Aerodrom üzrə tərtib edilən xəbərdarlıqlar prosesi. Aerodrom xəbərdarlıqları meteoroloji izləmə orqanının (“Zabrataeronaviqasiya” AMTŞ-nin) mühəndis-sinoptikləri tərəfindən tərtib edilir. Aerodrom üzrə tərtib edilən xəbərdarlıqlar təhlükəli meteoroloji hadisələr müşahidə edildikdə və ya gözlənildikdə yayımlanır.
Aerodrom xəbərdarlıqlarının verilməsində məqsəd sifarişçilərin aerodromdakı təhlükəli hadisələr (güclü külək, ildırım, şkval, toz və qum fırtınaları, intensiv yağıntılar, mənfi hava temperaturu (0°C-dən aşağı)) barədə vaxtında və dəqiq xəbərdar etməkdir.
Aerodrom üzrə açıq mətn formasında tərtib edilən xəbərdarlıqlarda hava gəmilərinə yerdə, aerodrom avadanlığına və uçuşların təminatı üzrə texniki vasitələrə mənfi təsir göstərə biləcək meteoroloji şərait haqqında qısa məlumat bildirilir. Aerodrom xəbərdarlıqları AAR-ANS-008 sənədinin tələbləri əsasında tərtib edilir və yayımlanır. Tərtib edilən xəbərdarlıq məlumatları istifadəçilərə (HHİE orqanları, Aerodrom xidməti və s.) müxtəlif rabitə vasitələri (faks, telefon, internet) ilə dərhal ötürülməlidir. Xəbərdarlıqların fəaliyyət müddətlərinin başa çatması haqqında da müvafiq məlumatlar da istehlakçı xidmət orqanlarına dərhal yayımlanmalıdır. Aerodrom üzrə xəbərdarlıqların fəaliyyət müddətləri yerli vaxtla verilir.
Aerodrom üzrə xəbərdarlıqlar aşağıdakı bir və ya bir neçə meteoroloji hadisə və şəraitin faktiki müşahidə edilməsi və proqnozlaşdırılması ilə əlaqədar olaraq tərtib edilir:
- İldırım müşahidə edildikdə və gözlənildikdə;
- Dolu;
- 2 saatdan artıq davamlı yağan qar;
- Soyumuş atmosfer yağıntıları;
- Yerüstü küləyin sürətinin 20 düyün, şiddət sürətinin isə 30 düyün və daha çox müşahidə edilməsi, proqnozlaşdırılması;
- Qum fırtınası;
- Toz fırtınası;
- Hava temperaturunun 0C-dən aşağı enməsi müşahidə edildikdə və ya gözlənildikdə;
- Hava temperaturunun onun +40C-dək və yuxarı artması müşahidə edildikdə və gözlənildikdə;
- Külək sürüşmələri müşahidə edildikdə və ya proqnozlaşdırıldıqda;
- Vulkanik külün çökməsi (fövqəladə hallar olduqda);
- Zəhərli kimyəvi maddələrin tullantısı (fövqəladə hallar olduqda);
Tərtib edildiyi regiondan asılı olaraq meteoroloji orqanla istehlakçı arasında razılaşmaya uyğun digər meyarlar müəyyən edilə bilər. Aerodrom üzrə xəbərdarlıqlar o zaman ləğv edilir ki, təhlükəli atmosfer təzahürləri artıq müşahidə olunmasın və ya həmin aerodromda baş verməsi artıq gözlənilməsin.
Aerodrom üzrə xəbərdarlıqların təsir müddəti 6 saatdan artıq olmamalıdır. Aerodromda təhlükəli təzahürlərin müşahidə edilməsi yenidən gözlənilirsə, yəni, xəbərdarlıqlar saxlanılırsa, bu zaman onların vaxtı maksimum növbəti 6 saat üçün artırılır.
Aerodrom üzrə xəbərdarlıqları tərtib edilən zaman əsas məlumat mənbələri aşağıdakılardır:
1. AWOS tərəfindən tərtib edilmiş faktiki və xüsusi hava məlumatları (METAR/SPECİ);
2. Yaxın hava limanlarının faktiki və proqnoz məlumatları;
3. TECNAVIA peyk sistemindən əldə olunan bulud sahəsi xəritələri;
4. SADIS FTP sisteminin məlumatları;
5. Meteoroloji radar məlumatları (əgər mövcuddursa);
6. Hava gəmilərinin göyərtəsindən ötürülən meteoroloji məlumatlar.
Meteoroloji izləmə orqanı aerodrom xəbərdarlıqları haqqında informasiyaları HHT orqanlarına telefon vasitəsilə, uçuş heyətinə xüsusi balank şəklində email, Avtomatik Meteoroloji Brifinq sistemi vasitəsilə yayımlayır. Bütün göndərilən məlumatlar xüsusi blanklar şəklində 1 (ay) ərzində saxlanılır.
Aerodrom üzrə xəbərdarlıqlar KMS (Keyfiyyət Menecment Sistemi) proseslərinin məhsullarından biridir (QM-PR08-MET/P03).
Aerodrom xəbərdarlıqları haqqında məlumatlar göndərilir:
- Həm uçuşqabağı hazırlıq, həm də uçuş zamanı gəmi heyətinə;
- Aerodrom komanda-dispetçer məntəqəsinə;
- Yaxınlaşma dispetçer orqanına;
- Rayon dispetçer mərkəzi və uçuş informasiya mərkəzinə;
- Dispetçer İstehsalat İdarəsinə;
- Aerodrom Terminalı İdarəsinə (Aerodrom Xidməti).