Büdcə planlaşdırmasına gender yanaşması yoxdur



Yüklə 43,77 Kb.
tarix22.10.2017
ölçüsü43,77 Kb.
#10992

Büdcə planlaşdırmasına gender yanaşması yoxdur
Azər Mehtiyev: "Qanunvericiliyə büdcə işində gender yanaşmasının
tətbiqi ilə bağlı müddəalar əlavə etmək olar"

Gələn ilin dövlət büdcəsində artımın ən azı 6.5 faiz olacağı gözlənilir. Lakin araşdırmalar göstərir ki, büdcədən qadın və kişilərin faydalanmasında ikincilərin xeyrinə fərq var. Zaman büdcədən maliyyələşən tədbir və proqramlara gender perspektivindən yanaşma tələb edir. Təəssüflər olsun ki, büdcə artımının fonunda hökumət hələlik bu yanaşmaya nail ola bilmir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri, Milli Büdcə Qrupu İdarə Heyətinin üzvü Azər Mehtiyev Azərbaycanda gender siyasətini qiymətləndirərkən gender büdcəsinin tətbiqi, dünyada bu prosesin həyata keçirilmə təcrübəsindən danışdı. Eyni zamanda, ölkədə həyata keçirilən gender siyasətinin beynəlxalq səviyyədə qiymətləndirilməsinin nəticələrini açıqladı.

- Əvvəla qeyd etmək lazımdır ki, dövlət büdcəsinin vəsaiti ictimai xarakter daşıyır və bütün cəmiyyətin ondan faydalanma haqqı var. Faydalanma müxtəlif formalarda - birbaşa və dolayısı ilə baş verir. Əsas məsələ cins fərqi qoyulmadan qadın və kişilər üçün bu vəsaitlərdən faydalanmağa bərabər imkanların təmin edilməsidir. Xarici ölkələrdə aparılmış xüsusi tədqiqatlardan bəlli olub ki, ötən zamanlarda müxtəlif səbəblərdən kişilərin bu vəsaitlərdən istifadə imkanları qadınlarla müqayisədə daha çox olub. Bu isə cəmiyyətdə qadınlara münasibətdə ədalətsizliyin və gender bərabərsizliyinin göstəricisidir. Bu ədalətsizliyin və bərabərsizliyin aradan qaldırılma vasitəsi və aləti olaraq "gender büdcəsi" yanaşmasını tətbiqetmə zərurəti yaranıb. Gender büdcəsi - dövlətin sosial siyasətində qadın və kişilərin maraqlarını nəzərə almağa, hökumətin iqtisadi qərarlarının sosial nəticələrini irəlicədən görməyə imkan verən yeni bir sosial texnologiyadır. Onun vəzifəsi dövlətin, habelə bələdiyyələrin və digər ictimai idarəetmə qurumları resurslarından müxtəlif yaş və sosial qruplar üzrə qadın və kişilərin bərabər faydalanma imkanlarını təmin etməkdən ibarətdir. Dünya bu məsələyə çox böyük diqqət yetirir. BMT-nin 1995-ci ildə Pekində keçirilən 4-cü Beynəlxalq Qadın Konfransında qəbul edilmiş Fəaliyyət Platformasında qeyd olunur ki, "qadınların iqtisadi potensialı və iqtisadi müstəqilliyi məsələsinə baxılan zaman hökumətlər və prosesin digər iştirakçıları özlərinin bütün strategiya və proqramlarında gender problemini nəzərə almağa yönəlik elə fəal və real siyasətin işlənilməsinə nail olmalıdırlar ki, qərarlar qəbul edilənədək həm qadınlar, həm də kişilər üçün onların nəticələrini qiymətləndirməyə imkan versin" (bənd 164).

Platformanın 345 və 346-cı maddələri birbaşa olaraq gender büdcəsi ilə bağlıdır. 345-ci maddə dövlət proqramları və siyasətləri üzrə büdcə qərarlarında gender perspektivinin inteqrasiyasını, eyni zamanda gender bərabərliyinin təmin edilməsi üçün hökumətlərdən adekvat maliyyələşmə tələb edir.

346-cı maddə isə hökumətlərin qadınların büdcə xərclərindən necə faydalandığının sistematik şəkildə monitorinqini aparmasını, habelə büdcənin dövlət xərclərinə bərabər çıxışa imkan verən şəkildə tərtibini nəzərdə tutur.

Vurğulamaq istərdim ki, gender büdcəsi bəzən "qadın büdcəsi" kimi də işlədilir. Lakin heç də ayrıca qadınlar üçün bir büdcə deyildir. Bu, gender istiqamətli ayırmaların, məsələn, qadınlar üçün xüsusi proqramlar təhlilini, bütün sahələr və xidmətlər üzrə büdcənin əsas xərclərinin qadın və kişilərə ayrılıqda təsirinin qiymətləndirilməsini, dövlət xidmətləri sferasında qadın və kişilərə yaradılan imkanların bərabərliyini (müqayisəsini) əks etdirən sənədlər və ya alətlər toplusudur. Belə büdcələmə hər bir ölkədə qadın və kişilərin dövlət (yaxud bələdiyyə və s.) vəsaitlərindən real faydalanma dərəcəsini ortaya qoyur. Beləliklə, gender büdcəsi - milli və yerli səviyyələrdə gender yanaşması əsas götürülməklə, büdcə işinin təşkilini təmin edən, habelə bütün səviyyələrdə istifadə olunan ictimai vəsaitlərin müxtəlif qadın və kişi qruplarına təsirini qiymətləndirməyə imkan verən proses və alətlərin məcmusudur. Sadə şəkildə desək, gender büdcəsi - dövlətin həyata keçirdiyi sosial siyasətin vacib bir aləti kimi çıxış edir.

Gender büdcələməsinin tətbiqi qadınların ictimai resurslara çıxışının artırılmasına, dövlət büdcəsinin gender perspektivi baxımından effektivliyinin artırılmasına, vətəndaş cəmiyyəti təşkilatlarının, həmçinin qadın qeyri-hökümət təşkilatlarının büdcə qərarlarının qəbulu prosesindəki rolunun fəallaşmasına gətirib çıxarır.



- Bizim dövlət büdcəsi və ümumiyyətlə büdcə işi bu tələblərə nə dərəcədə cavab verir?

- Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda dövlət büdcəsinə xüsusi gender yanaşması hələ ki tətbiq olunmur. Məsələn, hazırda 2012-ci ilin dövlət büdcəsi zərfi Milli Məclisin müzakirəsindədir. Bu zərf böyük bir (5-6 kitabdan ibarət) topludur. Lakin bu topluda büdcənin gender təhlili ilə bağlı hər hansı bir sənədə rast gəlməzsiniz. Yəni büdcə planlaşdırmasına gender yanaşması yoxdur. Əslində, mövcud qanunvericilikdə belə bir tələb də müəyyən edilməyib. Büdcə sistemi haqqında qanunun 12-ci maddəsində növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə bağlı hökumət tərəfindən hazırlanaraq Milli Məclisə təqdim edilməli olan sənədlərin siyahısı verilib. Siyahıda büdcənin gender təhlilini və ya qiymətləndirilməsini əks etdirən hər hansı sənəd göstərilmir.



- Belə çıxır ki, ölkədə gender büdcəsini tənzimləyən sənədlər yoxdur?

- Bəli, ölkədə gender büdcəsinin və ya büdcə işində gender yanaşmasının tətbiqini birbaşa nəzərdə tutan və bu prosesi tənzimləyən hər hansı normativ-hüquqi sənəd hələ ki yoxdur. Lakin qeyd etməliyik ki, Azərbaycanda gender məsələlərini, qadın və kişilərə bərabər fəaliyyət imkanları yaradılmasını nəzərdə tutan normativ hüquqi sənədlər mövcuddur.

Məsələn, Azərbaycan Pekin Deklarasiyasını və Fəaliyyət Platformasını qəbul edib. Bundan başqa, Azərbaycan 1995-ci ildə BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyasını (Konvensiya BMT-nin Baş Məclisi tərəfindən 1979-cu ilin dekabrında qəbul edilib) imzalayıb, 2001-ci ildə isə bu Konvensiyanın Əlavə Protokolunu ratifikasiya edib.

Bundan başqa, 1998-ci ildə Azərbaycan prezidentinin ölkədə qadınların rolunun artırılmasına dair tədbirlərlə bağlı xüsusi fərmanı olub. Həmin fərmanın tələblərinə uyğun olaraq ölkədə qadın məsələləri ilə məşğul olacaq xüsusi Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Sonradan bu qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrilib. 2000-ci ildə ölkə prezidenti tərəfindən Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi ilə bağlı fərman imzalanıb. Nazirlər Kabineti tərəfindən 2000-2005-ci illər üzrə qadın problemləri üzrə milli fəaliyyət planı təsdiq edilib.

2006-cı ilin oktyabrında "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanun imzalanıb və həmin ilin dekabrında qüvvəyə mindirilib.

Bu qanunun 5-ci maddəsində gender bərabərliyinin təmini ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri göstərilib. Orada gender bərabərliyinin təmini üçün normativ-hüquqi bazanın formalaşdırılması, təkmilləşdirilməsi və inkişafı, normativ hüquqi aktların gender ekspertizasından keçirilməsi, habelə gender bərabərliyinin təmini üçün dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi kimi məsələlər əksini tapıb. Göründüyü kimi, bu qanun ölkədə qəbul edilən bütün normativ hüquqi aktların, dövlət büdcəsi haqqında qanunun gender ekspertizasını nəzərdə tutur. Təəssüf ki, hələ buna əməl edilmir.

Buna görə də ölkədə büdcə işində gender yanaşmasının tətbiqi ilə bağlı xüsusi normativ-hüquqi sənədlərin qəbulunu zəruri hesab edirik. Məsələn, büdcə qanunvericiliyində müvafiq dəyişiklik aparılmaqla büdcə işində gender yanaşmasının tətbiqi ilə bağlı müddəalar əlavə etmək olar. Birinci addım kimi hər ilin büdcəsi (həm büdcə layihəsi, həm də icra büdcəsinin hesabatı) ilə bağlı hökumət tərəfindən hazırlanaraq Milli Məclisə təqdim edilən sənədlərin siyahısına "Büdcənin gender ekspertizası"nı əlavə etmək olar. Belə ekspertiza dövlət büdcəsi gəlirlərinin həm formalaşmasında, həm də istifadəsində qadın və kişilərin iştirak dərəcəsini, büdcə vəsaitlərindən qadınların birbaşa və dolayı yollarla faydalanma imkanlarını üzə çıxara bilər.

Yeri gəlmişkən, büdcənin gender ekspertizasını aparmaq hazırda hökumət üçün ciddi bir çətinlik yaratmaz. Ona görə ki, bunun üçün beynəlxalq təcrübədə geniş yayılmış üsul və alətlər mövcuddur. Həm də Dövlət Statistika Komitəsi artıq bütün sahələr üzrə gender statistikasını təqdim edir.



- Ölkəmizdə dövlət büdcəsindən qadınların faydalanma imkanlarını necə qiymətləndirirsiniz?

- Belə qiymətləndirmə xüsusi araşdırmalar tələb edir. Bizim hələlik bu suala tam cavab verəcək bir araşdırmamız yoxdur. Lakin beynəlxalq təcrübədə istifadə olunan indikatorlar (göstəricilər) sistemi və alətlərin köməyi ilə müəyyən fikir söyləmək olar.

Beynəlxalq büdcə işi təcrübəsində qadınların büdcə vəsaitlərindən faydalanma imkanları baxımından bütün büdcə xərcləri 3 qrupa ayrılır:

* birbaşa qadınlara yönələn xərclər;

* birbaşa qadınlara ünvanlanmayan, lakin real benefisiarlarının qadınlar olduğu xərclər;

* ümumi sosial yönümlü xərclər;

Azərbaycanda dövlət büdcəsində birbaşa qadınlara (və ya qadın təşkilatlarına) yönələn xərc istiqamətləri və ya maddələri yox dərəcəsindədir. Hazırda buna yalnız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin saxlanılma xərclərini aid etmək olar. Çünki bu Komitə bilavasitə qadın problemləri ilə məşğul olur. 2011-ci ilin dövlət büdcəsində bu Komitənin saxlanmasına 1 milyon manat vəsait nəzərdə tutulub. Əgər ölkəmizdə məişət zorakılığına məruz qalan qadınlar üçün sığınacaqlar olsaydı və bunların saxlanmasına dövlət büdcəsindən vəsait ayrılsaydı, bunu da qadınların birbaşa faydalandığı xərc maddəsi hesab etmək olardı.

Birbaşa qadınlara ünvanlanmasa da, real benefisiarlarının qadınlar olduğu xərclər kimi "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı"nın maliyyələşdirilməsi üzrə xərcləri qeyd etmək olar. Hər il bu proqramın maliyyələşdirilməsinə dövlət büdcəsindən 1.5 - 2 milyon manat vəsait ayrılır. Bu vəsaitlər bilavasitə qadınlara verilməsə də, hamilə və doğuş keçirən qadınların, habelə körpə uşaqların sağlamlığının qorunması üçün görülən tədbirlərə sərf olunur. Yəni bu xərcləmələrin benefisiarları əsasən qadınlar hesab olunur.

- Nəhayət, üçüncü istiqamət - ümumi sosial yönümlü xərclər - üzrə büdcədən sərf edilən vəsaitlərdən birbaşa və dolayısı ilə həm qadınlar, həm də kişilər faydalanır. Bu xərclərdə qadın və kişilərin faydalanma imkanları həmin sahələrdə çalışan işçilərin (əməkhaqqı ödənişləri üzrə), xərclərin digər benefisiarlarının (məsələn, şagirdlər, xəstələr, təqaüdçülər və s.) cins bölgüsündən asılıdır. Məsələn, ölkədə təhsil işçilərinin təqribən 68%-ni qadınlar, 32%-ni kişilər təşkil edir. Yaxud səhiyyə və sosial xidmətlər sahəsində çalışanların 77 faizi qadınların, 23 faizi kişilərin payına düşür. Deməli, bu sahələrdə əməyin ödənilməsinə yönəldilən vəsaitin çox hissəsi qadınlara çatır. Amma dövlət idarəetməsi, müdafiə və başqa sahələrin işçiləri arasında kişilər 65-70 %-dir.

Başqa bir misal: 2010-cu ilin sonuna ölkədə bütün pensiyaçıların 61 faizini, yaşa görə pensiyaçıların isə 66 faizini qadınlar təşkil edib. Deməli, ödənilən pensiya vəsaitinin çox hissəsi qadınlara verilir. Uyğun olaraq, belə sahələrdə əməyin ödənməsinə gedən vəsaitin çoxu kişilərə çatır. Oxşar qaydada biz şagirdlərə, tələbələrə, müxtəlif proqramlar üzrə, ayrı-ayrı xəstəliklər üzrə dərman və müalicə məqsədlərinə yönəldilən vəsaitlər üzrə də faydalanma imkanlarını cins tərkibinə əsasən müəyyən edə bilərik. Bütün xərclər üzrə belə hesablamaları aparmaq olar.

İlk baxışdan belə sadə misallar və hesablamalar büdcə vəsaitinin bölünməsində və istifadəsində ədalətin təmin edildiyini nümayiş etdirir: bu və ya başqa sahədə vəsaitin istifadəsi benefisiarların cinsi tərkibinə uyğundur. Lakin bir qədər dərin hesablamalar göstərir ki, bütün sahələrdə qadın və kişilərin say nisbəti ilə onların faydalandıqları vəsaitlərin məbləğ nisbətləri arasında hər zaman kişilərin xeyrinə olmaqla ciddi fərqlər var. Məsələn, təhsildə çalışan qadın və kişilərin say nisbəti 68:32 olduğu halda, əməyin ödənişinə yönəldilən vəsait üzrə belə nisbət 55:45 təşkil edir.


Yəni təhsil sahəsində çalışanların orta aylıq əməkhaqqı qadınlarda kişilərdən təqribən 20-25 faiz aşağıdır.

Qadınların üstünlük təşkil etdiyi səhiyyə və sosial xidmətlərdə, pensiya təminatında da biz bənzər durumun şahidi oluruq. Az qala bütün sahələrdə orta əməkhaqqı üzrə qadınlarla kişilər arasında fərqlər nəzərə çarpır. Bu onu göstərir ki, əməyin daha yüksək ödənildiyi vəzifələrdə əsasən kişilər çalışır. Büdcənin gender ekspertizası (və ya gender büdcəsi) məhz belə "gizli" bərabərsizliyi üzə çıxarmağa imkan verir.

Beynəlxalq təcrübədə, bütün istiqamətlər üzrə büdcə xərclərindən qadınların faydalanma dərəcəsini müəyyən etməyə imkan verən indikatorlar var. Məsələn, dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna hər il milyonlarla manat vəsait ayrılır. Hər il bu Fondun sahibkarlara təqdim etdiyi kreditlərin məbləği 100 milyon manatı keçir. Ekspertiza əsasında müəyyən etmək olar ki, Fonddan kredit alan sahibkarların ümumi sayından neçə faizi qadın sahibkarlardır, habelə onların aldıqları kreditlərin cəmi məbləği ümumi kreditin hansı hissəsini təşkil edir. Yaxud orta hesabla bir qadın sahibkarla bir kişi sahibkara verilən kreditin orta məbləğlərini müqayisə etmək olar. Bunlar gender bərabərsizliyinin çox ciddi mənzərəsini üzə çıxarar.

- Gender büdcəsinin tətbiqi sahəsində ayrı-ayrı ölkələrin təcrübələrini araşdırmısınız. Sizcə, indiki halda Azərbaycanda hansı ölkənin təcrübəsindən istifadə daha faydalı olar?

- Ötən əsrin 80-ci illərindən dünyanın bir çox ölkələrində gender büdcələşməsi daha geniş tətbiq edilməyə başlanıb. Bir çox ölkələrdə bu işin ciddi və dəqiq mexanizmlərə əsaslanan qanunvericilik bazası formalaşıb və icbari qaydalar müəyyən edilib. Ayrı-ayrı ölkələrdə bu sahədə fərqli modellər və təcrübələr mövcuddur. Təbii ki, həmin təcrübələrin ölkəmizdə tətbiqi və ya onlardan faydalanma baxımından maraq doğuran məqamlar var.

Gender büdcəsinin tətbiqində ön sırada duran ölkələrdən biri Avstraliyadır. Orada bu, "qadın büdcəsi" adlandırılır. Bu ölkədə ilk "qadın büdcəsi" 1980-ci ilin ortalarından tətbiq edilib. Hər il üzrə hökumətin federal büdcəsini əks etdirən sənədlərin tərkibinə "qadın büdcəsi" adlı 300 səhifədən artıq sənədlər toplusu əlavə edilir. Burada federal büdcənin bütün xərc istiqamətləri üzrə gender qiymətləndirmələri əksini tapır.

Fransada 2000-ci ildə qəbul edilən Büdcə Aktı hökumətdən hər ilin dövlət büdcəsinə gender bərabərliyinin maliyyə təminatını əks etdirən ayrıca əlavənin daxil edilməsini tələb edir.

Filippin höküməti 1994-cü ildə gender və inkişaf yönümlü büdcə siyasətini təsdiqləyib. Tələb edilir ki, hər bir hökumət strukturu özünün illik büdcəsinin ən azı 5 faizini gender və inkişaf məqsədlərinə ayırsın. İndiyədək hökumət bu həddə nail ola bilməsə də, işlər davam etdirilməkdədir.

Böyük Britaniyanın bu sahədəki təcrübəsi də maraq doğurur. Maliyyə Nazirliyi gender büdcəsi yanaşmasından istifadə barədə öhdəlik götürüb. Bu prosesdə əsas məsləhətçi və tədqiqatçı rolunda 1989-cu ildən fəallıq göstərən Qadın Büdcə Qrupu çıxış edir. Bu qrupda tədqiqatçılar, qadın təşkilatları və həmkarlar ittifaqları təmsil olunur. Onun başlıca fəaliyyəti qadınların qərar qəbulunda rolunun artmasına yönəlib. Qrup gender büdcəsi ilə bağlı məsələlərin gündəmə gətirilməsi, büdcə ilə bağlı nəşrlərin hazırlanması, qadınların büdcə məsələləri barədə məlumatlandırılması, parlamentarlar və hökumət üzvləri ilə iş kimi məsələlərlə məşğuldur.

Yetərincə maraqlı və öyrənilməsi vacib olan təcrübələrdən biri Kanadaya məxsusdur. Burada xüsusi qurumlar vasitəsilə gender büdcələşməsi və büdcə təhlili həyata keçirilir.


Ölkə qanunvericiliyinin tələblərinə əsasən, dövlət strukturları öz strategiya və proqramlarını hazırlarkən gender yanaşmasını mütləq nəzərə almalı və bunu müvafiq sənədlərdə əks etdirməlidir. Ölkədə Qadınların vəziyyəti üzrə Nazirlik, Qadınların vəziyyəti üzrə Məsləhət Şurası, hər bir vilayətdə (ərazidə) qadınların vəziyyəti üzrə Departamentlər fəaliyyət göstərir. Bundan başqa, dövlət strukturlarında qadın maraqlarının inteqrasiyası üzrə qruplar yaradılıb. Eyni zamanda, Kanadada gender büdcəsi və gender bərabərliyinin təminatı problemləri ilə məşğul olan 1500-dən çox QHT fəaliyyət göstərir.

Bu misalları artırmaq olar. Lakin bütün hallarda əsas olan budur ki, həmin ölkələrdə hökumət gender büdcəsinin tətbiqində maraqlıdır və bunun zəruri normativ hüquqi bazası formalaşdırılıb. Bundan başqa, həmin ölkələrdə dövlət büdcəsi konkrat məqsədli proqramlar əsasında tərtib olunur. Hər bir nazirlik, komitə, agentlik və s. büdcədən istədiyi vəsaiti hansı işlərə sərf edəcəyini və bunun müqabilində konkret hansı sosial nəticələrə nail olacağını göstərməlidir. Hətta dövlət qurumlarının saxlanmasına ayrılan vəsaitin məbləği də dəqiq məqsəd və hədəflərin göstərildiyi konkret proqramlar əsasında aparılır. Bu isə büdcənin gender yanaşmasının tətbiq imkanlarını artırır. Bizdə tətbiq olunan büdcə planlaşdırması isə hələ də vəsaitlərin inzibati qurumlar arasında bölgüsündən uzağa getmir.



- Həm yuxarıda qeyd etdiklərinizdən, həm də xarici təcrübələrdən aydın olur ki, gender büdcəsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin, xüsusilə gender siyasətinin mühüm tərkib hissəsi kimi çıxış edir. Bu baxımdan hazırda ölkədə həyata keçirilən gender siyasətini necə qiymətləndirmək olar? Bu, qərarların qəbulunda qadınların rolunun artmasına aparırmı?

- Tamam doğrudur. Əslində gender büdcəsindən danışarkən ilk növbədə ölkədə məhz gender bərabərsizliyinin aradan qaldırılmasına yönəlik siyasətə diqqət yetirməliyik. Azərbaycan mövcud beynəlxalq konvensiyalara qoşulub, son illər bu sahədə bir sıra normativ hüquqi sənədlər qəbul edilib və ümumiyyətlə, gender məsələlərindən çox danışılır. Sanki elə təsəvvür yaranır ki, ölkəmizdə gender bərabərsizliyinin aradan qaldırılması və qərarların qəbulunda qadınların iştirakının artırılma məsələsi hökumətin kifayət qədər diqqət mərkəzindədir.
Lakin bir qədər diqqətli araşdırmalar göstərir ki, əksər hallarda bu sahədə görülən işlər görüntü xarakteri daşıyır. Məsələn, son parlament seçkilərində deputatlığa namizəd olan qadınların sayı əslində elə də çox deyildi. Lakin onların da az bir hissəsi prosesə müstəqil şəkildə qoşulmuşdu. Qadın namizədlərin əksər hissəsi "yuxarıdan" məsləhət əsasında prosesə qoşulmuşdu. Yekunda isə həqiqətən siyasətlə məşğul olmaq istəyən qadınlar deyil, məhz "yuxarı"ların məsləhət bildikləri Milli Məclisə düşüblər. Həm də bu zaman parlamentdə qadınların olmasını təmin etmək əsas hədəf kimi götürülüb. Onların nə qədər fəal olduqlarını hamımız görürük. Yaxud son bələdiyyə seçkilərində də biz eyni ssenarinin şahidi olduq.

Yürüdülən gender siyasətini beynəlxalq səviyyədə qiymətləndirmənin nəticələri də sizə maraqlı ola bilər. Bu ilin sentyabrında BMT dünya ölkələrində qadınların vəziyyəti haqqında hesabatı açıqladı. Hesabatda dünyanın 165 ölkəsində 5 göstərici - ədalət, təhsil, səhiyyə, iqtisadiyyat və siyasət - üzrə qadınlara münasibət müəyyən edilib. Həm hər bir göstərici, həm də yekun indeks 100 ballıq şkala üzrə qiymətləndirilib. Azərbaycan yekunda 71.7 balla 165 ölkə arasında 77-ci yerdə qərarlaşıb.

Ayrı-ayrı göstəricələrə gəldikdə, ölkəmizdə qadılara münasibətdə ədalətlilik 75.1, təhsil 95.6, səhiyyə 76.1, iqtisadiyyat 79.0 balla qiymətləndirilib. Azərbaycan üçün ən pis göstərici məhz siyasətdə qadınların iştirakı ilə bağlıdır - 12.7 bal. Bu, əslində dünya ölkələri arasında da ən pis göstəricilərdən biridir. Bu göstərici üzrə yalnız 7 ölkənin balı Azərbaycandan aşağı olub. Bunların sırasında Liviya (12.6 bal), İran (12.1), Əlcəzair (12.0), Myanma (7.5), Papua Yeni Qvineya (7.7) Səudiyyə Ərəbistanı (5.0) var. Hətta Pakistan (19.3), Əfqanıstan (16.6), Mərakeş (17.8), İordaniya (19.2) kimi ölkələrdə bu göstərici bizdən yüksək olub. Bu, qadınların qərar qəbulu prosesində iştirak imkanlarını və səviyyəsini nümayiş etdirən mühüm göstəricidir.

Diqqət yetirin: Azərbaycanda hazırda mövcud olan siyasi partiyalardan heç birinin rəhbəri qadın deyil. İndiyəcən yalnız bir qadın siyasi lider - Lalə-Şövkət xanım üzdədir. Faktiki olaraq ortada siyasi fəallıq nümayiş etdirən və ölkə səviyyəsində tanınan qadınlar görünmür.

Gender bərabərsizliyinin aradan qaldırılması qadınların ictimai-siyasi həyatda fəallığının artırılmasını tələb edir. Qadın maraqlarının ən yaxşı daşıyıcıları və bu maraqların təminatı uğrunda daha yaxşı mübarizə aparanlar elə qadınlar özləri ola bilər. Ona görə də qadınların təşkilatlanmasına, onların real ictimai-siyasi birliklərinin yaranmasına diqqət artırılmalıdır. Yeri gəlmişkən, son zamanlar gənclər arasında ictimai-siyasi fəallığı ilə seçilən və ümid gətirən qadınlar və qadın təşkilatları formalaşmaqdadır.

- Qadın millət vəkilləri nə gender büdcələşməsi, nə də qadınların digər problemlərini ciddi şəkildə qabarda bilir. Elə özləri də ictimai-siyasi həyatda fəallıq nümayiş etdirmirlər...

- Fikrinizi bölüşürəm. Əslində bu, onların necə seçilmələri ilə birbaşa əlaqəlidir. Onlar parlamentdə təmsil etdikləri qrupların maraqlarına uyğun hərəkət edirlər. Yalnız bir neçə fəal qadın millət vəkilinin adını çəkmək olar. Məsələn, vaxtilə millət vəkili olan Gültəkin Hacıyeva xarici siyasət məsələlərində kifayət qədər fəal idi. Hazırda Qənirə Paşayeva müxtəlif istiqamətlərdə ictimai-siyasi fəallıq göstərir. Gülər Əhmədovanın uşaq məsələləri üzrə fəallığı diqqət çəkir. Lakin hətta onlar da parlamentdə gender büdcəsi məsələsini indiyədək səsləndirməyiblər.

Ölkəmizdə gender büdcəsinin tətbiqinə nail olunmasında vətəndaş cəmiyyətinin fəallığının artırılmasına ehtiyac var. Bu istiqamətdə ayrı-ayrı QHT-lər tərəfindən kiçik layihələr həyata keçirilsə də, hələlik sistemli və davamlı işlər qurulmayıb. Bu məsələdə qadın təşkilatlarının daha çox fəallıq nümayiş etdirməsi məqsədəuyğun olardı. Bu, Milli Büdcə Qrupunun (MBQ) da marağında olan bir məsələdir..



Aynurə

Ayna” qəzeti
Yüklə 43,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin