Bizans donanması. Orta əsrlərə aid miniatür
763-cü ildə 800 gəmilik Bizans donanması 9600 atlı və piyadanı Anhiala nəql edərək orada əhəmiyyətli bir qələbə qazandı, ancaq 766-cı ildə yenidən Anhiala üz tutan və 2600 gəmidən ibarət olduğu söylənilən ikinci donanma yolda batdı (Mango Cyril, 2002, s. 141). Eyni zamanda, İsavr sülaləsindən olan imperatorlar Bizansın dəniz qüvvələrini darmadağın etdilər. Ərəblərdən gələn təhlükənin azalması donanmanın həcmini azaltmağa imkan yaratdı (Runciman Steven, 1975, s. 150).
Bizansın dənizlərdə hegemonluğu IX əsrin əvvəllərinə qədər davam etdi. Həmin əsrdən etibarən müsəlmanların yeni dirçəliş dövrü başladı kı, bu da Bizans donanması üçün əsil fəlakətə çevrildi. Bizanslılar ilk öncə 790-cı ildə Antalya körfəzində böyük bir məğlubiyyətə düçar oldular. Xəlifə Harun ər-Rəşidin hakimiyyəti dövründə isə Kipr və Kritə yenidən ərəb basqınları başladı.
Təqribən həmin dövrdə Aralıq dənizi bölgəsində yeni qüvvələr, ilk növbədə Karolinq imperatorluğu meydana çıxdı. Ardınca 803-cü il Nikeforus sülhü imzalandı, 809-cu ildə isə Bizans Venesiyanın müstəqilliyini tanımaq məcburiyyatində qaldı. Eyni zamanda, İfrikiyada hökmranlıq etməyə başlayan Aqləbilər sülaləsi Aralıq dənizinin bütün mərkəzi hissəsinə basqınlar təşkil etməyə başladılar. Bu da hələ hamısı deyildi. Qarşıda Bizans donanmasını bulqar türklərinin ard-arda vuracaqları sarsıdıcı zərbələr vardı.
824 və 827-ci illər arasında Krit oradakı Əndəluslü əsirlərin əlinə keçdi. Adanı geri almaq üçün Bizansın etdiyi 3 cəhdin 3-ü də məğlubiyyətlə nəticələndi və ada çox qısa bir zaman içərisində Ege dənizində var-gəl edən ərəb dənizçilərinin bazasına çevrildi, bu isə bölgədəki güc nisbətini müsəlmanların xeyrinə dəyişdi. Bizanslıların Kritdəki bəzi müvəffəqiyyətlərinə və 853-cü ildə 85 gəmidən ibarət Bizans donanması tərəfindən Damiettanın məhv edilməsinə baxmayaraq (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 41-47), Xilafətin dəniz gücü, Abbasilərin başçılığı altında durmadan artmaqda davam edirdi. Qərbdə vəziyyət daha da pis idi. 827-ci ildə Aqlabilər ölkəsindən qaçan Bizans komandiri Yevtimiyə və adanın Fema donanmasına güvənərək Siciliyanı fəth etməyə başladıqda, imperatorluğa kritik bir zərbə vuruldu (The Age of the Galley, 2004, s. 92). 828-ci ildə Sirakuzada məğlub olmalarına baxmayaraq, müsəlmanlar 838-ci ildə Taranto və Brindisi, ardınca da Barini fəth edərək İtaliyaya endilər. Venesiyalıların da onlara qarşı hərəkətləri müvəffəqiyyət gətirmədi və 840-cı illər ərzində ərəblər sərbəst şəkildə İtaliya və Adriatik sahillərinə, 846-cı ildə isə Romaya hücum etdilər. Lombardların və I Lotairin hücumları da ərəbləri İtaliyadan qovmaq üçün yetərli olmadı və 840 və 859-cu illərdə Bizanslıların Siciliyanı geri almaq cəhdləri ağır məğlubiyyətlə nəticələndi. 850-ci illərdə ərəb donanması çox sayda müstəqil dəniz qulduru ilə birlikdə Bizanslıları və bütün xristianları müdafiəyə çəkilməyə məcbur edərək Aralıq dənizində güclü bir qüvvəyə çevrildi (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 48-49, 102-105).
Zəifləyərək halsız vəziyyətə düşən Bizansın hər tərəfdən düşmənlərdən müdafiə olunduğu bir dövrdə yeni, gözlənilməz bir təhlükə ortaya çıxdı, Bizans öz tarixində ilk dəfə rusların hücumuna məruz qaldı. Ruslar 830-cu illərdə Paflaqoniya üzərinə, daha sonra, yəni 860-cı ildə isə Konstantinopola hücum və qarətlər təşkil etdilər (Lewis Archibald Ross, Runyan Timothy J., 1985, s. 29; Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 60).
IX əsrin sonları - X əsrin əvvəllərdə xilafət bir neçə kiçik dövlətə bölündükdə və ərəb gücü zəiflədikdə, Bizanslılar onlara qarşı bir neçə uğurlu yürüş keçirə bildilər (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 50). Bu, Makedoniya sülaləsinin hakimiyyəti dövründə (867-1056) baş verdi və yenidən Bizans dövlətinin çiçəklənmə dövrü başladı (Jenkins Romilly, 1987, s. 183; Treadgold Warren T., 1997, s. 534).
Dostları ilə paylaş: |