Bu bölmə hesab planı üzrə 15 №-li «Yerinə yetirilən işlərə, göstərilən xidmətlərə görə malsatan və podratçılar və sifarişçilərlə hesablaşmalar» adlı sintetik hesabın bütün subhesabları üzrə nəzərdə tutulan hesablaşmalar, 16 №-li «Təhtəlhesab şəxslərlə hesablaşmalar» adlı sintetik hesabın eyniadlı subhesabı üzrə hesablaşmalar, 17 №-li «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar» adlı sintetik hesabın bütün subhesabları üzrə nəzərdə tutulan hesablaşmalar, 18 №-li «Fəhlə və qulluqçularla və təqaüdçülərlə hesablaşmalar» adlı sintetik hesabın bütün subhesabları üzrə nəzərdə tutulan hesablaşmalar, 19 №-li «Pensiya — posobiya (müavinət) ödəncləri ilə əlaqədar müəssisələrlə hesablaşmalar» adlı sintetik hesabın bütün subhesabları üzrə nəzərdə tutulan hesablaşmalar və digər növ hesablaşmalar üzrə mühasibat uçotunun aparılması qaydaları ümumi şəkildə açıqlanır.
Alınmış mallara, görülmüş işlərə, göstərilmiş xidmətlərə görə malsatanlarla, podratçılarla və sifarişçilərlə hesablaşmalar, bir qayda olaraq, bank idarələri vasitəsi ilə həyata keçirilir (xəzinədarlıq tətbiq edilən sahələrdə xəzinədarlığın təlimatına uyğun).
Büdcədən maliyyələşən idarələr bir birinə həmçinin təsərrüfat təşkilatlarına və digər müəssisələrə kömək məqsədi üçün qaytarılmaq şərti ilə köçürəcəkləri avanslara Azərbaycan Respublikası Maliyyə Nazirliyi icazə verdikdən sonra həyata keçirə bilərlər.
Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 6-ci bəndinə uyğun olaraq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri Azərbaycan Respublikası qanunvericiliyində başqa hallar nəzərdə tutulmadıqda Dövlət büdcəsinə köçürülür.
Büdcədən və büdcədənkənar fondlardan alınmış borclar və kreditlər (müqavilədə nəzərdə tutulmuş vaxt ərzində geri qaytarılmadıqda) vaxtı keçmiş borclar və kreditlər kimi hesaba alınsa da həmin borclar və kreditlər hökmən alındığı büdcəyə və ya büdcədənkənar fonda qaytarılmalıdır.
Belə borclar və kreditlər vaxtı keçdikdən sonra da alındığı mənbələr üzrə uzun müddətə geri qaytarılmazsa, o zaman günahkar şəxslər qüvvədə olan qanunlarla cəzalandırılır.
Material qiymətlilərindən əskikgəlmələr və itkilər üzrə borclar, həmçinin sair ümidsiz borclar mühasibat uçotu haqqında Azərbaycan Respublikası qanununa uyğun qaydada maliyyələşmənin və fondların azaldılmasına silinir. Bu borcların alınması imkanına nəzarət etmək üçün silinmə tarixindən başlayaraq beş il müddətində 05 №-li balansarxası hesabda saxlanılır.
15 №-li «Yerinə yetirilmiş işlərə və göstərilən xidmətlərə görə malsatan və podratçılarla və sifarişçilərlə hesablaşmalar» adlı sintetik hesab üzrə aşağıdakı subhesablar açıla bilər:
150 «Malsatan və podratçılarla hesablaşmalar»;
152 «Büdcə tematikaları üzrə işlənmiş konstruksiya-sınaq işlərinin hissə-hissə ödənilməsi üzrə sifarişçilərlə hesablaşmalar»;
153 «Büdcədənkənar vəsaitlər üzrə görülən iş və xidmətlərə görə sifarişçilərlə hesablaşmalar»;
154 «Ödəniləsi elmi-tədqiqat işləri üzrə sifarişçilərlə hesablaşmalar»;
155 «Elmi-tədqiqat işləri üçün avanslar üzrə sifarişçilərlə hesablaşmalar»;
156 «Təsərrüfat müqaviləli işlərin yerinə yetirilməsi üçün icraçıların cəlb edilməsi üzrə sifarişçilərlə hesablaşmalar»;
157 «Alıcılar və sifarişçilərlə hesablaşmalar»;
158 «Əhaliyə kompensasiya ödənişləri üzrə hesablaşmalar»;
159 «Tibbi sığorta üzrə hesablaşmalar».
150 №-li «Malsatan və podratçılarla hesablaşmalar» subhesabında kapital qoyuluşları hesabına alınan tikinti materialları, konstruksiya və detallara, quraşdırılası avadanlıqlara görə malsatanlarla, həmçinin yerinə yetirilən tikinti-montaj işlərinə görə isə podratçılarla hesablaşmalar uçota alınır.
Tikinti materiallarına, konstruksiya və detallara görə malsatanlarla hesablaşmalar üzrə ödənilmiş məbləğlər 150 №-li subhesabın debetində və 093, 103, 111, 114 №-li subhesabların kreditində əks etdirilir. Qiymətlilər malsatanlardan alınıb anbara mədaxil edildikcə 040, 041 №-li və ya 150 №-li subhesabların debetində əks etdirilir. Əgər qiymətlilər anbara mədaxil edilmədən birbaşa podratçılara verilərsə, onda həm 150 №-li subhesabın debetində, həm də 150 №-li hesabın kreditində əks etdirilir.
Podratçılarla hesablaşmalar zamanı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə görə ödənilən məbləğlər və tikinti-quraşdırma işləri üçün podratçıya təhvil verilmiş tikinti materialları, konstruksiya və detallar 150 №-li subhesabın debetində və 040, 041, 093, 103, 111, 114 №-li subhesabların kreditində əks etdirilir. Podratçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin məbləğləri müvafiq sənədlərlə qəbul edildikdə 203, 212, 216 №-li subhesabların debetində və 150 №-li subhesabın kreditində əks etdirilir.
Malsatan və podratçılarla hesablaşmaların analitik uçotu əmlakın (qiymətlərin) uçot kartı f № 1Q-də aparılır.
152 №-li «Büdcə tematikaları üzrə işlənmiş konstruksiya-sınaq işlərinin hissə-hissə ödənilməsi üzrə sifarişçilərlə hesablaşmalar» subhesabında idarə, müəssisə və təşkilatların sifarişləri əsasında görüləcək elmi-tədqiqat, konstruksiya-layihə, təcrübə-sınaq işləri, qüvvədə olan qanunvericiliklərə uyğun olaraq elmi-tədqiqat idarələri ilə bağlanmış müqavilələr əsasında yerinə yetirilir.
Müqavilədə görüləsi işlərin və hazırlanası məmulatların tam dəyəri, bunun üçün əvvəlcədən veriləcək avansın həcmi, cari ilin məsrəfləri, görüləcək işin, hazırlanacaq məmulatın tam başa çatdırılacağı müddət və digər göstəricilər öz əksini tapmalıdır.
Yerinə yetirilmiş işlərə görə köçürülmüş məbləğlər və avans məbləğləri 152 №-li subhesabın debetində və 090, 113 №-li subhesabların kreditində əks etdirilir. Qəbul edilmiş məmulatların dəyəri 01, 07 №-li hesabların müvafiq subhesablarının debetində və 152 №-li subhesabın kreditində əks etdirilir. Bu subhesab üzrə analitik uçot hər bir idarə və təşkilat üzrə əmlakın (qiymətlilərin) uçot kartı f № 1Q-də aparılır.
153 №-li «Büdcədənkənar vəsaitlər üzrə görülən iş və xidmətlərə görə sifarişçilərlə hesablaşmalar» subhesabının texniki-peşə məktəbləri tərəfindən görülən iş və xidmətlərə, hazır məmulatların satışına görə, həmçinin tədris-istehsalat emalatxanaları tərəfindən hazırlanmış, satılmış hazır məhsulların dəyəri, idarələrdə və təşkilatlarda gördükləri işə görə tədris müəssisələrinin tələbələrinə ödəniləsi mükafatların məbləğləri və tədris bazasının genişləndirilməsinə, tələbələrə mədəni-məişət xidmətinin yaxşılaşdırılmasına və i.a. yönəldilmiş məbləğlər 153 №-li subhesabın debetində və 189, 280, 402 №-li subhesabların kreditində əks etdirilir. İdarə, müəssisə və təşkilatlardan (sifarişçilərdən) daxil olmuş məbləğlər 153 №-li subhesabın kreditində, 112 və ya 113 №-li subhesabların debetində əks etdirilir.
153 №-li subhesab üzrə analitik uçot hər bir sifarişçi, idarə, müəssisə və təşkilat üzrə ayrı-ayrılıqda aparılır.
154 №-li «Ödəniləsi elmi-tədqiqat işləri üzrə sifarişçilərlə hesablaşmalar» subhesabında müqavilələr əsasında yerinə yetirilmiş elmi-tədqiqat işləri üzrə sifarişçilərlə hesablaşmalar əks etdirilir.
Müqavilə əsasında yerinə yetirilmiş elmi-tədqiqat işlərinin smeta dəyəri üzrə ödənişə təqdim olunmuş hesab-fakturalar üzrə məbləğlər 154 №-li subhesabın debetində və 282 №-li subhesabın kreditində əks etdirilir.
Ödənişə təqdim olunmuş məbləğlər hesab-fakturalar üzrə daxil olduqca 154 №-li subhesabın kreditində və 111, 113, 115 №-li subhesabların debetində əks etdirilir.
Bu subhesab üzrə analitik uçot mövzular üzrə ayrı-ayrılıqda aparılır.
Müqavilələr əsasında elmi-tədqiqat işlərinin analitik uçotunu aparmaq üçün elmi-tədqiqat idarələri smeta göstəriciləri üzrə müvafiq çoxqrafalı kartları öz tələbatlarına uyğun hazırlaya bilərlər.
155 №-li «Elmi-tədqiqat işləri üçün avanslar üzrə hesablaşmalar» subhesabında müqavilə əsasında elmi-tədqiqat işlərinə görə sifarişçilər tərəfindən köçürülmüş avanslar əks etdirilir.
Alınmış avansların məbləğləri 155 №-li subhesabın kreditində və 111, 113 №-li subhesabların debetində əks etdirilir. Görülmüş işlərə görə hesabların ödənişi zamanı hesablanmış avansların məbləğləri 155 №-li subhesabın debetində, 154 №-li subhesabın kreditində əks etdirilir.
Hesablaşmaların analitik uçotu mövzular üzrə əmlakın (qiymətlərin) uçot kartı f № 1Q-də aparılır.
156 №-li «Təsərrüfat müqaviləli işlərin yerinə yetirilməsi üçün icraçıların cəlb edilməsi üzrə sifarişçilərlə hesablaşmalar» subhesabında müqavilə əsasında müxtəlif elmi-tədqiqat, konstruksiya-layihə, təcrübə-sınaq işlərinin yerinə yetirilməsi üçün icraçıların cəlb edilməsində sifarişçilərlə hesablaşmalar üzrə məbləğlər əks etdirilir.
Yerinə yetirilmiş işlərə görə icraçılara köçürülmüş məbləğlər 156 №-li subhesabın debetində, 111 və 113 №-li subhesabların kreditində, icraçılardan qəbul olunmuş işlərin dəyəri isə 082 №-li subhesabın debetində və 156 №-li subhesabın kreditində əks etdirilir.
Bu subhesab üzrə analitik uçot hər bir icraçı üzrə əmlakın (qiymətlilərin) uçot kartı f № 1Q-də aparılır.
157 №-li «Alıcılar və sifarişçilərlə hesablaşmalar» subhesabında yeni təsərrüfatçılıq şəraitinə keçmiş idarələrdə müqavilələr üzrə görülən iş və göstərilən xidmətlərə görə avans şəklində sifarişçilərdən daxil olan məbləğlər əks etdirilir.
Sifarişçilərdən daxil olmuş vəsaitlər 113 №-li subhesabın debetində və 157 №-li subhesabın kreditində əks etdirilir. Bu vəsaitlər yeni təsərrüfatçılıq şəraitində işləyən idarələrdə maliyyə vəsaitlərinin vahid fondunun tərkibinə köçürülə bilər. Bu köçürmələr, sifarişlər və ya onların ayrı-ayrı mərhələləri tam yerinə yetirildikdən sonra həyata keçirilir və 157 №-li subhesabın debetində, 270 №-li subhesabın kreditində əks etdirilir.
Alıcılar və sifarişçilərlə hesablaşmaların analitik uçot əmlakın (qiymətlilərin) uçot kartı f № 1Q-də aparılır.
158 №-li «Əhaliyə kompensasiya ödənişləri üzrə hesablaşmalar» subhesabında yerli büdcələr hesabına fəhlə və qulluqçulara uşaqlara görə verilən müavinət və kompensasiya ödənişləri üzrə məbləğlər əks etdirilir.
Kompensasiyalar hesablandıqda 158 №-li subhesabın debetində və 180 və ya 181 №-li subhesabın kreditində əks etdirilir. Fəhlə və qulluqçulara ödənilmiş pul kompensasiyalarının məbləği 180 №-li subhesabın debetində, 120 №-li subhesabın kreditində əks etdirilir. Maliyyə orqanlarından idarə və təşkilatların hesabına daxil olan vəsaitlər «Pul vəsaitləri» bölməsinin müvafiq subhesablarının debetində və 158 №-li subhesabın kreditində əks etdirilirlər.
159 №-li «Tibbi sığorta üzrə hesablaşmalar» subhesabında idarə və təşkilatların fəhlə və qulluqçuları üçün hesablanmış tibbi sığortaya ayırmalar üzrə hesablaşmalar əks etdirilir.
Tibbi sığortaya ayırmalar müvafiq xərc hesablarının debeti üzrə və 159 №-li subhesabın krediti üzrə əks etdirilir. Tibbi sığortaya köçürmələr 159 №-li subhesabın debetində və pul vəsaitlərini uçota alan cari hesabların kreditində əks etdirilir.