Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Müsəlmanlar Sirakuzaya lövbər atır. Orta əsrlər miniatürü



Yüklə 6,76 Mb.
səhifə59/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   55   56   57   58   59   60   61   62   ...   87
Müsəlmanlar Sirakuzaya lövbər atır. Orta əsrlər miniatürü
Ərəblər Qərbdə irəliləməyə davam edirdilər. Yerli Bizans qoşunları bunun qarşısını almaqda aciz idilər. Bu səbəbdən də imperiya nominal italyan vassallarının köməyinə arxalanmaq məcburiyyətində qalmışdı, üstəlik də, müəyyən bir uğur qazana bilmək üçün Şərq donanmasının İtaliyaya verilməsinə məcbur idi (Scafuri Michael P., 2002, s. 50-51). 855-ci ildə Ennanın süqutundan sonra Bizanslılar Siciliyanın yalnız şərq sahillərində qalmağı bacardılar və davamlı olaraq ərəb təzyiqi altında yaşamalı oldular. Onların Siciliyadakı birliklərinə kömək məqsədilə 868-ci ildə göndərdikləri tam təchiz edilmiş ekspedisiyası uğursuzluğa uğradı. 869-cu ildə Sirakuza Aqləbilər tərəfindən növbəti dəfə hücuma məruz qaldı. 870-ci ildə Malta müsəlmanlar tərəfindən alındı. Ərəblər 878-ci ildə Sirakuzanı ələ keçirdilər, 880-ci illərin əvvəllərində isə İtaliyanın qərb sahilində bazalar şəbəkəsi yaratdılar və 915-ci ilə qədər orada qaldılar (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 64-65, 68; Treadgold Warren T., 1997, s. 33).

880-ci ildə Oorifanın xələfi Drungarius Nasar gecə döyüşündə İon adalarına basqın edən Tunislilər üzərində böyük bir qələbə qazandı. Daha sonra Punta Stiloda başqa bir ərəb donanmasını məğlub edərək Siciliyaya hücum etdi və böyük miqdarda qənimət ələ keçirdi. Eyni zamanda, başqa bir Bizans eskadrilyası Napolidə böyük bir qələbə qazandı (MacCormick Michael, 2002, s. 955). Bu uğurlar, Bizanslıların 870-80-ci illərdə Nikefor Fokasın komandanlığı altında Qərbdəki ərəblərə qarşı qısa bir əks hücum təşkil etməsinə, Apuliya və Kalabriyada möhkəmlənməsinə və bu torpaqlarda Lonqobard temasını meydana gətirməsinə imkan verdi, bunun da əsasında daha sonra İtaliya katepanlığı quruldu. Bununla birlikdə 888-ci ildə Milazzodakı ağır məğlubiyyət, Bizansın sonrakı əsr ərzində İtaliya ətrafındakı dənizlərdə geniş fəaliyyətlərinin sona çatmasına səbəb oldu (The Age of the Galley, 2004, s. 92; Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 66). Basil dövründə Bizans siyasətinin uğurlarına baxmayaraq, varisi VI Müdrik Leo (886-912) dövründə imperiya yenidən ciddi təhdidlərlə üzləşdi, şimalda, bulqarların kralı Simeonla müharibə baş verdi, 895-ci ildə imperiya donanmasının bir hissəsi Macarıstan ordusunu Dunaydan keçərək bulqarlara hücum üçün istifadə edildi (Treadgold Warren T., 1997, s. 463-464).

Bulqarlarla müharibələr Biransın bir neçə dəhşətli məğlubiyyəti ilə nəticələndi, Bizans imperiyasının ürəyi hesab edilən Ege sahillərinə dağıdıcı basqınları ərəb donanmasının triumfal qələbəsi ilə sona çatdı. 891 və ya 893-cü illərdə ərəb donanması Samos adasını mühasirəyə aldı və onu ələ keçirdi. 898-ci ildə müsəlman admiral Rağib 3000 Bizans dənizçisini əsir aldı. Bu itkilər Bizans müdafiəsini alt-üst etdi, nəticədə Xilafət donanması Ege dənizinin əsas söz sahibinə çevrildi. Bizansa növbəti ciddi zərbə 901-ci ildə xain Tire Damian tərəfindən vuruldu. O və quldurları Demetriadanı tutub, qarət etdilər (Tougher Shaun, 1997, s. 185-186; Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 65-66). Növbəti il ​​imperiyanın Siciliyadakı son forpostu olan Taormina müsəlmanlar tərəfindən fəth edildi. 904-cü ildə başqa bir xain, Tripolitan Leo Ege dənizinə basqın etdi, hətta Çanaqqala boğazını keçərək imperiyanın ikinci ən vacib şəhəri olan Selaniki mühasirəyə aldı. Bütün bu müddətdə Bizans donanması tam hərəkətsiz qalmışdı.

Həmin dövrün ən görkəmli Bizans admiralı kimi ad çıxaran və 904-cü ildə həmin vəzifəyə təyin edilən şəxs Gimerius idi. O, Selanik mühasirəsinin qarşısını ala bilmədi, lakin 906-cı ildə ilk qələbəsini qazandı və 910-cu ildə Suriyadakı Laodikiyaya uğurlu bir hücum təşkil etdi (Tougher Shaun, 1997, s. 186-188, 191).

Bu hücum zamanı bircə dənə də gəmisini itirməyən Bizanslılar şəhəri vəhşicəsinə talan edib yerlə yeksan etdilər (Norwich John Julius, 1999, s. 180). Lakin, bir il sonra Gimeriusun başçılığı altında 112 dromons və 75 pamfilidən, eləcə də 43000 əskərdən ibarət olan Bizans donanması Krit əmirliyinə qarşı yeni bir hərbi kampaniyaya başladı və adanı nəinki işğal edə bilmədi (Treadgold Warren T., 1997, s. 469-470), əksinə geri dönərkən Tripolitaniyalı Leo tərəfindən pusquya salındı və məğlub edildi.

Donanmanın bərpası 920-ci ildən sonra başladı. Həmin il admiral Roman I Lakapenus (920-944) III Tiberiusdan sonra ikinci və sonuncu dəfə imperiyanın taxt-tacına sahib oldu. Nəticədə, 923-cü ildə Bizans donanması Lemnosda Tripolitaniyalı Leo qəti bir qələbə qazındı, növbəti il Bizans qalasının mühasirəsi zamanı Damian öldürüldü və bu da yeni bir Bizans dirçəlişinin başlanğıcı oldu. Donanmanın artan gücü özünü 942-ci ildə göstərdi. Həmin il imperator I Roman Tiren dənizinə bir eskadron göndərdi. “Yunan atəş”indən istifadə edən eskadron Fraksinetdəki azsaylı ərəb gəmilərini məhv etdi. Lakin 949-cu ildə VII Konstantin (945-959) Krit əmirliyinə qarşı göndərdiyi 100 gəmidən ibarət eskadron müsəlmanlar tərəfindən darmadağın edildi.

951-952 – ci illər. İtaliya üzərinə yeni hücum təşkil edildi, lakin bu hücum müsəlmanların, daha dəqiq desək, Aqləbilərin Bizans üzərində şanlı qələbəsi nəticələndi

956-cı ildə Bizans İslam dünyasına qarşı yeni hücum düzənləndi və vəziyyəti nisbən də ölsa sabitləşdirə bildi. Buna səbəb Tunisdəki müsəlman donanmasının fırtına nəticəsində bir çox gəmisini itirməsi olmuşdur.

963-965 –ci illərdə baş verən ümumxalq üsyanları Bizansı Taorminanı tərk etməyə məcbur etdi (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 63-64, 71-72, 74). Messin körfəzində 965-ci ildə Fatimilər qarşısındakı məğlubiyyət isə Bizansın Qərbə planlaşdırdığı hücumlarını ləngitdi.

Bizanslılar 1025-ci ilə qədər İtaliya və Siciliyaya bir necə hücum təşkil etmiş və bunun nəticəsində sözügedən coğrafiyada Bizans və İtaliyanın şəhər dövlətlərinin donanmalarından başqa heç bir donanma qalmamışdır (The Age of the Galley, 2004, s. 93).



Bütün XI əsr boyu Bizans donanmasının yalnız bir neçə dəfə xarici təhlükə ilə qarşılaşdığı, dəniz donanmasının önəmli dərəcədə kiçildiyi, Fatimilər və Bizanslılar arasındakı münasibətlərin həmin dövrdə nisbətən dinc olduğu, müsəlman təhlükəsinin azaldığı məlumdur. Əldə olan məlumatlara əsasən, İmperiya ərazisindəki son ərəb basqını 1035-ci ildə Kikladlara qarşı baş vermiş, növbəti ildə isə ərəb donanması məğlubiyyəti dadmalı olmuşdu (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 87-88). Uzunmüddətli sülh və firavanlıq dövrü imperatorluğun öz hərbi və dəniz qüdrətinə laqeyd yanaşmasına səbəb oldu ki, bu da artıq II Basil dövründə (976-1025) Adriatik sahillərinin qorunmasının Venesiyalılara həvalə edilməsi ilə nəticələndi. IX Konstantin dövründə (1042-1055) də ordu və donanma azalmaqda və zəifləməkdə davam etmişdir, çünki hərbi xidmət fidyə imkanı ilə əvəz olunmuş və nəticədə Bizansın xarici muzdlulardan asılılığı get-gedə daha çox artmışdı (Haldon John F., 1999, s. 90-91). Böyük femian donanmaları ixtisar edilir və onları yerli komandanlar tərəfindən idarə edilən kiçik eskadronlar əvəz edirdi, onlar da daha çox ciddi rəqiblərlə müharibəyə deyil, dəniz quldurlarına qarşı mübarizəyə yönəldilirdi (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 88).

XI əsrin son çərəyində Bizans donanmasının əvvəlki gücünün böyük bir dərəcədə azaldığını, intizamsız, səriştəsiz komandirlərin rəhbərliyi altında, daimi maliyyəyə ehtiyacı içində mövcudluğunu zorla sürdürdüyünü söyləmək olar (Haldon John F., 1999, s. 91). Təsadüfi deyil ki, Kekaumen özünün 1078-ci ildə yazdığı “Strateji Kitab”ında Bizans gəmilərinin adalar arasında "müntəzəm patrul xidməti bəhanəsi ilə buğda, arpa, pxla, pendir, şərab, ət, zeytun yağı və pul daşımaqdan başqa bir şey etmədiyini" söyləməkdədir (Kekaumenos, 1996, s. 268-273). Onun yazdığına görə, həmin zamana qədər Bizanslıların yeni güclü rəqibləripeyda olmağa başlamışdı. Qərbdə Norman krallığı Bizanslıları İtaliyanın cənubundan və Siciliyadan qovdu, daha sonra isə Adriatik dənizinin Bizans sahillərinə göz qoydu.

Şərqdə də vəziyyət yaxşı deyildi. Malazgirt yaxınlığında baş döyüşdəki məğlubiyyət imperatorluğun hərbi və iqtisadi ürəyi hesab edilən Kiçik Asiyanın itirilməsinə gətirib çıxardı və 1081-ci ildə Səlcuqlu türklərinə öz paytaxtlarını Konstantinopoldan 70 kilometr məsafədə olan Konyaya köçürmələrinə imkan verdi (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 91-94) Bundan qısa müddət sonra isə Ege dənizində müsəlman türk və bəzi xristian gəmiləri meydan sulamağa başladılar. Bir vaxtlar dənizdə aparıcı qüvvə olan Bizans donanmaları aşağılayıcı və aramsız daxili müharibələrdən o qədər yorulmuşdular ki, onlara qarşı kifayət qədər mübarizə aparmaq imkanına sahib deyildilər (Bréhier Louis, 2000, s. 335). Həmin dövrdə Bizans donanmasının vəziyyəti o qədər acınacaqlı və ağır idi ki, donanma norman istilasının qarşısını ala bilmədi və norman qoşunları Korfunu tutdular, sahilə çıxdılar və heç bir müqavimətlə qarşılaşmadılar. Ardınca Epir işğal edildi və Dyrraçium mühasirəyə alındı (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 99). Beləcə, imperiyanın onsuz da cüzi olan maddi qaynaqlarını tamamilə tükəndirən on illik müharibə başladı (Birkenmeier John W., 2002, s. 39). Belə olan halda, yenicə taxta çıxan I Aleksey Komnen (1081-1118) 1070-ci illərdə Adriatik və Dalmatiyaya olan hüquqlarını normanlara qarşı qorumaqda qərarlı olan Venesiyalıları köməyə çağırmaq məcburiyyətində qaldı. 1082-ci ildə onların köməyinin qarşılığında onlara ticarətdə böyük imtiyazlar verdi (Nicol Donald MacGillivray, 1992, s. 55-61). Bu müqavilə və bimtiyazlar Bizansı, faktiki olaraq, Venesiyanın, daha sonralar da Genuya və Pizzanın girovuna çevirdi.

Tarixçi Con Birkenmeyr yazır ki, Bizansın öz donanmasının olmaması Venesiyalıların onlardan yeni-yeni imtiyazlar qoparmasına imkan verir, Bizans da hər dəfə işğalla üzləşdikdə Venesiyanın köməyini əldə edə bilmək üçün imtiyazları daha da artırırdı (Birkenmeier John W., 2002, s. 39). 1080-ci illərdə normanlarla baş verən toqquşmalarda, Bizans dəniz qüvvəsini Mixael Mareksin komandanlıq etdiyi eskadron təmsil edirdi. Köməyə də həmişəki kimi Venesiyalılar gəlmişdilər. Norman donanması ilk döyüşlərdə üstün olsa da, 1084-cü ildə Korfuda müttəfiq donanması tərəfindən gözlənilmədən məğlub edildi (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 100; Nicol Donald MacGillivray, 1992, s. 58).



I Aleksey güclü donanmaya sahib olmağın vacibliyini başa düşür və arsı kəsilməyən quru müharibələrinə baxmayaraq, imperiyanın dəniz gücünü bərpa etmək üçün addımlar atırdı. Səyləri Səlcuqlu əmirlərinin, ilk növbədə də Çaqa bəyin Ege dənizində öz donanmalarını yaratma cəhdləri bunu zəruri edirdi (Pryor John H., 1988; Haldon John F., 1999, s. 99). Məhz bu sahədə görülən işlərin nəticəsi idi ki, Con Dukanın komandanlığındakı donanma sonralar Krit və Kiprdəki qiyamları yatıra bilmişdi (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 109). I Aleksey xaçlıların köməyi ilə Batı Anadolu sahillərini geri almağı və mülklərini Şərqdə genişləndirməyi bacardı. 1104-cü ildə 10 gəmidən ibarət Bizans eskadrilyası Laodikya və digər sahil şəhərlərini Tripolisə qədər işğal etdi (Nicolle David, 2005, s. 69). 1118-ci ildə taxta çıxan II Con Comnenə (1118-1143) atasından kiçik bir donanma miras qaldı (Pryor John H., 1988; Haldon John F., 1999, s. 111). O da atası kimi əsas diqqəti quru qoşunlarına yönəltmişdi, amma donanmanı da unutmurdu. Bununla belə, II Con atasının Venesiyalara vermiş olduğu ticari güzəştlərin vaxtını uzatmaq istəmədi, bu da Venesiyalıların bir neçə Bizans adasını talan və qarət etmələrinə gətirib çıxardı. Bizans donanması bunun qarşısını almaq gücündə deyildi. Odur ki, imperator 1125-ci ildə imtiyazları bərpa etməyə məcbur oldu.

Bizans donanması Venesiya donanmasına qarşı gücsüz idi, çünki maddi resurslar daha tez həll edilməli olan başqa sahələrə yönəldilirdi. Maddi sıxıntılar II Conu, maliyyə nazirinin məsləhətinə qulaq asaraq, donanmanın maliyyələşdirilməsini azaltdı. Həmin dövrdə əsas diqqət quru qoşunlarına yönəldilmişdi (Pryor John H., 1988; Haldon John F., 2006, s. 111; Haldon John F., 1999, s. 96; Treadgold Warren T., 1997, s. 631 ).

Donanmanın yenidən güclənməsi və Şərqi Aralıq dənizinin latın və müsəlman dövlətləri ilə münasibətlərdə güclü xarici siyasət vasitəsinə çevrilməsi Manuel I Comnenin (1143-1180) dövründə baş verdi (Treadgold Warren T., 1997, s. 641) Lakin onun hakimiyyətinin ilk illərində Bizans dəniz qüvvələri hələ də zəif idi. Təsadüfi deyil ki, 1147-ci ildə Siciliyalı II Rocerin başçılıq etdiyi donanma Antakyalı Georqun əmri ilə Korfunu tutmağı, Peloponneseni mahasirəyə almağa, Afinanı, Tebes və Korintanı, demək olar ki, Bizanslıların müqaviməti ilə qarşılaşmadan zəbt etməyi bacardı (Pryor John H., 1988; Haldon John F., 2006, s. 106-107, 111-112).

1149-cu ildə Venesiyalıların 500 döyüş gəmisi və 1000 nəqliyyat vasitəsindən ibarət donanması tərəfindən dəstəklənən Bizans ordusu Korfunu geri qaytara bildi. Həmin ilin yayında Antakyalı Corcun 40 gəmidən ibarət olan donanması Çanaqqala boğazından keçərək Konstantinopolun divarlarına yaxınlaşaraq, orada talan və qarətlər törətdi. Yunan salnaməçiləri Siciliyalıların paytaxtın yaxınlığında bir neçə villanı darmadağın etdiklərini və imperator sarayına doğru ox atdıqlarını, sonra isə geri çəkildiklərini bildirdilər (Norwich John Julius, 1996, s. 98, 103). Lakin normanların gəmiləri geri dönərkən ya Venesiyalılar, ya da Bizanslıların hücumuna məruz qalaraq batırıldılar (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 113).

1155-ci ildə Konstantin Angelin başçılıq etdiyi 10 gəmilik bir eskadra norman üsyançısı III Robert Lorritelin yardımı ilə Ankona gəldi və beləcə Bizanslıların Cənubi İtaliya uğrunda mübarizəsinə başladı. Lakin ehtiyatsızlıq ucbatından Konstantin məğlub oldu və normanlara əsir düşdü (Lamma, P., 1955-1957, I, s. 151). Bənzər aqibət növbəti ildə, yəni 1156-cı ildə də təkrarlandı. Həmin il Mixail Paleoloq və İohan Dukanın başçılıq etdiyi, böyük duka Aleksey Komnin Vrienniyanın dəstəklədiyi ekspedisya əvvəl-əvvəl bir neçə uğurlu həmlə etsə də, sonda məqlubiyyətə uğradı və nəticədə İohan Duka və Aleksey Komnin 4 gəmi ilə birlikdə əsir alındı (Treadgold Warren T., 1997, s. 643). Aleksey Asuxun 1157-ci ildə başçılıq etdiyi ekspedisiya da uğursuzluqla nəticələndi.

1169-cu ilə qədər Manuilin səyləri nəticəsində Bizans donanması yenidən güclü bir hərbi vasitəyə çevrilə bilmişdi. Həmin il 150 qaler, 20 iri nəqliyyat gəmisi və 60 kavaleriya gəmisindən ibarət donanma böyük duka Andronik Kontoctefanın başçılığı altında, Qüds krallığının xaçlı qoşunlarının dəstəyi ilə Misirə hücuma keçdi, lakin yürüş xristianlar üçün böyük məğlubiyyət və uğursuzluqla nəticələndi (Phillips Jonathan, 2004, s. 158) və müsəlmanlar Bizans donanmasının ən azı yarısını məhv etməyi bacardılar (Harris Jonathan, 2006, s. 109). Fəqət donanma hələ yetərincə güclü idi və ən azı Venesiyaların basqılarına qarşı duruş gətirə biləcək səviyyədə idi. Odur ki, 1171-ci ilin 12 martında Bizanslılar çəkinmədən Venesiyalıların bütün imperiya ərazisindəki mülk və mallarını müsadirə edə bildilər. Buna cavab olaraq Venesiyalılar Ege dənizinə daxil olub Xios adasını tutdular. Belə olan halda Manuil adanı azad etmək üçün 150 gəmidən ibarət donanma göndərdi. Kontostefanın başçılıq etdiyi donanma adanı mühasirəyə alıb yıldırma taxtikası tətbiq etdi ki, bunun nəticəsində də adada aclıq başladı. Venesiyalılar adanı tərk edib qaçmaq məcburiyyətində qaldılar. Bizanslılar da onları təqib etməyə başladılar (Heath Ian, McBride Angus, 1995, s. 4).

Qazanılan möhtəşəm qələbə 1125-ci il rəzaləti ilə münasibətdə gerçəkdən böyük qələbə idi. Həmin qələbə ilə ortodoks xristianlar katoliklərin boyunduruğundan azad olmuş və yerə çırpılmış qürurlarını bərpa etmiş oldular. 1125-ci ildə, Elzaslı qraf Filip və Qüds krallığının digər zadəganları müsəlmanlarla savaşdan zəif düşərək, döyüşü davam etdirməkdən imtina etmələrindən sonra Kontostefanın başçılıq etdiyi 70 qaler və 80 yardımçı gəmidən ibarət Bizans donanması geri dönüb Akkoya yetişdi (Harris Jonathan, 2006, s. 109; Magdalino Paul, 2002, s. 97; Lilie Ralph-Johannes, 1994, s. 215).

Manuilin hakimiyyətinin sonlarına doğru Bizansın çox saylı savaşlar və donanmanı gücləndirməyə çalışmaq səbəbindən yıprandığını, xəzinənin önəmli dərəcədə boşaldığını söyləyə bilərik. Tarixçi Nikita Xoniatın yazdığına görə, buna səbəb dəniz quldurlarının ticarət gəmilərinə ardı-arası kəsilməyən hücumları, ticarətə dəhşətli zərbələrin vurulması bu səbəbdən də donanmaya həddən artıq pul xərclənməsi idi (Birkenmeier John W., 2002, s. 22).

1185-ci ildə I Manuilin ölümündən və Komnin sülaləsinin hakimiyyətinin başa çatmasından sonra Bizans donanması sürətlə kiçilməyə başladı. Gəmilərin və onların heyətlərinin saxlanılması böyük maliyyə xərcləri tələb edirdi. Maliyyə isə çatışmırdı. Bu səbəbdən də donanma göz görə-görə tənəzzülə uğramaqda idi. Bununla belə gəmilərin əksər hissəsi sapsağlam durmaqda idi və bu da Bizanslılara lazım gəldikdə 70-100 arası gəmidən ibarət ekspedisiyalar təşkil etməyə imkan verirdi (Harris Jonathan, 2006, s. 128-130). Belə ki, 1185-ci ildə imperator Andronik (1183-1185) təqribən 100 gəmi toplayaraq, normanlara Mərmərə dənizində zərbə endirə bilmişdi (Norwich John Julius, 1996, s. 151). Bunun ardınca imzalanan sülh müqaviləsi ilə Siciliya imperiyanı donanma ilə təmin etməyə mükəlləf edilmişdi. Bundan başqa, İshaq II Angelin hakimiyyəti (1185-1195 və 1203-1204) dövründə Venesiya ilə də bənzər müqavilə imzalanmışdı. Həmin müqavilə əsasında Venesiya ona verilən ticari imtiyazlar qarşılığında Bizansa 6 ay ərzində 40-la 100 arasında qaler verməli idi. Bu onu göstərir ki, Bizanslılar öz donanmalarının nə qədər bərbad vəziyyətdə olduqlarının fərqində idilər (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 121).

1186-cı ildə İshaq II Angelin Akkoda əsir olan qardaşı III Alekseyi əsirlikdən azad etmək üçün 80 qaler göndərdiyi, fəqət bu gəmilərin Kipr yaxınlarında Brindziyli Marqaritin başçılıq etdiyi norman donanması tərəfindən darmadağın edildiyi bilinməkdədir. O da məlumdur ki, elə həmin il İshaq II Angel Kipri İshaq Komnininəlindən əlini almaq üçün 70 gəmidən ibarət daha bir donanma göndərmiş və həmin donanma da sözügedən Maraqarit tərfindən məhv edilmişdir (Harris Jonathan, 2006, s. 128).

Bizans donanmasının tənəzzülü 1190-cı illərdə daha da gücləndi. İş o yerə çatdı ki, Xoniatın yazdığına görə, böyük duka Mixail Strifn hərbi gəmilərin armalarını sataraq pullarını mənimsədi (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 121). Artıq 1196-cı ildə Bizansın əlində sadəcə 30 salamat gəmi qalmışdı (Heath Ian, McBride Angus, 1995, s. 17). Nəticədə 1190-cı illərin sonlarında, Bizans Genuya, Venesiya və Pizzan gəmilərinin Ege dənizində at oynatmağa başladığı dövrdə, Bizansın seyrçi qalmaqdan başqa heç bir çarəsi qalmamışdı (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 122). və İtaliyalılara qarşı mübarizə apara bilmək üçün tək ümid muzdlular idi (Phillips Jonathan, 2004, s. 158).

1203-cü ildə, IV səlib yürüşü zamanı xaçlıların Konstantinopolun divarlarına qədər gəlib çıxdığı dövrdə Bizansın əlində sadəcə 20 çürük gəmi qalmışdı, onlardan da yalnız 17-si hərəkət etmək imkanına sahib idi. Təbii ki, onlar da bir işə yaramadı (Heath Ian, McBride Angus, 1995, s. 17). Nəticədə Bizans imperiyasının səlibçilər arasında bölüşdürüldü. Beləcə, keçmiş imperatorluğun xarabalıqları üzərində hökmdarlarından hər biri özünü Bizans taxt-tacının varisi hesab edən və “Bizans imperatoru” titulunu daşımaq uğrunda bir-biri ilə mübahisə edən üç yunan dövləti ortaya çıxdı. Bunlardan Epirusun ümumiyyətlə donanması yox idi, Trabzonda isə əsasən patrul xidməti və qoşunların daşınması üçün istifadə olunan kiçik bir donanma vardı. Yalnız Nikene Empire sahil müdafiəsi üçün istifadə edilən az və ya çox güclü bir donanmaya sahib idi (Ruth Macrides, 2007, s. 168-169).

III İohan Vatatz (1222-1254) dövründə ağıllı xarici siyasət yürüən Nikene Empire 1225-ci ildə Lesvos, Xios, Samos və İkaria adalarını azad edə bildi. Bununla belə, onun donanması Venesiya donanması ilə bərabər şərtlərdə rəqabət aparmaq gücündə deyildi. Odur ki, 1235-ci ildə Konstantinopolun mühasirəsi zamanı, daha kiçik bir Venesiya donanması tərəfindən məğlub edildi. 1241-ci ildə Konstantinopolu azad etmək üçün edilən ikinci cəhd də məğlubiyyətlə başa çatdı (Nicol Donald MacGillivray, 1992, s. 166, 172).

1230-cu illərdə Nikeyalıların Kritdəki Venesiyaya qarşı yunan qiyamını dəstəkləməyə yönəlmiş səyləri qismən də olsa, müvəffəq oldu. Lakin 1236-cı ildə son Nikeya qoşunları da adanı tərk etmək məcburiyyətində qaldı (Bartusis Mark C., 1997, s. 24; Nicol Donald MacGillivray, 1992, s. 171-172). Donanmasının zəifliyisəbəbindən imperator VIII Maykl Paleoloq (1259-1282) ticarət imtiyazları müqabilində Cenuyalılarla Venesiyaya qarşı Nimfey müqaviləsini bağladı (Bartusis Mark C., 1997, s. 39; Lane Frederic Chapin, 1973, s. 76).

Konstantinopolun azad edilməsindən bir neçə ay sonra imperator VIII Mixael diqqətini donanmanın bərpasına yönəltdi. Yenidən yaradılmağa başlayan donanma 1260-cı illərin əvvəllərində hələ çox zəif idi və Bizans bütünlüklə Geniyanın köməyindən asılı idi. Lakin bu da məsələni həll etmirdi. Çünki müttəfiqlər Venesiya ilə müqayisədə çox zəif idilər, bunu müttəfiq olan Bizans-Genuya donanmasının 1263-cü ildə Venesiyanın daha kiçik, 48 gəmidən ibarət olan donanmasına məğlub olması sübut etdi (Geanakoplos Deno John, 1959, 27, 153-154).

1270-ci ildə Venesiya-Genuya müharibəsinin başlamasından istifadə edən Mixael (Lane Frederic Chapin, 1973, s. 76), imperatorluq bayrağı altında üzən, lakin əsasən katolik quldurlarından ibarət olan 80 gəmidən ibarət güclü bir donanma yaratmağı bacardı. Elə həmin ildə 24 qaladan (qaleradan) ibarət bir filoteliya Neqropontedəki (Euboeadakı) Oreos şəhərini mühasirəyə aldı və 20 qaladan (qaleradan) ibarət katolik donanmasını məğlub etdi (Bartusis Mark C., 1997, s. 59) Bu, Ege dənizində 1270-ci illər boyunca davam edən və katoliklər tərəfindən daha əvvəllər tutulmuş adaların bir qisminin qısa müddətə də olsa, geri dönməsinə səbəb olan mütəşəkkil bir dəniz kampaniyası təşkil etməyə imkan verdi. Lakin yüksəliş uzun sürmədi. 1285-ci ildə Anju qrafı Karlın ölümü və İtaliyadan istila təhlükəsi aradan qaldırıldıqdan sonra Mixaelin varisi Andronik II Palaeoloq (1282-1328) 1291-ci ildə Genuyalı müttəfiqlərinin dəniz qüvvələrinə güvənərək, donanmasının xərclərini azaltdı. Faktiki olaraq, Bizans donanmasını dağıtdı və bunun yerinə 50-60 Genuya qalasını icarəyə götürdü. Andronik dövründə hərbi xərclərin azaldılması ordudan da yan keçmədi. Elə bu səbəbdən də o, müasirlərinin müqavimət və tənqidi ilə üzləşməli olmuşdu (Nicol Donald MacGillivray, 1992, s. 59-60; Angelov Dimiter, 2007, s. 175-176, 317). Belə bir yarıtmaz siyasətin nəticələrini çox gözləmək lazım gəlmədi. Artıq Uzun Andronikin hökmranlığı dövründə türklər tədricən Anadolunun Ege sahillərinə sahib çıxmağa başladılar və Bizans onlara qarşı çıxa bilmədi.

1296-1297-ci illərdə Venesiya donanması Konstantinopola hücum etdi və şəhər ətrafını qarət etdi. Tarixçi Nikifor Qriqor həmin hadisələrə münasibətini belə ortaya qoymuşdur: “Əgər onlar (Bizanslılar) əvvəlki donanmalarına sahib olsaydılar, latınlar heç vaxt onlara qarşı bu qədər təkəbbürlü davranmazdılar, türklər də heç vaxt gözlərini (Ege) sahillərinin qumlarına dikməzdilər...).

1305-ci ildən sonra imperator gec də olsa, donanmanı bərpa etmək məqsədilə 20 gəmi inşa etməyə girişdi, amma bu səylərdən tez bir zamanda imtina edildi (Heath Ian, McBride Angus, 1995, s. 17). Nəvəsi və varisi III Andronik Palaeoloq (1328-1341) da donanmanın gücünü bərpa etməyə cəhd göstərdi və hətta Ege dənizindəki latın mülklərinə qarşı ekspedisiyalara da şəxsən özü rəhbərlik etdi, lakin səyləri istənilən nəticəni vermədi (Nicol Donald MacGillivray, 1992, s. 111-123, 158, 171, 246; Bréhier Louis, 2000, s. 341). Onun hakimiyyətindən sonra Bizans donanmasındakı hərbi gəmilərin sayı heç vaxt 10-u keçməmişdir. Hərçənd ki, ticarət gəmilərini də qatmaqla donanmanın sayını ümumilikdə 100-200 gəmiyə çatdırmaq olurdu (Heath Ian, McBride Angus, 1995, s. 17).

Bizans donanması 1341-1347-ci illərdə baş vermiş vətəndaş müharibədə fəal iştirak etmişdir. O zaman böyük duka Aleksey Apokavk başçılıq edirdi. Vətəndaş müharibəsi başa çatdıqdan sonra imperator VI Con Kantakuzin (1347-1354) imperatorluğun Genuyadan asılılığını azaltmaq və türklərin Çanaqqala boynuna keçməsinin qarşısını almaq üçün dəniz və ticarət donanmalarını yenidən qurmağa girişdi (Nicol Donald MacGillivray, 1993, s. 199-201; Bréhier Louis, 2000, s. 341). Bu məqsədlə Venesiyalılara kömək üçün müraciət edildi, lakin 1349-cu ilin martında 9 böyük və 100-ə yaxın kiçik gəmidən ibarət yeni inşa edilmiş donanma Konstantinopolun cənub sahillərində fırtınaya düşdü. Təcrübəsiz ekipaj panikaya qapıldı və bu da Genuyalıların bütün gəmiləri batırmasına və ya əsir götürülməsinə imkan yaratdı (Ahrweiler Hélène, 1966, s. 385; Bartusis Mark C., 1997, s. 98-99). 1351-ci ildə Kantakuzin Venesiya ilə Araqonun Genuyaya müharibəsində iştirak etmək üçün yalnız 14 gəmi ayıra bildi. Nəticədə Bizans donanması tezliklə məğlub oldu və Cantacuzin əlverişsiz şərtlərlə sülh müqaviləsi imzalamaq məcburiyyətində qaldı (Norwich John Julius, 1996, s. 316-317).

Kantakuzin tarixə, daxili müharibələrə və ərazi itkilərinə, imperiyanın tənəzzül etməyə başlamasına baxmayaraq, donanmasını bərpa etməyə çalışan son imperator kimi düşmüşdür. Ondan sonra belə bir cəhddə olan olmayıb. Əldə olan məlumatlara görə, filosof Plifon 1418-ci ildə despot Teodor Palaeoloq üçün yazdığı broşurada təsirli bir donanma və ordunun eyni vaxtda adekvat maliyyələşdirilməsi üçün resursların yetərli olmayacağını əsas gətirərək onu donanmanı saxlamaqdan çəkindirmişdir (Bartusis Mark C., 1997, s. 219).

1390-cı ildə hakimiyyət VII İohan tərəfindən qısa bir müddətdə qəsb edilərkən II Manuelin (1391-1425) Konstantinopolu azad etmək və atası V İohanı xilas etmək üçün yalnız 5 qala və 4 kiçik gəmini (Rodos cəngavərləri tərəfindən tutulanlardan bir neçəsi daxil olmaqla) yığmağı bacardığı (Bartusis Mark C., 1997, s. 110), altı il sonra Nikopoldakı xaçlılara kömək etmək üçün 10 gəmini silahlandıracağına söz verdiyi məlumdur (Heath Ian, McBride Angus, 1984, s. 23).

O da məlumdur ki, Manuel 20 il sonra şəxsən 4 qala, eləcə də piyada və süvari qoşunları daşıyan 2 nəqliyyat gəmisindən ibarət bir flotilyaaya komandanlıq etmiş, Tassos adasını hücumdan qurtarmış (Norwich John Julius, 1996, s. 376-377), 1421-ci ildə isə 10 Bizans gəmisi ilə Osmanlı taxt-tacına iddilı olan Mustafanın Sultan II Muradla müharibəsində iştirak etmişdir (Heath Ian, McBride Angus, 1984, s. 23).



Bizans donanmasının tarixə öz damğasını vuran sonuncu qələbəsi 1427-ci ildə Exinad adası ətrafında baş vermiş döyüş zamanı olub. Söhbət İohan VIII Paleoloqun (1425-1448) Karlo Tokko, Kefoloniya qrafı və despot Epirin başçılıq etdikləri gonanma üzərində qələbə qazanaraq, sonuncunu Moreyadakı bütün mülklərindən Bizansın nəfinə imtinaya məcbur etməsindən gedir (Setton Kenneth M., 1978, s. 18-19).

Bizans donanması haqqında son məlumat 1453-cü ilə, yəni Osmanlıların İstanbulu (Konstantinopolu) fəth etdikləri dövrə aiddir.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin