140 №-li «İdarələrin və başqa tədbirlərin xərcləri üçün büdcədən maliyyələşmələr üzrə hesablaşmalar» subhesabında baş kredit sərəncamçıları tərəfindən açılmış büdcədən maliyyələşmə məbləğləri, həmçinin digər əməliyyatlar üzrə artan və azalan maliyyə məbləğləri əks etdirilir.
230 №-li «İdarələrin və başqa tədbirlərin xərclərinə büdcədən maliyyələşmələr» subhesabında hesabat dövrünün sonuna baş təxsisat sərəncamçılarının büdcədən aldıqları maliyyələşmə məbləğləri əks etdirilir.
142 №-li «Başqa (sair) büdcələr hesabına maliyyələşmələr üzrə hesablaşmalar» subhesabında fərdi tədbirlərin keçirilməsi üçün başqa büdcələrdən alınmış maliyyələşmələr üzrə hesablaşmalar əks etdirilir.
232 №-li «Başqa büdcələr hesabına maliyyələşmələr» subhesabında başqa büdcələrdən alınmış maliyyələşmələr əks etdirilir.
236 №-li «Uşaq müəssisələrinin saxlanması üçün valideynlərin vəsaiti» subhesabında məktəbəqədər uşaq müəssisələrində uşaqların saxlanması üçün valideynlərdən daxil olan vəsaitlər hesabına mövcud maliyyələşmələr əks etdirilir.
238 №-li «İdarənin saxlanması üçün sair vəsaitlər» subhesabında sair mənbələr hesabına mövcud qaydalara uyğun maliyyələşmələr göstərilir.
İcmal hesabatların tərtibatından əvvəl baş kredit sərəncamçıları tabeliklərində olan idarələrlə maliyyələşmələr üzrə idarədaxili hesablaşmalar aparmalıdırlar. Maliyyələşmələr üzrə baş kredit sərəncamçılarının balanslarının aktiv hissəsindəki məbləğlər tabeliklərindəki idarələrin balanslarının passiv hissəsindəki məbləğlərə uyğun gəlməlidir. İcmal balansın aktiv və passivində bu hesablar üzrə qalıqlar bərabər olmalıdır (xəzinədarlıq tətbiq edilən zaman xəzinədarlığın təlimatına uyğun).
245 №-li «Dekabr ayının ikinci yarısı üçün əmək haqqını qabaqcadan ödəmək üçün bankdan alınmış vəsaitlər» subhesabında gələn ilin təxsisatları hesabına dekabr ayının ikinci yarısına görə əmək haqqını qabaqcadan ödəmək üçün bankdan alınmış vəsaitlər əks etdirilir.
248 №-li «Bank kreditləri» subhesabında müvafiq qanunvericiliyə uyğun olaraq maddi-texniki bazanın təşkili, genişləndirilməsi və başqa məqsədlər üçün banklardan alınmış və ödənilməmiş kreditlərin qalıq məbləğləri əks etdirilir.