280 №-li «İstehsalat (tədris) emalatxanalarının məhsullarının satışı» və 281 №-li «Yardımçı kənd təsərrüfatı (tədris) məhsullarının satışı» subhesablarda istehsal olunmuş hazır məhsulların, görülən iş və göstərilən xidmətlərin satışı əks etdirilir. Bu subhesablar üzrə kredit qalığı mənfəət məbləğini, debet qalığı isə zərərləri göstərir. Satışın nəticələri hesabat ilinin axırında 410 №-li subhesaba aid edilir.
282 №-li «Müqavilələr üzrə elmi-tədqiqat işlərinin satışı» subhesabında müqavilələr üzrə yerinə yetirilmiş və dəyəri ödənilmək üçün sifarişçilərə təhvil verilmiş elmi-tədqiqat və konstruktor işlərinin məbləğləri əks etdirilir.
400 №-li «Xüsusi vəsaitlər üzrə gəlirlər» subhesabında qüvvədə olan qaydalara əsasən təşkilatın sərəncamında qalan və büdcə təxsisatlarından əlavə müəyyən məqsədlərə xərclənə bilən xüsusi vəsaitlər üzrə gəlirlər əks etdirilir.
402 №-li «Texniki peşə məktəblərinin istehsalat fəaliyyətindən gəlirlər» subhesabında istehsalat praktikası nəticəsində tədris məktəblərinin sərəncamına istehsalat-tədris emalatxanalarının fəaliyyətindən gələn gəlirlər, tədris bazasının genişləndirilməsi, şagirdlərin mədəni-məişət xidmətlərinin yaxşılaşdırılması, nümunəvi şagirdlərin maraqlandırılması üçün təşkilatlardan daxil olan məbləğlər əks etdirilir.
410 №-li «Mənfəət və zərərlər» subhesabında yardımçı (tədris) kənd təsərrüfatı və istehsalat (tədris) emalatxanalarının məhsul və məmulatların, həmçinin göstərilən iş və xidmətlərin satışından alınan nəticələr əks etdirilir.
Bölmə 10. Əsaslı tikintiyə məsrəflər
040 №-li «Quraşdırılası avadanlıqlar» subhesabında tikinti konstruksiyalarının və hissələrinin, həmçinin montaj tələb edən xarici və vətən avadanlıqlarının qalıq məbləğləri əks etdirilir.
041 №-li «Əsaslı tikinti üçün tikinti materialları» subhesabında əsaslı tikinti üçün təyin olunmuş vəsaitlər hesabına alınan, tikinti və montaj işləri prosesində istifadə olunan tikinti materiallarının qalıq məbləğləri əks etdirilir.
150 №-li «Malsatan və podratçılarla hesablaşmalar» subhesabında balansın aktiv hissəsində əsaslı tikintiyə kapital qoyuluşları üçün təxsis edilmiş vəsaitlər hesabına tikinti materiallarına, konstruksiya və detallara görə, həmçinin yerinə yetirilmiş tikinti-quraşdırma işlərinə görə malsatan və podratçılarla hesablaşmalardan yaranan debitor borc məbləğləri əks etdirilir.
203 №-li «Kapital qoyuluşuna büdcə üzrə xərclər» subhesabında büdcə vəsaiti hesabına başa çatmamış yeni tikinti obyektlərinə, tikinti və qurğuların yenidən qurulmasına, həmçinin başa çatmış, lakin istifadəyə verilməmiş tikinti obyektlərinə və yenidənqurma işlərinə məsrəflər əks etdirilir.
212 №-li «Xüsusi vəsaitlər hesabına kapital qoyuluşu və avadanlıq alınması üzrə xərclər» subhesabanda avadanlıqların alınması, başa çatmış, lakin istifadəyə verilməmiş və başa çatmamış tikinti və yenidənqurma obyektləri və avadanlıqların alınması üçün xüsusi vəsaitlər üzrə məsrəflər əks etdirilir.
216 №-li «Büdcədənkənar fondlar hesabına kapital qoyuluşlarına xərclər» subhesabında təyin olunmuş qaydada icra hakimiyyətləri, həmçinin Azərbaycan Respublikası nazirlikləri və baş idarələri tərəfindən yaradılmış büdcədənkənar fondlar hesabına kapital qoyuluşlarına xərclər əks etdirilir.