətverənlə vəkalətalan arasında bağlanan müqavilə, saziş və digər hüquqmüəyyənedici sənədlərlə müəyyənləşdirilə və ya vəkalətalana həvalə edilə bilər.
4.2. Sərbəst qalıq vəsaitləri başqa istiqamətlərə, o cümlədən qiymətli metalların və daşların, hər hansı daşınmaz əmlakın və malların alınmasına sərf edilə bilməz.
5. SƏRBƏST QALIQ VƏSAİTLƏRİNİN İDARƏ EDİLMƏSİNƏ DAİR HESABAT
5.1. Vəkalətalan sərbəst qalıq vəsaitlərinin idarə edilməsi zamanı onların yerləşdirildiyi hesabın vəziyyəti, vəsaitlərin həcmi və eləcə də hesabat dövründə həyata keçirilən əməliyyatlar və əldə edilmiş gəlir barədə özünün müəyyən etdiyi formada ayda bir dəfə vəkalətverənə hesabat təqdim edir.
5.2. Vəkalətverən idarəetməyə verilmiş sərbəst qalıq vəsaitlərinin hərəkətini və onun idarə edilməsindən əldə edilən gəlirlərin uçotunu ayrıca göstərməklə, rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.
5.3. Sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlir vəkalətalan tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Milli Bankda olan hesablaşma hesabına köçürülür və büdcə daxilolmalarında "sair gəlirlər" kimi uçota alınır.
Dostları ilə paylaş: |